Məhkəmə qərarları › İş №2(002)-731/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-731/2022

14.04.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-731/2022 14.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi ilə, X2 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin cavabdehlər Cavabdeh1,Cavabdeh2 Bahdur qızı,Cavabdeh3 və Cavabdeh4 qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin cavabdehlər Cavabdeh1,Cavabdeh2 Bahdur qızı,Cavabdeh3 və Cavabdeh4 qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və ailəsinin ünvan 1 ünvanında yerləşən zəbt etdikləri 158/159 saylı mənzildən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.12.2011-ci il tarixli. 435s nömrəli sərəncamının icrası haqqında Bakı şəhər İcra Hakimiyyəti Başçısının 25.01.2012-ci il tarixli. 029 saylı sərəncamı ilə Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada əvəzsiz olaraq Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı departamentinin balansına və xidmət dairəsinə qəbul edilməsi qərara alınmışdır. Balansa verilən mənzil fondunun istismarı və sakinlərə yüksək səviyyədə kommunal xidmətlərin göstərilməsini təmin etmək məqsədilə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nəznində 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi yaradılmış və qeyd edilən mənzil fondu, o cümlədən ünvan 2 ünvanında yerləşən yataqxana 1 saylı XT MKTB-nin balansına və istismar edilməsi üçün həmin Biriyin 154 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidmət dairəsinə verilmişdir. Sonradan 154 saylı Mənzil- Kommunal İstismar Sahəsi ləğv edilərək xidməti dairəsində olan binalar 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına və 119 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidmət dairəsinə verilmişdir.Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 05.11.2015-ci il tarixli. 83 saylı sərəncamına əsasən 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında Qaradağ rayonunun ərazisində yerləşən və 119 saylı Mənzil-Kommunal İstismarındakı yaşayış binaları, invertarları daxil olmaqla bütün aktivləri ilə birlikdə qeyd olunan sərəncamın 2 saylı Əlavəsində göstərilən siyahı üzrə Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Вirliyiinin balansına və xidmət dairəsinə verilmişdir.Tərəfimizdən müəyyən olunmuşdur ki. Bakı şəhəri. Qaradağ rayonu. Sahil qəsəbəsi. Şahlar Əsgərov küçəsi. 1 saylı Yataqxananın birinci mərtəbəsində yerləşən iki otaqlı 158 və 159 saylı mənzillərə Cavabdeh1 ailə üzvləri ilə birlikdə heç bir sənəd olmadan yerləşib yaşayırlar. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, öz izahatında cavabdehlərin həmin mənzillə bağlı istifadə olunmasına dair heç bir sənədləşmə işləri aparılmadığını, qanunsuz olaraq istifadə etdiklərini bildirərək, bu halların nəzərə alınaraq, məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iştirak edərək, iddia tələbini qəbul etməyərək, etirazını onunla əsaslandırmışdır ki, həmin mənzilə iddiaçının razılığı əsasında istifadə etdiklərini, lakin inandıqlarından heç bir sənədləşmə işlərini aparmadıqlarını bildirərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh3 04 aprel 2022-ci il tarixli məhkəmə baxış iclasında iştirak edərək, öz izahatında iddia tələbini qəbul etmədiyini, 4-5 ildir orada yaşadığını, ora köçdüyü vaxt evin bərbad olduğunu, oranı təmir etdiklərini, sənədləşmə işlərini əslində aparmalı olduqlarını, bununla bağlı mürcaiət etdiklərini bildirmişdir. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iddia tələbinin dəlillərini, məhkəmə baxışında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Komminal Təsərrüfat Departamentinin 05.11.2015-ci il tarixli 83 nömrəli Sərəncam və ona 2 saylı Əlavənin məzmunundan görünür ki, ünvan 1 ünvanında yerləşən 158/159 saylı Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin tabeliyinə verilmişdir. İş materiallarında olan 066.11.2015-ci il tarixli Əmr və 12.11.2015-ci il tarixli təhvil-təslim aktının məzmunundan görünür ki, ünvan 1 ünvanında yerləşən 158/159 saylı mənzil Qaradağ rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin balansına qəbul edilmiş, təhvil alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” qərarında göstərilmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarınıntəmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İşin mübahisəsiz halı ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən 158/159 saylı mənzil dövlət mülkiyyət olmaqla, iddiaçı Qaradağ Rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, cavabdehlər həmin mənzildə yaşayır. Lakin cavabdehlər tərəfindən mübahisə predmeti olan mənzilin onların qanuni sahibliyində və istifadəsində olması halı ilə bağlı heç bir sübutu məhkəməyə təqdim edə bilməmişlər. Bu halda, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə Azərbaycan Respublikası MM-in 157.2-ci maddəsinin dispozitiv şərtləri mövcud olduğundan, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, qeyd olunan normalarını əsas götürərək, hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2,Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən 158/159 saylı mənzildən çıxarılmalı,ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən 158/159 saylı mənzildən çıxarılsın. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar