Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-732/2022 11.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bakı şəhər İH MKTD Qaradağ rayon MKTB-nin Cavabdeh qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhər İH MKTD Qaradağ rayon MKTB Cavabdeh qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və ailəsinin ünvan 1 ünvanda yerləşən zəbt etdikləri 164 saylı mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bakı şəhər İH MKTD Qaradağ rayon MKTB iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.12.2011-ci il tarixli, 435s saylı sərəncamının icrası haqqında Bakı şəhər İcra Hakimiyyəti Başçısının 25.01.2012-ci il tarixli, 029 saylı sərəncamı ilə DNŞ-nin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan yaşayış binaları, yataqxanalar və qeyri-yaşayış sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada əvəzsiz olaraq Bakı şəhər MKTD-nin balansına və xidmət dairəsinə qəbul edilməsi qərara alınmışdır. Balansa verilən mənzil fondunun istismarı və sakinlərə yüksək səviyyədə kommunal xidmətlərin göstərilməsini təmin etmək məqsədi ilə Bakı şəhər MKTD-nin nəzdində 3 saylı Xüsusi Təyinatlı MKTB yaradılmış və qeyd edilən mənzil fondu, o cümlədən ünvan 2 ünvanda yerləşən yataqxana 1 saylı XT MKTB-nin balansına və istismar edilməsi üçün həmin Birliyin 154 saylı MKİS-in xidmət dairəsinə verilmişdir. Sonradan 154 saylı MKİS ləğv edilərək xidməti dairəsində olan binalar 2 saylı Xüsusi Təyinatlı MKTB-nin balansına və 119 saylı MKİS-in xidmət dairəsinə verilmişdir. Bakı şəhər MKTD-nin 05.11.2015-ci il tarixli, 83 saylı sərəncamına əsasən 2 saylı XT MKTB-nin balansında olan, Qaradağ rayonunun ərizəsində yerləşən və 119 saylı MKİS-in istismarındakı yaşayış binaları, inventarları daxil olmaqla, bütün aktivləri ilə birlikdə qeyd olunan sərəncamın 2 saylı əlavəsində göstərilən siyahı üzrə Qaradağ rayon MKTB-nin balansına və xidmət dairəsinə verilmişdir (12.11.2015-ci il tarixli təhvil-təslim aktı əlavə olunur). Qaradağ rayon MKTB tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim edilən «Daşınmaz dövlət əmlakının qeydiyyat vərəqə»lərində ünvan 2 ünvanda yerləşən 5 mərtəbəli yataqxana tipli yaşayış binası Qaradağ rayon MKTB-nin balansında olan daşınmaz dövlət əmlakı kimi hər il Xidmət tərəfindən təsdiq edilir. ünvan 2 saylı yataqxananın 164 saylı mənzil 2019-cu il tarixdən boşaldılıb əraziyə xidmət göstərən 119 saylı MKİS-ə təhvil verilmişdir. Mənzil fondunun qorunması prinsipi ilə həmin vaxtdan mənzilin giriş qapısı kilidlənib möhürlənmişdir. Bakı şəhər İH MKTD Qaradağ rayon MKTB tərəfindən müəyyən olunmuşdur ki, ünvan 2 saylı yataqxananın birinci mərtəbəsində yerləşən bir otaqlı 164 saylı mənzilə Cavabdeh ailə üzvləri ilə birlikdə heç bir sənəd olmadan yerləşib yaşayırlar. Qaradağ rayon MKTB cavabdehin mübahisə predmeti olan yaşayış sahəsinin qeyri-qanuni zəbt edilməsini bildirməklə, mənzillərin boşaldılması və Dövlət mənzil fonduna təhvil verilməsi tələbini irəli sürür. Bakı şəhər İH MKTD Qaradağ rayon MKTB bildirir ki, yataqxana tipli binalarda yaşayış sahələri vətəndaşların işlədiyi, xidmət keçdiyi və təhsil aldığı müddət ərzində yaşaması üçün nəzərdə tutulmuşdur. Cavabdehin əvvəllər yataqxananın məxsus olduğu müəssisə ilə heç bir əlaqəsi yoxdur. Eləcə də, cavabdehin yaşadığı mənzilə dair yaşayış hüququ verən sənədi mövcud deyil. Beləliklə, ünvan 2 saylı yataqxananın 164 saylı mənzili Cavabdeh tərəfindən zəbt olunmuş hesab edilir. Mənzilin boşaldılması ilə əlaqədar həm əraziyə xidmət göstərən 119 saylı MKİS, həm də Bakı şəhər İH MKTD Qaradağ rayon MKTB tərəfindən dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunmuşdur. Sonuncu dəfə 05.11.2021-ci il tarixdə 933 saylı bildirişlə xəbərdarlıq edilmiş və mənzilin boşaldılması üçün vaxt verilmişdir. Lakin heç bir nəticə əldə olunmamışdır. Beləliklə, onların bir mülkiyyətçi kimi hüquqları pozulmuşdur. Ona görə də, məhkəməyə müraciət olunma zərurəti yaranmışdır. Qaradağ rayon MKTB Bakı şəhər İcra Hakimiyyətinin MKTD-nin tabeliyində mənzilkommunal xidməti sahələri bazasında idarəetmə orqanı kimi yaradılmış və ona rayon təsərrüfatını əhatə edən mənzil fondunun və kommunal təyinatlı obyektlərin istismar səviyyəsinin yüksəldilməsi, abadlaşdırılması, onların qorunması sahəsində tədbir görülməsi, rayonun sanitariya vəziyyətinin normal səviyyədə saxlanılması, dövlət, idarə və ictimai təşkilatlara məxsus mənzil fondunun, habelə kooperativ yaşayış binalarının və vətəndaşların xüsusi mülkiyyətində olan yaşayış evlərinin vəziyyətinə və istismarına nəzarət vəzifələri həvalə edilmişdir. Bakı şəhər MKTD-nin verdiyi səlahiyyətlər həddində Qaradağ rayonu MKTB mənzil-kommunal təsərrüfatı üzrə idarəetmə orqanı funksiyalarını həyata keçirir. Bu səbəbdən, hesab edirlər ki, Cavabdeh və ailəsinin zəbt etdikləri ünvan 2 saylı yataqxananın 164 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməlidir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, ünvan 2 ünvanda yerləşən 5 mərtəbəli yataqxana tipli yaşayış binası Qaradağ rayon MKTB-nin balansında olan daşınmaz dövlət əmlakıdır. Həmin əmlak Cavabdeh tərəfindən zəbt edilmişdir, ailəsi ilə birlikdə orada yaşayır. Cavabdehin həmin mənzildə yaşaması üçün heç bir qanuni əsas mövcud deyil. İddiaçı mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün cavabdehə rəsmi şəkildə müraciət edərək, mənzili boşaltmasını tələb etmiş, lakin cavabdeh iddiaçının haqlı tələbini yerinə yetirməmişdir. Məhz bu səbəbdən, Dövlət əmlakının balans saxlayıcısı olan iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllənin) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin olan mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının qanunla qorunan hüquqları pozulduğundan, iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. İddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh və onun ailə üzvləri ünvan 1 ünvanda yerləşən zəbt etdikləri 164 saylı mənzildən çıxarılmalıdırlar. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh və onun ailə üzvləri ünvan 1 ünvanda yerləşən zəbt etdikləri 164 saylı mənzildən çıxarılsınlar. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-732/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-732/2022
11.04.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver