Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-764/2022 10.03.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı, onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçıya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsi, 10 saylı evin 11 saylı mənzilinə olan istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı izahat verərək bildirdi ki, Cavabdeh 17 aprel 2012-ci il tarixdə oğlu X5 ilə ailə qurmuş, birgə nikahdan üç uşaqları doğulmuşdur. Cavabdeh onun gəlini olduğuna görə onun mülkiyyətində olan mənzilə qeydiyyata düşmüş, bir müddət birgə yaşamışlar. Lakin cavabdehin onun oğlu ilə ailə münasibətləri korlanmış, nikahları məhkəmə qaydasında pozulmuşdur. Göründüyü kimi, cavabdeh artıq onun ailə üzvü deyildir, cavabdehin ona məxsus olan evlə hər hansı əlaqəsi yoxdur və həmin mənzildən daimi olaraq köçüb getmişdir. Cavabdehin həmin mənzildə formal olaraq qeydiyyatda qalması onun üçün bir sıra problemlər yaradır. Belə ki, cavabdehin əvəzinə əlavə kommunal xərclər ödəmək məcburiyyətində qalır. Həmçinin bu hal onun mənzil üzərində mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Ona görə də iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil iddiaçının izahatına uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı cavabdeh Cavabdeh ərizə ilə müraciət edərək bildirdi ki, o, iddia tələbini qəbul edir və iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxmağa razıdır. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində istifadədə olan 0,1091 ha torpaq sahəsində yerləşən 10 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində 86.6 kv.m ümumi, 61.1 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 11 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı xüsusi mülkiyyətindədir və bu barədə 375 nömrəli reyestr kitabının 34994 nömrəli vərəqində 06.04.2007-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan Qaradağ rayon Mənzil–Kommunal Təsərrüfatı Birliyi 125 saylı MKİS tərəfindən verilmiş 353 saylı, 11.08.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsi, 10 saylı evin 11 saylı mənzilində qeydiyyatdadır və yaşayır. Həmin mənzildə ondan başqa X2, X5, Cavabdeh, X6, X7 və İddiaçı Murad qızı yaşayış yeri üzrə qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1220/2021 saylı, 19.10.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, Cavabdeh ilə X5 arasında Qaradağ rayon Qeydiyyat şöbəsində 17.04.2012-ci ildə bağlanmış və 275 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra 13.07.2012-ci il təvəllüdlü X3, 01.06.2015-ci il tarixli X4 və 24.01.2017-ci il təvəllüdlü İddiaçı Murad qızının anaları Cavabdeh yanında qalmasının müəyyən edilməsi, 19 oktyabr 2021-ci il tarixindən başlayaraq 13.07.2012-ci il təvəllüdlü X3, 01.06.2015-ci il təvəllüdlü X4 və 24.01.2017-ci il təvəllüdlü İddiaçı Murad qızının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iddiaçı X1 hər ay qazancının yarısı (1/2 hissəsi) miqdarında alimentin tutularaq Cavabdeh ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyaya Əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08.10.2013-cü il tarixli Qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Beləliklə, məhkəmə iş üzrə sübutlara əsasən müəyyən edir ki, hazırda cavabdeh iddiaçının ailə üzvü olmamaqla iddiaçıya məxsus mənzildə formal olaraq qeydiyyatdadır, faktiki olaraq orada yaşamır, ona görə də onun mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Digər tərəfdən, cavabdehin iddiaçıya məxsus mənzildə qeydiyyatda qalması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərinə də ziddir. Belə ki, həmin Qanunun 5ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsi, 10 saylı evin 11 saylı mənzilinə istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-764/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-764/2022
10.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver