Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-771/2022 03.02.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızı, Ərizəçi maraqlı şəxs 8 saylı Notariat Ofisinə qarşı miras əmlakının qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 8 saylı Notariat Ofisinə qarşı miras əmlakının qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda anası X1 Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 15 noyabr 2000-ci il tarixli 1051 saylı sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 300 kv.m torpaq sahəsi üzərində tikilmiş evin miras əmlak qısmində qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə məhkəmə tərəfindən icraata götürülərək baxıla bilməz və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, ərizəçi mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənədi ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsəlik hüquq münasibətlərinə əsasən vərəsəlik işinin açılması, mirasın qəbulu və ondan imtinanın rəsmiləşdirilməsi, habelə vərəsəlik şəhadətnaməsinin verilməsi mirasın açıldığı yer üzrə notariat orqanının səlahiyyətinə aiddir. Məhkəmələr mirasın qəbulu müddətinin uzadılması, mirasın faktiki qəbulu zamanı bu faktın notarius tərəfindən müəyyən edilə bilmədiyi halda mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, eləcə də vərəsələr arasında mirasın bölüşdürülməsi ilə bağlı razılıq əldə olunmadıqda mirasın bölüşdürülməsinə dair mübahisələrə baxırlar. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir Həmin qərarın 10-cu maddəsinə əsaəsn Məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. .Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir Ərizənin məzmunundan məlum olduğu kimi miras qalmış əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi üçün notairusa müraciət olunmuş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Baki Şəhəri 8 saylı Notariat ofisinin ərizəçinin məktubuna ünvanlanmış 20.12.2021-ci il tarixli 3103 nömrəli cavab məktubundan aydın olur ki, qanunvericilikdə nəzərdə tutulan müddəti ötürdüklərinə, miras əmlakın hüquqmüəyyənedici sənədini verə bilməyinə görə miras qalmış əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi mümkün olmamışdır. Ərizəçiyə miras qalmış əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi üçün həmin əmlakın hüquqmüəyyənedici sənədinin əldə olunmasını(müvafiq orqanlardan), həmçinin məhkəmədə qanunvericilikdə nəzərdə tutulan müddəti bərpa edib təkrar notariat ofisinə müraciət edilməsi məsləhət görülmüşdür. Göründüyü kimi, ərizəçi tərəfindən notariusa müraciət olunmuşdur, bu müraciətlə bağlı tərəfə hüquqmüəyyənedici sənədın müvafiq orqandan əldə olunması və məhkəmədə mirasın qəbulu müddətinin uzadılması halında yenidən notariusa müraciət etmək hüququ izah olunmuşdur. Lakin ərizəçi yuxarıda sadalanan prosedurları həyata keçirmədən (pretenziya qaydasına əməl etmədən) birbaşa məhkəməyə müraciət etmişdilər.Belə ki, ərizəçi hüquqmüəyyənedici sənədi əldə etmədən və mirasın qəbulu müddətini məhkəmədə uzatmadan (daha sonra notariat ofisinə müraciət edilmədən) birbaşa məhkəməyə müraciət etmişdir. Bu halda ərizə geri qaytarılmalıdır, çünki, ərizəçi tərəfindən iş materiallarına notariat ofisi tərəfindən mirasın qəbulunun rəsmiləşdirilməsindən imtinası əlavə edilməmişdir (yəni pretenziya qaydasına əməl etməmişdir). İş materiallarına əlavə edilmiş Baki Şəhəri 8 saylı Notariat ofisinin məktubu sadəcə ərizəçinin sənədlərində olan nöqsanlarının aradan qaldırıması və yenidən notariusa müraciət edilməsi təklif edilmişdir. Həmin Məcəllənin 152.1 və 152.1.6-cı maddələrinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs 8 saylı Notariat Ofisinə qarşı miras əmlakının qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər, ödənilmiş 100(yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-771/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-771/2022
03.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver