Məhkəmə qərarları › İş №2(002)-787/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-787/2021

05.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-787/2021 05.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Əliyeva Təhminə Faiq qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və onun azyaşlı uşaqları xx.xx.2012-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.2015ci il təvəllüdlü Cavabdeh3 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və onun azyaşlı uşaqları xx.xx.2012-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.2015ci il təvəllüdlü Cavabdeh3 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 -azyaşlı uşaqları xx.xx.2012-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.2015-ci il təvəllüdlü Cavabdeh3 ilə birlikdə ona məxsus ünvan 1 ünvanına olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 2, keçidi, ev 1,mənzil 16 mülkiyyət hüququ əsasında ona məxsusdur və xx.xx.2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən onun adına qeydiyyatdan keçmişdir. Cavabdeh1 onun oğludur. Oğlu ona məxsus ünvan 1 ünvanda qeydiyyatda olsada faktiki olaraq ona məxsus evdə yaşamır və mübahisəli mənzildən daimi olaraq köçüb getmişdir. Cavabdehin ona məxsus evlə heç bir əlaqəsi yoxdur. Lakin faktiki olaraq ona məxsus evdə cavabdeh və azyaşlı uşaqları qeydiyyatdadır. Cavabdehin ona məxsus mənzildə qeydiyyatda qalması onun üçün bir sıra problemlər yaradır. Belə ki, onun mənzil üzərində sahiblik,sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur, həmçinin əlavə kommunal xərci ödəmək məcburiyyətində qalır. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə yazaraq xəstəliyi ilə əlaqədar xx.xx.2021-ci il tarixə saat 14:00-a keçiriləcək məhkəmə proseslərində iştirak edə bilməyəcəyini bildirmiş, onun iştirakı olmadan iddia ərziəsinə baxılmasını xahiş etmişdir. Cavabdeh1 xx xxxx 2021-ci il tarixli məhkəmə baxış iclasında verdiyi izahatından aydın olur ki, 2010-cu il tarixdə Qanuni nümayəndə ilə ailə həyatı qurmuş, 2018-ci il tarixdə Qanuni nümayəndə ilə boşanmışlar. Üç ildir ki, ünvan 1 ünvanında yaşamırlar. Cavabdeh1 ərizə yazaraq iddianı qəbul etdiyini, mübahisəli ünvana istifadə hüquqlarına xitam verilməsinə etirazı olmadığını bildirmiş, xx.xx.2021-ci il tarixə saat 14:00-a keçiriləcək məhkəmə proseslərində iştirak edə bilməyəcəyini bildirmiş, onun iştirakı olmadan iddia ərziəsinə baxılmasını xahiş etmişdir. Cavabdehlər xx.xx.2012-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.2015-ci il təvəllüdlü Cavabdeh3 qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin qanuni nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin ərizələrini nəzərə alaraq mülki prosessual qanunvericiliyin tələbinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh1 etiraf ərizəsini, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, keçid 1 torpaq sahəsində yerləşən mənzili xüsusi mülkiyyət kimi İddiaçı məxsus olmaqla, bu hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş MKTB 125 saylı MKİS tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 1145 saylı Forma 2 arayışından görünür ki, İddiaçı həqiqətən Bakı şəhəri, ünvan 2 ünvanda yaşayır. Evdə həqiqi qeydiyyatda olan şəxslər aşağıdakı kimidir: İddiaçı, X4, Cavabdeh1, X5, Cavabdeh2, Cavabdeh3dur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2021ci il tarixli, ******* saylı arayışdan görünür ki, Bakı şəhəri, ünvan 2 ünvanda İddiaçı, X4, Cavabdeh1, X5, Cavabdeh2, Cavabdeh3 qeydiyyatdadırlar. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli aktda qeyd olunmuşdur “Biz aşağıda imza edənlər X1, X7 və X6 həmin aktı ondan ötrü tərtib edirik ki, qonşuları Cavabdeh1 xx.xx.2018-ci ildən 4 (dörd) nəfər ailəsi ilə birlikdə Bakı şəhəri, ünvan 2 ünvanda yaşamırlar. Göründüyü kimi tərəflər arasında mövcud mübahisənin predmeti qismində mənzilə olan istifadə hüququnun itirilməsi ilə bağlı hüquq münasibətləri təşkil edir. Məhkəmə bununla əlaqədar ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 30-cu maddəsinin normaları əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2 və 217.3-cü maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, mübahisə predmeti olan mənzildə iddiaçı 1991-ci il tarixdən, Cavabdeh1 xx.xx.2002-ci il tarixdən, Cavabdeh2 xx.xx.2012-ci il tarixdən, Cavabdeh3 xx.xx.2015-cü il tarixdən mübahisə predmeti olan mənzildə qeydiyyatdadırlar. Bu halda, məhkəmə hesab edir ki, Cavabdeh1 mübahisə predmeti olan mənzildə 2002-ci il tarixdən qeydiyyatda olduğundan həmin cavabdehlə iddiaçı arasında hüquq münasibətləri 2000-ci il tarixdən sonrakı dövrdə yarandığından, həmin münasibətlər məhz Mülki Məcəllənin 228.5ci maddəsinin normaları əsasında həll edilməlidir. Mübahisə predmeti olan mənzildə digər cavabdehlər Cavabdeh2 2012-ci ildən və Cavabdeh3 2015-cü il tarixdən qeydiyyatda olduğundan, qeyd olunan cavabdehlərlə iddiaçılar arasında hüqu münasibətləri 2009-cu il tarixdən sonrakı dövrdə yarandığından həmin münasibətlər Mənzil Məcəlləsinin 30-cu maddəsinin normaları əsasında həll eidlməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Göründüyü kimi, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli Qərarında deyilir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən də yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Həmçinin, qeyd olunmuşdur ki, həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən də yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlər məhz Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə uyğun olaraq həll edilməlidir. Qanunvericiliyin təhlilindən göründüyü kimi, mülkiyyətçiyə məxsus yaşayış sahəsindən istifadə hüququna onunla birgə yaşayan ailə üzvləri, yəni əri, arvadı, valideynləri, uşaqları malikdir, digər şəxslərin, həmçinin onunla birgə yaşamayan ailə üzvlərinin belə bir hüquqa malik olması üçün mütləq mənada qanunvericiliklə müəyyən olunmuş qaydada notarial formada təsdiq olunmuş razlaşma və bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zəruridir. x xxxxxxx 2009-cu il tarixli Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli Qəraraına əsasən mülkiyyət hüququ mütləq hüquq deyil və məhdudlaşdırıla bilər. Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi, 71-ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi).Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusiya əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Bu hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” x xxxxxxx 2013-cü il tarixli Qərarı). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli Qəraraına əsaən yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan mənzil iddiaçıya məxsusdur və 1991-ci il tarixdən həmin mənzildə qeydiyytada olmaqla, xx.xx.2007-cu il tarxidə həmin mənzilə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Cavabdeh1 iddiaçının oğlu olmaqla, həmin mənzildə 2002-ci il tarixdən qeydiyyatdadır. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehlər həmin mənzildə yaşamışlar, lakin 2018-ci il tarixdən həmin mənzildə yaşamırlar. Cavabdeh1 iddia tələbinin qəbul edilməsinə dair yazılı ərizə məhkəməyə təqdim edərək, müvafiq mənzildən uşaqları ilə birlikdə qeydiyyatdan çıxmağa razı olduğunu bildirmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh3 və X12 Cavabdeh1 uşaqları olmaqla, hazırda anaları Qanuni nümayəndə yanında olmaqla, onunla birlikdə yaşayırlar, habelə müvafiq məhkəmə qətnaməsi əsasında onların anaları Qanuni nümayəndə himayəsində saxlanılması qərara alınmışdır. Məhkəmə iddia tələbinin Cavabdeh1 aid olan hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olmaqla təmin edilməlidir. Belə ki, Cavabdeh1 iddiaçının oğlu olmaqla, ailə üzvi qismində mübahsiə predmeti olan mənzildə yaşadığından mülki qnaunvericiliyin tələbinə əsasən onun həmin mənzilə dair istifadə hüququ yaranmışdır. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 mübahisə predmeti olan mənzildən qeydiyyatdan çıxmağa razı olduğunu bildirmişdir. Bu halda, məhkəmə cavabdehin iddia tələbinin qəbul edilməsinə dair yazılı ərizəsini əsas götürərək, habelə mülkiyyət hüququnun müdafiəsi prinsipini rəhbər tutaraq, hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olmaqla, təmin edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehlər Cavabdeh2 və Cavabdeh3 aid hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslı olmaqla, təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin cavabdehlər anaları Qanuni nümayəndə himayəsində olmaqla, onunla birlikdə yaşayırlar, 2018-ci il tarixdən həmin mənzildə yaşamırlar. Bu halda, məhkəmə qeyd edilən cavabdehlərin anaları Qanuni nümayəndə (iddiaçının keçmiş gəlini) himayəsində olması, hazırda da onunla birlikdə yaşamaları, digər valideyn X2 mübahisə predmeti olan yaşayış sahəsinə olan istifadə hüquqlarına xitam verilməsi halını əsas götürərək, hesab edir ki, iddia tələbi qeyd edilən hissədə də əsaslı olmaqla, təmin edilməlidir.Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" xx xxxx 2007ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə Cavabdeh1 iddia tələbinin etiraf etməsinə, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslı təmin edilməli, cavabdehlər Cavabdeh1 və onun azyaşlı uşaqları xx.xx.2012-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.2015-ci il təvəllüdlü Cavabdeh3 iddiaçıya məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1, ev 1, mənzil 16 mənzilə dair istifadə hüquqlarına xitam verilməli, ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, onun azyaşlı uşaqları xx.xx.2012-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.2015-ci il təvəllüdlü Cavabdeh3 iddiaçıya məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1, ev 1, mənzil 16 saylı mənzilə dair istifadə hüquqlarına xitam verilsin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilsin. Qətnamədən, qətnamənin tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar