Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-811/2021 16.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı qızının Cavabdeh iştirakları ilə İddiaçı qızının Cavabdeh Yetim oğluna qarşı mənzildən istifadə hüquqlarının xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qızı Cavabdeh Yetim oğluna qarşı mənzildən istifadə hüquqlarının xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onu mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, V.Əsgərov küçəsi, 24 saylı evin 23 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı qızı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, V.Əsgərov küçəsi 24 saylı evin 23 saylı mənzili mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin ev əvvəl yoldaşının adına olsa da o vəfat edəndən sonra o evi öz adına keçirmişdir. Cavabdeh onun qardaşıdır və o həmin mənzildə qeydiyyatdadır. Lakin onun qardaşı ona məxsus evdə bir gün də olsun yaşamamışdır və onun həmin evlə heç bir əlaqəsi yoxdur. Cavabdehin ona məxsus mənzildə qeydiyyatda qalması onun üçün bir sıra problemlər yaradır.Belə ki,onun mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur həmçinin əlavə kommunal xərcləri ödəmək məcburiyyətində qalır. Qanunvericiliyin müvafiq maddələrinə əsasən iddia təmin edilməli, Cavabdeh Yetim oğlunun Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, V.Əsgərov küçəsi, 24 saylı evin, 23 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməlidir. İddiaçı qızı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Yetim oğlu məhkəmə iclasında ərizə yazaraq, iddianı qəbul etdiyini, iddianın təmin edilməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan və həmçinin, cavabdeh iddianı etiraf etdiyindən iddia təmin edilməlidir. Belə ki iş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, V.Əsgərov küçəsi 24 saylı evin, 23 saylı mənzili İddiaçı qızının adına qeydiyyata alınmışdır. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş lazımı qaydada təsdiq edilmiş xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron Notariat” İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, V.Əsgərov küçəsi 24 saylı evin, 23 saylı mənzilində qeydiyyatdadır. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunan mübahisəsiz hallarından görünür ki, mübahisəli mənzil hazırda iddiaçının mülkiyyətindədir. Cavabdeh hazırda iddiaçının mülkiyyətində olan evdə qeydiyyatdadır və həmin evdə yaşamamışdır. Hazırda cavabdeh iddianı qəbul edir, iddianın təmin edilməsini xahiş edirş Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda olmaqla, həmin mənzildə yaşamaması işin mübahisəsiz halıdır və iddia təmin edilərək cavabdehin mübahisəli mənzilə istifadə hüquqlarına xitam verilməli, iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə əsasən, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qeyd olunan maddənin məzmunundan da görünür ki, mənzilə qeydiyyata alınmaq, həmin yaşayış sahəsinə hər-hansı bir hüquq, o cümlədən istifadə hüququ yaratmır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə hesab edir ki, iş materiallarında olan sənədlər cavabdehin qeyd olunan mənzilə qeydiyyatlarının formal xarakter daşıdığını sübut edir. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmiş hallarından görünür ki, iddiaçı müqavilənin predmeti olan mənzilə qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququ əldə etmişdir. Cavabdeh mənzildə yaşamadığı üçün həmin mənzilə istifadə hüququnu itirmiş və o həmin mənzildə formal olaraq qeydiyyatda qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar – iddianın etirafının qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması kimi hallar müəyyən edilmədiyindən, cavabdeh tərəfindən imzalanmış iddianın etirafı barədə ərizəsi məhkəmə tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Yetim oğlunun Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, V.Əsgərov küçəsi, 24 saylı evin, 23 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Yetim oğlunun Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, V.Əsgərov küçəsi, 24 saylı evin, 23 saylı mənzilindən istifadə hüquqlarına xitam verilsin. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-811/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-811/2021
16.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver