Məhkəmə qərarları › İş №2(002)-812/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-812/2023

02.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-812/2023 02.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 14 saylı Notariat ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinin ləğv edilməsi, mirasın qəbul edilməsi və miras əmlakın bərabər paylara bölünməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 14 saylı Notariat ofisinə qarşı Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən Cavabdeh2 və Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhdətnamələrinin və həmin şəhadətnamə əsasında Bakı şəhəri, ünvan 1 ünvanının ½ hissəsinə dair 02 sentyabr 2022-ci il tarixdə Cavabdeh2 və 05 sentyabr 2022-ci il tarixində ½ hissədə Cavabdeh1 adına verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışların ləğv edilməsi, bacıları X1 miras qalmış Bakı şəhəri ünvan 1 ünvanının İddiaçı1, Cavabdeh1, Cavabdeh2 Şahin qızının, İddiaçı2, İddiaçı3 tərəfindən qəbul edilməsi, bərabər paylarla qanun üzrə vərəsəlik hüququnun tanınması, bərabər paylara bölünməsi, vərəsəlik hüququ üzrə mülkiyyətlərinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyil və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən vərəsələr tərəfindən vərəsəlik qəbul edilənə qədər miras qoyanın kreditorları tərəfindən verilən vərəsəlik hüquq münasibətləri ilə əlaqədar iddialar miras qalan əmlakın və yaxud onun əsas hissəsinin olduğu yerin məhkəməsinə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. Hazırkı işdə iddia ərizəsinə əlavə edilmiş sənədlərlə və elektron məhkəmə sistemində sorğularla müəyyən edilir ki, cavabdehlərin heç biri Bakı şəhəri Qaradağ rayonu ərazisində rəsmi qeydiyyatda deyil, iddia tələbinin obyekti olan daşınmaz əmlak isə Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşir. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi daşınmaz əmlakla bağlı yuxarıda sadalanan mübahisələrə aid olmadığından müstəsna aidiyyət üzrə daşınmaz əşyanın olduğu yerə görə verilməli deyildi. Bundan əlavə, AR MPM-in 39.2-ci maddəsinin tələbindən aydın olur ki, bütün vərəsəlik hüquq münasibətləri üzrə iddialar deyil, yalnız vərəsələr tərəfindən vərəsəlik qəbul edilənə qədər miras qoyanın kreditorları tərəfindən verilən vərəsəlik hüquq münasibətləri ilə əlaqədar olan iddialar miras qalan əmlakın və yaxud onun əsas hissəsinin olduğu yerin məhkəməsinə verilir. Hazırkı iddia tələbi isə qanun üzrə şəhadətnamələrin və onun əsasında verilmiş çıxarışların ləğvi, mirasın qəbulu, miras əmlakın bərabər paylara bölünməsi ilə bağlıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia tələbi müstəsna aidiyyət üzrə deyil, ümumi ərazi aidiyyəti üzrə cavabdehlərdən hər hansı birinin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməli idi. Odur ki, ərazi aidiyyətinə görə Qaradağ Rayon Məhkəməsinin səlahiyyətinə aid olmadığından, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 152.4-ci maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 39.1, 152.1.3, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 14 saylı Notariat ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinin ləğv edilməsi, mirasın qəbul edilməsi və miras əmlakın bərabər paylara bölünməsi tələbinə dair iddia ərizəsi, ona əlavə olunmuş sənədlər və ödənilmiş 100 manat məbləğində dövlət rüsumu geri qaytarılsın. İddiaçılara izah edilsin ki, iddia ərizəsinin geri qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar