Məhkəmə qərarları › İş №2(002)-858/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-858/2021

16.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-858/2021 16.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ə.Gülbabayev küçəsi, 20 saylı evin 4 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirdi ki, İddiaçı Cavabdeh ilə 1985-ci ildə rəsmi nikah qeydiyyatından keçərək evlənmiş, birgə nikahdan uşaqları olmamışdır. Aralarında olan nikah hər iki tərəfin razılığı əsasında xx.xx.1998-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən pozulmuşdur. 1990-cı ildə iddiaçıya iş yeri, hazırda Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu tərəfindən Bakı şəhəri Qaradağ rayonu, Ə.Gülbabayev küçəsi, 20 nömrəli evin 2-ci mərtəbəsində, sahəsi 30,15 kv.m olan 4 nömrəli, 2 otaqlı mənzil verilmişdir. xx.xx.1998-ci il tarixdə tərəflər arasında nikah pozulduqdan sonra cavabdeh evdən köçərək başqa şəxslə ailə həyatı qurmuş, özünə başqa yaşayış yeri seçmişdir, iddiaçıda olan məlumata görə hazırda Pirşağı qəsəbəsində yaşayır. Eyni zamanda tərəflər arasında olan razılaşmaya əsasən, iddiaçı nikah pozulduqdan sonra cavabdehə özünə başqa yeri seçmək üçün 2500 ABŞ dolları məbləğində pul vermiş, cavabdeh də mənzildən qeydiyyatdan çıxmağı və mənzilin iddiaçının adına özəlləşdirilməsi barədə razılıq vermişdir. Aralarında olan razılığın rəsmiləşdirilməsi üçün cavabdeh xx.xx.2020-ci il tarixində 45 saylı Notariat Kontorunda ərizə yazaraq, İddiaçı 2500 ABŞ dolları pul alaraq həmin yaşayış sahəsinə heç bir tələbinin olmayacağını və həmin yaşayış sahəsindən pasport qeydiyyatından çıxaraq gələcəkdə X2 qarşı göstərilənlərlə bağlı heç bir iddia qaldırmayacağını qeyd etmişdir. Tərəflər arasında olan nikah pozulduqdan sonra iddiaçı yenidən ailə həyatı qurmuşdur, hazırki mənzildə iddiaçı ilə birlikdə ailə üzvləri də qeydiyyatdadırlar. Cavabdeh tərəflər arasında razılıq olmasına baxmayaraq bu günədək həmin mənzildən qeydiyyatdan çıxmamışdır. Bu hal iddiaçının mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur, həmçinin o, əlavə kommunal xərclər ödəmək məcburiyyətində qalır ki, bu da onun maddi vəziyyətini çətinləşdirir. Bu səbəbdən məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehin faktiki olduğu yer məlum olmadığından və onun məlum olan sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanının məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduğundan, məhkəmə Azərbaycan Respublikasının MPM-nin 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X5 ifadə verərək bildirdi ki, o, iddiaçının həm həmyerlisi, həm də 1990-cı ildən qonşusudur. İddiaçı ilə cavabdeh təxminən 20 il bundan əvvəl boşanmış, birgə nikahdan uşaqları olmamışdır. Nikah pozulduqdan sonra cavabdeh sözügedən mənzildən köçüb getmiş, bir daha gəlməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X1 ifadə verərək bildirdi ki, iddiaçının qonşusudur. İddiaçı ilə cavabdeh təxminən 20 il bundan əvvəl boşanmış, birgə nikahdan uşaqları olmamışdır. Nikah pozulduqdan sonra iddiaçı cavabdehə pul vermiş və cavabdeh təxminən 2002-ci ildə sözügedən mənzildən birdəfəlik köçüb getmişdir. Məhkəmə, izahatı və şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 118 saylı xx.xx.1990-cı il tarixli xidməti yaşayış yerinə dair orderin surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ə.Gülbabayev küçəsi, 20 saylı evin 4 saylı mənzili İddiaçı verilmişdir. İş materiallarında olan İİ-JQ seriyalı 337222 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikahın pozulması xx xxxxxxxx 1988-ci il tarixində qeydə alınmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2002-ci il tarixli ərizələrdən görünür ki, o, keçmiş həyat yoldaşı İddiaçı 2500 ABŞ dolları alaraq sözügedən mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüş, gələcəkdə ona qarşı heç bir iddia qaldırmayacağını bildirmiş, mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmədiyini qeyd etmişdir. İş materiallarında olan Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 119 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Forma-2 arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ə.Gülbabayev küçəsi, 20 saylı evin 4 saylı mənzilində yaşayır. Həmin mənzildə İddiaçı, onun üç nəfərdən ibarət ailə üzvləri və Cavabdeh qeydiyyatdadırlar. Beləliklə, məhkəmə mülki iş üzrə sübutlara əsasən müəyyən edir ki, hazırda iddiaçının ailə üzvü olmayan cavabdeh iddiaçıya orderə əsasən verilmiş mənzildə formal olaraq qeydiyyatdadır, faktiki olaraq orada yaşamır və 2002-ci ildən yaşayış hüququnu başqa ünvanda təmin etmişdir, cavabdehin formal olaraq mənzildə qeydiyyatda qalması isə iddiaçının hüquqlarını məhdudlaşdırır, ona görə də iddia tələbi əsaslı hesab olunmalıdır. Belə ki, tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Digər tərəfdən, cavabdehin orderə əsasən iddiaçıya məxsus olan mənzildə qeydiyyatda qalması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tələblərinə də ziddir. Belə ki, həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 (on) gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsində və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsində müəyyən edilmiş ər-arvadın birgə (ümumi) mülkiyyətinin əldə olunmasının hüquqi əsaslarından fərqli olaraq, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1 və 5-ci maddələrinə əsasən özəlləşdirilən mənzillər əvəzsiz əldə edildiyindən və ər və ya arvad həmin mənzilin onlardan birinin adına özəlləşdirilməsinə (mülkiyyətinə verilməsinə) könüllü razılıq verdiyindən həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında qeyd olunur ki, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Beləliklə, məhkəmə mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ə.Gülbabayev küçəsi, 20 saylı evin 4 saylı mənzilindən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar