Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-867/2022 25.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı6 iştirakı ilə, İddiaçılar İddiaçı6, İddiaçı5, İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı1 Cavabdeh qarşı «istifadə hüququnun olub-olmamasının müəyyən edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı6, İddiaçı5, İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı1 Cavabdeh qarşı «istifadə hüququnun olub-olmamasının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hazırda onların yaşadıqları ünvan 1 saylı evə istifadə hüquqlarının olub-olmamasının müəyyən edilməsi və cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün qətnamənin nəticə (qət etdi) hissəsinə «bu qətnamə cavabdehin qeydiyyatdan çıxarılması üçün əsasdır» olması barədə qeydin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, onlar ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşayırlar. Cavabdeh iddiaçılardan İddiaçı6 ilə birgə nikahda olmuş və nikahları məhkəmə qaydasında 26 yanvar 2021-ci il tarixdə pozulmuşdur. Tərəflər ayrılarkən aralarında olan razılaşmaya əsasən birgə nikah dövründə əldə edilmiş və yaşadıqları ünvan 2 ünvana dair pul ödəməklə saziş bağlamışlar. Cavabdeh hazırkı mübahisəli evdə heç vaxt yaşamamış, formal olaraq qeydiyyatda olmuşdur. Cavabdeh onların ailə üzvlüyündən çıxmaqla, cavabdehin hazırkı mənzillə heç bir əlaqəsi yoxdur. Cavabdehin onlara məxsus mənzildə qeydiyyatda qalması bir sıra problemlər yaradır. Belə ki, onlar evi özəlləşdirə bilmirlər, həmçinin əlavə kommunal xərci ödəmək məcburiyyətində qalmışlar. İddiaçı6 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Digər iddiaçılar məhkəməyə ərizə göndərərək, üzürlü səbəblərdən məhkəmə iclasına gələ bilmədiklərini qeyd etmiş, məhkəmədən mülki işə onların iştirakı olmadan mahiyyəti üzrə baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə qeyd edilən ərizələri nəzərə alaraq, mülki işə onların iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, İddiaçı6 izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilə bilməz. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan (yaşayış yeri üzrə qeydiyyat haqqında ASAN 3 xidməti tərəfindən Azərbaycan Respublikası DİN-in məlumat bazasına əsasən verilmiş 28 yanvar 2022-ci il tarixli ******* saylı arayış, Ələt Bələdiyyəsinin 11 fevral 2022-ci il tarixli 12/111 saylı arayışı, Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 26 yanvar 2021-ci il tarixli AZ-İ seriyalı 375584 saylı nikahın pozulması haqqında şəhadətnamədən, texniki inventarizasiya və qiymətləndirilməyə aid pasportdan görünür ki: - Cavabdeh ilə İddiaçı6 arasında olan nikaha tərəflərin razılığına əsasən 26 yanvar 2021-ci il tarixdə xitam verilmiş və bu barədə müvafiq akt qeydləri kitabında 30 saylı akt qeydi aparılmışdır; - istər iddiaçılar İddiaçı6, İddiaçı5, İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı1, istərsə də Cavabdeh Bakı şəhəri ünvan 3 ünvanda qeydiyyatdadırlar; - cavabdeh qeyd olunan evə mülkiyyətçinin ərizəsi əsasında deyil, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qeydiyyata alınmışdır. Məhkəmə vurğulayır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Məhkəmə «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə istinad etməyi zəruri hesab edir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Lakin qeyd olunmalıdır ki, bu Qanunun göstərilən məqsədi şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmasını onların özünə başqa yaşayış yerini azad seçmək hüququnu məhdudlaşdıran əsas kimi nəzərdə tutmur. Göstərilən normaların məzmunundan belə nəticəyə gəlmək olar ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Məhz bunun qarşısının alınması məqsədi ilə qanunverici Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsində yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulmasını inzibati xəta kimi müəyyən edərək inzibati məsuliyyət nəzərdə tutmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab etmişdir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdehin qeyd olunan evə qeydiyyata alınması «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələbləri baxımından onun vətəndaş hüquqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratsa da, bunun nəticəsində yaranmış həmin hüquqlar Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir və onun qeydiyyata alınması həmin evdən istifadə hüququnun yaranması kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, cavabdehin yuxarıda qeyd olunan evdən istifadə hüququ yoxdur. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia tələbi qeyri-müəyyən olduğundan (istifadə hüququnun olub-olmamasının müəyyən edilməsi) təmin edilə bilməz. Buna baxmayaraq, hazırkı qətnamə cavabdehin yuxarıda qeyd olunan evdən qeydiyyatdan çıxarılması üçün əsasdır. Məhkəmə iddiaçıların iddia tələbinin əsası kimi istinad edərək iddia ərizəsinə əlavə etdikləri 11 fevral 2021-ci il tarixli sazişlə bağlı qeyd edir ki, həmin saziş İddiaçı6la Cavabdeh birgə nikah dövründə əldə etdikləri mənzilin özgəninkiləşdirilməsinə cavabdehin razılığının alınması müqabilində 15.000 manat pul vəsaitinin ödənilməsi ilə bağlı olub, hazırkı mübahisəyə aidiyyəti yoxdur. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı6, İddiaçı5, İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı1 Cavabdeh qarşı «istifadə hüququnun olub-olmamasının müəyyən edilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Hazırkı qətnamə Cavabdeh Bakı şəhəri ünvan 3 ünvandan qeydiyyatdan çıxarılması üçün əsasdır. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı6, İddiaçı5, İddiaçı2, İddiaçı4, İddiaçı3 və İddiaçı1 Cavabdeh qarşı «istifadə hüququnun olub-olmamasının müəyyən edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Hazırkı qətnamə Cavabdeh Bakı şəhəri ünvan 3 ünvandan qeydiyyatdan çıxarılması üçün əsasdır. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-867/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-867/2022
25.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver