Məhkəmə qərarları › İş №2(002)-901/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-901/2023

28.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-901/2023 28.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh1, cavabdeh Məmmədli (Abbaszadə) Nərmin Elçin qızının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Məmmədli (Abbaszadə) Nərmin Elçin qızına qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi, qeydiyyat vəsiqəsinin və çıxarışın etibarsız hesab edilməsi tələblərinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Məmmədli (Abbaszadə) Nərmin Elçin qızına qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi, qeydiyyat vəsiqəsinin və çıxarışın etibarsız hesab edilməsi tələblərinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Məmmədli (Abbaszadə) Nərmin Elçin qızının adına Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə-2 döngəsi, ev 9, mənzil 34 ünvanının 1 (bir) otağına dair xx.xx.2012-ci il tarixli çıxarışın verilməsinə əsas olan Cavabdeh1 adına verilmiş 2004-cü il tarixli qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, cavabdeh Məmmədli (Abbaszadə) Nərmin Elçin qızı ilə Cavabdeh1 arasında bağlanmış 4Ə-1-56 saylı, xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdeh Məmmədli (Abbaszadə) Nərmin Elçin qızının adına Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə-2 döngəsi, ev 9, mənzil 34 ünvanının 1 (bir) otağına dair verilmiş xx.xx.2012-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələblərini müdafiə edərək izahatında bildirdi ki, o, 16 noyabr 1990-cı il tarixdə ünvan 1 ünvanına gəlin gəlmişdir. Həmin vaxt cavabdeh olan qaynı arvadı Cavabdeh1 da həmin ünvanda yaşayırdı. Həmin ünvan üç otaqdan ibarət olmaqla 17,9 kv.m otaqdan Cavabdeh1, 17,0 kv.m və 12,0 kv.m otaqdan isə o, həyat yoldaşı, qaynanası və qaynatası istifadə etmişlər. Cavabdeh1 1990-cı ilin may ayında məhkəmə yolu ilə yaşadığı 17,9 kv.m otağa şəxsi hesab açdırmış və 1995-ci ildə otağı bağlayaraq anasıgilə köçmüş, bir müddət yaşadıqdan sonra mənzilin qapısını bağlayıb getmişdir. Onlarla birlikdə yaşayan qaynatası 1994-cü ildə, qaynanası 1997-ci ildə, həyat yoldaşı 2010-cu ildə vəfat etmişdir. 2012-ci ildə o, evə gələndə çöl qapının açılaraq naməlum şəxslər tərəfindən ara qapının sökülməklə divar tikildiyini görmüşdür. Həmin şəxslər fəhlə olmaqla bu otağın satıldığını bildirmişdir. Məlum olmuşdur ki, qaynının arvadı Cavabdeh1 qonşu ilə razılaşaraq həmin bir otağı qonşuya satmışdır. Həmin vaxtdan mənzilin 17,9 kv.m otağı paylı mülkiyyətçi kimi onların ailə üzvü olmayan Abbaszadə (Məmmədli) Nərmin Elçin qızının adına xüsusi mülkiyyətdədir və Abbaszadə (Məmmədli) Nərmin Elçin qızı 2012-ci ildə öz adına çıxarış almışdır. Həmin çıxarış əsassız və qanunsuz olmaqla etibarsız hesab edilməlidir. Həmçinin, cavabdeh Abbaszadə (Məmmədli) Nərmin Elçin qızının adına Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə-2 döngəsi, ev 9, mənzil 34 ünvanının 1 otağına verilmiş xx.xx.2012-ci il tarixli çıxarışın verilməsinə əsas kimi Cavabdeh1 adına olan 2004-cü il tarixli qeydiyyat vəsiqəsi qanuni əsaslarla əldə edilməmişdir. Belə ki, qeyd olunan qeydiyyat vəsiqəsi, çıxarış verilərkən və alqı-satqı müqaviləsi bağlanarkən razılıq alınmamış, onun həmin payı satın almaqda üstünlük hüququ pozulmuşdur. Əlavə olaraq bildirir ki, 2012-ci ildən faktiki olaraq bir otağı ayrılmış 34 saylı mənzilin ayrı girişi olan iki otağına dair öz adına çıxarışı böyük çətinliklə 2016-cı ildə almışdır. Onun indiyə kimi qonşu ilə mübahisə etmək və iddia qaldırmaq fikri olmamışdır. Lakin cavabdeh Məmmədli (Abbaszadə) Nərmin Elçin qızı onu qeydiyyatdan çıxarmaq üçün Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir, həmçinin 2012-ci ildə çox ucuz aldığı otağı indi baha qiymətə ona təklif etmişdir. Məmmədli (Abbaszadə) Nərmin Elçin qızının ona qarşı əsassız iddia qaldırmasından sonra hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir ki, həmin bir otaq qanunsuz olaraq sənədləşdirilib. Qeyd olunanlara əsasən, məhkəmədən iddia tələblərinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirdi ki, iddia tələbinə etiraz edir. Belə ki, o, 1985-ci ilin 15 sentyabr tarixində ünvan 1 ünvanına gəlin gəlmiş və həmin ünvana qeydiyyata düşmüşdür. 1990-ci ilin may ayında ailəsində yaranmış problemlər səbəbindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə mənzilin bölgüsü aparılmış, 2 (iki) uşağı ilə yaşadığı 17,90 m² olan 1 (bir) otaq onun xüsusi mülkiyyətinə verilmiş və buna müvafiq olaraq sənədləşdirilmişdir. Mənzil bölündükdən sonra o, uşaqları ilə birlikdə həmin otaqda yaşamışdır. 21 aprel 2004-ci il tarixində qanuni şəkildə 1 (bir) otağı (17,90 m²) özəlləşdirmiş və qeydiyyat vəsiqəsi almışdır. Bir müddət yaşadıqdan sonra öz mükiyyətində olan bir otağı satmaq qərarına gəlmişdir. Bu baradə İddiaçı, mərhum oğlu X7 və baldızı X9 da məlumat verilmişdir, lakin həmin dövrdə iddiaçının mənzillə bağlı hər hansı hüququ və tələbi olmamışdır. 2012-ci ilin fevral ayında divar qonşusu Abbaszadə (Məmmədli) Nərmin Elçin qızı ilə aralarında həmin otağın satılması ilə bağlı notarial qaydada alqı-satqı müqaviləsi bağlanmışdır, həmin otaq iddiaçıya məxsus otaqlardan tam ayrıdır, iddiaçının həmin bir otağa heç bir aidiyyəti yoxdur. Qeyd edir ki, İddiaçı mənzil bölgüsündən sonra heç bir hüququ olmadan 19 (on doqquz) il sonra, yəni 2023-cü ildə sənədlərin saxta olması ilə bağlı ona qarşı əsassız tələb irəli sürmüşdür. Qeyd olunanlara əsasən, iddia müddəti tətbiq olunmaqla iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh Məmmədli (Abbaszadə) Nərmin Elçin qızının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X8 izahat verərək bildirdi ki, iddia tələbinə etiraz edir. Belə ki, iddiaçının alqı-satqı müqaviləsinin ləğv edilməsini tələb etməkdə subyektiv hüququ mövcud deyildir. Müqavilənin ləğv edilməsi barədə tələb hüququ müqavilə üzrə tərəflərə məxsusdur. Eyni zamanda, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Belə ki, iddia ərizəsində qeyd etdiyi kimi ona 2012-ci ildən məlum olmuşdur ki, Cavabdeh1 özünə məxsus otağı digər cavabdeh olan Məmmədli (Abbaszadə) Nərmin Elçin qızına satmışdır, yəni artıq iddiaçıya 11 ildir məlumdur ki, mübahisəli otaq Məmmədli (Abbaszadə) Nərmin Elçin qızına satılmışdır. Lakin iddianı 2023-cü ildə qaldırmaqla iddia müddətini ötürmüşdür. Ona görə iddia müddətinin tətbiqi nəzərə alınmalı və iddia rədd edilməlidir. Bundan əlavə qeyd edir ki, həmin bir otaq və iddiaçıya məxsus iki otaq tamamilə təcrid olunmuşdur, girişləri ayrıdır, həmin bir otaq 2012-ci ildən cavabdeh Məmmədli (Abbaszadə) Nərmin Elçin qızının mülkiyyətindədir və uzun müddət ərzində iddiaçı buna etirazını bildirməməklə onun mülkiyyət hüququnu tanımışdır. Qeyd olunanlara əsasən, iddiaçının hüququnun olmadığı nəzərə alınmaqla və iddia müddəti tətbiq olunmaqla iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X11 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə-2 döngəsi, ev 9, 34 saylı mənzilin 1 otağı xx.xx.2012-ci il tarixdən X4, 2 otağı xx.xx.2016-cı il tarixdən İddiaçı xüsusi mülkiyyətlərindədir və bu barədə 1617 nömrəli reyestr kitabının 148098 nömrəli vərəqində müvafiq qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12810/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının surətindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə qarşı İddiaçı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qeydiyyatdan çıxarılma” barədə iş üzrə iddiasının geri götürülmüş sayılması və inzibati iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri 19 saylı Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 1099 saylı, xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin paylı mülkiyyət üzrə mülkiyyətçisi olan Məmmədli (Abbaszadə) Nərmin Elçin qızı özünə məxsus olan 1 otaq hissəsini 21000 (iyirmi bir min) manata satmaq istəyi ilə bağlı notariat ofisinə müraciət etmişdir. Azərbaycan Respublikası MM-nin 214-cü maddəsinə uyğun olaraq onların payını almaqda üstünlük hüququna malik olduğuna görə bu barədə 45 gün müddətində notariat ofisinə (Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, 73A) gələrək münasibət bildirməyi xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X11 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə-2 döngəsi, ev 9, 34 saylı mənzil (mənzilin əsas göstəriciləri: ümumi sahəsi:17,2 m2, yaşayış sahəsi:17,2 m2, yaşayış otaqlarının sayı:1) X4 tam pay üzrə xüsusi mülkiyyətindədir və bu barədə 1617 nömrəli reyestr kitabının 148098 nömrəli vərəqində ********** nömrəsi ilə xx.xx.2012-ci il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 189547 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci Bünyadzadə küçəsi, 9 saylı evin 17,9 kv.m yaşayış sahəsindən ibarət olan 1 otaqlı 34 saylı mənzili Cavabdeh1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 1319 saylı reyestr kitabında 30/198065 nömrəsi ilə xx.xx.2004-cü il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan AN-İ seriyalı, ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 özünə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci Bünyadzadə döngəsi, ev 9, 34 saylı 1 otaqlı mənzili X4 mülkiyyətinə vermişdir. İş materiallarında olan Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 150 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci Bünyadzadə küçəsi, ev 9, 34 saylı mənzilin mülkiyyətçisi X6r. Hal-hazırda mənzildə qeydiyyatda heç kim yoxdur. Mənzil bir otaqlıdır, sahəsi 17,2 kv.m-dir. İş materiallarında olan Cavabdeh1 X1rşı yaşayış sahəsinin bölünməsi tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Xalq Məhkəməsinin 2-148/1990 saylı, 09 aprel 1990-cı il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsi, ev 9, 34 saylı mənzilin bölgüsünün aparılması, həmin mənzilin sahəsi 17,9 kv.m olan bir otağının 4 nəfər ailə üzvü ilə Cavabdeh1, sahəsi 16,8 kv.m və 12 kv.m olan iki otağının isə 2 nəfər ailə üzvü ilə X13 verilməsi, sahəsi 17,9 kv.m olan otağa dair Cavabdeh1 adına şəxsi hesab vərəqəsinin açılmasının 26 Bakı Komissarı NQÇİ-nin MKİS-nə tapşırılması qət edilmişdir. İş materiallarında olan Sosial İnkişaf İdarəsi Mənzil-Kommunal Xidmətləri Departamenti tərəfindən verilmiş “Sosial kirayə müqaviləsinin dəyişdirilməsi” barədə 267m saylı, xx.xx.2010-cu il tarixli əmrin surətindən görünür ki, Bakı şəhəri, Lökbatan qəsəbəsi, 2-ci Bünyadzadə döngəsi, 9 saylı evin yaşayış sahəsi 28,8 kv.m olan 2 otaqdan ibarət 34 saylı mənzilinin sosial kirayə müqaviləsi 2 nəfər ailə üzvü ilə (özü, anası-İddiaçı) X3 adına dəyişdirilməsi və onunla kirayə müqaviləsinin bağlanması, X12 adına olan sosial kirayə müqaviləsinin bağlanılması və X3 adına yeni müqavilənin açılmasının MKXD-nin 21 saylı MİS-nə tapşırılması əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə-2 döngəsi, ev 9, 34 saylı 3 otaqlı mənzilin 1 otağı X4, 2 otağı İddiaçı adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departmanenti tərəfindən verilmiş Bakı şəhəri, Lökbatan qəsəbəsi, 2-ci Bünyadzadə döngəsi, 9 saylı evin 34 saylı mənzilinin kirayə müqaviləsinin dəyişdirilməsi haqqında 100/6 saylı, xx.xx.2015-ci il tarixli sərəncamın surətindən görünür ki, Bakı şəhəri, Lökbatan qəsəbəsi, 2-ci Bünyadzadə döngəsi, 9 saylı evin yaşayış sahəsi 29,0 kv.m olan 2 otaqlı 34 saylı mənzilinin kirayə müqaviləsinin İddiaçı adına dəyişdirilməsi və onun həmin mənzilin kirayəçisi hesab edilməsi, vətəndaş İddiaçı adına yeni şəxsi maliyyə hesabının açılmasının Qaradağ rayon MKTB-nin 150 saylı Mənzil-Kommunal İstismar Sahəsinə tapşırılması barədə sərəncam verilmişdir. İş materiallarında olan Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 150 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 355 saylı, xx.xx.2016-cı il tarixli arayışın surətindən görünür ki, İddiaçı Lökbatan qəsəbəsi, 2-ci Bünyadzadə döngəsi, 9 saylı evin yaşayış sahəsi 29 kv.m olan 2 otaqdan ibarət 34 saylı mənzilində yaşayır. Evin sahibi Qaradağ rayon MKTB-dir. Mənzili icarəyə götürən İddiaçıdır. İddiaçı ailəsi 1 (bir) nəfərdən ibarətdir. Həmin ünvanda onun özü qeydiyyatdadır. İş materiallarında olan 19383 saylı xx.xx.1962-ci il tarixli orderin surətindən görünür ki, Bakı şəhəri, Lökbatan qəsəbəsi, 2-ci Bünyadzadə döngəsi, 9 saylı evin yaşayış sahəsi 46,7 kv.m olan 3 otaqdan ibarət 34 saylı mənzili Fərmanov Tağıya verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi Ə.C.Əmirov adına Neftqazçıxarma İdarəsinin “Mənzilin şəxsi hesabının bölüşdürülməsi” barədə 1584 saylı, xx.xx.2004-cü il tarixli sərəncamının surətindən görünür ki, Lökbatan qəsəbəsi, 2-ci Bünyadzadə döngəsi, 9 saylı binanın 3 otaqlı, yaşayış sahəsi 46,7 kv.m olan 34 saylı mənzilin kirayəçisi- X16 xx.xx.1994-cü il tarixində vəfat etmişdir. Gəlini Cavabdeh1 iddiası ilə əlaqədar Qaradağ rayon Xalq Məhkəməsinin xx.xx.1990-cu il tarixli qətnaməsi əsasında həmin mənzilin bir otağı, yaşayış sahəsi 17,9 kv.m, 4 nəfər ailə tərkibi ilə (özü, yoldaşı, iki uşağı) onun adına ayrılmışdır və şəxsi hesabın açılması Mənzil-Kommunal kontoruna tapşırılmıdşır. Hal-hazırda 34 sayl mənzilin 17.9 kv.m olan bir otağında Cavabdeh1 və iki uşağı yaşayır. İlkin kirayəçisi X12 vəfat etdiyini, ailə tərkiblərinin dəyişdirilməsini nəzərə alaraq və Qaradağ rayon Xalq Məhkəməsinin qətnaməsinə əsaslanaraq Lökbatan qəsəbəsi, 2-ci Bünyadzadə döngəsi, 9 saylı evin 3 otaqlı 34 saylı mənzilin 17,9 kv.m olan bir otağına dair Cavabdeh1 adına şəxsi hesab açılmışdır. İş materiallarında olan Ə.C.Əmirov adına NQCİ-nin Mənzil Kommunal Təsərrüfat İdarəsi tərəfindən xx.xx.2004-cü ildə verilmiş Forma-2 arayışının surətindən görünür ki, Cavabdeh1 2-ci Bünyadəzadə döngəsi, 9 nömrəli, 4 mərtəbəli evin 4-cü mərtəbəsindəki 17,9 kv.m sahəsi olan 1 otaqlı 34 nömrəli mənzilində yaşayır. Mənzilin icarədarı Cavabdeh1dır. Həmin ünvanda Cavabdeh1, Fərmanov Zaur və Fərmanova Səbinə daimi qeydiyyatdadırlar. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara, o cümlədən tərəflərin izahatlarına və iş materiallarında olan yazılı sübutlara əsasən müəyyən edildi ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bünyadzadə-2 döngəsi, ev 9, 34 saylı mənzilin bölgüsü Bakı şəhəri Qaradağ Rayon Xalq Məhkəməsinin 2-148/1990 saylı, 09 aprel 1990-cı il tarixli qətnaməsinə əsasən aparılmış, həmin qətnaməyə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi Ə.C.Əmirov adına Neftqazçıxarma İdarəsinin “Mənzilin şəxsi hesabının bölüşdürülməsi” barədə 1584 saylı, xx.xx.2004-cü il tarixli sərəncamına, Ə.C.Əmirov adına NQCİ-nin Mənzil Kommunal Təsərrüfat İdarəsinin xx.xx.2004-cü il tarixli Forma-2 üzrə arayışına, ÖM seriyalı, 189547 saylı qeydiyyat vəsiqəsinə əsasən Cavabdeh1 həmin mənzilin bir otağına 2004-cü ildə mülkiyyət hüququ əldə etmiş, 2012-ci ildə isə özünə məxsus həmin otağı digər Cavabdeh2 (Abbaszadə) satmışdır. İddiaçı 34 saylı mənzilin digər 2 otağına mülkiyyət hüququnu isə Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departmanentinin 100/6 saylı, xx.xx.2015-ci il tarixli sərəncamına, Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 150 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 355 saylı, xx.xx.2016-cı il tarixli arayışına, RX seriyalı, ******* saylı çıxarışa əsasən 2016-cı ildə əldə etmişdir. Məhkəmə, ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan yazılı sübutlara və tərəflərin izahatlarına əsasən hüquqi və fiziki olaraq bölünməklə, faktiki olaraq təcrid vəziyyətdə olan, ayrı-ayrı şəxslərə məxsus 1 otağın və 2 otağın ümumi paylı mülkiyyət hüququnun predmeti olduğu mübahisəlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 221-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Belə olan halda, iddia tələbi hər hansı hüquqi əsası olmadığından əsassız hesab olunmalıdır. İkinci olaraq, məhkəmə müəyyən edir ki, həmin daşınmaz əmlakın ümumi paylı mülkiyyət hüququnun predmeti olduğu qəbul edilsə belə, iddiaçının 2004-cü il tarixli qeydiyyat vəsiqəsini, 2012-ci il tarixli alqı-satqı müqaviləsini və çıxarışı, satın almaqda üstünlük hüququnun pozulması əsası ilə mübahisələndirmək hüququ yoxdur. Belə ki, iddiaçı 2 otağa dair mülkiyyət hüququnu 2016-cı ildə əldə etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 219.2-ci maddəsinə əsasən, doğurduğu hüquqlar dövlət qeydiyyatına alınmalı olan müqavilə üzrə ümumi mülkiyyət hüququndakı payın keçməsi anı həmin hüquqların dövlət qeydiyyatına alındığı vaxtdan müəyyənləşdirilir. Üçüncü olaraq, məhkəmə müəyyən edir ki, iddiaçı 2 otağa mülkiyyət hüququnu daha əvvəl əldə etmiş olsaydı belə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 218.3-cü maddəsində nəzərdə tutulmuş kəsici müddətin ötürülməsi səbəbindən, hazırda onun satın almaqda üstünlük hüququnun pozulması əsası ilə iddia qaldırmaq hüququ yoxdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına əsasən, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Yuxarıda qeyd olunanlarla yanaşı, iddia ərizəsinə əsasən iddiaçının hazırda mübahisələndirdiyi halların ona 2012-ci ildən məlum olduğu, iddia ərizəsinin isə məhkəməyə 2023-cü ildə daxil olduğu, eyni zamanda cavabdehlərin iddia müddətinin tətbiqi barədə ərizə təqdim etdiyi nəzərə alınaraq, iddia tələbləri həmçinin iddia müddəti ötürüldüyündən təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə müəyyən edir ki, iddia tələbləri əsassız olduğundan və qanunda nəzərdə tutulmuş müddətlər keçdikdən sonra verildiyindən təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Məmmədli (Abbaszadə) Nərmin Elçin qızına qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi, qeydiyyat vəsiqəsinin və çıxarışın etibarsız hesab edilməsi tələbləri barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar