Məhkəmə qərarları › İş №2(002)-906/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-906/2021

07.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-906/2021 07.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Cəfərov Rəhman Zakir oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sadıxova (Həsənova) Gülşən Xanmurad qızına qarşı “mənzilə dair istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sadıxova (Həsənova) Gülşən Xanmurad qızına qarşı “mənzilə dair istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Sadıxova (Həsənova) Leyla Xanmurad qızının ona məxsus Bakı şəhəri, Müşfıqabad qəsəbəsi, ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 27 sentiyabr 1995-cı ildə Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 710 №-li sərəncama əsasən mənim mülkiyyətimdə olan Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1 ünvanında yerləşən mənzilə 2012-ci il tarixdə keçmiş gəlini Sadıxova (Həsənova) Leyla Xanmurad qızının qeydiyyata düşməsinə icazə vermişdir. Bir neçə il evlilik həyatı yaşadıqdan sonra ailə münasibətlərinin pozulması səbəbindən cavabdeh və oğlu boşanmaq qərarına gələrək Qaradağ rayon məhkəməsinə müraciət etmişlər. Cavabdeh, Sadıxova (Həsənova) Leyla Xanmurad qızı və oğlu, X5 ilə bağlanmış rəsmi nikaha Qaradağ rayon məhkəməsinin qətnaməsi ilə ailə münasibətlərinə (nikaha) xitam verilmiş və xx xxxxxxx 2016-cı il tarixdə nikahın pozulması haqqında şəhadətnamə alınmışdır. Cavabdeh onun ailə üzvüm olmadığına, atasının evində yaşadığına və hal hazırda yaşayış yerinin olduğuna görə onun hal hazırda qeydiyyatda olduğu Bakı şəhəri, Müşfiqabad qəsəbəsi, ünvan 1 ünvanında yerləşən evə olan qeydiyyatı silinməlidir. Hal-hazırda ümumi vəziyyətin çətinləşməsi ilə əlaqədar olaraq cavabdehin həmin mənzildə qeydiyyatda qalması onun üçün bir sıra problemlər yaradır. Belə ki, onun mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur, həmçinin əlavə kommunal xərcləri ödəmək məcburiyyətində qalır. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, 2011-ci ildə oğlu ilə cavabdeh gəlinin ailə həyatı qurduğunu 2012-ci ildə gəlinin onun evinə qeydiyyata düşdüyünü, həmin evdə yaşadıqlarını, 2013-cü ildə faktiki olaraq ayrıldıqlarını, cavabdehin özünün evi könüllü tərk etidyini, daha sonra isə rəsmi olaraq boşandıqlarını, həmin vaxtdan da indiyədək həmin evdə yaşamadığını bildirərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Sadıxova (Həsənova) Leyla Xanmurad qızına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş AZ-İ 248018 nömrəli xx xxxxxxx 2016-cı il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 və Sadıxova (Həsənova) Leyla Xanmurad qızı ilə olan nikah ləğv edilmiş, nikah ləğv olunduqdan sonra kişiyə Sadıxov, qadına Həsənova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş “Elektron notariat” X1 çıxarışdan görünür ki, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olan Sadıxova (Həsənova) Leyla Xanmurad qızı həmin ünvanda qeydiyyatdadır. İş materiallarında olan Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Aparatının xx xxxxxxxx 1995-ci il tarixli 710 № li Sərəncamının məzmunundan aydın olur ki, Müşfiqabad qəsəbəsi, ev 5D mənzil 38 saylı mənzilə dair kirayə müqaviləsi İddiaçı adına dəyişdirilmişdir. İş materiallarında olan 228293 № li xx xxxxx 1986-cı il tarixli orderin məzmunundan aydın olur ki, Şamaxi şosesi 5 d ev, 38 saylı mənzil X2 verilmiş, ailə üzvləri İddiaçı, X6, X7, X3, X4, X5 həmin mənzildə yaşamaq hququnun olması qeyd edilmişdir. İş materiallarından görünür ki, Cavabdeh həqiqətən də bu ünvanda yaşamır (123 saylı MKİS-nin məlumatı). Göründüyü kimi tərəflər arasında mövcud mübahisənin predmeti qismində mənzilə olan istifadə hüququna xitam verilməsi ilə bağlı hüquq münasibətləri təşkil edir. Məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, hazırki mülki iş üzrə tərəflər arasında mübahisəli hüquq münasibətləri cavabdehin həmin mənzilə qeydiyyata düşdüyü 2012-ci il tarixdən yarandığı üçün yaranmış mübahisəli hüquq münasibətlərinə x xxxxxxx 2009-cu il tarixli Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 68.3-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. Həmin Məcəllənin 68.4-cü maddəsinə əsasən vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsaəsn mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan yaşayış sahəsinin sahibi (kirayəçisi) qismində məhz iddiaçı çıxış edir. Cavabdeh iddiaçının keçmiş gəlini olmaqla, mübahisə predmeti olan yaşayış sahəsinə 2012-ci il tarixdə pasport qeydiyyatına düşmüşdür. İddiaçı cavabdehin onun keçmiş gəlini olduğunu, 2011-ci ildə evləndiklərini, 2012-ci ildə cavabdehin həmin evə qeydiyyata düşdüyünü, 2013-cü ildə isə oğlu ilə gəlini cavabdehin faktiki ayrıldıqlarını, 2015-ci ildə isə rəsmi boşandıqlarını, cavabdehin isə onun evində qeydiyyatda qalmasının ona bir sıra problemlər yaratdığını, mülkiyyət hüquqlarını pozduğunu əsas gətirərək, belə bir iddia tələbini irəli sürmüş və iddia tələbinin əsası kimi qeyd olunan hallara istinad etmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı iddiaçının verdiyi izahatı əsasında müəyyən edilmişdir ki, cavabdeh mübahisə predmeti olan mənzildə 2011-ci ildən 2013-cü ilə kimi yaşamış, 2013-cü il tarixdən evi daimi tərk etmişdir. Cavabdehlə iddiaçının oğlu arasında nikah qeydi xx xxxxxx 2015-ci il tarixdə ləğv edilmişdir. Bu halda, məhkəmə hesab edir ki, mənzil qanunvericiliyinin tələbinə əsasən cavabdeh iddiaçının gəlini olaraq, onun ailə üzvi hesab olunmasa da, 2011-2013-cü illər ərzində həmin mənzildə köçüb daimi yaşadığından, həmin dövr üçün iddiaçının ailə üzvi qismində çıxış etmişdir. Bu hal isə göstərilən müddətdə cavabdehin mənzildən istifadə hüququnun olmasına dəlalət edir. Lakin mənzildən istifadə haqqı mütləq hüquq olmayıb, qanunla müəyyən edilmiş hallarda aradan qalxa bilər. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə cavabdehin mübahisəli mənzilə dair istifadə hüququ aradan qalxmışdır. Belə ki, Mənzil Məcəlləsinin 68.4-cü maddəsinə görə vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Lakin indiki halda məhkəmə araşdırması zamanı iddiaçının izahatı, müvafiq MSKİ-nin məlumatı və digər sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdeh mübahisə predmeti olan mənzili daimi tərk etmişdir. həmçinin, iddiaçının veridyi izahatından aydın olur ki, cavabdeh 2013-cü il tarixdən həmin mənzili könüllü şəkildə tərk etmiş, həmin vaxtdan indiyədək də orada yaşamamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx xxxx 2016-cı il tarixli qərarında da qeyd edilmişdir ki, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi istifadə hüququ sahibinin yaşayış sahəsinə ehtiyacının və mənzildən istifadə (şəxsi servitut) hüququnun qalxdığı hallara aiddir. Göründüyü kimi, şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçməsi mənzildən istifadə hüququnun itirilmiş sayılması üçün əsasdır. Mülki işin faktiki hallarından görünür ki, cavabdeh mübahisəli mənzili könüllü surətdə daimi tərk edərək, başqa ünvanda yaşayır. Ona görə də, məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh Sadıxova (Həsənova) Leyla Xanmurad qızının İddiaçı sahibliyində olan Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1 ünvanında yerləşən mənzilə dair istifadə hüquqlarına xitam verilməli, ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehdə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Sadıxova (Həsənova) Leyla Xanmurad qızının İddiaçı sahibliyində olan Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1 ünvanında yerləşən mənzilə dair istifadə hüquqlarına xitam verilsin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən, qətnamənin tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar