Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-918/2024 08.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-ə qarşı “əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2020-ci il tarixli, xxxxxxx000300 nömrəli əmək müqaviləsinin bildirişindən görünür ki, İddiaçı (işçi) xx.xx.2020-ci il tarixdə Cavabdeh MMC-də (işəgötürən) menecer işləyir və 300 manat əmək haqqı alır.
2. İddiaçı tərəfindən Cavabdeh MMC-ə ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, həmin MMC-də menecer kimi işə götürülməsi barədə onunla bağlandığı iddia edilən əmək müqaviləsinin və bununla bağlı mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilmiş bildirişin ləğv edilməsi ilə əlaqədar müvafiq tədbirlərin görülməsi sonuncuya təklif edilmişdir. Əks halda tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir.
3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-5/2-A-51817/2023 №-li məktubdan görünür ki, Cavabdeh MMC-də əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin elektron informasiya sisteminə daxilməsinə köməklik göstərilməsi ilə bağlı müraciətinə baxılmış və bildirilmişdir ki, müraciətdə qeyd olunan məsələyə münasibət bildirilməsi və qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülməklə zəruri sənədləri təqdim edilməsi ilə bağlı Cavabdeh MMC-in ünvanına (AZ1155, ünvan 1ndən rəsmi məktub göndərilmiş, lakin bugünədək məktuba cavab verilməmişdir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X1 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilərək, əmək müqaviləsi məhkəmə tərəfindən qüvvədən düşmüş hesab edilməli və əmək müqaviləsinin qüvvədən salınması hüququ X1 Xidmətinə həvalə edilməlidir. İddia tələbi
4. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin mərkəzləşdiriliş elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə yazaraq, onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin etibarsız hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişi mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o bir müddət əvvəl rəsmi qaydada işə düzəlmək istəyərkən ona bildirilmişdir ki, o artıq işçi kimi qeydiyyatdan keçmişir. Belə ki, həmin mərkəzləşdirilmiş elektron informasiya aparılmış qeydiyyata əsasən adını belə əvvəllər bilmədiyi "xxxx" MMC-də xx.xx.2020-ci il tarixdən əsas iş yerim kimi "menecer" vəzifəsində işlədiyi göstərilmişdir. Halbuki, o "xxxx" MMC-yə nə işə qəbul edilməklə bağlı hər hansı bir müraciət etməmiş, nə hər hansı bir əmək müqaviləsinə imza atmış, nə də bu şirkətdən hər hansı bir əmək haqqı almışdır. O elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsindən xəbərsiz olmuşam və belə bir iş yerini heç tanımır. O cavabdehin hüquqi ünvanına getsəm də, nə həmin adda bir MMC-nin hər hansı bir nümayəndəsini tapa bilmiş, nə də belə bir hüquqi şəxsi və ya onun nümayəndəsini tanıyan olmuşdur. Müxtəlif dövlət qurunlarına müraciət etsə də, hüquqi şəxsin faktiki olaraq hansı ünvanda yerləşməsi barədə dəqiq bir cavab ala bilməmişdir. Nəticədə, cavabdeh tərəfindən naməlum sənədlər əsasında mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişi səbəbindən, onun konstitusion hüquqlarım kobud surətdə pozulur. O, bununla bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə müraciət edərək həmin bildirişin ləğv edilməsini xahiş etdi. Həmin qurum tərəfindən ona15 dekabr 2023-cü il tarixli məktubla rəsmi qaydada cavab verilmiş və həmin məktubu iddia ərizəmə əlavə edir. Göründüyü kimi, cavabdeh "Fabura İnşaat” MMC tərəfindən özbaşınalığa yol verilməklə onun əmək hüquqları pozulmuş və cavabdeh tərəfindən aşkar şəkildə qanunsuzluğa yol verilmişdir.
7. İddia tələbinə etiraz və qarşılıqlı iddia ərizəsi verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
8. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək öz izahatında cavabdehlə əmək müqaviləsinin olmadığını və adının sistemdən silinməsini xahiş etmişdir.
9. Cavabdeh MMC-yə məhkəmə baxış iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş və bunun səbəbləri barədə məluma verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
10. Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndələrinin məhkəmə iclasında iştirakı təmin edilməmiş və bunun səbəbləri barədə məluma verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası
11. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ-İV hissələrinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin:
12. 3.5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir;
13. 3.5-1-ci maddəsinə görə, əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2- 1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı ve dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada teqdim olunan məlumatlar əsasında qeydiyyata alınır;
14. 9-cu maddəsinin b) bəndinə əsasən əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək işçinin əsas hüquqlarından biri kimi təsbit edilmişdir;
15. 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz;
16. 49.1-ci maddəsinə bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin hamin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
17. 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69.2-ci maddəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
18. 154-cü maddəsinə görə, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
19. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
20. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
21. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
22. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
23. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
24. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
25. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
26. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
27. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti haqqında” Əsasnamənin:
28. 3.1.1-ci bəndinə əsasən, öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinə əməl olunması sahəsində, o cümlədən işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi (kontraktı) əsasında tənzimlənməsi, əmək müqaviləsinin (kontraktının) bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə mərkəzləşdirilmiş elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi, əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, əmək şəraiti, əmək xəsarəti ilə əlaqədar ödənclərin ödənilməsi, işçilərin və iş yerlərinin attestasiyası, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, iş prosesində əmək və əməyin mühafizəsi tələblərinə (iş davamiyyəti, əməyin təhlükəsizliyi, əməyin gigiyenası, qadınların, əlilliyi olan şəxslərin, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunması və s.) riayət edilməsi üzrə dövlət nəzarətini həyata keçirmək Xidmətin vəzifələrindəndir.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün "M.Məmmədovanın şikayəti üzrə məhkəkə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 yanvar 2006-cı il tarixli qərarı:
29. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. b) Əsaslandırma
30. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Cavabdehin sahibkarlıq və digər vergi tutulan əməliyyatları hazırda aktiv vəziyyətində olmasına baxmayaraq, uçot-baza məlumatlarına əsasən Cavabdeh tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə əsasən vergi, məcburi dövlət sosial sığorta, işsizlik sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi barədə məlumat aşkar edilməmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı iddiaçı cavabdeh şirkətə pretenziya ilə müraciət etmiş, lakin cavabdeh tərəfindən pretenziyaya münasibət bildirilməmişdir.
31. Göründüyü kimi, iddiaçının qeyd edilən əmək müqaviləsinin bağlanmasında iştirakının, həmin müqavilənin bağlanmasına razılığında əksini tapan iradə ifadəsinin mövcud olmaması, əmək müqavilə bildirişinin elektron sistemə cavabdeh tərəfindən birtərəfli qaydada yerləşdirilməsi müəyyən edilmiş, iddiaçı bu barədə iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır.
32. Cavabdeh isə göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmiş, eyni zamanda təyin edilmiş məhkəmə iclaslarının heç birində nümayəndəsinin iştirakını təmin etməmişdir.
33. Qeyd edilməlidir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Göründüyü kimi hər hansı əqdin, o cümlədən əmək müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir.
34. Belə ki, MM-in 337.1, 337.3 və 337.4-cü maddələrinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Qanunverici, etibarsız əqdləri subyekt, iradə ifadəsinin sağlamlığı, forma və məzmun tələbləri və s. baxımdan təsnif etməklə müvafiq maddələrdə qruplaşdırmışdır. Əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (tam fəaliyyət qabiliyyətli və səlahiyyətli şəxslərin) iştirakı, onların sağlam (zədələnməmiş) iradəsinin mövcudluğu, bu iradənin lazımi formada və doğru ifadə edilməsi zəruridir. Məhz bu qaydalara əməl edilməklə bağlanmış əqd etibarlı hesab edilir.
35. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
36. Mülki Məcəllənin qeyd edilən normasından göründüyü kimi, əmək müqaviləsi tərəfin aldadılması nəticəsində bağlandıqda etibarlı sayıla bilməz. Belə ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Aldatma halında isə mülki hüquq subyektinin iradə sərbəstliyi pozularaq iradə ifadə edilmiş olur. Bu səbəbdən Mülki Məcəllənin 339.3-cü maddəsi iradə ifadəsi zədələnmiş tərəfə həmin əqdi mübahisələndirərək etibarsız hala gətirmək imkanını verir.
37. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə iddiaçının hüqunu müdafiə etmək məqsədi ilə iddia təmin edilməli, iddiaçının pozulmuş əmək hüquqları bərpa edilməli, İddiaçı ilə cavabdeh "Fabura İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsi etibarsız hesab edilməli və əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin elektron sistemində daxil edilməsi X1 Xidmətinə həvalə edilməlidir.
38. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsi etibarsız hesab edilsin və həmin əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova