Məhkəmə qərarları › İş №2(002)-942/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-942/2022

11.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-942/2022 11.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi M.Seyidov küçəsi 7 saylı evin 35 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün qətnamənin nəticə hissəsinə «bu qətnamə cavabdehin qeydiyyatdan çıxarılması üçün əsasdır» olması barədə qeydin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi 7 saylı evin 35 saylı mənzilinin mülkiyyətçisidir. Mülkiyyət hüquqları Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin verdiyi çıxarışa əsasən təsdiq olunur. Cavabdeh onun oğludur. İstifadə hüquqlarına xitam verilməsini istədiyi oğlu, 2015-ci ildən artıq ona məxsus mənzildə yaşamır. Cavabdeh Türkiyə Cumhuriyyətinə getmişdir və orada yaşayır. Uzun müddətdir ki, oğlu onunla bir mənzildə yaşamır. O da, bu səbəbdən, məhkəməyə müraciət etmişdir ki, cavabdehin mənzildən istifadə hüququna xitam verilsin. Cavabdehin ona məxsus mənzildə qeydiyyatda qalması mülkiyyətçi kimi onun hüquqlarını pozur, mənzilinə dair sərbəst sərəncam vermə, sahiblik və istifadə hüquqlarını məhdudlaşdırır. Bundan əlavə, kommunal xərci ödəmək məcburiyyətində qalır. Yaranmış vəziyyət onun öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməsini zəruri etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 19.08.2010-cu il tarixli, MA seriyalı ******* saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi 7 saylı evin 35 saylı mənzili xüsusi mülkiyyət kimi İddiaçı adına 1214 saylı reyestr kitabının 110128 nömrəli vərəqində qeydiyyata alınmışdır. 119 saylı MKİS tərəfindən verilmiş 05.04.2022-ci il tarixli, 1413 saylı arayışdan və qonşular tərəfindən tərtib olunmuş 24 fevral 2022-ci il tarixli aktdan görünür ki, Cavabdeh Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi M.Seyidov küçəsi 7 saylı evin 35 saylı mənzilində qeydiyyatda olsa da, 2015-ci ildən həmin mənzildə yaşamır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan itsifadə etmək və ona dair sərancam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya»nın 1 saylı protokolunun 1-ci bəndinə əsasən «Hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.» Mülkiyyətçinin hüquqlarına müdaxilə ilə əlaqədar «Uolson İsveçrəyə qarşı» məhkəmə işi üzrə Avropa İnsan Hüquqları Məhməkəsinin qərarında müdaxilənin zəruriliyinin meyarları dəqiq müəyyən edilmiş və həmin qərara əsasən zərurilik anlayışı, müdaxilənin kəskin ictimai tələbatı əks etdirməsini və müdaxilənin demokratik cəmiyyətdə zəruriyini müəyyən edərək, onun qanunun məqsədinə uyğun olmasını nəzərdə tutur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarının şərhində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Məhkəmədə toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh mübahisəli mənzildə formal olaraq qeydiyyatda olsa da, o, həmin mənzildə yaşamır, 2015ci ildən Türkiyə Cumhuriyyətindədir. Belə olan halda onun həmin mənzilə istifadə hüququnun əldə edilməsini zəruri edən əsas da artıq mövcud deyildir. Bu əsasın mövcud olmaması isə mahiyyət etibarılə onun yaşayış sahəsinə olan istifadə hüququna kompensasiya ödənilmədən itirilməsini istisna etmir. Bundan başqa, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələbinə əsasən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi M.Seyidov küçəsi 7 saylı evin 35 saylı mənzilindən istifadə hüquqları itirilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi 7 saylı evin 35 saylı mənzilindən istifadə hüquqü itirilsin. Hazırkı məhkəmə qətnaməsi cavabdehin həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar