Məhkəmə qərarları › İş №2(002)-947/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-947/2023

04.05.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-947/2023 04.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X25 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarına olan, 19 dekabr 2006-cı il tarixli müqavilədən görünür ki, Cavabdeh Azərbaycan Respublikası DƏRDX Bakı Ərazi İdarəsinin çıxarışı əsasında məxsus olan ünvan 1 ünvanında yerləşən mənzil ilə X8 Azərbaycan Respublikası DƏRDX Bakı Ərazi İdarəsinin çıxarışı əsasında məxsus olan ünvan 2 ünvanında yerləşən mənzil dəyişdirilmişdir.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov küçəsi, ev 24, mənzil 10 xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır.

3. İş materiallarında olan, Qaradağ rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, AZ-İ 097659 №li nikahın pozulması haqqında şəhadətnamənin məzmunundan görünür ki, X18 ilə X9 arasında olan nikah qeydi xx.xx.2010-cu il tarixdə pozulmuşdur.

4. Azərbaycan Respublikası DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışın məzmunundan görünür ki, Cavabdeh Taleh oğlu, xx.xx.2019-cu il təvəllüdlü X19, xx.xx.2010-cu il təvəllüdlü X18, xx.xx.1981-ci il təvəllüdlü X2, xx.xx.2007-ci il təvəllüdlü X12, xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh, xx.xx.1956-cı il təvəllüdlü X1, xx.xx.1955-ci il təvəllüdlü X10, xx.xx.1978-ci il təvəllüdlü X5, xx.xx.2001-ci il təvəllüdlü X13, xx.xx.2005-ci il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X3, xx.xx.1992-ci il təvəllüdlü X14 Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsi 24 saylı evin 10 saylı mənzilində qeydiyyatdadırlar.

İddia tələbi

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeydiyyatda olduğu ünvan 3 ünvanına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, o övladı ilə birgə qeydiyyatda olduğu ünvan 3 ünvanına köçürülməyi barədə məhkəmə qətnaməsinin qət edilməsini istəyir. Qaradağ Rayon Məhkəməsinin 19 mart 2008-ci il tarixli qanuni qüvvəyə minmiş qiyabi qətnaməsində yazılanlara əsasən məlumat verir ki, o İddiaçı cavabdehin oğlu X20 ilə ailə qurmuş və 27 oktyabr 2005-ci il tarixdə nikahını rəsmiləşdirmişdir. Ərizəyə daxil edilmiş AZ-İ № 097659 saylı nikahın pozulması haqda 07 may 2010-cu il tarixli şəhadətnamənin əslindən görünür ki, X20 ilə onun arasında bağlanmış nikah pozulmuşdur. AZ-İ №683318 tarixli doğum şəhadətnaməsinin notarial təsdiqli surətindən görünür ki, cavabdehin övladı X18 ilə onun birgə nikahından xx.xx.2005-ci il təvəllüdlü X13 adında bir övladı vardır. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli arayışın əslindən görünür ki, o və övladı xx.xx.2005-ci təvəllüdlü X15- hər ikisi ünvan 3 ünvanına 14 mart 2007-ci ildən qeydiyyatdadırlar. Cavabdeh və onun ailə üzvləri 14 mart 2007-ci ildə könüllü olaraq onu və övladı xx.xx.2005-ci il təvəllüdlü X7 özlərinin yaşadıqları sözügedən mübahisə mənzilə qeydiyyata saldırmışlar. O keçmiş həyat yoldaşı, birgə nikahından olan uşağı və keçmiş həyat yoldaşı atası olan cavabdehin özü ilə birgə bir neçə il müddətində həmin mübahisəli evdə yaşamış, cavabdehin özü və onun ailə üzvləri ilə birgə ümumi təsərrüfat aparmışlar. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

7. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5; Mənzil Məcəlləsinin 301.,30.2, 32.1, 32.3, 68.1, 68.2, 68.3-cü maddələrinə və X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına uyğunluğunun yoxlanılmaına dair” Konstitusiya Məhkəməsinin 11 iyul 2014-cü il tarixli qərarına istinad etmişdir.

İddia tələbinə etiraz

8. Cavabdeh iddia tələbinə yazılı etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir.

9. Etiraz belə əsaslandırılmışdır ki, İddiaçı keçmiş gəlinidir. X4 ilə X9 14 ildən çoxdur ki boşanıblar və həmin tarixdən İddiaçı əşyaları ilə mənzildən çıxıb getmişdir, formal olaraq mənzildə pasport qeydiyyatında qalmışdır. İddiaçı və övladlarının qeydiyyatdan çıxmaları üçün Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Polis idarəsindən rəsmi qaydada imtinanı götürüb yaxın günlərdə iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edəcəkdir. 15 ilə yaxındır ki, İddiaçı xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan mənzildə yaşamır. Xüsusi mülkiyyət hüququ əsasında ona məxsus mənzildə formal olaraq qeydiyyatda qalması və hazırda belə bir iddia tələbi ilə məhkəməyə müraciət etməsi bir mülkiyyətçi kimi onun hüquqlarını pozur. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir.

10. Cavabdeh etirazın hüquqi əsası kimi “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun “Mülkiyyətin müdaiəsi” haqqında 1-ci maddəsinin 1-ci bəndinə; Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, Mənzil Məcəlləsinin 30.4-cü maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinad etmişdir.

11. Qarşılıqlı iddia ərizəsi verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və əlavə olaraq bildirdi ki, köçürülməsi barədə iddia qaldırdığı evə 2005-ci ildə gəlin getmişdir, ev həmin vaxt da qayınatası üçüncü şəxsdən alqı-satqı müqaviləsi əsasında almış, daha sonra həmin evə çıxarış almışdır. İddiaçı bildirdi ki, mübahisəli mənzildən 2007-ci ildən çıxmış, 2008-ci ildən cavabdehin oğluna qarşı aliment iddiası təmin edilmiş, nikahları 2010-cu ildə rəsmi pozulsa da, həmin evdən 2007-ci ildən çıxdığını etiraf edir. Lakin bu günə qədər qızı ilə birlikdə həmin evdə qeydiyyatı qalmışdır. Mənzili tərk etdikdən sonra bir müddət anası ilə, daha sonra kirayə yaşamışdır, göstərilənlərə əsasən, iddia ərizəsində qeyd edilən mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir.

13. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsasları

Azərbaycan Respublikasının Konstitusiyası

14. 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

15. 29-cu maddəsinin İV hissəsinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsi

16. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. 6.1.4-cü maddəsinə əsasən, mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən biridir.

18. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

19. 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

20. 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.

21. 228.4-cü maddəsinə əsasən, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.

22. 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

Azərbaycan Respublikası Mənzil Məcəlləsi

23. 30.1-ci maddəsinə görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

24. 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

25. 30.4-cü maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

26. 30.7-ci maddəsinə görə, mülkiyyətçi ilə razılaşma əsasında yaşayış sahəsindən istifadə edən vətəndaş belə razılaşmanın şərtlərinə müvafiq olaraq hüquqlara malikdir və müvafiq olaraq vəzifə və məsuliyyət daşıyır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

27. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

28. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

29. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

30. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

31. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

32. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

34. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

35. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

36. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

b) Əsaslandırma

37. İddia əsassızdır.

38. Məhkəmə işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının hüquq normalarının dispozisiya şərtlərinə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə apararaq müəyyən edir ki, tərəflər arasındakı münasibətlər mahiyyət etibarilə mənzilə istifadə və köçürülmə hüququnun yaranma əsasları ilə bağlıdır. Odur ki, hazırkı iddia tələbinə qiymət verilməsi üçün yaşayış sahəsindən istifadə etmək hüququnun hansı əsasla yaranmasının (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu) və hansı qanunvericiliyin tətbiq edilməli olmasını aydınlaşdırmaq zəruridir.

39. Məhkəmə hazırkı mülki iş üzrə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

40. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

41. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarına uyğun olaraq, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

42. İşin mübahisəsiz halları bundan ibarətdir ki, İddiaçı cavabdehin X4 ilə 27 oktyabr 2005-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. İş materiallarında o da aydındır ki, mübahisə predmeti olan mənzil cavabdehin sahiblik və istifadə hüquqları 19 dekabr 2006-cı il tarixli dəyişmə müqaviləsi ilə əldə edilmişdir. Cavabdehin etirazının məzmunundan aydın olur ki, Cavabdeh İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşamasını və ora yaşayış yeri üzrə qeydiyyata düşməsini qəbul edir, lakin cavabdehin 15 ildən artıq müddətdir ki, oğlundan boşanaraq həmin evdə yaşamadığını bildirir. Mübahisəli mənzil üzərində cavabdehin mülkiyyət hüququ xx.xx.2007-ci il tarixdə dövlət reyestrində qeydə alınmışdır. İddiaçı özü məhkəmə iclasında verdiyi izahatında mübahisə predmeti olan mənzildə 2007-ci ilə qədər yaşadığını bildirmişdir. İddiaçı özünün və övladının həmin mənzilə 14 mart 2007-ci il tarixdə yaşayış yeri üzrə qeydiyyata düşməsini və bu günədək orada qeydiyyatda olmasını əsas gətirərək köçürülməsini xahiş edir.

43. Göründüyü kimi, mübahisə predmeti olan mənzillə bağlı tərəflər arasında olan münasibətlər 2006-cı il tarixdə yarandığından hazırkı mübahisəli hüquq münasibətlərinə Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələbləri əsas götürülərək, Mülki Məcəllənin 228-ci maddəsinin normaları tətbiq edilməlidir.

44. Məhkəmə mübahisə ilə bağlı ilk növbədə onu qeyd edir ki, şəxsin başqasının mülkiyyətində olan mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülməsinin qanunvericilikdə iki halı nəzərdə tutulmuşdur: 1) Şəxsin, mənzilin mülkiyyətçisinin ailə üzvü olması; 2) Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış istifadə hüquqları olan digər şəxs kimi.

45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsində və Mənzil Məcəlləsinin 30.1-ci maddəsində isə qanunvericilik ailə üzvlərinin dairəsini müəyyən etmiş və bura - əri, arvadı, valideynləri, uşaqları aid etmişdir.

46. Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz.

47. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1; 228.2 və 228.5-ci maddələrinin tələblərinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma əsasında və həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı təqdirdə malik olurlar.

48. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası MM-in 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur.

49. “R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi bildirmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

50. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93).

51. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 mart 2016-cı il tarixli Qərarına əsasən mülkiyyət hüququ mütləq hüquq deyil və məhdudlaşdırıla bilər. Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi, 71-ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir.

52. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusiya əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarı).

53. Bu hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarı).

54. Qanunvericiliyin mənasına görə mülkiyyətçinin ailə üzvlərinin (ərinin, arvadının, valideynlərinin və uşaqlarının) yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün onunla yalnız ailə əlaqələrinin mövcud olması zəruri olduğu halda, digər ailə üzvlərinin, o cümlədən gəlininin mənzildən istifadə hüququnun yaranması üçün mülkiyyətçinin razılığı, həmin razılığın notariat qaydasında təsdiq olunması və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zəruridir.

55. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan yaşayış sahəsi 2006-cı ildən dəyişmə müqaviləsi əsasında Cavabdeh məxsusdur, cavabdehin xüsusi mülkiyyət hüququ 2007-ci ildən dövlət qeydiyyatına alınmışdır. İddiaçı yaşayış sahəsinin sahibinin gəlinidir. Bu hal işin mübahisəsiz halıdır. İddiaçı tərəf həmin mənzildə 2005-ci il tarixdən yaşadığını bildirsə də, həmin mənzil üzərində cavabdehin sahiblik və istifadə hüquqlarının 2006-cı ildə əldə edilməsinin, 2006-cı ildən əvvəl mənzilin tərəflərlə ailə münasibətlərində olmayan üçüncü şəxsə məxsus olmasının, iddiaçının həmin mənzilə 2007-ci il tarixdən pasport qeydiyyatına düşməsinin aşkar olduğunu və cavabdehin iddiaçının həmin evdə qısa müddət yaşamasını inkar etməməsini nəzərə alaraq hesab edir ki, iddiaçı ən tez halda 2006-cı il tarixdən etibarən mübahisə predmeti olan yaşayış sahəsində yaşamağa başlaya bilərdi.

56. Bununla bağlı, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il Qərarındakı hüquqi mövqelərə əsasən mübahisənin hüquqi həlli ilə bağlı onun qeyd edilməsini zəruri hesab edir ki, iddiaçı mübahisəli evə köçərkən ev mülkiyyətdə olmasa da, sonradan 2007-ci ildə cavabdehin xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alındığından, yaşayış sahəsinin mülkiyyət forması dəyişib və həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələr də dəyişib.

57. Hazırkı iş üzrə mübahisəli hüquq münasibətləri yaranan zaman, yəni 2006-cı ildə iddiaçı keçmiş qaynatası ilə notarial qaydada müqavilə imzalaya bilməzdi, ona görə ki, cavabdehin özünün mülkiyyət hüququ qeydə alınmamışdı. Belə ki, Mülki Məcəllənin 146.3-cü maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Mübahisəli mənzil 2007-ci ildə cavabdehin xüsusi mülkiyyəti qeydə alındıqdan sonra isə iddiaçı onunla notarial qaydada mənzildən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı barədə müqavilə bağlamalı idi. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında bu müqavilə mövcud deyildir. Mənzildən istifadə hüququ ilə bağlı tərəflər arasında digər müqavilələr də (əvəzsiz istifadə, kirayə və.s) mövcud ola bilərdi ki, hazırkı mübahisədə buna da rast gəlinmir.

58. Göstərilənlərə əsasən, iddiaçı mübahisə predmeti olan yaşayış sahəsinin sahibinə (2007-ci ildən çıxarış əsasında) münasibətdə onun gəlini olduğundan, qanunvericiliyin tələbinə əsasən cavabdehin ailə üzvü statusuna malik olmamaqla, Azərbaycan Respublikası MM-in 228.5-ci maddəsində nəzərdə tutulmuş “digər ailə üzvü” statusuna malikdir. Mülki qanunvericiliyin tələbinə əsasən digər ailə üzvü olan şəxslərin mənzilə dair istifadə hüququnun yaranması üçün mənzilin sahibi ilə həmin şəxs arasında notarial qaydada təsdiq olunmuş yazılı razılaşma olmalıdır. Lakin məhkəmə araşdırması zamanı tərəflər arasında belə bir razılaşmanın olması halı aşkar edilməmişdir. Ona görə də, qanunvericiliyin tələbini rəhbər tutaraq, iddiaçının müvafiq yaşayış sahəsinə dair istifadə hüququnun yaranmaması halını əsas götürərək hesab edir ki, iddiaçının həmin yaşayış sahəsinə köçürülməsi barədə tələbi əsassız olmaqla təmin edilməməldir.

59. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

60. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).

61. Bununla bağlı, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68)

62. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

Məhkəmə xərcləri

63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

64. “Dövlət rüsumu haqqında” Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

65. Həmin qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

66. Hazırkı iddia tələbinin irəli sürülməsi üçün 100 manat dövlət rüsumunun ödənilməsi (qiymətləndirilməyən iddialar üzrə) nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat ödəniş etmiş və həmin hissədə dövlət rüsumundan azad edilmişdir.

67. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilmədiyi üçün ödənilmiş 50 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

Nəticə

68. Beləliklə, məhkəmə yuxarıda qeyd edilmiş qanunvericilik normalarına uyğun toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» barədə iddia tələbi rədd edilməli, ödənilmiş 50 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

69. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı ünvan 3 ünvanında yerləşən mənzilə köçürülməsi barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar