Məhkəmə qərarları › İş №2(002)-966/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-966/2024

23.07.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-966/2024 23.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X12 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X11, Cavabdeh2 (Cavabdeh1 nümayəndəsi) iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «fərdi yaşayış evindən çıxarma» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 eləcə də qətnamə icra olunan zaman evdə olan bütün digər şəxslər Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 320 nömrəli tam orta məktəbin yanında yerləşən, ümumilikdə 180 kv.m ibarət olan 1 mərtəbəli (mansardalı) mişar daşından inşa etdiyi fərdi yaşayış evindən çıxarılması, evin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə elektron ərizə təqdim edərək, cavabdehlər - Cavabdeh2 və Cavabdeh1, eləcə də qətnamə icra olunan zaman evdə olan bütün digər şəxslər Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, (320 nömrəli tam orta məktəbin yanında yerləşən) (YYŞ-1) 1-ci massiv, küçə 15, dalan 1, ev 17 şərti ünvanında yerləşən, ümumlikdə (8,2 m*11 m) 90,2 m2 sahədən ibarət olan, 1 mərtəbəli (mansardlı), kürsüsü mişar daşından, kərpicdən inşa etdiyi fərdi yaşayış evindən çıxarılaraq, ev boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia ərizəsi belə əsaslandırılmışdır ki, nümayəndəsi və vəkili olduğu şəxs Gürcüstan Respublikasının vətəndaşıdır. Amma buna baxmayaraq uzun illərdi ki, doğma Azərbaycanda ailəsi ilə birgə yaşayır. Bu illər ərzində burada da müxtəlif növ işlər üzrə fərdi əməklə məşğul olur. Digər qohumları da burada yaşayır. Bir neçə il bundan öncə nümayəndəsi və vəkili olduğu şəxs Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində 320 nömrəli tam orta məktəbin yanında yerləşən ümumlikdə 3,5 sordan ibarət torpaq sahəsi əldə etmişdir. Həmin torpaq sahəsini mişar daşından hasar da tikdirmişdi. Daha sonra isə 2016-cı ildə 2 fərdi yaşayış evi tikdirmişdir. Onların hər biri 8,2 metrin 11 metr ölçüsündən ibarət idi. Təxmini hərəsinin ölçüsü 180 kv.m. dir. Hər ikisi də 1 mərtəbəli və kürsülüdü. Hər birinin də mansardı var idi. Hər ikisi öz şəxsi vəsaiti hesabına tikilibdir. Mişar daşından tikilmişdir. Hər iki evin dam və taxta döşəmə işinə qədər işlər görülmüşdür. Evlərin iç tərəfindən də suvaq işi görülmüşdür. Beləliklə, bir torpaq sahəsində bir birindən ayrı olan 2 fərdi yaşayış evi tikdirmişdir. Qeyd etmək istəyir ki, bir neçə il bundan öncə pula ehtiyacı olduğundan iddiaçı tikilən evin birisini X1. Lakin o evin digəri isə özü üçün saxlamaq qərarına gəldiyinə görə, onu heç kəsə satmamışdır. Bu yaxınlarda ona məlum olub ki, o biri ev cavabdehlǝr- X7 və onun anası Cavabdeh2 tərəfindən zəbt olunmuşdur. Əvvəllər bir neçə müddət sonra evin qaytarılacağını cavabdehlər bildirilsələr də, sonradan isə evin ona qaytarılmasından qanunsuz olaraq imtina etmişdirlər. Yaranmış problemin həlli ilə əlaqədar iddiaçı məcbur olaraq Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Orada araşdırma aparılmış, şahidlər dəvət olunaraq dindirilmişdir. Şikayət etdiyim şəxslər (yəni cavabdehlər) araşdırma aparmış polis əməkdaşının çağırışlarından boyun qaçıraraq gəlməkdən imtina etmişdirlər. Nəticə etibarı ilə iddiaçıya cavab məktubu ilə bildirilmişdir ki, şikayətə baxılmış və məsələ mülki hüquqi xarakterli olduğundan məhkəməyə müraciət etməli olduğu izah olunmuşdur. Beləliklə, hazırki mübahisənin həlli yalnız məhkəmə qaydasında baxılmalı olduğu iddiaçıya izah olunmuşdur. Cavabdehin qərəzli və qanunsuz hərəkətlər əsasında iddiaçıya həm maddi, həm də mənəvi ziyan vurulur. Belə ki, hazırda iddiaçnın və onun ailəsinin qaldığı yaşayış yer, ağır şəraitlidir. Orada daima nəmişliq və əlverişli şəraiti olmayan bir durum var. Evin tikilməsinə iddiaçı tərəfindən minlərlə pul məbləğdə vəsait xərclənibdir. Bundan başqa cavabdehlər özlərinə aid olmayan, özgənin vəsaiti hesabına inşa edilmiş fərdi yaşayış evi zəbt edərək, onu təhvil verməkdən, tərk etməkdən imtina edirlər. Bu da həmçinin iddiaçıya mənəvi iztirab gətirir. Vaxtilə Cavabdeh2 qızı digər Cavabdeh1 iddaçının oğlu Zöhrab Poladovla qeyri-rəsmi nikah əsasında ailə münasibətlərində olmuş. Eyni zamanda da Cavabdeh2 həyat yoldaşının doğma bacısıdı. Onların qeyri-rəsmi nikahdan 2 övladı da dünyaya gəlmişdir. Cavabdeh1 ilə oğlu Zöhrabla faktiki ailə münasibətləri korlandığından bir neçə il bundan öncə onların faktiki nikah münasibətləri tamamilə pozulmuşdur. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilir.

4. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.1, 1.2, 2.2, 4, 5.1, 5.3, 17.1, 18, 21.1, 21.2, 21.3, 152.2, 152.3, 158.1, 159, 161, 164.1, 164.2, 165.1, 165.2-ci maddələrinə istinad etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

5. İddiaçı 29 may 2024-cü il tarixdə keçirilən məhkəmə baxış iclasında izahat verərək bildirdi ki, iddia tələbini müdafiə edir, cavabdeh Təbrik həm həyat yoldaşının bacısıdır, həm də oğlunun keçmiş qaynanasıdır. Kəmalə oğlu Zöhrabın həyat yoldaşı olub. Onlar arasında faktiki nikah münasibəti olub. İki oğlu var və iki gəlini olub. Zöhrab hazırda Kəmaləyə aliment borcuna görə həbsdədir. Digər gəlini də xarici ölkə vətəndaşıdır. Xarici ölkə vətəndaşı olduğuna görə burada torpaq sahəsi mülkiyyətçisi ola bilmir. Buna görə də, Müşfiqabad qəsəbəsində yataqxanada yerləşən torpaq sahəsini Kəmalənin adına alıb həmin sahədə beşotaqlı ev tikmişdi. Həmin evin sənədi vardı. Həmin evdə o, həyat yoldaşı, oğulları və onların həyat yoldaşları birlikdə yaşayırdılar. Amma cavabdehlər evdə problemlər yaratdığına görə həmin evi satmağa məcbur qaldı. Kəmalə evin satılmasına razı olmurdu. Belə razılığa gəldilər ki, evin satışından əldə olunan pulun yarısı Kəmaləyə veriləcək. Evi 35,000 manata satdı və 17,500 manatı Kəmaləyə verdi. Daha sonra 17.500 manatla Abşeron rayonu, Güzdək qəsəbəsində iki oğlu üçün iki ev tikdi. Sonra həmin evi də cavabdehlərin ucbatından satmağa məcbur qaldı. Daha sonra 2017-ci ildə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 320 nömrəli tam orta məktəbin yanında 3,5 sot torpaq sahəsi aldı. Torpaq sahəsinin sotunu 5000 manata almışdı. Torpaq sahəsi üçün 17000 manatdan çox pul xərclədi. Torpaq sahəsini Coşqundan almışdı. Həmin sahənin sənədi yoxdur. Həmin sahədə iki ev tikdi. Evləri qardaşı və oğulları tikib. Evlərin ikisi də eyni proyekt üzrə, eyni tikinti materiallarından tikilib. Evlərin uzunluğu 11 metr, eni 8 metrdir. Evlərin mətbəxini, hamamını, sanitar qovşağını tikmişdi. Evə divar çəkmiş, pəncərə-qapı, damını, mayakını qoymuşdu. Evlərin divarları mişar daşından, yuxarısı isə kərpicdən tikilib. Evin millərini atmışdı. Evin döşəməsi yox idi. Satdığı evə çöl qapısı qoymuşdu. Digər evə çöl qapısı qoymamışdı. Evlərə çöldən, içəridən suvaq vurmuşdu. Evlərin tikinti işinin 70 faizini özü görüb. Torpaq sahəsinin alınmasına və evlərin tikilməsinə 50,000 manatdan çox xərc çıxıb. Evlərin ikisini də öz pulu hesabına tikib, başqa şəxslərdən borc almışdı. Evlərin arasında bir metr məsafə var. Borcunu ödəmək üçün evlərdən birini 12,500 manata 2018-ci ildə Rüfətə satdı. Rüfət də evi Faiqə satdı. Digər evə Kəmalə köçməyib. Borcunu ödəmək üçün Ukraynaya işləməyə getdi. O, Ukraynada olan zaman cavabdehlər evə girib orada yaşamağa başlayıblar. Bunu sonralar öyrənib. Cavabdeh evə girməyə imkan vermədiyinə görə evin içərisinin hansı vəziyyətdə olduğunu bilmir. Cavabdehlərə evdə yaşamağa icazə verməyib.

6. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və əlavə olaraq bildirdi ki, iddiaçı Gürcüstan Respublikası vətəndaşıdır. Onun ölkədə müvəqqəti yaşamaq icazəsi var. İddiaçının evi zəbt olunub. Cavabdeh2 Cavabdeh1 anasıdır. Cavabdeh2 iddiaçının həyat yoldaşının bacısıdır. Kəmalə isə iddiaçının oğlunun qeyri-rəsmi həyat yoldaşı olub. İddiaçı evi öz pulu hesabına tikib. Hazırkı iş üzrə şahidləri var. Həmin şəxslər evin tikintisində, tikinti materialları ilə təchizatında iştirak ediblər. İki evi də iddiaçı tikib. Bunu şahidlər sübut edə bilərlər. Orada iki ev var. Bir ev boş qalmışdı, o biri evi iddiaçı satıb. Hazırkı mübahisə ilə bağlı sorğular verib, sorğulara cavabı da məhkəməyə təqdim edib. Mübahisəli evin qiymətinin müəyyən edilməsi üçün ekspertiza keçirilməsi zəruridir. İddiaçı üç sot torpaq sahəsində yerləşən iki evi də öz pulu hesabına, eyni inşaat materialları ilə, eyni üslubla, eyni ustalarla tikdirib. Cavabdehlər evlərin nə vaxt və necə tikilməsindən, evlərin tikintisində hansı inşaat materiallarından istifadə olunmasından xəbərsizdirlər. İş üzrə halların aydınlaşdırılması üçün məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə ehtiyac var. İddiaçı ilə cavabdehlər ikitərəfli qohumdurlar. İddiaçının oğlu ilə cavabdeh Kəmalə arasında rəsmi nikah olmayıb. Onlar faktiki nikahda olublar. Nikah dövründə onlar həmin evdə yaşamayıblar. İddiaçı da cavabdehlərin həmin evdə yaşamalarına icazə verməyib. Cavabdehlər qohumluq əlaqəsindən istifadə edərək evə giriblər və evdən çıxmırlar. İddiaçı cavabdehlərin evdən çıxmalarını tələb etsə də, hətta bununla bağlı polis orqanlarına müraciət etsə də, bunların nəticəsi olmayıb. İddiaçının polis orqanlarına müraciət etməsi ilə bağlı sübutları məhkəməyə təqdim edib. Polis əməkdaşları cavabdehləri polis şöbəsinə dəvət etsələr də, cavabdehlər polis şöbəsinə getməyiblər. Cavabdehlər iddiaçını evə buraxmırlar. Evlər birdəfəyə tikilməyib. Müəyyən müddət fasilələrlə evlər tikilib. Evlərin yerləşdiyi torpaq sahəsi heç kimə aid deyil, sənədsiz torpaq sahəsidir. Cavabdeh Təbrik başqa ərazidə də hal-hazırda ev tikir. Cavabdehlər evdə təxminən bir neçə aydır yaşayırlar. Hazırkı iş üzrə həm Müşfiqabad bələdiyyəsinə, həm də Qaradağ Rayon İcra Hakimiyyəti başçısının Müşfiqabad qəsəbəsi üzrə nümayəndəliyinə sorğu göndərmişdi. Həmin sorğulara cavab verilib. İddiaçı evləri çox düzgün formada təsvir edib. Cavabdehin ev ilə bağlı məlumatları səhvdir. Bu isə cavabdehin evi tikmədiyini sübut edir. Əvvəlki məhkəmə iclasında iş üzrə tikinti-texniki ekpsertizasının keçirilməsi barədə məhkəməyə yazılı vəsatət təqdim etməyinin səbəbi də o idi ki, ekspertiza keçiriləcəyi təqdirdə iddiaçının evləri tikməyi sübut olunacaq. Amma həmin vəsatət təmin edilmədi. Cavabdehlərin özünün adına ev var. 10-cu Polis bölməsində araşdırma aparılıb. Şahidlər polis bölməsində dindirilib. Cavabdehin şahidləri evin təmirində iştirak edib, onlar evin tikintisində iştirak etməyiblər. Cavabdehin şahidlərinin ifadələrində ziddiyyət var. Onlar evin təmirində nə vaxt iştirak etdiklərini yanlış bildirirlər. Evlər sənədsiz evdir, iddiaçının pulu hesabına tikilib. Ev üzrə heç kimin mülkiyyət hüququ yoxdur. Burada sadəcə sahiblik hüququndan söhbət gedir. Evdə heç kim yaşayıb. Evdə sadəcə yay aylarında iddiaçı yaşayıb, qış aylarında isə evdən çıxıb. Evdə istilik, qaz sistemi olmadığına görə qış aylarında evdə yaşamaq olmayıb. İddiaçı tikdiyi evlərdən birini Rüfətə satıb. Onun polis bölməsində izahatı var. Evlərin yanbayan tikilməsi onları iddiaçının tikdirdiyini sübut edir. Evlərin ölçüləri, konstruksiyası eynidir. Ev təmirsiz vəziyyətdə olub, amma evdə yaşamaq olurdu. İddiaçı evləri oğlu üçün tikib. İddiaçı mübahisəli evə köçə bilmədiyinə görə çox pis şəraitdə kirayə mənzildə ailəsi ilə birlikdə qalır. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş edir.

7. Cavabdeh2 (eyni zamanda Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi) məhkəmə iclaslarında iştirak edərək, iddia tələbini qəbul etməmiş və bildirmişdir ki, iddiaçı Gürcüstan Respublikası vətəndaşıdır. Onun ölkədə müvəqqəti yaşamaq icazəsi belə yoxdur. Qızı Kəmalə iddiaçının oğluna ərə gedib. Mübahisəli evi özü tikib, iddiaçı evin tikilməsində iştirak etməyib. İddiaçı qızının evini 34,000 manata satıb, həmin pulun yarısını ona vermişdi. 17,000 manata ev tikdi. Torpaq sahəsi Kəmaləyə məxsusdur. Evi o özü 2016-cı ildən tikməyə başlayıb, evin tikintisi hələ də davam edir. Evi tikən ustalar evi onun tikməyinə şahidlik edə bilərlər/ İddiaçının təqdim etdiyi şahidlərdən biri iddiaçının yeznəsidir. Hüseyn iddiaçının yanında sexdə işləyən şəxsdir. Onların şahidliyi mötəbər deyil. İddiaçı oğlunun aliment borcu olduğuna görə onu və qızını evdən çıxarmaq istəyir, əks halda, əgər həqiqətən də ev onlara aid olsa idi 2016-cı ildən bu günə iddia qaldırardılar. İddianın məntiqsiz olması oradan da görünür ki, bu neçə ildə mübahisəli fərdi yaşayış evi tikiləndə, onun qızı həmin evdə yaşayanda iddiaçı və onun ailə üzvləri harada idilər, nə üçün iddia qaldırmırdılar?. Başqasının ərazisinə girib, sahibliyində olan evin tikintisini başa çatdırıb sonra da orada yaşamağa başlayıb illərlə yaşayan şəxsə qarşı bundan xəbəri olan, eyni şəhərdə yaşayan insanın iddia qaldırmaması və ya tikintiyə susaraq dözməsi absurddur. Həqiqət budur ki, iddiaçı evin tikilməsində iştirak etməyib. 2007-ci ildə qızı Kəmalənin adına ev olub. Həmin evdə onun qızı Kəmalə və iddiaçının oğlu, iddiaçı yoldaşı ilə və iddiaçının digər oğlu və onun yoldaşı yaşayırdılar. Həmin beşotaqlı ev də qızına aid idi. Həmin evdə də qızı yaşayırdı. İddiaçı ona demişdi ki, onlar ayrı evə köçəcəklər, həmin evdə müvəqqəti yaşayırlar. Amma onlar evdən köçmədilər. İddiaçı və ailəsi qızına evdə problem yaratdıqlarına görə ev satıldı. İddiaçı həmin evi 34,000 manata satıb, həmin puldan 17,500 manatını ona verdi. Bundan sonra, həmin məbləğlə qızı üçün Abşeron rayonu, Güzdək qəsəbəsində qızı və uşaqları üçün torpaq sahəsi aldı və üzərində ev tikdi. İddiaçı isə özünə başqa evi tikdirdi. Daha sonra Abşeron rayonundakı evdə yaşaya bilmədikləri üçün qızı həmin evi sataraq hazırda mübahisə predmeti olan, Müşfiqabad qəsəbəsi, 320 saylı məktəbin yanında torpaq sahəsi aldı. Həmin torpaq sahəsi üçün bələdiyyədən icazə alıb. Həmin sahə üzərində ev tikdi. Evi kərpiclə tikib. Betonla evin tikintisi kərpiclə evin tikintisindən daha baha çıxır. Təxminən 1000-1500 manat fərq edir. Bir evi özü, digər evi iddiaçı tikib. Evin tikinti materiallarını qəsəbədə yerləşən tikinti materialları mağazasından özü alıb. Evi öz pulu hesabına tikdirib. Evin tikintisi təxminən 2016-cı ilin yay aylarında başlayıb. İddiaçının vəkili bildirir ki, guya onlar polis əməkdaşlarının çağırışlarına əməl etməyiblər. İddiaçı Gürcüstan Respublikasının vətəndaşı ola-ola necə burada torpaq sahəsi alıb ev tikdirə bilir. Torpağın sahəsi üç sot yarımdır. Evin tikintisi hələ də davam edir. Həmin evə işıq xəttini özü çəkdirib. Bələdiyyənin peyk sənədi olmadan da həmin xətt çəkilə bilməz. Hazırda həmin evdə qızı iki övladı ilə birlikdə yaşayır. Evdə onlardan başqa heç kim yaşamır. Qızının qeydiyyatı ünvanı başqadır. O, öz evinə qeydiyyatdadır. Onlar evə girəndə iddiaçı niyə o zaman etiraz etmədi, indi etiraz edir. Hər iki ev arasında hasar var. Əgər iddiaçının bildirdiyi kimi onlar evə icazəsiz giriblər, o zaman niyə bu vaxta qədər iddiaçı evdən çıxmağını tələb etmirdi. Evlərin yerləşdiyi torpaq sahəsi geniş olmadığına görə evlər eyni proyekt üzrə tikilib. Evi özünün tikməsini sübut edəcək şahidləri var. Qızı Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən özünə aid torpaq sahəsini satıb, mübahisəli evin tikintisinə xərcləyib. Evlər arasında təxminən bir metr məsafə var. İddiaçının vəkili bildirir ki, iddiaçının evi tikdirdiyi ustalar şahiddir. Onun da evi tikdirdiyi ustalar şahiddir. Kəmalə 2012-ci ildə iddiaçının oğlu ilə evlənib. Aralarında rəsmi nikah olmayıb. Kəmalə 2016-cı ildə iddiaçının oğlundan ayrılıb. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməməsini xahiş edir. Prosesin digər iştirakçılarının ifadələri

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ganieva Zinara ifadə verərək bildirdi ki, Ədalət həyat yoldaşıdır. Onunla rəsmi nikahı yoxdur. Birgə nikahından iki oğlu doğulub. O da Gürcüstan Respublikasının vətəndaşıdır. Təbrik bacısıdır. Qızı Kəmalə gəlini olub. Onlar əvvəllər Müşfiqabad qəsəbəsində yerləşən evdə birlikdə yaşayırdılar. Həmin evin yerləşdiyi torpaq sahəsi Kəmaləyə aid idi. Çünki onlar xarici ölkə vətəndaşı olduğuna görə burada torpaq sahəsi sahibi ola bilmirlər. Ancaq cavabdehlər evdə dava saldığına görə evi satmağa məcbur qaldılar. Beşotaqlı evi 35000 manata satdılar. Həmin pulun yarısını Təbrik və Kəmalə götürdü. Onlar daha sonra Güzdək qəsəbəsində torpaq sahəsi alıb orada iki ev tikdilər. Evin sahəsi 1,8 sot idi. Daha sonra həmin evləri də satıb, Müşfiqabad qəsəbəsində 3,5 sot torpaq sahəsi aldılar. 3,5 sot torpaq sahəsinə 19500 manat verdilər. Həmin sahədə iki oğlu olduğu üçün iki ev tikdilər. İki evi də Ədalət öz pulu hesabına tikib. Evlər ikimərtəbəli, mansardlı evdir. Evlərdən biri Rüfətə satılıb, bir ev isə qalıb. Rüfət də evi Faiqə satıb. Nə oğlu, nə də Təbrik və Kəmalə həmin evdə yaşayıblar. Evlərdə əvvəl yaşayış olmayıb. Evlərə dam vurulub, atmalar atılıb. Təbrik evlərin heç birini tikməyib.

9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək ifadə verərək bildirdi ki, Müşfiqabad qəsəbəsində yaşayır. Ədaləti tanıyır, onunla ailəvi gediş-gəlişi var. Təbriki də tanıyır. O, xəstəxanada fizioterapevt işləyir. Hər iki evi də Ədalət tikib. Evlərin tikintisində fəhlə işləyib. Evlərə beton töküləndə orada Ədaləti və onun uşaqlarını görüb. Evlərin fundamenti qazılırdı. Ədalət ona dedi ki, “evləri uşaqlarım üçün tikdirirəm”. Sonradan eşitdi ki, Asif üçün tikilən ev Rüfətə satılıb.

10. Məhkəmə iclasında şahid qismində dindirilmiş Karadjaev Eivaz ifadə verərək bildirdi ki, Ədaləti tanıyır. Tərəflərlə qohumdur. Evlərin fundamentinin qazılmasında özü iştirak edib. Torpaq sahəsinin sahəsi 3,5 sot idi. Həmin sahədə iki ev tikilib. Evlərin tikilməsində cavabdehləri görməyib. Evlər təxminən yeddi-səkkiz il öncə tikilib. Həyət evi həmin evlərə yaxındır. Evlər kərpicdən tikilib. Evlər eyni vaxtda tikilmirdi. Ancaq evlərin fundamenti eyni vaxtda qazılıb. Evlərin tikilməsində Ədalət, onun uşaqları və şahid Hüseyn ona kömək ediblər. Evlərin fundamentinin nə vaxt qazıldığı yadında deyil.

11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verərək bildirdi ki, Ədaləti tanıyır, Təbriki tanımır. Müşfiqabad qəsəbəsində yerləşən iki evin tikintisi üçün yük maşını ilə tikinti materialları gətirib. Ədalət iki oğlu olduğuna görə iki ev tikdirirdi. Evin tikildiyi torpaq sahəsi də yadındadır. Evlər eyni vaxtda tikilib. Evlər ilk olaraq daşla tikilib, daha sonra kərpiclə tikilib. Tikinti materiallarını Müşfiqabad qəsəbəsində yerləşən tikinti materialları mağazasından alıblar.

12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadə verərək bildirdi ki, Ədaləti tanıyır, Təbrik və Kəmaləni tanımır. Evlərin sifarişçisi Ədalət olub. Ədalət ona dedi ki, “torpaq sahəsi almışam, iki ev tikmək istəyirəm, evləri sənin tikməyini istəyirəm”. O da buna razı oldu. Evlərin layihələrini özü verib. Ancaq daha sonra tikintidə səhv edildiyi üçün Ədalət yenə ona müraciət etmiş və ondan tikintini aparmasını xahiş etmişdir. O, evlərin tikilməsinə müdaxilə edən zaman evin birinci mərtəbəsi və mansardı bir metr tikilmişdi. Evlərin yuxarısını özü qaldırıb. Evlər arasında məsafə 1.2 metr idi. Evlərin kəmərini hördürdü, beton kəmər verdi, ağ şifer dəmirlər aldı. Hər iki ev üçün beton əl ilə tökülüb.

13. Məhkəmə iclasında şahid qismində dindirilmiş Poladov Asip ifadə verərək bildirdi ki, Ədalətin oğludur. Təbrik və Kəmalə xalası və xalası qızıdır. Abşeron rayonundakı evləri 47000 manata satıblar. Hazırkı torpaq sahəsinə 19500 manat veriblər. Evləri atası onun və qardaşı üçün tikib. Evin tikinti materiallarını özü alıb, evləri özü tikib. 2017-ci ildən evlərin tikintisinə başlanıb. 2017-ci ilin sentyabr ayında evlərin damının qoyulması bitdi. Evlərin sanitar qovşağını qoydular. Təbrik evə suvaq vurub. Evlər eyni vaxtda və bir usta tərəfindən tikilib. Daha sonra borclara görə evini Rüfətə satdı. Rüfət də evi Faiqə satdı. Cavabdehlər evdə 2019-cu ildən icazəsiz yaşayırlar. X10 aliment borcu var. Aliment borcuna qarşılıq olaraq evlərdən biri cavabdehlərə verilmişdi.

14. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadə verərək bildirdi ki, Təbriki tanıyır, Ədaləti tanımır. Hal-hazırda 31 yaşı var. Sumqayıt şəhərində yaşayıb. Müşfiqabad qəsəbəsində yerləşən evin kafelini özü vurub. Orada ancaq Cavabdeh2 görüb, Ədalət və uşaqlarını görməyib. O, oraya işləməyə gələn zaman evin bünövrəsi, mansardı vardı. O, oraya gələn zaman ev hazır idi. Evin döşəməsi vurulmuşdu. Evin tikintisi 2017-2018-ci ildə olub. Tikinti üzrə materialların siyahısını Təbrikə vermişdi. Təbrik də həmin materialları aldı. O vaxt materialların qiyməti ucuz idi. Evin sahəsinin nə qədər olduğunu bilmir. Evin hamamına kafel vurduqdan sonra evdən getdi və 2019cu ildə Dərbənd şəhərinə köçdü. Orada beş il yaşadı.

15. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadə verərək bildirdi ki, Təbriki tanıyır, Ədaləti tanımır. 2018-ci ilin axırında evdə usta işləyib. Evə suvaq-palçıq vurub. Evdə 12-13 gün işləyib. Evin sahibi kimi Təbriki bilir. Təbrikin evi fotoşəkildəki sağdakı evdir. Həmin evin ayrıca girişi var idi. Evin tikilməsində, materialların alınmasında Təbriki görüb. Orada Ədaləti və ya başqa şəxsi heç bir zaman görməyib. Sol tərəfdə olan ev başqa bir ev idi. Həmin evə fikir verməyib. Təbrik xanımın evinin içəridən və çölündən arxa-qabaq tərəfini suvaq edib. Evin otaq pəncərəsi vardı. Otağın qapısı yox idi. Evin mayakı vardı. Mayak suvağa görə qoyulurdu. Evin döşəməsi hazır idi.

16. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadə verərək bildirdi ki, tərəfləri tanıyır. Ədalət ilə eyni qəsəbədə qalır. Evin tikintisi ilə bağlı Təbrik ilə danışıb. İddiaçını orada görməyib. Evdə təxminən 7-10 gün gecələr işləyib. O, orada olan vaxt evdə başqa usta görməyib. Evə suvaq vurulmuşdu. Evdə 2017-ci ildə işləyib. Hansı ayda orada işlədiyi yadında deyil, ancaq deyəsən aprel ayında orada işləyib. Evin döşəməsini özü vurub. Döşəmədə atma var idi. Atmanı özü vurub. Evin birinci mərtəbəsində işləyib. Evin mansardına çıxmayıb. Evin çöl tərəfinin vəziyyəti yadında deyil. Evə bir-birinə keçən taxtalar vurulmuşdu. Əmək haqqı olaraq Təbrikdən 500 manat alıb. Tikinti materiallarını Təbrik alıb. Məhkəmənin mövqeyi a) Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası:

17. Maddə 43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

18. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.

19. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur

20. Maddə 161. Əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir.

21. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.

22. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

23. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.

24. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

25. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi:

26. Maddə 5.3. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

27. Maddə 9.1 Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

28. Maddə 9.3 Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

29. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

30. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

31. Maddə 77.1 Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

32. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan onra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 106.1 İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

34. Maddə 107 Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

35. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

36. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma

37. İddia əsassızdır.

38. Məhkəmə ilk növbədə onu qeyd edir ki, tərəflər arasındakı mübahisəyə hüquqi qiymət verilməsi üçün ilk növbədə tərəflərin mübahisəli fərdi yaşayış evinə hansı hüquqlarının mövcud olması və iddia tələbinin qanuni əsası aydınlaşdırılmalıdır.

39. İşin mübahisəsiz halı budur ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, (320 nömrəli tam orta məktəbin yanında yerləşən) (YYŞ-1) 1-ci massiv, küçə 15, dalan 1, ev 17 şərti ünvanında yerləşən, ümumilikdə 1 mərtəbəli (mansardlı) fərdi yaşayış evinin və həmin evin yerləşdiyi torpaq sahəsinin üzərində tərəflərdən heç birinin xüsusi mülkiyyət hüququ mövcud deyil. Belə olan halda, iddianın əsası qismində qanunvericiliyin mülkiyyətin müdafiəsi ilə əlaqədar normaları çıxış edə bilməz.

40. Lakin, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar da əmlak hüquqları sayılır. Hazırkı işdə cavabdehlərin mübahisəli fərdi yaşayış evindən çıxarılmasını tələb edən iddiaçının hər hansı məhdud əşya hüququna malik olması da məhkəmə tərəfindən müəyyən edilməmişdir.

41. Cavabdehlər hazırda mübahisəli fərdi yaşayış evinə faktiki sahiblik edirlər, Cavabdeh1 övladları ilə birlikdə həmin evdə yaşayır. Belə ki, işə əlavə edilmiş: Qaradağ rayonu Müşfiqabad Bələdiyyəsinin 16 aprel 2024-cü il tarixli 18№-li məktubu və Azərbaycan Respublikası Bakı şəhəri, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Müşfiqabad qəsəbəsi üzrə nümayəndəliyinin 15 aprel 2024-cü il tarixli 12№-li məktublarından aydın olur ki, 320 saylı orta məktəbin yaxınlığında yerləşən evin (şərti ünvan-İ massiv, küçə 15, dalan 1, ev 17) kimə məxsus olması (sənədsiz ev olduğu üçün), kim tərəfindən tikilməsi barədə məlumat yoxdur, həmin evdə 2017-ci ildən Cavabdeh1, İddiaçı Zokhrab oğlu və X2 yaşaması aşkar edilmişdir; “Azəriqaz” İB tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 108425№ qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsindən görünür ki, Müşfiqabad qəsəbəsində fərdi yaşayış evinə Cavabdeh1 məxsus qaz sayğacı quraşdırılmışdır; Azərbaycan Respublikası Qaradağ Rayon Müşfiqabad Bələdiyyəsinin xx.xx.2018-ci il tarixli 106 nömrəli arayışından görünür ki, Babayeva X3 qəsəbəsi YYM-1, küçə 15 ev 17d1 ünvanında qeydiyyatsız yaşayır və bələdiyyədə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır.

42. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyət hüququnun müdafiəsinə dair hüquqlar mülkiyyətçi olmasa belə, əşyaya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla sahiblik edən şəxsə də mənsubdur. 43.İddiaçı mübahisəli fərdi yaşayış evinin onun tərəfindən inşa edildiyini və cavabdehlər tərəfindən zəbt edilərək əşya üzərində sahiblik hüququnun pozulduğunu iddia edir.

44. Məhkəmə əvvəlcə Mülki Məcəllənin 164.1-ci maddəsi ilə bağlı qeyd edir ki, bu norma sahibin iradəsi olmadan sahiblikdən məhrumetmənin və onu pozmanın qadağan edilmiş özbaşınalıq sayıldığını nəzərdə tutur və bundan sonrakı maddələr sahibliyin müdafiəsinə dair qaydaları tənzimləyir.

45. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Başqa sözlə, sahiblik bir əşya üzərində əməli (faktiki) hakimiyyəti iradəvi olaraq ələ keçirmiş və bunu itirməmiş olmaqdır. Şəxs öz iradəsi ilə bu hakimiyyəti tərk edənədək və ya iradəsi xaricində başqa biri onu ələ keçirənədək və ya hakimiyyəti başqa səbəbdən sona çatanadək əşyanın sahibi sayılır.

46. Sahibliyin verilməsi isə digər şəxsin əşya üzərində faktiki hakimiyyətinin təmin edilməsi, yəni əşyanın onun birbaşa - vasitəsiz sahibliyinə verilməsi və ya əşyaya vasitəli sahibliyinin təmin edilməsi ilə mümkün olur.

47. Beləliklə, sahibliyin müdafiəsinə dair normaların tətbiq edilməsi üçün iddiaçının əşyanın (ilkin qazanma və ya sahibliyin verilməsi nəticəsində) sahibi olması və bu vəziyyətin cavabdeh tərəfindən özbaşınalıqla pozulması müəyyən edilməlidir. Başqa sözlə, əşyaya sahibliyi əldə etməmiş şəxs sahibliyinin pozulmasına istinad edə bilməz.

48. Hazırkı işdə iddiaçı fərdi yaşayış evinin özünün tikdiyini bildirir. İddiaçının vəkili iddiaçının tikintisi başa çatdırılmamış evdə qış aylarına qədər yaşadığını, soyuq olduğu üçün sonradan yaşamadığını, daha sonra isə cavabdehlər tərəfindən fərdi yaşayış evinin zəbt edildiyini qeyd edir. Nəzərə alınmalıdır ki, prosessual qanunvericilik sübutetmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirir. Odur ki, hazırkı halda əşyaya faktiki sahiblik etməsini sübutetmə yükü iddiaçı tərəfin üzərinə düşür.

49. İddiaçı tərəfdən iştirak edən şahidlər evin bir hissəsinin tikintisinin iddiaçı tərəfindən 2017-ci ildə aparılması, həmin evi iddiaçının öz oğlu və həmin vaxtkı gəlininin (Cavabdeh1) yaşamaları üçün tikdirməsi, cavabdeh tərəfindən təqdim edilmiş şahidlər isə evin tikintisinin Cavabdeh2 tərəfindən aparılması barədə ifadələr vermişlər. Məhkəmə həmin şahid ifadələrinə hüquqi qiymət verərək qeyd edir ki, həmin sübutlarla iddiaçının mübahisəli fərdi yaşayış evinə faktiki sahiblik etməsi və bu sahibliyin cavabdeh tərəfindən qadağan edilmiş özbaşınalıq üzrə pozulması halı təsdiq edilməmişdir.

50. Beləliklə, iddiaçının mübahisəli fərdi yaşayış evinin sahibi olmasını, yəni iddiaçının həmin əşyaya faktik sahibliyə nail olması və ya əşyanın onun sahibliyinə verilməsi, eləcə də, iddiaçının qadağan edilmiş özbaşınalıq yolu ilə həmin əşyaya sahibliyi pozması məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir.

51. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mövcud vəziyyətdə iddianın sahibliyin müdafiəsinə dair normalar çərçivəsində də təmin edilməsi mümkün olmadığından, cavabdehlərin mübahisəli fərdi yaşayış evindən çıxarılmaları barədə iddia təmin edilə bilməz. Məhkəmə xərcləri

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114-cü maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

53. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddia təmin edilmədiyindən ödənilmiş rüsum iddiaçıya aid edilməlidir.

54. Beləliklə, məhkəmə yuxarıda qeyd edilmiş qanunvericilik normalarına uyğun, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «fərdi yaşayış evidən çıxarılma» barədə iddia tələbi rədd edilməlidir.

55. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar