Məhkəmə qərarları › İş №2(003)-1069/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1069/2024

16.04.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1069/2024 16.04.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçı Hidayət oğlunun, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Hidayət oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "torpaq sahəsinin geri qaytarılması" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Hidayət oğlu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "torpaq sahəsinin geri qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən, ona məxsus olan 2 ar torpaq sahəsinə aid Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmiş 50 kvadrat metr (yarım ar) torpaq sahəsinin ona geri qaytarılmasın və bu məqsədlə onun torpağı ilə cavabdehlərin torpağı arasında hasar çəkilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda 2 ar torpaq sahəsi var. Cavabdeh1 ona məxsus torpaq sahəsinin 50 kvadrat metrini (yarım ar) özbaşına zəbt etmişdir. O, həmin torpağı X3 qohumu X4 adından almışdır. O, torpağı alan zaman torpaq sahəsində yarım tikili ev olmuşdur. O, həmin yarım tikilini düzəldərək orada indiyə qədər ailəsi ilə birlikdə yaşayır. O, onun qonşuluğunda olan Cavabdeh1 yaşadığı evlə öz evi arasında hasar çəkmək istəyən zaman Cavabdeh1 hasarın çəkilməsinə mane olmuşdur. O, ailəsinin təhlükəsizliyini təmin etməli olduğundan hasarı evinin sütunundan çəkmiş və yarı ar torpaq sahəsi Cavabdeh1 həyətində qalmışdır. Beləliklə ona məxsus olan 50 kvadrat metr torpaq sahəsi Cavabdeh1 həyətində qalaraq həmin şəxs tərəfindən məcburi qaydada zəbt edilmişdir. Cavabdeh1 torpaq sahəsində hal-hazırda həmin şəxsin oğlu olan Elmin adlı şəxs yaşayır. Həmin şəxs hasarın dibində toyuq hini tikmiş və toyuq hinini mal tövləsi ilə əvəz etmək istəyir. Onun torpağı aldığı ilk zamanlardan Cavabdeh1 onu narahat edir. Həmin şəxs ona hədə-qorxu gəlmiş, dövlət işində işlədiyini, 1-ci Qarabağ müharibəsi veteranı olduğunu bildirərək heç kimdən qorxmadığını demişdir. İlk vaxtlar Cavabdeh1 həmin yarım ar torpaq sahəsini almaq istədiyini desə də, Cavabdeh1 sonradan ona hədəqorxu gəlməyə başlamış və həmin torpaq sahəsini zorla zəbt etmişdir. Elmin bəzi vaxtlarda həyətində qazdığı quyunun suyunu onun evinin zirzəmisinə tərəf axıdır ki, bununla onun evinin çölmək təhlükəsi yaranır. Elmindən nəyə görə suyu axıtdığını soruşduqda Elmin əcəb elədiyini bildirmişdir. Mövcud vəziyyətdə o və ailəsi narahat halda yaşayırlar. Onlara həmin şəxslər tərəfindən təzyiqlər edilir. Onların rahatçılıqları əllərindən alınmışdır. O, evinin divarına suvaq vura və evinə kondisioner quraşdıra bilmir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı Hidayət oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Hidayət oğlu əlavə olaraq qeyd etmişdir ki, o, Gürcüstan Respublikasının vətəndaşıdır. O, X3 2 ar torpaq sahəsi almışdır. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 əlavə olaraq qeyd etmişdir ki, İddiaçı Hidayət oğlunun yaşadığı evin bir hissəsi həmin şəxsə məxsus olan torpaq sahəsinin hüdudlarından 20 santimetr irəli olmaqla onun ona məxsus olan torpaq sahəsində yerləşir. İddiaçı Hidayət oğluna məxsus torpaq sahəsi 2 ar deyil. İddiaçı Hidayət oğluna məxsus torpaq sahəsi 2 ardan 50 m2 azdır. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Cavabdeh1 izahatında qeyd edilənləri təsdiq etdiyini bildirmişdir. Cavabdeh2 həyətində qazdığı quyunun suyunu iddiaçının evinin zirzəmisinə axıtdığı təkzib etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının və cavabdehlərin izahatlarını dinləyərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan: ƏN-İ seriyalı, 517675 nömrəli, 29 aprel 2015-ci il tarixli etibarnamənin surətindən görünür ki, X1 Ramiz Novruz oğluna müəyyən hərəkətlərin edilməsi üçün etibarnamə vermişdir. Abşeron rayon Hövsan südçülük sovxozu üzrə 09 dekabr 2000-ci il tarixli 16 nömrəli əmrdən çıxarışdan görünür ki, sovxozda işləyən, özünə məxsus evi və torpaq sahəsi olmayan, fərdi ev tikmək üçün ərizə ilə müraciət edən X6 0,06 hektar fərdi ev tikmək üçün torpaq sahəsi ayrılmışdır. AR-İİİ seriyalı, 966338 nömrəli etibarnamənin surətindən görünür ki, X1 Ramiz Novruz oğlunun vasitəsi ilə İddiaçı Hidayət oğluna müəyyən hərəkətlərin edilməsi üçün etibarnamə vermişdir. Abşeron rayon Hövsan südçülük sovxozu üzrə xx.xx.2000-ci il tarixli əmrdən çıxarışdan görünür ki, sovxozda yaşayan, özünə məxsus evi və torpaq sahəsi olmayan, mənzil sahəsinə ehtiyacı olan qəsəbə daxilində evlərarası boş və kənd təsərrüfatına yararsız yerlərdən fərdi ev tikmək üçün ərizə ilə müraciət edən X2 0,06 hektar torpaq sahəsi ayrılmışdır. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, İddiaçı Hidayət oğlu hazırki iddianı irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Çünki, o, mübahisəli torpaq sahəsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməsinə dair sənəd təqdim etməmişdir. İddiaçı yalnız torpaq sahəsinə qanunla müdafiə olunan hüquq əldə etdiyini sübut edə bildiyi halda hazırki iddia tələbi ilə çıxış edə bilər. Hazırki halda isə sözügedən torpaq sahəsi üzərində qanunla nəzərdə tutulmuş qaydada hüquq əldə etməsini təsdiq edən hər hansı bir sübutu olmadığından məhkəmənin qənaətinə görə iddiaçı irəli sürdüyü tələbə münasibətdə ümumiyyətlə subyektiv hüquqa malik şəxs deyildir və həmin tələbə məhz bu kontekstdə qiymət verilməlidir. İş materiallarından da görünür ki, həmin torpaq sahəsi X6 ayrılmışdır. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının məhz mübahisəsini etdiyi torpaq sahəsinə dair qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün iddiaçının sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə iddia tələbi təmin edilməməlidir. Həmçinin, qeyd edilməlidir ki, belə halda hazırki tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd edilənlərə əsasən İddiaçı Hidayət oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "torpaq sahəsinin geri qaytarılması" tələbi rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Hidayət oğlunun (Gürcüstan Respublikasının vətəndaşı, GEO **AD*****) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "torpaq sahəsinin geri qaytarılması" tələbi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar