Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-107/2021 18.11.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı SOCAR-ın «Neft Kəmərələri» İdarəsinin nümayəndəsi X1 iştirtakı ilə, İddiaçı SOCAR-ın «Neft Kəmərələri» İdarəsinin cavabdeh Qurbanzadə X7 qarşı neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi barədə iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı SOCAR-ın «Neft Kəmərələri» İdarəsi iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, «Neft Kəmərələri» İdarəsinin istismarında olan Buzovna-Ramana Dş 250 mm-lik magistral neft kəmərinin 3-cü km-də, kəmərdən 35 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, ünvan 1 ünvanında Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, «Neft Kəmərələri» İdarəsinin istismarında olan Buzovna-Ramana Dş 250 mm-lik magistral neft kəmərinin 3-cü km-də, kəmərdən 35 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, ünvan 1 ünvanında Cavabdeh tərəfindən qanunsuz tikinti işləri aparılmaısı faktı aşkar edilmişdir. Daha sonra iddiaçı SOCAR-ın «Neft Kəmərələri» İdarəsinin nümayəndəsi X2 məhkəməyə ərizə verərək, cavabdehin əsl cavabdeh olan X6 ilə əvəz edilməsini xahiş etmiş və məhkəmə cavabdehi əsl cavabdeh X6 ilə əvəz etmişdir. Məhkəmə iclasında iddiaçı SOCAR-ın «Neft Kəmərələri» İdarəsinin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin məhkəmənin əvvəlki iclasında cavabdeh X6 iddia ərizəsini etiraf etməyərək bildirmişdir ki, sözugedən fərdi yaşayış evini altındakı torpaq sahəsi ona Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi tərəfindən ayrılmışdır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan 05 may 2020-ci il tarixli aktdan görünür ki, neft kəmərinin 3cü km-də, kəmərdən 35 metr aralı məsafədə, kəmərin mühafizə zonasında ünvan 1 ünvanında artırma tikinti aşkarlanmışdır. İş materiallarında olan 05 may 2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh tikililər «Neft Kəmərələri» İdarəsinin istismarında olan Buzovna-Ramana Dş 250 mm-lik magistral neft kəmərinin 3-cü k/metr aralı məsafədə, kəmərin mühafizə zonasında yerləşir. Qanunvericiliyə görə dövlət əhəmiyyətli belə torpaqları qanunsuz zəbt edərək üzərində tikinti işləri aparmaq və ya digər analoji fəaliyyətləri həyata keçirmək qanunvericiliyə ziddir. Bununla bağlı Cavabdeh xəbərdarlıq edilmiş və o, həmin xəbərdarlığı imzalamışdır. Eyni zamanda, iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15.09.2021ci il tarixli 10/12926 saylı rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMCnin Bakı Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssiəsi tərəfindən ayrılmış torpaq sahələrinə dair məlumatlar "xxxx" MMC-nin elektron bazasında mövcud olmadığından, X6 tərəfindən inşa edilmiş fərdi yaşayış evinin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssiəsi tərəfindən ona ayrılmış 0.10 ha torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmadı. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Bakı Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən "xxxx" MMC-nin elektron baza məlumatlarına və faktiki ölçülmüş sxemə əsasən cavabdeh X6 tərəfindən inşa edilmiş fərdi yaşayış evi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “ Neft Kəmərləri” İdarəsinin balansında olan neft kəməri xətti arasında məsafə 20 metr təşkil edir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Unvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Bakı Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən "xxxx" MMC-nin elektron baza məlumatlarına əsasən müəyyən olundu ki, cavabdeh X6 tərəfindən inşa edilmiş tikili Azərbyacan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı balansında olan neft kəmərinin mühafizə zonasında yerləşir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli 2 saylı Qərarının 16-cı bəndində nəzərdə tutulur ki, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri həmin torpaqlara qanunla müəyyən edilmiş qaydada təsdiq olunan orqanlar, hüquqi və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası torpaq qanunvericiliyinə və mülki qanunvericiliyinə uyğun olaraq geri alına bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin Məcəllənin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları - müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Həmin Məcəllənin 67.3 və 67.4-cü maddələrinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “İnsan Hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 2-ci maddəsində nəzərdə tutulur ki, yaşamaq hüququnu qorumaq üçün bütün tədbirləri görmə öhdəliyi hər şeydən əvvəl dövlətin üzərinə vətəndaşların yaşamaq hüququna təhlükə yaradan hallara qarşı mübarizə mexanizmini təmin edən qanuni və inzibati resurslar yaratmaq və həmin fəaliyyətin insan həyatı baxımından yaratdığı riskə uyğun olaraq müxtəlif tədbirlərin həyata keçirilməsini zəruri edir. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarına əsasən belə nəticəyə gəlmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, SOCAR-ın «Neft Kəmərələri» İdarəsinin istismarında olan Buzovna-Ramana Dş 250 mm-lik magistral neft kəmərinin 3-cü km-də, kəmərdən 35 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, ünvan 1 ünvanında cavabdeh X6 tərəfindən qanunsuz inşa edilmiş tikili cavabdehin hesabına sökülərək ərazidən çıxarılmalıdır. Bundan başqa, məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, həmçinin ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. SOCAR-ın «Neft Kəmərələri» İdarəsinin istismarında olan Buzovna-Ramana Dş 250 mm-lik magistral neft kəmərinin 3-cü km-də, kəmərdən 35 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, ünvan 1 ünvanında cavabdeh X6 tərəfindən qanunsuz inşa edilmiş tikili cavabdehin hesabına sökülərək ərazidən çıxarılsın. İddiaçı SOCAR-ın «Neft Kəmərələri» İdarəsinin xeyrinə, cavabdeh X3 ödənilmiş dövlət rüsumuna görə 10 (on) manat məbləğində pul vəsaiti tutulsun. Cavabdeh X3 ekspertiza tədqiqatının dəyəri hesabına 50 (əlli) manat tutularaq, X5, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ**********0000003944 SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-107/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-107/2021
18.11.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver