Məhkəmə qərarları › İş №2(003)-1116/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(003)-1116/2025

30.05.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1116/2025 30.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın hərracda satılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə paylı mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən 48 saylı mənzilin açıq hərracdan satılması və payına mütənasib olaraq pulunun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-6235/2016 saylı, 29 dekabr 2016-cı il tarixli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən 48 saylı mənzildə hər birinin payı ½ hissədə müəyyən edilmişdir. Həmin paylı mülkiyyətdən payının naturada ayrılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 2(003)-150/2024 saylı, 31 yanvar 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş və məhkəmə öz qətnaməsində qeyd etmişdir ki, ekspert rəyinə əsasən mübahisənin predmeti olan evin naturada təcrid şəkildə iki hissəyə bölünməsi mümkün deyildir. Mübahisəli mənzilin qiymətləndirilməsi ilə bağlı "xxxx" MMCyə müraciət etmiş və 27 sentyabr 2024-cü il tarixli hesabata əsasən mənzilin dəyəri 57000 manat təşkil edir. O, qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehə xx.xx.2024-cü il tarixdə cavabdehin rəsmi qeydə alındığı ünvana təklif (paylı mülkiyyətdə payın dəyərinin ödənilməsinə dair) göndərmiş, lakin təklif “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etmiş və izahatında bildirmişdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 6235/2016 saylı, 29 dekabr 2016-cı il tarixli qətnaməsinə əsasən ünvan 1, 48 saylı mənzildə hər birimizin payı ½ hissədə müəyyən edilmişdir. Həmin paylı mülkiyyətdən payımın naturada ayrılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmiş, lakin həmin məhkəmənin 2(003)-150/2024 saylı, 31 yanvar 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədə ekspert rəyinə əsasən mübahisə predmeti olan evin naturada təcrid şəkildə iki hissəyə bölünməsi mümkün olmadığı qeyd edilmişdir. Mübahisəli mənzilin qiymətləndirilməsi ilə bağlı "xxxx" MMC-yə müraciət etmiş və 27 sentyabr 2024-cü il tarixli hesabata əsasən mənzilin dəyəri 57000 manat təşkil etmişdir. Daha sonra qanunvericiliyə əsasən cavabdehin rəsmi qeydiyyat alınmış ünvanına paylı mülkiyyətdə payın dəyərinin ödənilməsinə dair təklif göndərmiş, lakin təklif “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Bu səbəbdən də məhkəmədən ünvan 1, 48 saylı mənzilin açıq hərracda satılması və payına mütənasib olaraq pulun mənə ödənilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş və ya öz nümayəndəsinin məhkəmə iclaslarında iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən, hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təklifdən görünür ki, İddiaçı tərəfindən dəyəri 57000 manat qiymətləndirilmiş ünvan 1 ünvanında yerləşən 48 saylı mənzili üzrə payını satmaq niyyətindədir və ilkin olaraq ½ hissədə payının 28500 manat olmaqla Cavabdeh təklif etmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-6235/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, X1 və Cavabdeh ünvan 1 ünvanında yerləşən 48 saylı mənzildə hər birinin payı ½ hissədə tanınmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-150/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən 48 saylı mənzilin naturada bölünməsinə dair iddia tələbi mübahisənin predmeti olan mənzilin naturada təcrid şəkildə iki hissəyə bölünməsi mümkün olmadığından təmin edilməmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı verilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixdə verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 48 saylı mənzil xüsusi mülkiyyət əsasında ********** saylı qeydiyyat nömrəsi ilə mülkiyyətçilər Cavabdeh ½ hissədə və İddiaçı da ½ hissədə məxsusdur. İş materiallarında olan "xxxx" MMC-nin 27 sentyabr 2024-cü il tarixli hesabata əsasən ünvan 1 ünvanında yerləşən 48 saylı mənzilin dəyəri 57000 manat təşkil etmişdir. İşin araşdırılmış hallarından müəyyən edilir ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən 48 saylı mənzil iş üzrə tərəflərin paylı mülkiyyətindədir və məhkəmənin qətnaməsi əsasında hər birinin ½ hissədə payı mövcüddur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-150/2024 saylı, 31 yanvar 2024-cü il tarixli qətnaməsinə əsasən mənzilin naturada təcrid şəkildə iki hissəyə bölünməsi mümkün olmadığı qeyd edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən onun payına uyğun ona payın dəyərinin ödənilməsi cavabdehdən tələb edilmiş, lakin cavabdehə göndərilmiş təklif geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzimüddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür”. Qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, paylı mülkiyyət olan daşınmaz əmlak (mənzil) paylara uyğun qaydada naturada bölünməsi mümkün olmadığı müəyyən edildiyindən, eləcə də iddiaçı tərəfindən tərəflərin paylı mülkiyyətində olan mənzilə münasibətdə payın dəyərinin ödənilməsinə dair göndərilmiş təklif geri qaytarıldığı üçün iddia tələbi əsaslıdır və həmin mənzil açıq hərracdan satılmalı və satışdan əldə edilən pul tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Azərbaycan Respublikasının MPM-in 14.2. və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 1 ünvanında yerləşən 48 saylı mənzil açıq hərracda satılmalı, satışdan əldə edilən pulun iş üzrə tərəflərin paylarına mütənasib qaydada, yəni bərabər şəkildə bölünməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 48 saylı mənzil açıq hərracda satılsın və satışdan əldə edilən pul İddiaçı və Cavabdeh paylarına mütənasib qaydada, yəni bərabər şəkildə aralarında bölünsün. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə ərizə verə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar