Məhkəmə qərarları › İş №2(003)-1154/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1154/2021

06.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1154/2021 06.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı və nümayəndəsi və vəkili X1, Cavabdeh və nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi ünvan 1 ünvanına köçürülməsi, Cavabdeh həmin evdən 3000 manat kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və onun həmin evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi ünvan 1 vərəsəlik hüququ əsasında 15.11.2017-ci il tarixdən onun adına daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Cavabdeh onun keçmiş həyat yoldaşıdır. Cavabdeh onu mülkiyyətində olan evə buraxmır. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi ünvan 1 ünvanına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və nümayəndəsi və vəkili X3 hər biri ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, iddiaçı ilə aralarında olan rəsmi nikah ləğv edilmişdir. İddiaçı onu dəfələrlə döymüşdür. İddiaçının evə köçməsi onlar arasında mübahisələrin yaranmasına səbəb olacaqdır. İddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X4 Cavabdeh etirazına uyğun izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 15.11.2017-ci il tarixli seiya RX ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi ünvan 1 İddiaçı mülkiyyətindədir. İş materiallarında olan nikahın pozulması barədə Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah Bakı Apellyasiya Məhkməsinin qətnaməsi əsasında 09.06.2020-ci il tarixdə xitam verilmiş və bu barədə 11.11.2020-ci il tarixdə 292 nömrə ilə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddiaçı mübahisəli evin mülkiyyətçisidir, onun həmin evə köçməsi üçün hüquqi əsasları vardır. Lakin cavabdehin onu mübahisəli mənzilə buraxmaması nəticəsində mülkiyyətlərində olan mənzilə köçə bilmir. Odur ki, iddia əsaslıdır və təmin edilməlidir. Göstərilən qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Ordubadi küçəsi, döngə 1,ev 11 saylı evə köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Ordubadi küçəsi, döngə 1, ev 11 saylı evə köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar