Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-117/2022 09.03.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı, Cavabdehov oğlunun iştirakı ilə, İddiaçı Cavabdehov oğluna qarşı pul tələbi barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehov oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehov oğlundan 1960 manat məbləğində pulun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehi 3 ildir tanıyır. O dəfələrlə ona qoyun satmışdır. O da, pulunu vaxtlı-vaxtında ödəmişdir. 2020-ci ilin fevral ayında Xəzər rayonu, Binə qəsəbəsində öz fermasında cavabdehə 10 baş qoyunu, hər biri 196 manat olmaqla, cəmi 1960 manata satmışdır. Həmin puldan cavabdeh tərəfindən ona 500 manat vermiş, 1460 manat borclu qalmışdır. O cavabdehdən qalan pulu istəsə də, cavabdeh pulu qaytarmaqdan imtina etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1460 manat məbləğində pulun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, o cavabdeh İddiaçı 2 ilə yaxındır ki, tanıyır. Onunla aralarında tanışlığa səbəb iddiaçının öz həyətindəki kiçik buynuzlu heyvanların (qoyun-quzu) bəsləməsi və satışı olmuşdur. İddiaçı satmaq məqsədi ilə dəfələrlə diri qoyunları tərəzidə çəkilərək qiyməti hesablanaraq quzuluarı almışdır. Elə vaxt olmuşdur ki, nəğd pula almışdır. Elə vaxtlar olub ki, 10-15 günə qoyunları sataraq gətirib pulunu vermişdir. Onun İddiaçı borcu qalmamışdır. Sonuncu dəfə ondan 2020-ci ildə Qurban bayramı ərəfəsində 20 baş qoyunun almasını şərtləşmişlər, lakin bayram günü səhər iddiaçının həyətinə gələndə bildirmişdir ki, qoyunları artıq başqa adama satmışdır, yalnız 3 qoyun qalıb, o, da əlcsız qalaraq 3 baş qoyunun pulunu ödəyərək alıb getmişdir. Ondan əvvəl onun iddiaçıya heç bir borcu qalmamışdır. İddiaçının iddia ərizəsində qeyd edilən məbləği hardan və necə əldə etdiyi ona məlum deyil. Əgər onunla iddiaçı arasında qoyunun alınması zamanı nisyə olardısa aralarında qəbz olardı. Lakin iddiaçı tərəfindən məhkəməyə buna dair hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, hazırkı mülki üzrə Əmrah Qasımov onun qardaşıdır. Onlar 4 ildir ki, Binə qəsəbəsində fermer təsərrüfatı ilə məşğuldurlar. Cavabdeh onlardan xırda buynuzlu heyvan alırdı. Aldığı quzuların pulunu vaxtlı-vaxtında vermişdir. Orxan onlardan nisyə olaraq heyvan aldı, lakin pulunu ödəməmiş 2020-ci ilin avqust ayında əlavə olaraq 3 heyvan almışdır. Heyvanların satışı zamanı alqı-satqı işlərini onun qardaşı həyata keçirirdi. Həmin vaxt o, həyətdə olsa da, alqı satqı bilavasitə onun yanında baş verməmişdir. Sonrada qardaşı demişdir ki, Orxanın 1460 manat borcu qalıb. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06.03.2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İddiaçı heyvanların satışı ilə bağlı cavabdehin ona ödənilməmiş 1460 manat borcun olduğunu iddia etsə də, buna dair hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Eyni zamanda məhkəmə iclasında şahid qismində dindirilmiş olan X3 ifadəsinə münasibətdə məhkmə qeyd edir ki, iddiaçı ilə şahid Çiçək Fətəliyevanın yaxın qohum olmaları, həmçinin heyvanların satışı zamanı cavabdeh tərəfində ödənişlərin həyata keçirilməsi zamanı yaxından iştirak etməməsi onun tərəfindən verilmiş olan ifadənin mötəbərliyini şübhə altına alır. Ona görə də, məhkəmə şahid X3 ifadəsini mötəbər sübut kimi qəbul etmir. Qeyd edilənlərə əsasən məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, İddiaçı Cavabdehov oğluna qarşı 1460 manat məbləğində pulun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X1 digər Cavabdehov oğlundan 1460 manat məbləğində pulun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-117/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-117/2022
09.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver