Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1221/2023 12.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X2, İddiaçının vəkili Vəkil1, Cavabdeh, Üçüncü şəxs X1 nümayəndəsi X3 və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər-X8, X9) ailə üzvləri ilə birlikdə fərdi yaşayış evindən çıxarılma və mənzilin boşaldılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər-X8, X9) ailə üzvləri ilə birlikdə fərdi yaşayış evindən çıxarılma və mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən əmlakının da olduğu fərdi yaşayış evindən çıxarılması və mənzilin boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Lerik rayon Məhkəməsinin 12 oktyabr 2021ci il tarixli 2(048)-532/2021 saylı qətnaməsi ilə onun azyaşlı uşağı 02 sentyabr 2016-cı il təvəllüdlü X12 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən X4 istifadəsində olan fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Bundan qabaq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən, X7 məxsus fərdi həyət evinə gəlin köçmüş, nikahları pozulduqdan sonra ona məxsus əmlakları həmin evdə qalmışdır. Lerik rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(048)-531/2021 saylı qərardadı ilə fərdi həyət evində qalmış əmlak üzərinə həbs qoyulmuş, əmlakdan istifadə keçmiş əri X7 və digər şəxslərə qadağan edilmişdir. Qətnamədən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-442/2022 saylı qətnaməsi ilə Lerik rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədənn saxlanılmışdır. Məhkəmə qətnamələri icraya yönəldilmiş və müvafiq icra hərəkətləri edilmişdir. İcra hərəkətləri edildiyi zaman aşkar olunmuşdur ki, fərdi həyət evində hazırki Cavabdeh anası ilə birlikdə yaşayır və bildirmişlər ki, evi onlar X9 və anasından almışlar. İcra məmuru bu barədə akt tərtib etmiş, icra sənədinin icra edilməsinin mümkün olmayacağı bildirilmişdir. Davam edən məhkəmə mübahisələri zamanı X9 bildirmişdir ki, əmlak ona məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozundakı fərdi həyət evindədir. Mübahisələrin davam etdiyi müddət ərzində əşyalarının qaldığı fərdi həyət evinin hansı əsaslarla özgənikləşdirilməsini araşdırdıqda məlum olmuşdur ki, həmin evi Bakı şəhəri 35 saylı Notariat ofisində X8 40000 manata Cavabdeh satmışdır. Notarat ofisindən alınmış cavabla müəyyən olunur ki, alqı-satqı müqaviləsi olmamış, yalnız ərizədəki imza ilə təsdiq edilmişdir. Cavabdeh əmlakının da yerləşdiyi həyət evini boşaltmağı bildirsə də heç bir nəticəsi olmamışdır. Mübahisəyə məhkəmə müstəvisində hüquqi qiymət verilməsi üçün hazırki iddia tələbi ilə müraciət edir. Hesab edir ki, məhkəmə qərarı ilə onun mübahisəli yaşayış evinə körpə övladı ilə köçürülməsi qət edildiyindən həmin evə yaşayış hüququ təsbit olunmuş, cavabdeh isə əmlaka qeyri-qanuni yiyələnmişdir. Keçmiş qaynanası X8 ilə əri olmuş X4 birgə düşünülmüş planları ilə o, yenidən körpə övladı ilə küçələrdə qalmalı olmuşdur Hesab edir ki, cavabdeh ailə üzvləri ilə birlikdə hüququ tanındığı evdən çıxarlmalıdırlar. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X10 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa oxşar izahat verdi. İzahatında həmçinin bildirmişdir ki, iddiaçının evə köçürülməsi barədə qətnamə çıxarıldıqdan sonra ev satılmışdır. Bundan sonra da iddiaçının evə köçürülməsi mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil1 iddia tələbinin təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, iddiaçı, məhkəmə qətnaməsi əsasında mübahisə predmetinə olan evə köçürülmüşdür. İddiaçının həmin evə köçürülməsinin qarşısını alınması məqsədilə ev cavabdehə satılmışdır. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etməyərək onun təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən fərdi yaşayış evini X9 və onun anasından 9 aydır ki almışdır və hal-hazırda evdə ailəsi ilə birlikdə yaşayır. Məhkəmə iclasında üçüncü şəxs X1 nümayəndəsi X11 iddia tələbinin təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən fərdi yaşayış evi anası X5 məxsus olmuşdur. Anası da həmin evi Cavabdeh satmışdır. Hazırda həmin evdə cavabdeh öz ailəsi ilə birlikdə yaşayır. Həmçinin bildirmişdir ki, iddiaçı, orada yaşamamışdır. Belə ki, iddiaçının daimi yaşayış yeri var və atasına məxsus Lerik rayonunda yerləşən evdə yaşayır. Məhkəmə iclasında üçüncü şəxs X1 vəkili Vəkil2 iddia tələbinin təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, mübahisə predmetinə daxil olan ev, Aminə Əliyeva tərəfindən 40000 manata iş üzrə cavabdehə satılmışdır. Həmin evin sahibi hazırda cavabdehdir. İddiaçının isə mübahisə predmetinə olan evə dair mülkiyyət hüququ yoxdur. Ona görə də hesab edir ki, iddiaçının hazırki iddianı irəli sürməyə imkan verən subyektiv hüququ yoxdur. Bu səbəbdən tələbi təmin edilməməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə üçüncü şəxs X7 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Lerik Rayon Məhkəməsinin 2(048)-532/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X6 cavabdeh X7 qarşı evə köçürülmə, yaşayış və istifadə qaydasının müəyyən edilməsi tələbinə dair iddiası qismən təmin edilərək X6 xx.xx.2016-cı il tarixdə doğulmuş X12 adlı azyaşlı uşağı ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi südüçülük sovxozunda yerləşən cavabdeh X4 istifadəsində olan fərdi yaşayış evinə köçürülmələri, yaşayış evi X4 adına DƏDRX-də rəsmi qeydiyyata alınmadığından X6 həmin evdən istifadə hüququnun tanınmaması qət edilmişdir. İş materiallarında olan Lerik Rayon Məhkəməsinin 2(048)-531/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X6 cavabdeh X7 qarşı əmlak tələbinə dair iddiası qismən təmin edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-442/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Lerik Rayon Məhkəməsinin 2(048)-531/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, X8 faktiki istifadəsində olan Abşeron rayonu Hövsan Südçülük sovxozu ünvanı ərazisində yerləşən torpaq sahəsini və yaşayış evini qanunvericilikdə nəzərdə tutulmuş qaydada özəlləşdirilməsi ilə bağlı zəruri hərəkətlərin edilməsini Cavabdeh etibar etmişdir. İş materiallarında olan Abşeron rayon Hövsan Südçülük sovxozu üzrə xx.xx.2000-ci il tarixli 16 N-li əmrdən çıxarışın surətindən görünür ki, X5 fərdi ev tikmək üçün 003 hektar torpaq sahəsinin ayrılması əmr edilmişdir. İş materiallarında olan iddiaçının Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə ərizə ilə müraciət edərək hazırda azyaşlı uşağı ilə birlikdə Lerik rayonunun Şingədulan kəndində atasına məxsus fərdi yaşayış evində yaşadığını, övladının həmin kənd məktəbində təhsil aldığını bildirmiş və Lerik Rayon Məhkəmsinin 2(048)-532/2021 saylı qətnaməsi ilə onun evə köçürülməsi bard icra işinin dayandırılaraq Lerik Rayon Məhkəməsinə göndrilməsini xahiş etmişdir. İş materiallarında olan X1 notarial qaydada təsdiq edilmiş ərizəsinin surətindən və “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, sonuncu Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük sovxozu ünvanı ərazisində yerləşən faktiki istifadəsində olan 300 kv.m torpaq sahəsi üzərində tikilmiş 120 kv.m-dən ibarət olan özəl tikilmiş fərdi yaşayış evini Cavabdeh 40000 manat satdığını, həmin məbləği tam olaraq aldığını, gələcəkdə həmin əmlaka dair heç bir iddia və tələbinin olmayacağını bildirmişdir. Məhkəmə hesab edir ki, mülki mübahisənin qanuni həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırılmalıdır. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının mübahisə predmeti olan tikiliyə və ya həmin tikilinin yerləşdiyi torpaq sahəsinə hər hansı bir hüquqmüəyyənedici sənədi yoxdur. İddianın əsasını isə yalnız həmin evə iddiaçının köçürülməsi ilə bağlı Lerik Rayon Məhkəməsi tərəfindən çıxarılmış məhkəmə qətnaməsi təşkil edir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin, bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisə predmetinə köçürülməsi ilə bağlı mövcüd olan məhkəmə qətnaməsi ilə ona yalnız həmin mübahisə predmeti olan tikilidə yaşamaq hüququ müəyyən edilmiş və mübahisə predmetinə daxil olan tikiliyə hər hansı bir mülkiyyət hüququnun (sahiblik, istifadə etmək və sərəncam vermək hüququ) verilməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının mübahisə predmetinə daxil olan tikiliyə və həmin tikilinin yerləşdiyi torpaq sahəsinə dair hər hansı bir mülkiyyət hüququ olmadığından onun hazırki iddianı irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməsi mümkün deyil. Odur ki, iddiaçı, mübahisə predmetinə daxil olan tikili ilə bağlı iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə iddia tələbi təmin edilməməlidir. Həmçinin, qeyd edilməlidir ki, belə halda hazırki tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər- X8, X9) ailə üzvləri ilə birlikdə fərdi yaşayış evindən çıxarılma və mənzilin boşaldılması barədə iddia tələbi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №2(003)-1221/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1221/2023
12.04.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver