Məhkəmə qərarları › İş №2(003)-1289/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1289/2021

05.04.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1289/2021 05.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "Cavabdeh" Firmasına qarşı əmrin ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m üə y y ə n etdi: İddiaçı cavabdeh "Cavabdeh" Firmasına qarşı əmrin ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh Firmasında işləmək üçün 2017-ci ilin iyun ayında Bakı şəhəri, Bül-Bül prospektində “lalə Plaza”da yerləşən ofisə müraciət edib, rəsmi ərizəтi firmanın baş mühasibinə təqdim etmişdir. 19 iyun 2017-ci il tarixində də Cavabdeh Firmasının direktoru vəzifəsinə təyin olunmağı barədə 04 №-li əmr verilmişdir. Lakin qısa müddətdə firmanın ciddi problemlərinin, külli miqdarda vergi borclarının olduğunu görüb, işləmək istəmədiyini bildirmiş və 2 gündən sonra işdən çıxmağı barədə ərizə yazıb, baş mühasibə təqdim etmişdir. Bundan sonra ona işdən azad olunduğu bildirilmişdir. Bir daha bu günə kimi firma ilə heç bir əlaqəsi və əmək münasibəti olmamışdır. O, həmin firmada heç vaxt direktor vəzifəsini, icra etməmiş, heç bir sənədləşmə işinin aparılmasında, bəyannamələrin və digər sənədlərin tərtib və təqdim edilməsində iştirak etməmişdir, heç bir sənədi imzalamamış və hətta əmək haqqı belə almamışdır. Firmanın möhürü ona təvil verilməmişdir. Lakin bu yaxınlarda Saatlı rayon məhkəməsindən aldığı qətnamədən sonra ona məlum olmuşdur ki, onlar (təsisçilər: Ələkbərov S.V. , Xəlilov F.H ) iddiaçının işdən çıxmağına dair ərizəsini almalarını və ona işdən azad olunduğunu bildirmələrinə baxmayaraq, onu aldadıb formal olaraq direktor vəzifəsində saxlamışlar və bu günə kimi onun adımdan bank, maliyyə, vergi əməliyyatları həyata keçirib, onun əvəzindən saxta imzalar etmişlər, O isə onlara inandığı və hüquqi savadı olmadığına görə sonradan bunu araşdırmamış və adının bu günə qədər həmin şirkətin direktoru kimi saxlanıldığını da bilməmişdir. Ona görə də Cavabdeh Firmasının qanunsuz əməllərinə və dövlət büdcəsinə ödənilməli olan vergi borcunu ödəmədiklərinə görə məhkəmə onun barəsində ölkədən getmək hüququnu məhdudlaşdıran qətnamə qəbul etmişdir. Cavabdeh Firması ilə o, heç vaxt əmək müqaviləsi bağlamamış və üzərinə öhdəlik götürməmişdir. Həmin müəssisədə heç vaxt işləməmişdir. Onunla əmək müqaviləsinin bağlanmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron informasiya sisteminə elektron qaydada qeydiyyata alınması üçün “xxxx” Firması (VÖEN **********) tərəfindən hər hansı əmək müqaviləsi bildirişi daxil edilməmişdir, Deməli, onunla əmək müqaviləsi olmamışdır və onun direktor təyin edilməyi barədə 19 iyun 2017-ci il tarixli, 04 №-li əmr qüvvəyə minməmişdir, bağlandığı andan etibarsız olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti 1 №lİ region üzrə X1 **********7 №-li, 29.03.2019-cu il tarixli cavab məktubundan da görünür ki, Cavabdeh Firması tərəfindən onunla bağlı hər hansı əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə daxil olmamış, elektron qaydada qeydə alınmamışdır. Qanunun bu tələblərinə əməl edilməmişdirsə, o, həmin firmada işə götürülmədiyi və əmək müqaviləsi olmadığı və müqavilənin qeydə alınmadığı halda, o firmanın vergi borcları və öhdəlikləri üçün necə məsuliyyət daşıya bilər? Dəfələrlə onun direktor təyin olunmağı barədə 19 iyun 2019-cu il tarixli, 04 №-li formal əmrin ləğv olunması barədə Cavabdeh Firmasının rəhbərliyinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə, Azərbaycan Respublikası Vergilər Nazirliyinə müraciət etsə də, haqqında olan qanunsuz əmr hələ də ləğv olunmamışdır. "Cavabdeh” Firmasının onun direktor vəzifəsinə təyin olunmağı barədə,19 iyun 2017ci il tarixli, 04 №-li qanunsuz və əsassız olan əmrin ləğv edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X6 izahatında bildirdi ki, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsinin bağlanmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron informasiya sisteminə elektron qaydada qeydiyyata alınması üçün Cavabdeh müəssisəsi (VÖF:İ **********) tərəfindən İddiaçı bağlı hər hansı əmək müqaviləsi bildirişi daxil edilməmişdir. Hazırki mülki işlə bağlı qərarın verilməsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 19 iyun 2017-ci il tarixli 04 №-li əmrin surətindən görünür ki, İddiaçı Cavabdeh Firmasının direktoru vəzifəsinə təyin olunmağı barədə əmr verilmişdir. İş materiallarında olan X4 Xidmətinin 1 saylı Region üzrə X1 İddiaçı ünvanladığı 29.03.2019-cu il tarixli məktubunda deyilir: ”Cavabdeh müəssisəsində müvafiq ərizə təqdim etmənizə baxmayaraq direktor vəzifəsindən azad edilməməniz barədə ünvanladığınız şikayət ərizənizə X4 Xidmətinin 1 saylı region üzrə X2 baxılmışdır. Sizinlə bağlı əmək qanunvericiliyi ilə əlaqədar tərtib edilmiş sənədlərin təqdim edilməsi xahişi ilə “REAL 555” müəssisəsinə tərəfimizdən məktubla müraciət edilmişdir. Lakin həmin müəssisə tərəfindən hər hansı cavab verilməmişdir. Bununla yanaşı Sizi məlum edirik ki, əmək müqaviləsinin bağlanmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron informasiya sisteminə elektron qaydada qeydiyyata alınması üçün Cavabdeh müəssisəsi (VÖF:İ **********) tərəfindən Sizinlə bağlı hər hansı əmək müqaviləsi bildirişi daxil edilməmişdir. Məlumat üçün bildiririk ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırılmışdır. Nəzərinizə çatdırırıq ki, yuxarıda qeyd edilənlər Sizi qane etmədiyi halda aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İddiaçı ünvanlanmış 02.03.2019-cu il tarixliməktubunda qeyd edilir: Cavabdeh firmasının (VÖEN:**********) direktoru vəzifəsindən azad olunmağınıza tətbiq olunmuş ölkədən getmək hüququnuzun müvəqqəti baxmayaraq, barənizdə məhdudlaşdırılmasının götürülməsi barədə Vergilər Nazirliyinə ünvanlanmış müraciətinizə baxılmışdır. Bildiririk ki, qanunvericiliyə əsasən hüquqi şəxsin rəhbərinin dəyişdirilməsi üçün təsisçinin qərarı, yeni rəhbərin şəxsiyyət vəsiqəsinin surəti müvafiq ərizə forması ilə birlikdəqeydiyyat orqanına təqdim olunmalıdır. Belə ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq qeydiyyat orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Hüquqi şəxslərin dövlət reyestrində 07.03.2019-cu il tarixə Cavabdeh firmasının rəhbərinin İddiaçı olması barədə məlumat mövcuddur və rəhbərin dəyişdirilməsi ilə bağlı halhazıradək qeydiyyat orqanına müraciət olunmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur. Bununla əlaqədar olaraq, Cavabdeh firmasının 21.08.2018-ci il tarixə dövlət büdcəsinə yaranmış ümumilikdə 65277,37 manat məbləğində vergi borcu ilə bağlı vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən barənizdə ölkədən getmək hüququnun müveçiqəti məhdudaşdırılması barədə 21.06.2016-cı il tarixli ərizə ilə Saatlı rayon Məhkəməsinə müraciət edilmişdir. Saatlı rayon Məhkəməsinin 28.09.2018-ol İl tarixli 2(055)-1213/2018 nömrəli qətnaməsi ilə vergi orqanının ərizəsi təmin edilərək ölkədən getmək hüququnuz müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanlarının vəzifəsidir. Maddənin tələbindən göründüyü kimi fiziki şəxsin və ya hüquqi şəxsin İcra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi yalnız həmin məhdudlaşdırmaya səbəb olmuş əsaslar aradan qalxdıqda mümkündür. Bildiririk ki, Saatlı rayon Məhkəməsinin 28.09.2018-ci il tarixli 2(055)-1213/2018 nömrəli qətnaməsinin çıxarılmasına əsas olmuş dövlət büdcəsinə olan 65277,37 manat məbləğində borcun ödənilməsi təmin edilməmişdir. Dövlət büdcəsinə olan sözügedən qətnamə üzrə borc məbləği tam şəkildə ödənildikdən sonra vergi orqanı tərəfindən ölkədən getmək hüququnuzun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə dərhal qərar qəbul ediləcəkdir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin 1-ci bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların İcrası məcburidir. Nəzərinizə çatdırırıq ki, Mülki-Prosessual Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi İcraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Mülki-Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Bundan əlavə bildiririk ki, Cavabdeh firmasının 07.03.2019-cu il tarixə dövlət büdcəsinə 44121,34 manat əsas, 13895,16 manat faiz borcu, 160 manat maliyyə sanksiyası və məhkəmə qətnaməsi ilə təmin edilmiş məbləğ üzrə 7382,73 manat olmaqla, ümumilikdə 65 559,23 manat vergi borcu mövcuddur. Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.” Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, 19 iyun 2017-ci il tarixli 04 №-li əmr ilə İddiaçı Cavabdeh Firmasının direktoru vəzifəsinə təyin olunmağı barədə əmr verilmişdir. İşin məhkəmə araşdırılması müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh Firmasının direktoru vəzifəsinə təyin olunmağı barədə əmr verilsə də, əmək müqaviləsinin bağlanmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron informasiya sisteminə elektron qaydada qeydiyyata alınması üçün Cavabdeh müəssisəsi (VÖF:İ **********) tərəfindən qanunvericiliklə imporativ şəkildə müəyyən olunmuş qaydada hər hansı əmək müqaviləsi bildirişi daxil edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 3-cü bəndinə əsasən heç kəs zorla işlədilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 17-ci maddəsinə əsasən hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədəqorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır. Həmin məcəllənin 1-ci maddəsinin 5-ci bəndinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. Həmin məcəllənin 1-ci maddəsinin 5-1-ci bəndinə əsasən əmək müqaviləsi bildirişi bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Həmin Məcəllənin 7-ci maddəsinin 2-ci bəndinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 49-cu maddəsinin 2-ci bəndinə əsasən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Göründüyü kimi, iddiaçının cavabdeh qurum tərəfindən direktor vəzifəsinə təyin olunmağı barədə 19 iyun 2017-ci il tarixli, 04 №-li əmr verilsə də, qanunvericiliklə müəyyən edilmiş qaydada onunla əmək müqaviləsi bağlanılmamışdır (bu işin mübahisələndirilməyən halı kimi məhkəmə araşdması zamanı müəyyən edilmişdir). Halbuki, qanunverci şəxsin hər hansı bir qurumda işləməsi ounla bağlanılmış əmək müqaviləsi əsasında həyata keçirilməklə rərəflər arasında bu müqavilədən əmələ gələn öhdəliklərin yaranmasına səbəb ola bilər. Belə olan halda iddiaçı cavabdeh qurumla hər hansı əmək münasibətlərinə dxil olmamaqla nə faktiki , nə də qanunla müəyyən edilmiş qaydada göstərilən vəzifənin icrasına cəlb edilməmişdir. Belə ki, belə bir verilməsindən sonra əmrin hüquqi qüvvəsinin olması üçün həmin şəxslə əmək müqaviləsi bağlanılmalı və əmək qanunvericiliyin imperativ göstərişinə əsasən əmək müqaviləsinin bağlanmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron informasiya sisteminə elektron qaydada qeydiyyata alınması üçün əmək müqaviləsi bildirişi daxil edilməlidir. Yalnız bundan sonra, yəni əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Belə olan halda məhkəmə hesab edir ki, idiaçının direktor vəzifəsinə təyin edilməsi barədə əmr, əmrin verilməsindən sonra əmək məcəlləsinin tələblərinə əsasən edilməli olan hərəkətlər kimi, yəni əmək müqaviləsinin bağlanılması və həmin müqavilənin elektron informasiya sisteminə elektron qaydada qeydiyyata alınması üçün əmək müqaviləsi bildirişi daxil edilmədiyindən tərəflər arasında əmək müqaviləsindən irəli gələn öhdəliklərinin yaranmasını özündə ehtiva etmir. Bu səbəbdən iddiaçının tələbi əsaslı olduğundan təmin edilməli və İddiaçı "Cavabdeh” Firmasına direktor vəzifəsinə təyin olunmağı barədə 19 iyun 2017-ci il tarixli, 04 №-li əmr qanuni hesab edilməməklə ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 2174, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia tələbi təmin edilsin. İddiaçı "Cavabdeh” firmasına direktor vəzifəsinə təyin olunmağı barədə 19 iyun 2017-ci il tarixli, 04 №-li əmr ləğv edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar