Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1293/2024 13.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi ilə, Ərizəçi İsmayılova (Nəbiyeva) Ziveydə İskəndər qızı maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti olmaqla “şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Ərizəçi İsmayılova (Nəbiyeva) Ziveydə İskəndər qızı “şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, özünün heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşamağı faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 05 aprel 1961-ci il tarixdə Gürcüstan SSRİ Dmanisi rayonunun Saca kəndində anadan olmuş, milliyyətcə azərbaycanlıdır. Şəxsiyyətini təsdiq edən sənədlər yalnız doğum haqqında şəhadətnamə və keçmiş SSRİ vətəndaşının pasportudur. Doğum haqqında şəhadətnamədən göründüyü kimi o, miliyyətcə azərbaycanlıdır. xx.xx.1984-cü il tarixində X9 ilə nikaha daxil olmuş və soyadını "Nəbiyeva”-ya dəyişdirmiş, lakin SSRİ pasportunda soyadı “İsmayılova” kimi göstərilmişdir. 2004-cü ildən Gürcüstan Respublikasından keçmiş SSRİ vətəndaşının pasportu əsasında gələrək Azərbaycan Respublikasında daimi yaşayır və həmin vaxtdan heç vaxt xarici ölkəyə getməmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən onun Azərbaycan Respublikası vətəndaşı olmadığı müəyyən edilmişdir. Gürcüstanın Azərbaycan Respublikasındakı səfirliyindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən onun Gürcüstan vətəndaşı hesab edilmədiyi müəyyən edilmişdir. O, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozu ərazisində fərdi yaşayış evində ailə üzvləri ilə birgə yaşayır. Bu fakt Xəzər rayon icra hakimiyyətinin Binə qəsəbəsi inzibati dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli 3547 nömrəli arayışla təsdiq edilir. X3 və iki azyaşlı nəvəsi Azərbaycan Respublikasının vətəndaşlarıdır. Hazırda Azərbaycan Respublikasında şəxsiyyəti təsdiq edən hər hansı sənəd əldə etməyi və ya vətəndaşlığı əldə etməyi üçün müraciət edilməsi məqsədilə onun heç bir dövlətin vətəndaşlığına mənsub olmadığı, habelə Azərbaycan Respublikasında daimi yaşamağı faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Ərizəçi vəkili Vəkil ərizə ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında maraqlı şəxsin nümayəndəsi X16 məhkəməyə ünvanlanmış mülahizəyə uyğun izahat vermişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X19 məhkəməyə ərizə ilə müraciət edərək, ərizəyə qarşı etirazlarının olmadığını bildirərək işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə ərizəçi və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi məhkəməyə mülahizə ünvanlayaraq bildirmişdir ki, Ərizəçi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətini maraqlı şəxs qismində cəlb etdiyi “2004-cü ildən Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsinə dair” mülki işlə əlaqədar “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-İQ nömrəli Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 310.2-ci maddəsinə əsasən Bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir. Eyni zamanda, bildirmək lazımdır ki, (“Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumataxtarış sistemi (İAMAS) vasitəsilə yoxlanış zamanı şəxsin ölkə ərazisindən kənara girişçıxışı qeydə alınmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1.-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1.şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.10-1. şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının və sair. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası DMX-nin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin xx.xx.2023-cü il tarixli 3-37/2-N-7872-26-1-08-23537/2023 saylı arayışının surətindən görünür ki, xx.xx.1961-ci il təvəllüdlü İsmayılova (Nəbiyeva) Ziveydə İskəndər qızının Azərbaycan Respublikası vətəndaşı olmadığı müəyyən edilmişdir. Gürcüstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin xx.xx.2023-cü il tarixli 22/00009468/2023-02 saylı arayışının təsdiq edilmiş surətindən görünür ki, Gürcüstan Ədliyyə Nazirliyinin X8 Agentdliyinə təqdim olunan və agentlik tərəfindən əldə edilən sənədlərə əsasən xx.xx.1961-ci il tarixində anadan olmuş İsmayılova (Nəbiyeva) X6 vətəndaşı hesab edilmir. Gürcüstan SSR Dmanisi rayonu Kirovisi kənd sovetliyi tərəfindən xx.xx.1984-cü il tarixində verilmiş İİİ-ТИ seriyalı 390088 saylı nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X10 ilə X4 nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1984-cü il tarixdə 43 sayla qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Nəbiyev, arvada Nəbiyeva soyadı verilmişdir. Gürcüstan SSR Dmanisi rayonu Kirov kənd sovetliyi tərəfindən xx.xx.1961-ci il tarixdə verilmiş İİ-РЭ seriyalı 294877 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.1961-ci il tarixdə Gürcüstan SSR Dmanisi rayonu Saca kəndində doğulmuşdur. Onun atası X7, anası X11r. xx.xx.1978-ci il tarixdə verilmiş İV-ТИ seriyalı 738888 saylı pasportun surətindən görünür ki, X1 Gürcüstan SSR-də doğulmuşdur. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin xx.xx.2024cü il tarixli 3-38-2/33-1141/24 saylı arayışından görünür ki, xx.xx.1961-ci il təvəllüdlü X2 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin xx.xx.2024cü il tarixli 3-38-2/33-2057/24 saylı arayışından görünür ki, xx.xx.1961-ci il təvəllüdlü X2 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Həmçinin, vətəndaşların sərhədkeçmə məlumatlarına dair qeydiyyat kitabları hazırda mövcud olmadığından sorğunun cavablandırılması mümkün olmamışdır. Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 12-ci bəndinə əsasən Məhkəmələr Azərbaycan Respublikası MPM-nin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edərkən mütləq mövcud qanunvericiliyin tələblərini rəhbər tutmalıdırlar. Sözügedən Qanunun 14-cü maddənin 4-cü hissəsində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda, keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir.Nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən şəxsin Azərbaycan Respublikasının vətəndaşı olması kimi faktın müəyyən edilməsi yolverilməzdir. Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 12.1-ci bəndinə əsasən bu faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Belə sənədlər əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310.2-ci maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Həmin qərarın 12.2-ci bəndinə əsasən Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin) nümayəndəsinin iştirakı məcburidir. Beləliklə mıəhkəmə araşdırılması zamanı məlum olur ki, ərizəçi 1961-ci il tarixdə Gürcüstan SSR Dmanisi rayonu Saca kəndində doğulmuşdur. Mülki işin matriallarına əlavə edilmiş sənədlərdə onun 1984-cü il tarixdə Gürcüstan SSR-də nikah bağlaması müəyyən edilir. Həmçinin, onun Gürcüstan Respublikasının və Azərbaycan Respublikasının vətəndaşı olmaması iş materiallarından məlum olmuşdur. Lakin o, 2006cı ilin yanvar ayının 1-dək Azərbaycan Respublikasına gəlməsini və burada daimi yaşamasını sübut edə bilmədiyindən ərizə təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla, xx.xx.1961-ci il təvəllüdlü İsmayılova (Nəbiyeva) Ziveydə İskəndər qızının heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı təsdiq edilmədiyindən ərizə təmin edilə bilməz. Məhkəmə məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ Ərizəçi X2 Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti olmaqla “şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi” barədə ərizəsi təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-1293/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1293/2024
13.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver