Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1326/2021 26.07.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 10.800 manat kompensasiya verməklə onun mülkiyyətimdə olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 9/6 saylı fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh2 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 9/6 saylı fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 9/6 saylı fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi sahə 9/6 saylı fərdi yaşayış evi mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 da onunla birgə evində yaşayırlar. Cavabdehlərdən Cavabdeh1 onun oğlu, Cavabdeh2 isə oğlunun həyat yoldaşı, onun gəlinidir. Cavabdehlər onun mülkiyyətində olan evdə yaşasalar da, onunla və həyat yoldaşı İlham Əhmədovla yola getmirlər, evdə hər gün münaqişə var, onlarla yaşamaq mümkün deyil, Cavabdeh2 özünə xəsarət yetirib onlardan şikayət edibdir. Hazırda da polisdə əsassız şikayəti araşdırılır. Cavabdehlər evdə heç bir mülkiyyət hüququna malik olmadığı halda ondan əsassız olaraq evini satmağı, pulunu onlarla bölməyi tələb edirlər. Mülki qanunvericiliyə görə Cavabdeh1 onun oğlu (qanuna əsasən yaxın qohumu) olduğu üçün mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi sahə 9/6 saylı fərdi yaşayış evində, yalnız, istifadə (yaşamaq) hüququ var. Oğlunun evində istifadə hüququ olduğundan, onun istifadə (yaşayış) hüququnu kompensasiya vermək yolu ilə ləğv edilməsini tələb edə bilər. Mərdəkan qəsəbəsində onun evinə oxşar yaşayış şəraiti olan fərdi yaşayış evinin kirayə haqqı 300 manat məbləğindədir. O, cavabdehə 3 illik (36 aylıq) kirayə haqqı məbləğində kompensasiya təklif edir. Həmin məbləğ 10.800 manat təşkil edir. Cavabdeh2 isə evində heç istifadə (yaşamaq) hüququ da yoxdur. Belə ki, o, oğlu ilə 2009-cu ilin aprel ayında ailə qurub, evinə gəlin gəlib. Cavabdehlə arasında olan istifadə hüququ ilə bağlı münasibətlərə 01 sentyabr 2001-ci il tarixdən hüquqi qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki-Məcəlləsinin 228-ci maddəsi tətbiq edilməlidir. Həmin qanunun tələbinə görə Cavabdeh2 onun evində istifadə (yaşayış) hüququnun əməl gəlməsi üçün cavabdehlə onun arasında evdən istifadə hüququna dair notariat qaydasında bağlanmış müqavilə olmalı idi. Onların aralarında belə müqavilə bağlanmayıb, ona görə də onun evində heç bir istifadə və yaşamaq hüququ yoxdur. Cavabdeh2 onun evində yalnız pasport qeydiyyatına düşübdür. Qanunun tələbindən görünür ki, qeydiyyatın məqsədi şəxslərin uçotu, sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və sair kimi hüquq və vəzifələrini həyata keçirmək üçün zəruri şərait yaratmaqdır. Cavabdeh2 evində qeydiyyatda olması heç bir hüquqi nəticə, o cümlədən istifadə hüququ yaratmır, ona görə də ona kompensasiya düşmür, mövcud məhkəmə təcrübəsinə əsasən Cavabdeh2 qeydiyyatının ləğvi üçün istifadə hüququnun itirilməsinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunanlara əsasən, Cavabdeh1 10.800 manat kompensasiya verməklə onun mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 9/6 saylı fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh2 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 9/6 saylı fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 9/6 saylı fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə 07.08.2009-cu il tarixdə rəsmi olaraq nikaha daxil olmaqla ünvan 1ə gəlin gəlmişdir. Birgə nikahdan iki uşaqları dünyaya gəlmişdir: 24.09.2010cu il təvəllüdlü X3 və 30.03.2016-cı il təvəllüdlü X4. O, gəlin gəldiyi evin pasport qeydiyyatına 2010-cu il tarixdə iddiaçının razılığı əsasında düşmüş və bu evdə iki uşağı ilə birlikdə bu günə kimi yaşayır. O, evin qeydiyyatına iddiaçının razılığı ilə düşmüş, evin təmir-tikinti işlərində öz maddi vəsaiti əsasında iştirak edərək birgə təsərrüfat aparmışdır. İddiaçının oğlu ilə aralarında olan nikah pozulduğundan, iddiaçı ondan əvəz çıxmaq üçün onu məhkəməyə vermişdir. Hazırda heç bir yerdə işləmir, iki uşağı onun himayəsindədir, yaşadığı evin iki otağı onun istifadəsində olmaqla tam təmirlidir. Qalmağa başqa yeri yoxdur. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etməmiş və etirazını onunla əsaslandırmışdır ki, o, iddiaçının oğludur. O, mübahisəli evdə böyüyüb. Təklif edir ki, evi satıb ona 60000 versinlər. Təklif olunan məbləğlə razı deyil. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 İddiaçı adına 16.07.1993-cü ildə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbacan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 08.02.2021-ci il tarixli ******* saylı arayışından görünür ki, hazırkı iş üzrə tərəflər İddiaçı, Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanındadır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 04.03.2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh2 02.11.2010-cu il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, sahə 9/6 ünvanında yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Məhkəmə sorğusu ilə alınaraq iş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş 05 iyul 2021-ci il tarixli H/04-PLS saylı arayışdan görünür ki, ünvan 1in kirayə haqqı 430-470 manat təşkil edir. İşin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, Cavabdeh2 iddiaçının keçmiş gəlini olmaqla, oğlu Cavabdeh1 ilə mübahisəli evdən istifadə hüququ əldə etmişlər. Hazırda iddiaçı Cavabdeh1 mübahisəli evdən istifadə hüquqlarına ona cəmi 10800 manat məbləğində kompensasiya verilməklə xitam verilməsini, Cavabdeh2 həmin evə istifadə hüququnun itirilməsini və cavabdehlərin evdən çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iddia tələbinin Cavabdeh1 dair hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləgi ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər. Digər tərəfdən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq, Mülki Məcəllənin 228.2ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.7. maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Hazırkı işdən görünür ki, iddiaçı cavabdehin ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi üçün 10800 manat kompensasiya təklif etmiş, cavabdeh isə bu məbləğlə razılaşmamışdır Məhkəmə, tərəflərin izahatlarını, işin məhkəmə iclasında araşdırılan hallarını, həmçinin qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini nəzərə alaraq, Konstitusiya Məhkəməsinin qeyd olunan qərarlarındakı hüquqi mövqeyinin məcburi hüquqi qüvvəsini rəhbər tutaraq və hazırkı iş üzrə aparılan məhkəmə araşdırmasına əsasən qeyd edir ki, İddiaçı Cavabdeh1 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 9/6 saylı evdən istifadə hüquqlarına xitam verilməsi üçün 10800 manat kompensasiyanı qənaətbəxş məbləğ hesab etmir, qeyd olunan məbləğdə kompensasiya müqabilində cavabdehin mübahisəli evdən istifadə hüquqlarına xitam verilməsi ona davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə yaşamaq imkanı verməməklə onun hüquqlarının pozulmasına səbəb olacağı qənaətinə gəlir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 istifadə hüququna xitam verilməsi və evdən çıxarılmasına dair hissədə rədd edilməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh2 aid hissəsinə dair qeyd edir ki, hazırki iş üzrə tərəflər arasında olan münasibət 2010-cu ildən sonra yarandığı üçün mübahisənin həllinə Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq olunmaqla, mübahisə həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Göründüyü kimi, iddiaçının oğlu ilə Cavabdeh2 arasında nikah münasibətlərinə xitam verildiyi üçün məhkəmə hesab edir ki, cavabdehin mübahisəli evə dair istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Məhkəmə hesab edir ki, iddiaçı yaşayış sahəsinin mülkiyyətçisi olmaqla, Cavabdeh2 ondan özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs deyildir və ona görə də, cavabdeh iddiaçı olan mülkiyyətçinin ailə üzvü və digər qohumu hesab edilmədiyindən, onun həmin evə istifadə hüququ itirilmiş hesab edilir. Bununla yanaşı, cavabdehin həmin evdən istifadə hüququ olmadığından, evdən çıxarılmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanunu”- nun 2-ci maddəsinin İİİ bəndinə görə on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (insan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.). Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (Mülki Məcəllənin 152.1-ci maddəsi). Lakin dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsindən görünür ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3 maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 ünvan 1ə istifadə hüququ itirilmiş hesab edilsin. Cavabdeh2 ünvan 1dən çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaitinin 150 manat məbləği Cavabdeh2, 150 manat məbləği İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-1326/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1326/2021
26.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver