Məhkəmə qərarları › İş №2(003)-133/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-133/2021

03.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-133/2021 03.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Bağırov Abdul Madar oğlunun iştirakı ilə İddiaçı cavabdeh X6 qarşı yaşayış evi üzərində pay və istifadə hüququnun tanınması, mənzilə köçürülmə barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X6 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən miras mülkün 1/6 hissəsinə,mirasın yaxşılaşdırılması üçün aparılmış 74.4 kv.m. sahəsinə birgə mülkiyyətçi kimi ½ hissəsində pay hüququnun, həmin fərdi yaşayış evinə istifadə hüququnun tanınması və həmin evə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh X9 ilə 1983-cü ildə rəsmi nikaha girərək ailə qurmuşdur. Ailə qurduqdan sonra mərhum qaynatası X7 məxsus ünvan 2 ünvanına gəlin köçmüş və cehiz əşyalarını da həmin evə gətirmişdir. Cavabdehlə birlikdə həmin evdə yaşamış və birlikdə ümumi təsərrüfatı idarə etmişlər. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyi üçün və onlar tamam başqa-başqa insanlar olduğuna görə münasibətləri pozulmuşdur. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə aralarında olan nikaha xitam verilmişdir. Cavabdehin ailə üzvü olduğundan onun da həmin mənzildə yaşamaq hüququ var. O, daimi yaşamaq üçün mübahisəli evə cavabdeh tərəfindən köçürülmüş, cavabdehlə birgə yaşamış, ümumi təsərrüfat aparmış və birgə nikandan olan uşaqları da həmin evdə anadan olmuşdur. ünvan 1 ünvanında yerləşən mülk X4 atasının mülkiyyətində olmuşdur. Həmin mülkdə yaşadıqları dövrdə birgə qazancları hesabına miras mülkdə təmir və abadlaşdırma işləri aparmış, miras mülkə bitişik və həmin həyətyanı sahədə başqalarının maraqlarına toxunmadan yaşayış sahəsini nisbətən genişləndirərək əlavə tikili tikmişlər. Cavabdehdən dəfələrlə onun həmin mənzilə buraxılmağını və mənzildən istifadə hüququnun təmin edilməsini xahiş etsə də, cavabdeh onu mənzilə buraxmır. O isə 1983cü ildən ünvan 1 ünvanında gəlin köçmüş, mübahisəli mənzilin 1/6 hissəsi, yəni 17.3 kv.m sahəsi 7.0 kv.m yaşayış sahəsi. 51.5 kv.m yardımçı sahə və mirasın yaxşılaşdırılması üçün aparılmış 74.4 kv.m sahəsi olan əlavə tikinti hissəsi üzərində cavabdehin mülkiyyət hüququ tanınsa da bu tikinti, artırma və yaxşılaşdırma işlərini birgə nikah dövründə ümumi qazancları hesabına aparmışlar. O da bu hissədə birgə mülkiyyətçi hesab edilməlidir. Bu yaxşılaşdırmalar onların birgə nikah dövründə sənədləşdirilmişdir. Həmin yaxşılaşdırmalar mənzilin dəyərini xeyli artırmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ərarvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Qanunun yuxarıda göstərilən normasının tələbinə əsasən mən mübahisəli fərdi yaşayış evi üzərində həyat yoldaşı X6 məxsus hissədə birgə mülkiyyətçi kimi pay hüququna malikdir. Bundan əlavə, 1983-cü ildə bu evə köçüb orada yaşadığına görə həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən onun bu yaşayış evindən istifadə hüququ var. xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər: digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir.Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublkası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Azərbaycan Respublkasının Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. O, cavabdehlə 1983-cu ildə rəsmi nikaha girərək mübahisəli evdə yaşamağa başlamışdır. Ona görə də, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən onun bu evdən istifadə hüququ var. Qeyd olunanlara əsasən, ünvan 1 ünvanında yerləşən miras mülkün 1/6 hissəsinə, mirasın yaxşılaşdırılması üçün aparılmış 74.4 kv.m. sahəsinə birgə mülkiyyətçi kimi ½ hissəsində pay hüququnun, həmin fərdi yaşayış evinə istifadə hüququnun tanınması və həmin evə köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X12 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh X9 məhkəməyə gəlməmiş, iddia tələbinə etiraz ərizəsi göndərərək, bildirmişdir ki, iddiaçının evə köçürülməni tələb etdiyi Bakı şəhəri, Zirə qəsəbəsi, B. Sərdarov küçəsi, 62 saylı ev mərhum atası X7 məxsus olmuşdur. Atası öldükdən sonra həmin evin 6/1 hissəsi, yəni 17.3 kv.m sahəsi, 7.0 kv.m yaşayış sahəsi, 51.5 kv.m yardımçı sahə üzərində vərəsə kimi pay hüququ müəyyən edilmişdir. Birgə nikah dövründə onlar tərəfindən hər hansı bir yaxşılaşdırılma işləri aparılmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Qanunvericiliyin tələbinə əsasən mərhum atasından ona miras olaraq qalmış əmlak üzərində yalnız onun pay hüququ mövcuddur və ona düşən hissədə pay üzərində iddiaçının hər hansı bir pay hüququ mövcud deyildir. İddiaçı iddia ərizəsində bildirir ki, miras mülkdə təmir və abadlaşdırma işləri aparmış, miras mülkə bitişik və həmin həyətyanı sahədə başqalarının maraqlarına toxunmadan yaşayış sahəsini nisbətən genişləndirirək əlavə tikili tikmişdir. Qeyd edilən müddəalar İddiaçı formal mülahizələrinə əsaslanır. O, ilk növbədə onlar tərəfindən miras mülkdə yaxşılaşdırma və təmir işlərinin aparıldığını, daha sonra həmin təmir işlərinin müddətinin birgə nikah dövrünə təsadüf etdiyini sübut etməli idi. Bundan başqa, mübahisəli evi yaşayış üçün tam yararsızdır. Orada yaşamaq mümkün olmadığına və yaşamağa da başqa yeri olmadığı üçün İddiaçı qarşı evə köçürülmə tələbi barədə iddia ərizəsi ilə Bakı şəhər Pirallahı Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağ sahəsi. 14-cü Cənub küçəsi. 288 saylı bağ sahəsində yerləşən evə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əgər həmin ev yaşayış üçün yararlı idisə, niyə o, orada yaşamayıb, Pirallahı rayonunda yerləşən evə köçürülməyi barədə iddia qaldırırdı. Əgər evdə yaşamaq üçün lazımi şərait olsaydı, ilk növbədə özü orada yaşayardı. Beləliklə, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən sənədlər sırasında qeyd edilən halları sübut edəcək hər hansı bir dəlil olmamışdır. Odur kı, iddiaçı X1 iddia tələbinin heç bir sübuti əsası olmadığı səbəbindən rədd edilməlidir. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarına əlavə olunmuş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, iddia aşağıda qeyd edilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X2 arasında xx.xx.1983-cü il tarixli nikah bağlanmış, arvada Kasimova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Əzizbəyov Rayon Məhkəməsinin 2-415/2001 saylı xx xxxxxx 2001-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən miras mülkün 1/6 hissəsi mirasın yaxşılaşdırılması üçün aparılmış 74.4 kv.m. sahəsi olan əlavə tikinti ilə birlikdə X5 mülkiyyətinə verilməsi, həyətyanı torpaq sahəsindən tərəflərin birgə istifadəsinin müəyyən olunması qərara alınmışdır. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, X10 miras mülkün faktik qəbuluna qədər miras qoyanın razılığı və iştirakı ilə öz vəsaiti hesabına 74.4 kv.m. ümumi sahəsi olan əlavə tikili tikmişdir. İş materiallarına əlavə edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən miras mülkün vərəsələri 1/6 hissədə X10, 5/6 hissədə X3r. İş materiallarına əlavə edilmiş xx.xx.2001-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən əmlakın 1/6 hissəsinə X5 adına qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 2742/2018 saylı xx xxxxxxx 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X8 ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. İş materiallarına əlavə edilmiş daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2-nin 1/6 hissəsi X5 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir; - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin müəyyən edilmiş halların görünür ki, tərəflər nikahlarını xx.xx.1983-cü ildə qeydiyyat orqanında rəsmiləşdirməklə evlənmişlər. Tərəflərin birgə nikah dövründə ünvan 2 ünvanında yerləşən əmlakın 1/6 hissəsinə X5 vərəsəlik hüququ, həmçinin həmin ünvanda yerləşən 74.4 kv.m. tikiliyə mülkiyyət hüququ tanınmışdır. Tərəflər arasındakı nikah Xəzər Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Bundan əlavə, müəyyən olunur ki, iddiaçı nikaha daxil olduğu vaxt cavabdehə sonradan vərəsəliklə keçən evə gəlin gəlmiş, ora öz cehiz əşyalarını gətirmiş və orada yaşayaraq cavabdehlə birgə təsərrüfat aparmışdır. Məhkəmə iddia tələbinin ünvan 2 ünvanında yerləşən miras əmlakın 1/6 hissəsinə mülkiyyət hüququnun tanınmasına dair qeyd edir ki, həmin əmlak vərəsəlik qaydasında cavabdehin mülkiyyətinə keçdiyindən, cavabdehin ayrıca mülkiyyətindədir, birgə əmlak sayılmır. Odur ki, iddia tələbi həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.2-ci maddəsinin tələbinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Bununla belə, iddiaçı həmin əmlaka istifadə hüququnun tanınmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı 1983-cü ildə mübahisəli əmlaka köçüb orada yaşadığından, xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsi tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Azərbaycan Respublkasının Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Həmin maddəyə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər: digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Qanunvericiliyin qeyd olunan tələblərinə, həmçinin işin hallarına əsasən, məhkəmə belə qərara gəlir ki, İddiaçı ünvan 2 ünvanında yerləşən əmlakın 1/6 hissəsinə istifadə hüququnun olması müəyyən edilməlidir. Həmçinin, iddia tələbinin digər hissəsinə münasibətdə məhkəmə hesab edir ki, ünvan 2 ünvanında yerləşən miras mülkün yaxşılaşdırılması üçün aparılmış 74.4 kv.m. sahəsi olan əlavə tikinti birgə nikah dövründə cavabdeh X10 tərəfindən öz vəsaiti hesabına tikildiyindən, bu hal qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə də müəyyən olunduğundan, həmçinin həmin qətnamə ilə cavabdehin həmin əmlaka mülkiyyət hüququ tanındığından, onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, ünvan 2 ünvanında yerləşən miras mülkün 1/6 hissəsinə İddiaçı istifadə hüququ tanınmalı, ünvan 2 ünvanında yerləşən miras mülkün yaxşılaşdırılması üçün aparılmış 74.4 kv.m. sahəsi olan əlavə tikintinin tərəflərin ümumi birgə mülkiyyətində olduğu tam təsdiq olunduğundan həmin əmlakda onların hər birinin 1/2 hissəsinə mülkiyyət hüququ tanınmaqla iddiaçı həmin evə köçürülməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. ünvan 2 ünvanında yerləşən miras mülkün Cavabdeh məxsus 1/6 hissəsinə İddiaçı istifadə hüququ tanınsın. Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən miras mülkün yaxşılaşdırılması üçün aparılmış 74.4 kv.m. sahəsi olan əlavə tikintiyə İddiaçı 1/2 hissədə mülkiyyət hüququ tanınsın. İddiaçı ünvan 2 ünvanında yerləşən miras mülkün yaxşılaşdırılması üçün aparılmış 74.4 kv.m. sahəsi olan əlavə tikintiyə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsindən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar