Məhkəmə qərarları › İş №2(003)-1364/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1364/2025

21.05.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1364/2025 21.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “istifadə edilməmiş növbəti əmək məzuniyyətlərinə görə kompensasiyanın və son haqq-hesabının hesablanıb ödənilməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində xx.xx.1985-ci il tarixdən xx.xx.2007-ci il tarixədək işlədiyi müddət ərzində istifadə etmədiyi növbəti əmək məzuniyyətlərinə görə iddiaçıya çatacaq pul kompensasiyası məbləğlərinin, işdən çıxmağı ilə bağlı son haqq-hesabın hesablanıb indeksləşdirilmə aparılmaqla, həmçinin mediasiya təşkilatına müraciəti ilə əlaqədar ödədiyi 60 manat məbləğində dövlət rüsumunun əvəzinin alınıb ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx"nun əsası 1926-cı ildən qoyulsa da, onun təşkilati-hüquqi forması 2001-ci ildən dəyişdirilərək, "Bünyad Sərdarov adına X1 Məsuliyyətli Cəmiyyəti (bundan sonra-"xxxx" MMC) olmuşdur. İddiaçı cavabdeh "xxxx" MMC-də xx.xx.1985-ci il tarixdən xx.xx.2007-ci il tarixədək zərərli iş sayılan rəngsaz işləmiş və öz xahişi ilə yəni, Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra Əmək Məcəlləsi) 68-ci maddəsinin-2-ci hissəsinin "a" bəndinə əsasən, xx.xx.2007-ci il tarixli 301/k nömrəli əmrlə işdən azad olunmuşdur. Cavabdeh zavodda işlədiyi bütün müddət ərzində heç vaxt əmək məzuniyyətindən istifadə etməmiş və buna görə ona hər il onun əvəzinə pul kompensasiyası hesablanıb ödənilməmişdir. Halbuki, Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin imperativ tələbinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrinin surəti işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin göstərişinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin Məcəllənin "Əməyin ödənilməsinin təminatları" adlanan 178-ci maddəsinin 1-ci hissəsinin tələbində göstərilir ki, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Həmin Məcəllənin 178-ci maddəsinin 2-ci hissəsində bildirilir ki, müəssisənin ləğv edildiyi hallarda birinci növbədə işçilərin əmək haqqı, sosial müdafiə xarakterli bütün ödəmələri, o cümlədən, istifadə etmədiyi məzuniyyətə görə pul əvəzi, bu Məcəllənin 77-ci və 239-cu maddələri ilə müəyyən edilmiş ödəmələri, habelə müəssisənin fəaliyyəti dayandırıldığı günə işçiyə verilməli olan digər ödənclər işəgötürən tərəfindən ödənilməlidir. Müəssisənin müflisləşməsi nəticəsində iflasa uğradığı hallarda isə işçilərə həmin ödənclər qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməlidir. Göstərilən Qanunun 178-ci maddəsinin 3-cü hissəsində isə bildirilir ki, əgər hu maddənin ikinci hissəsində göstərilmiş hallarda ödəncləri ödəməyə işəgötürənin maddi-maliyyə imkanı yoxdursa, onda işçilərə həmin ödənclər müəssisənin əmlakı satılmaqla və ya müvafiq normativ hüquqi aktlarla müəyyən edilən qaydada dövlət tərəfindən yaradılmış təminat sistemi ilə ödənilməlidir. Qeyd etmişdir ki, öz xahişi ilə işdən çıxandan sonra indiyədək keçən müddət ərzində ona düşən son haqq-hesabın və istifadə etmədiyi hər növbəti əmək məzuniyyətlərinə görə kompensasiyanın hesablanıb ödənilməsi xahişi ilə dəfələrlə cavabdeh zavodun rəhbərliyinin qəbulunda olsa da, dəfələrlə telefonla əlaqə saxlasa da, dəfələrlə yazılı formada müraciətlər etsə də, hər dəfə müxtəlif məzmunlu vədlər verilməsinə baxmayaraq, dediklərinə əməl etməyib, qanuni tələbini bu günədək təmin etməmişlər. Bununla da onun əmək hüquqları cavabdeh "xxxx" MMC tərəfindən indiyədək kobudcasına pozulmaqda davam etməkdədir. Həmçinin qeyd etmişdir ki, "Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, indeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. Həmin Qanunun 2-ci maddəsində müəyyən edilmişdir ki, vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin yaşayış minimumunu hesablamaq üçün qəbul edilmiş minimum istehlak səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır. İstehlak qiymətlərinin dəyişməsini respublikanın statistika orqanları tərkibində fəaliyyət göstərən xüsusi dövlət xidməti müşahidə edir. Həmin Qanunun 6-cı maddəsinə görə əhalinin pul gəlirləri və əmanətləri müvafiq ödənclərin verildiyi mənbələr hesabına indeksləşdirilir. Həmin vəsait mənbələrindən biri də büdcə müəssisələri (tibb, təhsil, elm, mədəniyyət müəssisələri və digər müəssisələr) işçilərinin əmək haqqının və müavinətlərin indeksləşdirilməsi üçün müvafiq büdcələrdən ayrılan təsisatdır. İstinad etdiyi Qanun normalarına əsaslanaraq bildirir ki, xx.xx.1985-ci il tarixdən xx.xx.2007-ci il tarixədək növbəti əmək məzuniyyətinə görə ona çatacaq pul kompensasiyasının məbəği hesablanmalı və indekləşdirilərək, ona ödənilməlidir. Eyni zamanda qeyd etmişdir ki. cavabdeh "xxxx" MMC ilə aramızda yaranmış mübahisənin məhkəməyə müraciət etməmişdən əvvəl "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həll etməyə çalışsa da, cavabdeh tərəf ilkin mediasiya sessiyasında iştirak etməmiş və bu barədə "İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Bakı 12 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixli arayış verilmişdir. Mediasiyanın tətbiqi ilə bağlı iddiaçı olaraq, tərəfindən mediasiya təşkilatına 60 (altmış) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Ona görə də pozulmuş əmək hüququnun-müdafiəsindən ötrü məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hüquqi şəxs cavabdeh "xxxx" MMC Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, 53 ünvanında yerləşir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə iclasına gəlməmiş və ya öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı ilə Cəmiyyət arasında xx.xx.1985-ci il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövrü əhatə edən əmək müqaviləsi bağlanılmışdır. Belə ki, iddiaçı uzun müddət Cəmiyyətdə işləmiş və onun xahişinə əsasən onunla Cəmiyyət arasında xx.xx.1985-ci il tarixdə bağlanılmış əmək müqaviləsinə xx.xx.2007-ci il tarixdə xitam verilmişdir (bu hal iddiaçının özünün məhkəməyə təqdim etdiyi əmək kitabçasının surəti və xx.xx.2007-ci il tarixli 301/k nömrəli əmrlə təsdiqini tapır). Məlum olduğu kimi, işçi ilə işəgötürən arasında əmək münasibətləri əmək qanunvericiliyi ilə tənzimlənir və əmək qanunvericiliyinin tələbinə əsasən işçinin pul və digər əmlak tələbləri ilə əlaqədar iddia müddəti (işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən) 1 il təşkil edir. Odur ki, xx.xx.1985-ci il tarixdən xx.xx.2007-ci il tarixədək (iddiaçı ilə işəgötürən arasında bağlanılmış müqaviləyə xitam verildiyi tarixədək) olan dövrə aid istifadə edilməyən növbəti əmək məzuniyyətlərinə görə iddiaçıya çatacaq pul kompensasiyası məbləğlərinin, işdən çıxmağı ilə bağlı son haqq-hesabın hesablanıb indeksləşdirilmə aparılmaqla ödəncin Cəmiyyətdən tutularaq iddiaçıya ödənilməsi barədə iddiaçının iddia tələbi ilə bağlı iddiaçı tərəfindən iddia ərizəsilə məhkəməyə xx.xx.2024-cü tarixdə müraciət edildiyi üçün 1 (bir) illik iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Miraqall Eskolano və digərləri İspaniyaya qarşı is 25 yanvar 2000ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmah olan formal addımlan pikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar dalat mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik vinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıvır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həmçinin həmin qərarda göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan oratdir: İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını axanda müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək dir İddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənlivin, qeyri-sabitliyin adan qaldırılmasına xidmət göstərir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkama rafindan iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə asasunda tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti kecir. Göründüyü kimi, iddia ərizəsində iddiaçının Cəmiyyətdə işlədiyi xx.xx.1985-ci il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövr üzrə istifadə etmədiyi növbəti əmək məzuniyyətlərinə görə ona patacaq pul kompensasiyası məbləğlərinin, işdən çıxmağı ilə bağlı son haqq-hesabın hesablanıb indeksləşdirilmə aparılmaqla ödəncin Cəmiyyətdən tutularaq iddiaçıya ödənilməsi tələb edilsə də. iddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etdiyindən iddia müddətini ötürmüşdür. Qeyd edilənləri nəzərə alınaraq İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.2007-ci il tarixədək işlədiyi dövr üçün "xxxx" MMC-dən iddiaçının xeyrinə istifadə etmədiyi növbəti əmək məzuniyyətlərinə görə iddiaçıya çatacaq pul kompensasiyası məbləğlərinin, işdən çıxmağı ilə bağlı son haqqhesabın hesablanıb indeksləşdirilmə aparılmaqla iddiaçıya ödənilməsi barədə iddia tələbinin iddia müddətinin keçməsi səbəbindən iddia müddətinin tətbiq edilərək rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutları yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı MŞB/xx/xx-0360 saylı mediasiya işi üzrə 60 manat məbləğində mediasiya xərci ödəmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Yasamal rayonu Mənzil Kommunal Təsərrüfat Birlyinin 56 saylı Mənzil Kommunal İstismar Sahəsinin 31 saylı, xx.xx.2025-ci il tarixli arayıından görünür ki, İddiaçı özünə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2 ünvanında yaşayır. İş materiallarında olan AA******* saylı Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan elektron çıxarışdan görünür ki, "xxxx" MMC-nin hüquqi ünvanı AZ1120, ünvan 3 əmək kitabçasından çıxarışın surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.2007-ci il tarixədək "xxxx" MMC-də müxtəlif vəzifələrdə çalışmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2023-cü il tarixli, 3-17- 5/2-R-23/7/2023 saylı məktubundan görünür ki, İddiaçı əmək hüquqlarının pozulması ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2024-cü il tarixli, MŞB/12/2024-00360 saylı arayışdan görünür ki, "xxxx" MMC xx.xx.2024-cü il tarixə, saat 15:00-a təyin olunmuş mediasiya sessiyasında nümayəndəsinin iştirakını təmin etməmiş, İddiaçı isə iştirak edərək kargüzarlıq xərci də daxil olmaqla 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir (Mediator: D.P.Əfrasiyabova). Məhkəmə cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti buraxılması əsası ilə iddia rədd olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 25.1-ci maddəsinə əsasən “Hamı qanun və məhkəmə qarşısında bərabərdir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən “Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.” Həmin Məcəllənin 375-ci maddəsinə əsasən “Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.” Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli qərarında göstərilmişdir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.” Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. Mülki hüquq münasibətlərinin bütün iştirakçılarına şamil edilən belə tənzimləmə mülki qanunvericiliyin iddia müddətlərinə, onların hesablanması qaydasına,axımının dayandırılması və kəsilməsi əsaslarına dair müddəalarında öz əksini tapmışdır. İddia müddətləri ümumi və xüsusi növlərə bölünür. Ümumi iddia müddəti hüquq münasibəti subyektlərinin hüquqi statusundan, mülkiyyətin formasından və növündən asılı edilməmişdir. Xüsusi iddia müddətləri isə bəzi tələblər üçün müəyyən edilmişdir və onlar ümumi iddia müddəti ilə müqayisədə qısaldılmış və ya uzadılmış ola bilərlər. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göstərilənlərlə yanaşı, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır.” Məhkəmə yuxarıda sadalanan hüquq normalarına əsasən, hesab edir ki, iddia tələbi iddia müddəti ötürülməklə verildiyindən və cavabdeh tərəf buraxılmış iddia müddətinin tətbiqinə dair ərizə təqdim etdiyindən, iddia müddətinin keçməsi digər əsaslarla yanaşı iddianın rədd edilməsi əsası kimi qiymətləndirilməlidir. Məhkəmə həmçinin iddianın mediasiya xərcinin cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsassızdır. Belə ki, iddiaçının iddia tələbi təmin edilmədiyindən məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş mediasiya xərci də iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci madəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd edilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməməli, ödənilmiş mediasiya xərci iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “istifadə edilməmiş növbəti əmək məzuniyyətlərinə görə kompensasiyanın və son haqqhesabının hesablanıb ödənilməsi” tələbinə dair iddiası təmin edilə bilməz. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “istifadə edilməmiş növbəti əmək məzuniyyətlərinə görə kompensasiyanın və son haqq-hesabının hesablanıb ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar