Məhkəmə qərarları › İş №2(003)-138/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-138/2022

06.01.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-138/2022 06.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı övladları ilə birlikdə özbaşına tikili olan Xəzər rayonu, Mərdəkan mövsümü bağlar bağ sahəsi ünvanda ev 0712 yerləşən evə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1la 2010-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahdan Nuray adlı bir qızları, Əli və Qasım adlı iki oğulları olmuşdur. Cavabdehlə ailə qurduqdan sonra bir müddət münasibətləri yaxşı olsa da sonradan poulmuşdur. İlk öncə cavabdehin valideyinlərinin yanında yaşadıqdan sonra Bakı şəhərində Binə qəsəbəsi ərazisində yaşadıqdan sonra yaşadıqları evi sataraq Bakı şəhəri, Xəzər rayonu, ərazisində ev inşa etdik və həmin evdə yaşamağa başlamışlar. Lakin aralarında yaranan münaqişələrə görə cavabdeh tərəfindən həmin evdən qovulmuş və valideyinlərinin yanında yaşamağa başlamışdır. Valideyinlərinin evi balacadır. Orada yaşamaları çətinlik yaradır. Ona görə də cavabdehlə birlikdə inşa etdikləri özbaşına tikili olan evə köçürülmək istəyir. Həmin ev özbaşına evdir. Ev dövlət qeydiyatından keçməmişdir. Hazırda həmin evə köçürülərək evdə yaşamaq istəyir. Evə komunal xətlər çəkilmiş. Hazırda həmin evin mövcudluğunu Azərişıq ASC tərəfindən verilmiş abunə kodu ilə də müəyyən etmək olar. O, həmin ünvana görə 2012-ci ildən abinentdir və aylıq pullar ödənilmişdir. Həmin evdən zorla qovulmuşdur. Üç övladı ilə yaşamağa yeri yoxdur. Daha sonra Cavabdeh2 işə cavabdeh qismində işə cəlb edilmişdir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, onun azyaşlı övladları ilə birlikdə Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən (Azərişıq abunə kodu **********20000) Cavabdeh1 yaşadığı özbaşına tikilmiş evə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iş üzrə Cavabdeh1 ilə 2010-cu ildən 2020-ci ilədək rəsmi nikahda olmuşlar. Onunla ailə qurduqdan bir müddət sonra 2011-ci ildə Binə qəsəbəsində torpaq sahəsi almışlar birgə vəsaitiləri hesabına orada ev tikmişlər. Bir müddət həmin evdə yaşadıqdan sonra 23500 manata həmin evi satmışlar və həmin pula Buzovna qəsəbəsində yerləşən torpaq sahəsini almışlar və kirayədə yaşaya-yaşaya həmin mübahisə predmeti olan evi tikmişlər. Ev hazır olduqdan sonra orada yaşamağa başlamışlar. 2019-cu ilin oktyabr ayınadək mübahisə predmeti olan evdə yaşamışlar və birgə təsərrüfat aparmışlar, həmçinin yaşadıqları dövrdə evin təmir işlərini davam etdirmişlər. 2019-cu ilin oktyabr ayının 16-da aralarında münaqişə baş tutmuş və Təbrizin qardaşı tərəfindən təhqir olduğundan və hədələndiyindən evi tərk etmək məcburiyyətində qalmışdır. Həmin evdə olan ona məxsus cehiz əşyalarını isə onun xəbəri olmadan Təbriz aparıb Zərdab rayonunda olan atasına məxsus evə yerləşdirmişdir. Əlavə olaraq bildirmişdir ki, mübahisə predmeti olan ev 3 otaqdan, 1 zaldan və 1 mətbəxdən ibarətdir. Cavabdeh2 isə Təbrizin xalası kimi tanımış, həmin evdə o yaşamamış və evin tikintisi üçün Adilə tərəfindən heç bir köməklik olmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Həmçinin qeyd etdi ki, əvvəllər tərəflər Binə qəsəbəsində yerləşən torpaq sahəsində ev tikməklə birgə yaşamışlar. Daha sonra həmin evi 23 500 manata satmışlar. Kirayədə yaşamaqla sözügedən evi inşa etmişlər. Orada yaşadıqları dövrdə isə birgə vəsaitləri hesabına təmir işlərini davam etdirmişlər. Cavabdeh2 Cavabdeh1 xalasıdır. Onun tərəfindən evin tikiliməsinə pul verilməmişdir. İddiaçı evdən çıxmaq səbəbi isə cavabdeh Təbriz ilə aralarında yaranmış münaqişə olmuşdur. Hazırda iddiaçının azyaşlı uşaqları ilə birlikdə yaşayış yeri yoxdur, cavabdehlər isə ona həmin evdə yaşamağına icazə vermirlər. İş üzrə cavabdeh iddia tələbinə yazılı etirazla məhkəməyə müraciət edərək etirazını onunla əsaslandırmışdır ki, o, Zərdab rayon Seyidlər kəndində qeydiyyatda olmaqla Bakı şəhərində Xəzər rayonu ərazisində mövsümi işlərlə məşğul olmaqla kirayədə yaşayır. Yəni özünə məxsus olan Bakı şəhərində konkret ünvanı yoxdur. 2010-cu ildə həmyerlisi İddiaçı ilə ailə həyatı qurmuş və bu nikahdan 3 övladları vardır. Xəzər rayon Mərdəkan qəsəbəsi Bağlar deyilən yerdə 0712 ünvanda kirayədə yaşamışlar və həmin torpaq sahəsini ünvan 4tı bitkilərinin əkib becərilməsi məqsədi ilə icarəyə götürmüşdür. Aralarında nikah pozulduqdan sonra həyat yoldaşından ayrılmış və həmin ünvanı tərk etmişlər. Əsassız olaraq ona qarşı qaldırılan torpaq iddiasi ünvan 5ülkiyyətinə aiddir və o, əkib becərmə niyyəti ilə icarəyə götürmüşdür. Həmin torpaq sahəsinin icarəyə götürülməsi barədə Xəzər bələdiyyəsi ilə aralarında bağlanmış rəsmi 50 il müddətinə müqaviləsi vardır. Qanunsuz tikili mülkiyyət hüququ yaratmır. Həyat yoldaşından ayrılandan sonra kimlərinsə təkidi ilə evə köçülülmə tələbinə dair ona qarşı iddia qaldirmişdır. O, bu iddia ərizəsinə qarşı etiraz edir. Belə ki, keçmiş yoldaşının nə də ki, onun Bakı şəhəri Xəzər rayonu ərazisində heç bir torpaq sahəsi yoxdur. Birlikdə yaşadıqları torpaq sahəsi Xəzər bələdiyyəsinə məxsus olmuş və kənd təsərrüfatı məhsullarının əkilib-becərilməsi məqsədi ilə icarəyə götürmüş və həmin torpaq sahəsinə heç bir sərəncam və mülkiyyət hüququ yoxdur. Həmin torpaq sahəsində yaşadığı müddətdə istifadə etdiyi elektrik enerjisinə görə pulu o, ödəmişdir. Enerji sayğacının onun adına olması heç bir mülkiyyət hüququ yaratmir və o, yaşadığı müddətdə enerjinin pulunu ödəmişdir. O və X6 rayon Sileyli kəndində qeydiyyatda olmaqla 3 uşaqları ilə birlikdə rayonda yaşayır və Bakı şəhərində hansı əsasla evə köçürmə tələbinə dair iddia qaldırır. Keçmiş həyat yoldaşı ona qarşı iddia qaldırsa da iddia əsassızdır belə ki onun Bakı şəhərində heç bir əmlakı, mülkiyyəti və torpaq sahəsi yoxdur. Onun qaldırdığı torpaq sahəsi Xəzər rayon Mövsümü 0712 saylı bağ sahəsi Xəzər bələdiyyəsinə məxsusdur. Həmçinin qeyd edir ki, Binə qəsəbəsində olan evi xalası Adilə tikdirmişdir. Həmin ev satıldıqdan sonra Buzovnada torpaq sahəsi alınmış və ev inşa etdirilmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, mübahisə predmeti olan evdə iddiaçı ilə birlikdə yaşamışlar. Lakin həmin ev onlara məxsus olmamışdır. Belə ki, torpaq sahəsinə dair Buzovna Bələdiyyəsi ilə onun arasında bağlanmış icarə müqaviləsinin olmasına baxmayaraq evi xalası Cavabdeh2 tikmişdir. Həmin ev xalası Adiləyə məxsusdur. İddiaçı özü evi tərk edib getmiş, hazırda valideynlərinə məxsus evdə yaşayır, yəni yaşamağa yeri var. Həmçinin bildirmişdir ki: evin tikilməsi təxminən 5-6 il əvvəl olmuş, həmin ev onlara yaşamaları üçün verilən zaman tam təmirli olmamış, yaşadıqları dövrdə təmir etdirmişlər. Evin təmiri də xalası Adilənin vəsaiti hesabına olmuşdur. İddiaçı ilə Binə qəsəbəsində yaşadıqları evi də xalası Adilə tikdirmiş, həmin ev satılıb, ondan sonra hazırda mübahisə predmetinə daxil olan evin yerləşdiyi Buzovna qəsəbəsindəki torpaq sahəsi alınmış və xalasının vəsaiti hesabına həmin ev tikilmişdir. Torpaq sahəsinin alınması və evin tikintisi üçün 30000 manatdan çox məbləğdə pul xərclənmişdir. Özü heç bir vəsait xərcləməmiş, yalnız qaz, elektrik və sayrə işlərin görülməsi üçün 500-600 manat vermiş, qalan xərc üçün lazımi pul məbləğlərini xalası vermişdir. İddiaçı, cehiz əmlaklarını həmin evdən çıxartmadığına görə özü aparıb Zərdab rayonunda atasına məxsus evə yerləşdirmişdir. Hazırda hesab edir ki, iddiaçının və onun həmin evə heç bir aidiyyəti olmadığından iddia tələbi əsassızdır və rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, evi o tikdirmiş, ona məxsusdur. Daimi yaşamasada aradabir gəlib-getmişdir. Hazırda isə Təbrizlə birlikdə həmin evdə qalır. Ev 4 otaqdan ibarətdir. Belə ki, onun uşağı olmamış və Təbrizi öz doğma uşağı kimi sevmiş və böyütmüşdür. Təbriz, iddiaçı ilə birlikdə kirayədə yaşadıqlarından evi tikmək üçün Pərvizə hissə-hissə olmaqla pul vermiş və ev onun verdiyi pulun hesabına tikilmişdir. Həmçinin Təbrizlə iddiaçı həmin evdə yaşadıqları dövrdə evin təmiri üçün pulu Təbrizə o vermiş, hətta bu barədə iddiaçıya heçnə deməməsi barədə tapşırmışdır. O, daimi çalışmış, Rusiya Federasiyasında da işləmişəm və əldə etdiyi qazancından evin tikilməsi üçün Təbrizə hissə-hissə olmaqla pul vermişdir. Hazırda Təbriz 2-ci dəfə ailə qurmuşdur. Hətta hazırda Təbriz tərəfindən iddiaçıya ödənilən aliment onun vəsaiti hesabına baş tutur. Həmçinin bildirmişdir ki, iddiaçı ilə Təbrizin yaşadıqları Binə qəsəbəsindəki evi də o tikdirmişdir. Qeyd olunanlara əsasən Məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X3 bildirdi ki, iddiaçı və cavabdeh Təbrizi tanıyır. Belə ki, onların Binə qəsəbəsində yerləşən evlərini o tikmişdir. Buzovna qəsəbəsində olan evin isə bünövrəsini o etmiş, yəni beton tökmüşdür. Bunun üçün onu Təbriz dəvət etmişdir. Təbrizlə yaxşı münasibətləri olduğundan gördüyü iş üçün pul almamışdır. Həmçinin bildirmişdir ki, ev hazır olandan sonra onların evində qonaq olmuş, həmin zaman evdə Təbriz, Jalə və uşaqları ilə birlikdə yaşamışlar. Həmin ev 1 mərtəbəli olmaqla 3 otaq, 1 zal və 1 mətbəxdən ibarətdir. Məhkəmə işdə iştirak edən şəxlərin izahatını və şahid ifadəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materialarından görünür ki, tərəflər 03.11.2010-cu il tarixində nikahlarını bağlamışlar, birgə nikah münasibətlərindən üç övladları-27.07.2011-ci il təvəllüdlü X4, 24.02.2013-cü il təvəllüdlü X7 və 04.10.2014-cü il təvəllüdlü X5 doğulmuşdur. İş materialarından görünür ki, tərəflər arasında olan nikah Zərdab Rayon Məhkəməsinin 21.05.2020-ci il tarixli qətnaməsi pozulmuş, birgə nikahdan doğulmuş uşaqlarının analarının yanında saxlanılması qət edilmişdir. İş materiallarında olan Abşeron rayon Donuzkökəltmə sovxozunun əmrindən 135 nömrəli 12.07.1990-cı il tarixli çıxarışın surətindən görünür ki, X1 0.07 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan 15.07.2011-ci il tarixli etibarnamənin surətindən görünür ki, X2 ona ayrılmış 0.07 ha torpaq sahəsinə dair Cavabdeh1 etibarnamə verilmişdir. İş materiallarında olan torpaq sahəsinin icarəyə verilməsi haqqında 396/06 saylı 30.12.2006-cı il tarixli müqavilənin surətindən görünür ki, icrarədar olan Buzovna Bələdiyyəsi tərəfindən icarəçi Cavabdeh1 bağ-bostan bitkilərinin becərilməsi məqsədilə, hər il 6 manat icarə haqqı ödənilməklə 50 il müdddətinə 600 m2 torpaq sahəsi icarəyə verilmişdir. İşin araşdırılmış hallarından müəyyən edilmişdir ki, iş üzrə iddiaçı ilə Cavabdeh1 əvvəllər rəsmi nikahda olmuşlar, ailə qurduqları ilk dövrdə Binə qəsəbəsində yerləşən evdə yaşamışlar, həmin ev satıldıqdan sonra əldə edilmiş pulun hesabına mübahisə predmetinə daxil olan tikilinin yerləşdiyi Buzovna qəsəbəsində yerləşən torpaq sahəsini əldə etməklə, kirayədə yaşadıqları dövrdə həmin torpaq sahəsində mübahisə predmeti olan tikili inşa edilmiş, tikili 1 mərtəbəli olmaqla 3 otaq, 1 zal və 1 mətbəxdən ibarət olan tikilidir. Həmin tikilidə (evdə) 2019-cu ilin oktyabr ayının 19-dək iddiaçı ilə Cavabdeh1 birgə yaşamışlar. Həmin tarixdə iddiaçı Cavabdeh1la münasibətlərinin gərginləşməsi səbəbindən evi tərk etmişdir. Onlar arasında bağlanmış nikah 21.05.2020-ci il tarixli məhkəmə qətnaməsi ilə pozulmuşdur. Həmçinin müəyyən edilmişdir ki, tərəflərin məhkəmə iclasında verdikləri izahatlarına və şahid ifadəsinə əsasən iddiaçı ilə Cavabdeh1 mübahisə predmeti olan evdə birgə nikah dövründə təmir işləri aparmışlar, həmin evdə olan iddiaçıya məxsus əmlaklar onun razılığı olmadan Cavabdeh1 tərəfindən aparılıb başqa ünvana yerləşdirilmişdir. Mübahisə predmetinə daxil olan tikilin hüquqmüəyyən edici sənədi yoxdur, tikili- özbaşına tikilidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 180.1-ci maddəsinə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-cı maddəsi baxımından tətbiq etməklə məhkəmə belə qənaətə gəlir ki, özbaşına tikintiyə əmlak hüquqlarının əldə edilməsi qeyri-mümkün olduğundan, cavabdehlərin də evə dair sərəncam vermək hüququ olmadığından, iddiaçı mübahisəli evə köçürülməlidir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdehlərin həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Bu səbəbdən iddiaçının özbaşına inşa edilmiş həmin tikiliyə köçürülməsi üçün qanuni maneə yoxdur. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da cavabdehlərlə eyni şərtlər daxilində əvvəllər yaşadığı özbaşına tikilidən yararlanmaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının həmin hissəyə köçürülməsindən onun özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Məhz buna görə də məhkəmə hesab edir ki, bu tip mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olubolmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər məhrumedənin mənzilə hüququ yoxdursa məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir. Həmçinin nəzərə alınmalıdır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Bununla yanaşı, iş üzrə mübahisə predmeti olan evin Cavabdeh2 vəsaiti hesabına tikilməsinə, tikilinin və yerləşdiyi torpaq sahəsinin ona məxsus olmasına və bu əsaslarla iddiaçının həmin tikiliyə heç bir hüququnun yaranmamasına dair iş üzrə cavabdehlərin dəlillərinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bu hallarla bağlı məhkəməyə sübutlar təqdim edilməmiş və işin məhkəmə araşdırılması zamanı da müəyyən edilməmişdir. Əksinə işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 Binə qəsəbəsində birgə nikahları dövründə tikilmiş evə birgə yaşamışlar. Məhz Həmin evin satışından əldə edilmiş vəsait hesabına hazıki mübahisə predmeti olan evin-özbaşına tikilinin tikilməsi həyata keçirilmişdir. Yəni, hazırki halda iddiaçının da birgə nikah dövründə hazırki evin tikilməsində fiziki, o cümlədən yaşadıqları evin satışından əldə edilmiş vəsait hesabına tikildiyi üçün həmin pula münasibətdə maddi iştirakı da aydın görünür. İddiaçının orada olan əmlakları da sonuncunun icazəsi olmadan Cavabdeh1 tərəfindən həmin evdən boşaldılmaqla digər ünvana aparılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehlərdən Aidə Quliyevanın ümumiyyətlə həmin evin tikintisində vəsait qoyması işin hər hansı bir halı ilə sübuta yetirilməməklə yanaşı ümumilikdə cavabdehlərin həmin tikili üzərində hüququnun qeydə alınması və hər hansı hüququnun sahibi kimi, yəni iddiaçıya münasibətdə daha üstün hüquqlara sahib olması müəyyən edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur və iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli İddiaçı 27.07.2011-ci il təvəllüdlü X4, 24.02.2013-cü il təvəllüdlü X7 və 04.10.2014-cü il təvəllüdlü X5 adlı uşaqları ilə birlikdə Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, yerləşən Cavabdeh1 yaşadığı evə (1 mərtəbəli olmaqla 3 otaq, 1 zal və 1 mətbəxdən ibarət olan tikiliyə) köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı 27.07.2011-ci il təvəllüdlü X4, 24.02.2013-cü il təvəllüdlü X7 və 04.10.2014-cü il təvəllüdlü X5 adlı uşaqları ilə birlikdə Bakı şəhəri Xəzər rayonu, Buzovna qəsəbəsi, yerləşən Cavabdeh1 yaşadığı evə (1 mərtəbəli olmaqla 3 otaq, 1 zal və 1 mətbəxdən ibarət olan tikiliyə) köçürülsün. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar