Məhkəmə qərarları › İş №2(003)-139/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-139/2021

06.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-139/2021 06.10.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının vəkili X3, Cavabdeh Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, 30.11.2014-cü il tarixli, RX ******* saylı çıxarışa əsasən qanuni icarə və istifadəsində olan Abşeron rayonu, Südçülük sovxozu ərazisində yerləşən 1.00 ha torpaq sahəsindən Cavabdeh tərəfindən qanuni icarə və istifadəsində olan torpaq sahəsində qanunsuz inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi, sökülünün tam şəkildə ərazidən çıxarılması və torpaq sahəsinin sərhədlərinin əvvəlki vəziyyətə gətirilməsi və daşınmaz əmlaka icarə və istifadə hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 30.11.2014-cü il tarixdə “İcarə hüququnun alqı-satqı” müqaviləsi ilə X2 Abşeron rayonu, Südçülük sovxozu ərazisində yerləşən 1.00 ha torpaq sahəsini 99 illiyə almışdır. İcarə hüququnun müddəti 29.05.2007- ci il tarixdən 29.05.2106-cı ii tarixədək müəyyən edilmişdir. Alınmış torpaq sahəsi üzərində icarə və istifadə hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 20.11.2014-cü il tarixli, RX ******* saylı çıxarışı ilə dövlət reyestrində qeydə alınmışdır. Daşınmaz əmlak üzərində icarə və istifadə hüququ dövlət reyestrində 703 nömrəli reyestr kitabında 8 nömrəli vərəqində qeydə alınmışdır. İcarə və istifadəsində olan torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilmiş və o, həmin ərazidə özbaşına tikili inşa etmişdir. Dəfələrlə cavabdehdən özünə məxsus olan torpaq sahəsinin boşaldılmasını tələb etsə də, Cavabdeh torpaq sahəsini pulla aldığını iddia edərək özbaşına tikilini sökməkdən imtina etmişdir. Bununla bağlı Bakı şəhəri Xəzər RPİ-nin 1 saylı Polis Şöbəsinə şikayət ərizəsi yazılmışdır. Verilmiş şikayət əsasında Xəzər RPİ-nin 1 saylı Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı Anar Hacıyev tərəfindən 26 aprel 2018-ci il tarixdə “Cinayət işinin başlanılmasın rədd edilməsi haqqında” Qərar qəbul edilmişdir. Müvafiq Qərara əsasən Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 395-ci maddəsinə əsasən X5 MN ******* 456 saylı Protokol tərtib edilmiş və Protokolun icrası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatına həvalə edilmişdir. Bütün bunlara baxmayaraq Cavabdeh icarə və istifadəsində olan torpaq sahəsində özbaşına və qanunsuz inşa etdiyi tikilini sökməyib və hələ də həmin torpaq sahəsini zəbt etməkdə davam edir. Qeyd olunanlara əsasən, 30.11.2014-cü il tarixli, RX ******* saylı çıxarışa əsasən qanuni icarə və istifadəsində olan Abşeron rayonu, Südçülük sovxozu ərazisində yerləşən 1.00 ha torpaq sahəsindən Cavabdeh tərəfindən qanuni icarə və istifadəsində olan torpaq sahəsində qanunsuz inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi, sökülünün tam şəkildə ərazidən çıxarılması və torpaq sahəsinin sərhədlərinin əvvəlki vəziyyətə gətirliməsi və daşınmaz əmlaka icarə və istifadə hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçının vəkili X4 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi və iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməmiş və bildirmişdir ki, o, mübahisəli torpağı 2014-cü ildə notariusda alqı-satqı yolu ilə almışdır. 2016-cı ildən sonra Zaur adlı şəxs ona yaxınlaşıb demişdir ki, orada tikinti aparmasın, torpağın sahibidir. O, orada iki otaqlı tikinti aparıb dörd ailə yaşayır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və iş üzrə ekspertizanın təyin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli, 20.11.2014-cü il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 1.00 ha torpaq sahəsi 29.05.2007-ci il tarixli icarə müqaviləsi və 2014-cü il tarixli icarə hüququnun alqı-satqı müqaviləsinə əsasən, İddiaçı icarəsindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2615 nömrəli, 27 avqust 2021-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı 20.11.2014-cü il tarixli çıxarışa əsasən İddiaçı icarəsində olan Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən 1.00 ha torpaq sahəsinin 2585 kv.m. hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən irəli sürülən tələblər sübutlarla öz təsdiqini tapmış, ekspertiza təqdiqatının nəticəsi, iş materialları və işin məhkəmə iclasında müəyyən edilən hallarından görünür ki, Cavabdeh İddiaçı icarəsində olan torpaq sahəsinin 2585 kv.m. hissəsini zəbt etməklə iddiaçının torpaq sahəsindən istifadəsinə maneə yaradır. Bununla da iddiaçı öz torpaq sahəsindən sərbəst istifadə imkanından məhrum olmuşdur. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinə cavabdehin hüququ yoxdur, onun həmin torpaq sahəsindən istifadəsi iddiaçının maraqlarına toxunub, hüquqlarını pozduğundan, cavabdeh torpaq sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.8. maddəsindən görünür ki, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.2. maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci bəndindən görünür ki, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 93-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən, torpaq sahəsinə dair əqdlər yazılı formada, əqdləri bağlayan tərəflər və ya onların müvəkkilləri tərəfindən imzalanan sənədlərin tərtib edilməsi yolu ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilir. Torpaq sahəsinə və ya onun üzərindəki daşınmaz əmlaka dair bağlanan əqd müqavilə ilə rəsmiləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh Bakı şəhəri, Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsindən çıxarılaraq, torpaq sahəsi İddiaçı təhvil verilməlidir. Həmçinin, həmin ərazidə cavabdeh tərəfindən inşa eidlmiş tikili də cavabdehin hesabına sökülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Abşeron rayonu, Hövsan südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsindən çıxarılaraq, həmin torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikili cavabdehin hesabına sökülərək, torpaq sahəsi İddiaçı təhvil verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. İş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olaraq 311 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar