Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-14/2021 01.12.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı, Cavabdeh2 və onun vəkili və nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X5 qarşı “torpaq sahəsindən çıxarılma və qanunsuz tikilmiş hasarın sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X5 qarşı “torpaq sahəsindən çıxarılma və qanunsuz tikilmiş hasarın sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırılmışdır ki, X4 (Buzovna Tərəvəzçilik-Südçülük Sovxozu) tərəfindən 21 may 2003-cü il tarixli 28 nömrəli əmrdən çıxarışa əsasən müəssisənin balansında olan torpaq sahəsindən fərdi ev tikmək üçün 0,10 ha hesabı ilə 4- 750 kodlu torpaq sahəsi istifadəsinə ayrılmışdır. Torpaq sahəsinə getdikdə oranın tanımadığı şəxslər tərəfindən zəbt olunduğunu görüb bu barədə Xəzər RPİ-in 2-ci PB-nə ərizə ilə müraciət etmişdir. Xəzər RPİ-in İstintaq şöbəsinin müstəntiqi polis baş-leytenantı K.Zülfiqarovun 21 dekabr 2017-cı il tarixli qərarı ilə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ona məxsus torpaq sahəsindən çıxarılmaqlarını və qanunsuz tikilmiş hasarın sökülməsini tələb edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ona məxsus X4 (Buzovna Tərəvəzçilik-Südçülük Sovxozu) tərəfindən 21 may 2003-cü il tarixli 28 nömrəli əmrdən çıxarışa əsasən müəssisənin balansında olan torpaq sahəsindən fərdi ev tikmək üçün 0,10 ha hesabı ilə 4- 750 kodlu torpaq sahəsindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etdi. Cavabdeh2 vəkili və nümayəndəsi X6 məhkəməyə ünvanladığı ərizəsində bildirmişdir ki, məhkəmə prossesində iddiaçı tərəfindəm məhkəməyə təqdim edilmiş sənədlər qanunsuzdur. Hesab edir ki, iddiaçının məhkəməyə təqdim etmiş olduğu rəsmi sənədlərin arxiv sənədləri ilə uyğun olmaması və həmin sənədləri hüququ olmayan şəxslərin adından məhkəməyə təqdim edilməsi barədə araşdırılma aparılmalıdır. Bu barədə qanuna müvafiq qaydada xüsusi qərardad çıxarılmalı və CM-nin 320-ci maddəsinə əsasən ərazi üzrə hüquq mühafizə orqanlarını məlumat verilməlidir. Əlavə olaraq bildirirəm ki, iddiaçı cavabdehlərə qarşı, 4-750 kodlu torpaq sahəsi ilə bağlı iddia tələbi irəli sürmüşdür. Məhkəmənin diqqətinə çatdırır ki, Xəzər Rayon Məhkəməsinin hakimi cənab Sabit Bəhrəmzadənin icraatında həmin ərazi üzrə zəbt edilmiş 0.10 hatorpaq sahəsinin boşaldılması barədə digər iddiaçı X7 iddiası vardır. Hal-hazırda həmin iddia üzrə iş ekspert rəyi alınması üçün Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. Hər iki iddia tələbi oxşar tələbdir. Belə ki, hakim Sabir Bəhrəmzadənin icraatında olan tələb üzrə torpağın 3-355 kodla 0.10 ha qeyd edilmişdir. Hesab etsək ki, həmin torpaq bir ərazidə yerləşir və təcrid edilmədiə bir əraziyə məxsusdur. Eyni zamanda hazırki mülki iş üzrə keçirilmiş ekspertiza rəyindən görünür ki, tədqiqatın nəticəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəsisləri tərəfindən "xxxx" MMC-nin elektron bazasında araşdırılmış və bu barədə 29.07.2021-ci il tarixli, **********85 saylı, mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, "xxxx" MMC-nin elektron baza məlumatlarına əsasən bir daha müəyyən olundu ki, koordinatları müəyyən olunmuş mübahisəli ərazi kodastr nömrəsi **********0994 olub və Azərbaycan Dövlət Neft Şirkətinin ərazisininsərhədləri daxilində yerləşir. Bu rəy Azərbayçan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəsinin eksperti İsa Eyvazzadə tərəfindən təsdiq edilərək Məhkəməyə təqdim edilmişdir. Hesab etsək ki, mülki hüququn prinsiplərindən biri də Subyektiv hüquqdur. Onda hazır ki, iddiaçının belə bir iddia tələbi ilə məghkəməyə müraciət etmək hüququ yoxdur. Belə bir hüquq yalnız Azərbaycan Dövlət Neft Şirkətinə məxsusdur. Qanunun tələblərini və işin faktiki hallarını nəzərə alaraq, iddia tələbinin əsassız və qanunsuz olduğundan rədd edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1 və X8 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və Cavabdeh2 və onun vəkili və nümayəndəsi X3 izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4nin 897 saylı arayışın surətindən görünür ki, X4 (Buzovna Tərəvəzçilik-Südçülük Sovxozu) tərəfindən 21 may 2003-cü il tarixli 28 nömrəli əmrdən çıxarışa əsasən müəssisənin balansında olan torpaq sahəsindən fərdi ev tikmək üçün 0,10 ha hesabı ilə 4- 750 kodlu torpaq sahəsi İddiaçı istifadəsinə ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti üzrə 15 aprel 1999-cu il tarixli, 096 saylı vətəndaşa həyətyanı torpaq sahəsi ayrılması haqqında sərəncamından çıxarışın surətindən görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamı ilə Buzovna Tərəvəzçilik-Südçülük Sovxozunda işləyən və mənzil tikintisinə ehtiyacı olan fəhlə və mütəxəsislərə verilməsi üçün hər ailəyə 0,10 hektar hesabı ilə həyətyanı torpaq sahəsi ayrıldığı nəzərə alınaraq, vətəndaş İddiaçı 0,10 hektar torpaq sahəsi verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Buzovna qəsəbəsində yerləşən Tərəvəzçilik-Südçülük Sovxozunun əmək kollektivi şurasının və həmkarlar ittifaqı komitəsinin 30 iyul 1999-cu il tarixli qərarı və sovxozun 16 avqust 1999cu il tarixli 27/K saylı əmri nəzərə alınaraq, vətəndaşa verilmiş həyətyanı torpaq sahəsində 0,10 hektar hesabı ilə fərdi yaşayış evinin tikintisinə icazə verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4nin 21 may 2003-cü il tarixli 28 nömrəli əmrdən çıxarışa əsasən Abşeron rayon İcra Hakimiyyəti başçısının 15 aprel 1999-cu il tarixli 096 saylı sərəncamı, Tərəvəzçilik-Südçülük Sovxozu (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4) Həmkarlar Təşkilatının 17 may 2003-cü il tarixli 02 saylı protokolu nəzərə alaraq, baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidə İddiaçı 0,10 hektar həyətyanı torpaq sahəsinin ayrılması əmr edilmişdir. İş materiallarında olan Xəzər RPİ-nin İŞ-nin 21.12.2017-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından aydın olur ki, İddiaçı şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 10/4389 saylı 01.09.2021-ci il tarixli rəyində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən "xxxx" MMCnin elektron bazasında araşdırılmış və bu barədə 29 iyul 2021-ci il tarixli **********85 saylı mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunmuşdur: "xxxx" MMC-nin elektron baza məlumatlarına əsasən müəyyən olundu ki, koordinatları müəyyən olunmuş mübahisəli ərazi kadastr nömrəsi **********0994 olub, Azərbaycan Dövlət Neft Şirkətinin ərazsinin sərhədləri daxilində yerləşir. Ekspetiza xərci 50 manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti üzrə 15 aprel 1999-cu il tarixli, 096 saylı vətəndaşa həyətyanı torpaq sahəsi ayrılması haqqında sərəncamından çıxarışa əsasən, İddiaçı verilmiş həyətyanı torpaq sahəsində 0,10 hektar hesabı ilə fərdi yaşayış evinin tikintisinə icazə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X4nin 21 may 2003-cü il tarixli 28 nömrəli əmrdən çıxarışa əsasən baş plana uyğun olaraq fərdi mənzil tikintisi üçün nəzərdə tutulmuş ərazidə İddiaçı 0,10 hektar həyətyanı torpaq sahəsinin ayrılması əmr edilmişdir. Ekspert rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli ərazi Azərbaycan Dövlət Neft Şirkətinin ərazisinin sərhədləri daxilində yerləşir. İddiaçı tələbinin əsası kimi heç bir fakta istinad etməmiş, bunu təsdiq edən heç bir sübüt məhkəməyə təqdim etməmiş və belə bir hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə, rəyi vermiş şəxsin xüsusi biliyinin olduğunu nəzərə alaraq həmin rəylə razılaşır, ekspertin rəyinin işin hallarına uyğun sayır. Azərbaycan Respublikası Konstitusuyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində isə qeyd olunub ki, «Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur». Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, iddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi deyildir. Ona görə ki, iddiaçının iddiasının əsası kimi istinad etdiyi hallar işdə iştirak edən şəxslərin izahatları, məhkəməyə sübut kimi təqdim edilmiş digər sənədlərlə sübut olunmadığından, iddiaçının mövcud iddiası əsassızdır. Beləki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, İddiaçı hazırki iddianı irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Çünki, o, mübahisəli torpaq sahəsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmişdir. İddiaçı yalnız mübahisəli torpaq sahəsinin məhz ona məxsus olduğunu və ya torpaq sahəsi ilə bağlı digər qaydada qanunla müdafiə olunan hüquq əldə etdiyini sübut edə bildiyi halda hazırki iddia tələbi ilə çıxış edə bilər. Hazırki halda isə sözügedən torpaq sahəsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hüquq əldə etməsini təsdiq edən hər hansı bir sübutu olmadığından məhkəmənin qənaətinə görə, iddiaçı irəli sürdüyü tələbə münasibətdə ümumiyyətlə subyektiv hüquqa malik şəxs deyildir və həmin tələbə məhz bu kontekstdə qiymət verilməlidir. Lakin, bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, mülki mübahisəni həlli edən məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.Belə ki, subyektiv hüququn əmələ gəlməsi üçün qanunla müəyyən edilən 3 elementin hamısı birlikdə mövcud olmalıdır. Bu elementlərdən birinin mövcud olmaması həmin iddia tələbi ilə bağlı əlavə araşdılmanı mənasız edir. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəsini etdiyi torpaq sahəsinə dair qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün iddiaçının sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə iddia tələbi təmin edilməməlidr. Həmçinin, qeyd edilməlidir ki, belə halda hazırki tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı.Belə ki, kordinatları müəyyən olunmuş mübahisəli torpaq sahəsinin Azərbaycan Dövlət Neft Şirkətinin ərazisinin sərhədləri daxilində yerləşməsi müəyyən olunmuşdur. Belə olan halda, iddiaçının həmin torpaq sahəsinə dair hər hansı bir qanuni hüququ olmadığından, onun məhkəmə müdafiəsi də mümkün deyildir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıhazırki tələblə çıxış etmək üçün subyektiv hüquqa malik olmadığından iddia tələbi təmin edilməməlidir. Məhkəmə habelə hesab edir ki, iddia rədd edildiyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatına görə 50 manat məbləğində pul İddiaçı alınaraq X1 hesabına keçirilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X5 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatına görə 50 manat məbləğində pul İddiaçı alınaraq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-14/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-14/2021
01.12.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver