Məhkəmə qərarları › İş №2(003)-1418/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1418/2020

10.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1418/2020 10.09.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçı, Cavabdeh, eyni zamanda Cavabdeh1 nümayəndəsi Cavabdeh2, Cavabdeh3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbi barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, S.M.Ziya küçəsi, dalan 3, 4 saylı evindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və izahatında əlavə olaraq bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, S.M.Ziya küçəsi, dalan 3, 4 saylı ev xüsusi mülkiyyət əsasında xx.xx.2003-cü il tarixdən onun mülkiyyətindədir. Alqı-satqı müqaviləsi əsasında alınaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir və müvafiq çıxarış vardır. Cavabdehlər onun qardaşının ailəsidir. Onlar ona məxsus mənzilində heç vaxt yaşamadıqlarına görə onların istifadə hüquqlarına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh, eyni zamanda Cavabdeh1 nümayəndəsi Cavabdeh2 iddia tələbini etiraf edərək onun təmin olunmasına etiraz etmədiyini bildirdi. Həmçinin qeyd etdi ki, onlar ümumiyyətlə həmin evdə yaşamamışlar və hazırda başqa evdə yaşayırlar. Qeydiyyatları həmin vaxt evlərini sənədləşdirə bilmədiklərinə formal olaraq olmuşdur. Məhkəmə iclasında Cavabdeh3iddia tələbini etiraf edərək onun təmin olunmasına etiraz etmədiyini bildirdi. Cavabdehlər Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının yeri və vaxtı barəsində məhkəmə bildirişi göndərilsə də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiatələbi təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2003-cü il tarixdə verilmiş FM seriyalı 022436 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, S.M.Ziya küçəsi, dalan 3, 4 saylı ev tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İş materillarından görünür ki, cavabdehlər Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, S.M.Ziya küçəsi, dalan 3, 4 saylı evndə qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, S.M.Ziya küçəsi, dalan 3, 4 saylı evin tam mülkiyyət hüququ əsasındahəmin mənzilin mülkiyyətçisidir və cavabdehlər formal olaraq ona məxsus evdə qeydiyyatda olsalar da, ümumiyyətlə həmin evdə yaşamamışlar. İddiaçı cavabdehlərin istifadə hüquqlarına xitam verilməsini tələb etsə də, cavabdehlərin iddiaçının mənzilindən istifadə hüququ yaranması müəyyən edilmir. Belə ki, həmin hüququn yaranması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində, əvvəlki Mənzil Məcəlləsinin 53, 54 və 123-cü maddələrində, hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslar mövcud deyildir. Hər hansı hüquqa xitam verilməsi üçün əvvəlcə onun yaranması müəyyən edilməlidir. Cavabdehlərin mənzilə istifadə hüququ yaranması müəyyən edilmədiyindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə tələb də təmin edilə bilməz. Cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda olması isə mənzilə istifadə hüquqlarının olması kimi qəbul edilə bilməz. Belə ki, “Yaşayış yeri və oluğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qanunvericilikdə yaşayış yeri üzrə qeydiyyatın istifadə hüququ kimi hüquqi nəticə doğurması nəzərdə tutulmayıb. Ona görə də cavabdehlərin mənzildən istifadə hüququnun olması müəyyən edilmədiyindən iddiaçının istifadə hüquqlarına xitam verilməsi barədə iddiası təmin edilməməlidir. Məhkəmədə iddiaçı tərəf cavabdehlərin istifadə hüququqlarına xitam verilməsi barədə tələb irəli sürməsini yalnız onların həmin mənzildən qeydiyyatdan çıxara bilmədiyi ilə əsaslandırmışdır. Belə olan halda hazırki qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin iddiaçının mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Belə ki, həmin maddəyə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Odur ki, şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmadığının müəyyən edilməsi həmin maddənin göstərişinin mənasına uyğundur, şəxsin qeydiyyatdan çıxarılmasına əsas verir. Eyni zamanda məhkəmə qeyd edir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Məhkəmə hesab edir ki, mənzildən istifadə hüququnun olması müəyyən edilməyən cavabdehlərin iddiaçının (mülkiyyətçinin) iradəsinə zidd olaraq onun mənzilində yaşayış yeri üzrə qeydiyyatda qalması mülkiyyətdən maneəsiz istifadə hüququna xələl gətirir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 oğluna, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə iddia tələbi təmin edilməsin. Hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən Cavabdeh1 oğlu, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, S.M.Ziya küçəsi, dalan 3, 4 saylı evinəyaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları üçün əsas hesab edilir. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar