Məhkəmə qərarları › İş №2(003)-1431/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1431/2021

29.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1431/2021 29.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili X2, Maraqlı şəxs Binə qəsəbəsinin bədəliyyəsinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Binə qəsəbəsinin bədəliyyəsi) həyətyanı torpaq sahəsinə sahiblik və istifadədə olma faktının tanınması tələbinə dair tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi həyətyanı torpaq sahəsinə sahiblik və istifadədə olma faktının tanınması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Binə qəsəbəsi, Hərbi Şəhərcik küçəsi 56 ünvanda yaşayan Valentina Kondratevadan bir mərtəbəli 3 otaqlı mənzili alqı-satqı müqaviləsi ilə almışdır. Aldığı evə Daşınmaz Əmlakın Reyestri Xdmətində xx xxxx 2020-ci il tarixdə ********** nömərəsi ilə qeydiyyata alınmışdır. 1971-ci ildə tikilmiş həmin ev 8 sot həyətyanı sahədə yerləşir, həyəyanı sahə mənzilin əvvəlki mülkiyyətçisi tərəfindən hasarlanmış və istifadə edilmişdir. O, evi aldığı vaxtdan da göstərdiyi torpaq sahəsi sahibliyində və istifadəsindədir. Həmin toprpaq sahəsi başqa şəxslər tərəfindən istifadə edilmir. Yuxarıda göstərilənlərə əsasən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hərbi şəhərcik 56 ünvanda olan 8 sot torpaq sahəsinin sahiblik və istifadəsində olma faktının tanımasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Ərizəçi nümayəndəsi və vəkili X4 ərizəni müdafiə edərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Binə qəsəbəsinin bədəliyyəsinin nümayəndəsi X3 məhkəməyə verdiyi izahatında bildirdi ki, qeyd olunan torpaq sahəsi ərizəçinin istifadəsindədir. Həmin torpaq sahəsi Binə bələdiyyəsinin mülkiyyətindədir. Lakin qeyd olunan torpaq sahəsində yerləşən mənzil isə mülkiyyət hüququ ilə Ərizəçi məxsusdur. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan rədd edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli texniki pasportun surətindən görünür ki, ünvan 2 ünvanına dair Ərizəçi adına texniki pasport tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşnmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 2 saylı mənzil mülkiyyət hüququ ilə Ərizəçi məxsusdur. İş materiallarına əlavə edilmiş Binə bələdiyyəsinin Xəzər rayon məhkəməsinə ünvanladığı xx.xx.2021-ci il tarixli, 32 saylı məktubundan görünür ki, Ərizəçi ünvan 2 ünvanın da uzun müddət istifadə etdiyi 0,08 ha torpaq sahəsinə görə Binə bələdiyyəsində vergi ödəyicisi kimi qeydiyyatdadır. Məhkəmə, ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.1. maddəsindən görünür ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.1. maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsasən ərizənin təmin olunmaması qənaətinə gələrək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk olaraq məhkəmə qeyd edir ki, ərizəçi öz ərizəsində mübahisəli torpaq sahəsinin uzun illərdir onun istifadəsində olmasını bildirərək ərizədə qeyd olunan faktların məhkəmə qaydasında müəyyən olunmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırkı ərizənin təmin olunmasının şəxsin mübahisəli torpaq sahəsini öz adına dövlət qeydiyyatına alacağına zəmin yaradacağı xüsusi nəzərə alınaraq ərizə tam və hərtəfəli araşdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.6-cı maddəsinə əsasən məhkəmə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə işlərə baxır. Göründüyü kimi, hüquqi əhəmiyyəti olan faktlar ərizənin verildiyi hər bir halda deyil, ərizəçiyə lazım olan faktları təsdiq edən lazımı sənədlərin başqa qaydada alınmasının, o cümlədən itirilmiş sənədlərin bərpasının mümkün olmadığı halda məhkəmə tərəfindən müəyyən edilir. Qanunverici daşınmaz əmlakdan istifadə etmək faktının müəyyən edilməsini qeyd edərkən məhz əvvəllər mülkiyyət hüququ üzrə mövcudluğu (ilkin qeydi) müəyyən edilmiş əmlakdan istifadə etmək faktının müəyyən edilməsini nəzərdə tutmuşdur. İş üzrə təqdim edilmiş sənədlərdən isə sözügedən torpaq sahəsinin əvvəllər mülkiyyət hüququ ilə qeydiyyata alınması müəyyən edilmir. Həmçinin, Binə qəsəbəsinin bədəliyyəsinin nümayəndəsi X1 məhkəmədə verdiyi izahatında da, həmin torpaq sahəsinin Binə bələdiyyəsinin mülkiyyətində olduğunu bildirmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019cu il tarixli, 03 saylı Qərarının 7-ci bəndindən görünür ki, Azərbaycan Respublikası MPMnin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır. Hazırki iş üzrə ilkin mülkiyyət hüququnun mövcudluğundan söhbət gedə bilmədiyi kimi, onun tərkib hissəsi olan istifadə, sərəncam və sahiblik etmək faktının məhkəmə qaydasında fakt kimi müəyyən edilməsindən də söhbət gedə bilməz. Belə olan halda məhkəmə hesba edir ki, hazırki ərizə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hərbi şəhərcik 56 ünvanda olan 0,08 ha torpaq sahəsinin sahiblik və istifadəsində olma faktının tanıması barədə ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar