Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1442/2025 30.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “mənzildən istifadəyə olan maneənin aradan qaldırılması və mənzilə köçürmə” tələbinə dair iddiasi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı “mənzildən istifadəyə olan maneənin aradan qaldırılması və mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi üzrə müraciət edərək ünvan 1 ünvanında köçürülməsi və mənzildən istifadəyə Cavabdeh qanunsuz müdaxilə və yaratdığı maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanı ona və qardaşı X5 vərəsəlik qaydasında keçmişdir. Mirası qəbul etdikdən sonra həmin əmlaka dair ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il tarixli, **********58-05101-093004 daşınmaz əmlakın reyestr nömrəli çıxarış almışdır. Mənzil 5 otaqdan ibarətdir və həmin mənzilin 2 otağı onun mülkiyyətindədir. Cavabdeh heç bir hüquqi əsası olmadan onun otaqlarına daxil olmaqla oradan onun iradəsinə zidd istifadə edir, orada yaşayır, lakin ona ümumiyyətlə mənzilə daxil olmağa imkan vermir. O, faktiki olaraq mülkiyyətindən məhrum olunmuşdur. Qeyd olunanlardan göründüyü kimi zəbt edilmiş mənzilin 2 otağının onun mülkiyyətində olması mübaisə oluna bilməz. Buna baxmayaraq cavabdeh ona mənzilə daxil olmağa və orada yaşamağa imkan vermir, cavabdehin qanunsuz əməllərinin nəticəsi olaraq onun mülkiyyət hüququ yalnız sənəd üzərindədir. O, mülkiyyətindən istifadə və sahiblik edə bilmir və mülkiyyəti ilə bağlı sərəncam verə bilmir. Əlavə olaraq qeyd edir ki, mənzilinə köçüb yaşamaq istəyir, lakin cavabdeh nəinki orada yaşamağına, hətta oraya daxil olmağına belə imkan vermir. Cavabdehlə aparılan danışıqlar heç bir nəticə vermədiyi üçün o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasında iddia tələbini etiraf edərək məhkəmədən iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdı və buna görə də təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, paylı mülkiyyətdə olan ünvan 1 ünvanının 02 otağı İddiaçı və 03 otağı isə X3 adına ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il tarixli, **********58-05101-093004 daşınmaz əmlakın reyestr nömrəli çıxarışı ilə qeydiyyatda alınmışdər. İş materiallarına əlavə edilmiş AA******* saylı Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1969-cu il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş ********** saylı mədaxil qəbzindən aydın olur ki, iddiaçı hazırkı iddia üzrə 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan AR DİN-in yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü X2, xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X7 ünvan 1 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Cavabdeh iddia tələbini etiraf edirək iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən “Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.” Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.” İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın Protokolunun 1-ci maddəsinə əsasən “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən “Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır.” Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.2-ci maddəsinə əsasən “Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 fevral 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarına əsasən “Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüquqlarının öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir.” Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən “Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.” Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən “Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarına əsasən “Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.” Sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının mülkiyyət hüququ dövlət tərəfindən tanınımışdır Belə ki, bununla bağlı iddiaçı müvafiq çıxarış əldə edərək sözügedən mənzildən istifadə, sahiblik və sərəncam vermək hüququ əldə etmişdir. Cavabdehin iddiaçını mülkiyyətində olan mənzilə buraxılmaması nəticəsində iddiaçı mülkiyyətində olan mənzildən qanunsuz olaraq məhrum olunmuşdur. Odur ki, iddiaçının mülkiyyətində olan mənzilə köçürülməsi və istifadə hüququnun həyata keçirilməsinə yaradılan maneələrin aradan qaldırılması barəsində iddia tələbi əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə eyni zamanda qeyd edir ki, AR Mülki Prosessual Məcəlləsinin 5.4-cü maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmayıbsa, onlar məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 191.2-1-ci maddəsinə əsasən tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunan Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisə predmeti olan mənzil iddiaçının mülkiyyətində olduğundan və cavabdehin onu həmin mənzilə buraxmaması səbəbindən öz yaşayış yerini tərk etməli olduğundan, bununla da onun mülkiyyətində olan mənzildən qanunsuz olaraq məhrum olunduğundan, iddia tələbi cavabdeh tərəfindən etiraf edildiyindən iddia təmin edilərək, iddiaçı mübahisəli mənzilə köçürülməli və Cavabdeh tərəfindən istifadə hüququnun həyata keçirilməsinə yaradılan maneələr aradan qaldırılmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsi, ev 32A, 43 saylı mənzilə köçürülsün. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsi, ev 32A, 43 saylı mənzilindən istifadə hüququnun həyata keçirilməsinə yaradılan maneələr aradan qaldırılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №2(003)-1442/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1442/2025
30.04.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver