Məhkəmə qərarları › İş №2(003)-1443/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1443/2025

08.05.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1443/2025 08.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu ərazisində özbaşına tikilmiş evə uşaqları xx.xx.2008-cı il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X8 onunla birlikdə köçürülməkləri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 30 avqust 2014-cü il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Cavabdeh ilə ailə qurduqdan sonra bir müddət onun valideynlərinin yaşadığı evdə yaşamış, birgə nikahlarından 21 iyul 2015-ci təvəllüdlü X11, 31 oktyabr 2017-ci il təvəllüdlü X9 və 27 aprel 2021-ci il təvəllüdlü X17 adlı uşaqları anadan olmuşdur. 2016-cı ildə Buzovna qəsəbəsində, Albalılıq deyilən ərazidə (X23 küçəsində) 3 sot torpaq sahəsi almışlar və orada özlərinə iki mərtəbəli ev tikməyə başlamışdırlar. Həmin evi bir il müddətinə inşa etmişlər. Lakin evi tam təmir edib başa çatdırmadan 2017-ci ildə həmin evə köçmüşlər və sonradan həmin evə elektrik enerjisinin və qazın verilməsi üçün cavabdehin adına müvafiq müqavilələr bağlanaraq evləri qaz və elektrik enerjisi ilə təchiz etmişlər. Uşaqlarının ikisi həmin evdə anadan olublar. Həmin evdə özləri, yəni cavabdeh, o və uşaqlar qalmışlar. Lakin cavabdeh xaricə gedəndə o, evdə uşaqlarla tək qalmasın deyə onun anası gəlib onunla qalmışdır. Həmin evdə 09 iyun 2023-cü il tarixədək yaşamışlar. Lakin 2023-cü ilin fevral ayından cavabdeh xaricdə olduğu üçün qaynanası onunla qalmış və 09 iyun 2023-cü il tarixdə qaynanası onu evdən qovmuş, o uşaqlarını da götürüb evdən getməyə məcbur olmuşdur. Həmin tarixdən də uşaqlar onunla valideynlərinin yanında yaşamağa başlamışdırlar. Həmin zamanlar cavabdeh xaricdə idi, lakin o ölkəyə gələn kimi gəlib ailəsinə sahib olmaqdansa 03 avqust 2023-cü il tarixdə onun atasının evinə gələrək onu atasının evində döymüşdür. Bundan sonra isə o, iddia ərizəsi iə məhkəməyə müraciət edərək aralarında olan nikahın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-3140/2023 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş və 21 iyul 2015-ci təvəllüdlü X11, 31 oktyabr 2017-ci il təvəllüdlü X9 və 27 aprel 2021-ci il təvəllüdlü X10 onun yanında qalması müəyyən edilmişdir. 09 iyun 2023-cü il tarixdən cavabdeh onu öz evinə buraxmır, hətta uşaqların geyimlərini götürməyə belə ona icazə vermir. Belə ki, onun bütün əmlaklarım, qızıl-zinət əşyaları, geyimləri və uşaqların geyimləri belə həmin evdə qalmışdır. O, evdən çıxandan sonra cavabdeh özü də həmin evdə yaşamamasına baxmayaraq, onu da evə buraxmır, o, məcbur qalıb uşaqları ilə birlikdə valideynlərinin evində yaşayır. 2016-cı ildə onlar həmin torpaq sahəsini 13000 manata almış, evin tikintisinə 70000 manat məbləğində pul vəsaiti xərcləmiş, ümumilikdə onların həmin evə 83000 manat məbləğində xərcləri çıxmışdır. Belə ki, həmin ev iki mərtəbədən ibarət olmaqla birinci mərtəbə 3 otaqdan, 1 qarajdan, 1 dəhliz və bir hamam otağından, ikinci mərtəbə isə 4 otaqdan, mətbəxdən, dəhlizdən, 1 hamam otağından ibarətdir. Evin ikinci mərtəbəsində yerləşən iki otaq, hamam və mətbəx təmirli olsa da digər hissələri təmirsiz qalmış, təmiri başa çatdıra bilməmişdirlər. Mübahisənin cavabdehlə məhkəmədən kənar qaydada həll etməyi üçün mediasiyaya müraciət etmiş, cavabdeh ikinci mediasiya prosesinə gəlmədiyinə görə mübahisənin mediasiyada həlli mümkün olmamışdır. Ona görə də Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq deyilən ərazidə, X23 küçəsində 3 sot torpaq sahəsində yerləşən fərdi yaşayış evinin birgə nikah dövründə inşa edilməsini nəzərə alaraq həmin evin tikintisinə çəkilmiş xərclərdə onların payları müəyyən edilməli, eyni zamanda o, azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülməlidir. Həmçinin azyaşlı uşaqları onunla qaldığına görə evə çəkilmiş xərcdə paylar müəyyən edilərəkən uşaqları da mənafeyi nəzərə alınmalı, torpağın alınmasına və evin tikintisinə xərclənmiş 83000 manat məbləğində pul vəsaiti onun payı 2/3 hissədə, cavabdehin payı isə 1/3 hissədə müəyyən edilməlidir. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, birgə nikah dövründə mübahisə predmetinə aid olan evdə yaşayıblar cavabdehlə. Nikahları pozulduqdan sonra cavabdeh onu və azyaşlı uşaqalarını bir neçe dəfə evdən çıxarıbdı. Odur ki. iddanın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında göstərdi ki, həmin evi tikmək üçün ata yurdunu satıb. Evi anası tikdirib. Hazırda həmin evdən çıxıblar. İddianı rədd edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş sənədlər Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-1591/2024 saylı qətnaməsi ilə X6 ilə Cavabdeh arasında bağlanmış və Suraxanı rayon Qeydiyyat şöbəsində 222 sayla qeydə alınmış xx.xx.2011-ci il tarixli nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X12, xx.xx.2014-cü il təvəllüdlü X13 və xx.xx.2020-ci il təvəllüdlü X15 nikah pozulduqdan sonra X3 yanında qalması, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X12, xx.xx.2014-cü il təvəllüdlü X13 və xx.xx.2020-ci il təvəllüdlü X8 yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq X3 xeyrinə hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 705 (yeddi yüz beş) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X12, xx.xx.2014-cü il təvəllüdlü X13 və xx.xx.2020-ci il təvəllüdlü X15 doğulmuşdur. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 460 saylı qeyd aparılmışdır. Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayon Binə Bələdiyyəsinin 86 saylı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatsız yaşayan Cavabdeh uzun müddət istifadə etdiyi 0.04ha torpaq sahənin və üzərində tikdiyi 4 otaqdan ibarət fərdi yaşayış evinin vergisini könüllü olaraq Binə bələdiyyəsində ödədiyinə görə bələdiyyə tərəfindən vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Tətbiq edilən qanunvericilik Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. İddiaçının həmin evə köçürülməsi qərara alındığından və onun 14 yaşına çatmamış uşaqları da iddiaçının himayəsində olduğundan onların da iddiaçı ilə birlikdə həmin evə köçürülməsi təmin edilməlidir. 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə: ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin mövqeyi Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Cavabdeh qarşı irəli sürdüyü tələb ondan ibarətdir ki, birgə nikah dövründə inşa edilərək ailənin yaşayış yeri kimi istifadə olunan, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X23 küçəsində, "Albalılıq" deyilən ərazidə yerləşən və hüquqi sənədləşməsi başa çatdırılmamış (özbaşına tikilmiş) yaşayış sahəsinə o və himayəsində olan azyaşlı uşaqların köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə İddiaçı Cavabdeh qarşı “azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X23 küçəsində, "Albalılıq" deyilən ərazidə yerləşən və hüquqi sənədləşməsi başa çatdırılmamış (özbaşına tikilmiş) yaşayış sahəsinə köçürülməyi” tələbi barəsində iddiasını araşdıraraq hesab edir ki, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, mübahisəli ev müvafiq icazə sənədləri alınmadan inşa edilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçməmişdir. Həmin evin hər hansı bir hüquqmüəyyənedici sənədi olmadığından özbaşına tikili sayılır. Həmin hallar tərəflərin izahatları və təqdim etdikləri sübutlar əsasında təsdiqini tapmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan ev tərəflərin birgə nikaha daxil olmasından sonra inşa edilməyə başlanmış və tərəflər birgə nikahda olan müddətdə azyaşlı uşaqları ilə birlikdə həmin mənzilə köçərək yaşamışdırlar. Həmçinin tərəflərin izahatı ilə müəyyən edilmişdir ki, mənzil 2 mərtəbəli olmaqla qismən təmirlidir. İddiaçının təqdim etdiyi məlumatlara və iş materiallarına əsasən, evin tikintisinə 83.000 manat məbləğində vəsait xərcləndiyi, ailənin bu evə birlikdə yaşadığı sübuta yetirilmişdir. Cavabdeh məhkəmə iclasında göstərmişdir ki, guya həmin evin tikintisi üçün "ata yurdunu" satmış və evi anası inşa etdirmişdir. Lakin qeyd olunan iddialar üzrə cavabdeh tərəfindən hüquqi baxımdan qəbul edilə bilən heç bir yazılı sənəd, alqı-satqı müqaviləsi, bank çıxarışı və ya digər sübut təqdim edilməmişdir. Göründüyü kimi, mübahisəli ev özbaşına tikilidir. Qanunvericilikdə isə özbaşına tikililərə dair mübahisələri həll etmək üçün birbaşa tətbiq edilən maddi hüquq normaları nəzərdə tutulmamışdır. Bununla yanaşı, nikah dövründə əldə edilən və birgə istifadə olunan əmlak – hətta hüquqi qeydiyyatı aparılmamış olsa da – Azərbaycan Respublikası Ailə Məcəlləsin müddəaları baxımından birgə mülkiyyət kimi qiymətləndirilə bilər. Lakin bu iş üzrə mübahisə mülkiyyət hüququnun müəyyən olunmasına deyil, yaşayış hüququnun təmininə dair olduğundan, məhkəmə yalnız istifadəyə dair tələbi qiymətləndirmişdir. Mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və onun qeyrimüəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Belə ki, iddiaçının tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evlə bağlıdır və ölkə qanunvericiliyində özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması mövcud deyildir. Bununla belə qeyd olunmalıdır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur - həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Hazırki mübahisə isə özbaşına tikiliyə köçürülmə və ondan istifadə hüququnun tanınması ilə bağlı tələblərdir ki, Mülki Məcəllənin qeyd edilən normasında həmin münasibətləri tənzimləyən normalar yoxdur. Özbaşına tikilidən bir iqtisadi dəyər kimi yararlanmanı tənzimləyən norma(lar)ın mövcud olmadığına istinad etməklə, iddiaçının qeyd edilən evə köçürülməsi tələbinin rədd edilməsi mübahisə predmeti olan fərdi yaşayış evində yaşamış, həmin evdə faktiki sahibi ilə birlikdə təsərrüfat işləri aparmış və həmin evə münasibətdə artıq iqtisadi marağı formalaşmış iddiaçı Orucova (Ələkbərova) Dürdanə Vidadi qızına münasibətdə ədalətli məhkəmə araşdırması hüququnu məhdudlaşdıra bilər. Bu hal isə qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır və yolverilməzdir. Mübahisə, dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evə köçürülmə tələbinə dairdir. Ona görə də, özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından məhkəmənin qənaətinə görə mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Beləliklə, məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Ailə qanunvericiliyində müəyyən münasibətlərin tənzimlənməməsi, öz əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsinin ifadəsindən çıxış edərək boşluğun tamamlanması məqsədilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Analoji mübahisələrin həlli ilə bağlı vahid məhkəmə təcrübəsinin yaranmasına zərurət var və Azərbaycan Respublikası Ali Məhkəməsinin bənzər işlərlə bağlı formalaşdırdığı mövqeyə görə, bunun üçün başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması üstün tutulmalıdır. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məsələn, maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüquqlar əşya sahibinə məxsusdur. Müasir dünyada hüququn inkişafı bu istiqamətdədir, ona görə analoji işlərdə də məhkəmələrin mövqeyi əşyanın sahibinin hüquqlarının qorunması istiqamətində olmalıdır. Bununla yanaşı qeyd olunmalıdır ki, özbaşına tikili hesab olunan evə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir. Bundan başqa qeyd olunmalıdır ki, məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X14rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı mübahisəli evə köçürülməsini tələb etməkdə haqlıdır. Belə ki, hüquqi statusu tam rəsmiləşdirilməmiş (özbaşına tikinti) olan mübahisəli yaşayış sahəsi dövlət qeydiyyatına alınmamış olsa da, məhkəmə bu əmlakın ailənin faktiki yaşayış yeri və uşaqların daimi məskunlaşdığı ünvan olması faktını əsas götürərək, həmin ünvana köçürülmə ilə bağlı mülki hüquqların tənzimlənməsinin mümkünlüyünü istisna etmir. Bu, yalnız yaşayış sahəsinin istifadəsi ilə bağlı mübahisənin həllinə yönəlmiş və əmlak üzərində mülkiyyət hüququnun bölüşdürülməsini əhatə etməyən müvəqqəti xarakterli hüquqi tənzimləmədir. Məhkəmə qeyd edir ki, özbaşına tikili hesab olunan evə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu, yəni tikilinin onun əmlakı, səyi və ya zəhməti ilə, yaxud birgə nikah dövründə ümumi əmlak hesabına inşa edildiyini, tikilini və ya onun ayrı-ayrı hissələrini təşkil edən əmlakları əvəzli əldə etdiyini, tikilinin yaşayış üçün yararlı vəziyyətə gətirilməsi ilə bağlı əsaslı vəsaitin qoyulmasında iştirak etdiyini sübut etməlidir. İşin mübahisə edilməyən halları ilə iddiaçının həmin evdə, cavabdehlə birgə təsərrüfat aparması, mübahisəli ev inşa edilərkən və evdə müəyyən təmir işləri aparılarkən iddiaçının həmin evdə yaşaması, iddiaçıya məxsus əşyalarının hazırda da həmin evdə olması və hazırda iddiaçının yaşayış sahəsinə ehtiyacının olmasıdır. İddiaçı mübahisəli evdə cavabdehlə birgə yaşamaqla birgə təsərrüfatın aparılmasında iştirak etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehlə mübahisə yaranması səbəbindən mübahisə predmeti olan evdən müvəqqəti olaraq getməsi onun yaşayış yerini itirməsi üçün əsas olmamışdır. Belə ki, iddiaçıya məxsus müəyyən əşyaların hələ də mübahisəli evdə olması, onun həmin evdən daimi olaraq getməsi faktını istisna edir. İşin mübahisəli halları isə mübahisəli evin cavabdehin anası tərəfindən ata yurdunun satıalaraq tikilməsi, cavabdehin həmin evə hər-hansı aidiyyətinin olmamasıdır. Belə ki, məhkəmə cavabdehin izahatlarına tənqidi yanaşaraq hesab edir ki, cavabdehin (onun nümayəndəsinin) göstərdikləri formal mülahizələrə əsaslanmış, mübahisəli evin cavabdehin atası və qardaşı tərəfindən tikilməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşamış, cavabdehlə münasibətlərinin pozulması nəticəsində evdən çıxmaq məcburiyyətində qalmış, sonradan qayıtmaq istəsə də cavabdeh və üçüncü şəxs buna imkan verməmişlər. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində hüququ olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçılara qarşı törətdiyi məhrumetmə (mənzilə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuş, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı uşağı ilə birlikdə məhrum edildiyi evə köçürülməlidir. Məhkəmə onu da qeyd edir ki, mübahisəsi gedən evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində yaşadığı və əşyalarının yerləşdiyi bu evdə yaşamaq hüququ vardır. İddiaçıya həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğu işin halları ilə sübut olunur. Buna görə də mübahisəli ev iddiaçının yaşayış yeri hesab edilməklə onun həmin evə köçürülməsi barədə tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı uşaqları xx.xx.2008-cı il təvəllüdlü X12, xx.xx.2014-cü il təvəllüdlü X13 və xx.xx.2020-ci il təvəllüdlü X15 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu ərazisində tikilmiş fərdi yaşayış evindən ibarət özbaşına tikiliyə köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı uşaqları xx.xx.2008-cı il təvəllüdlü X12, xx.xx.2014-cü il təvəllüdlü X13 və xx.xx.2020-ci il təvəllüdlü X15 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozu ərazisində tikilmiş fərdi yaşayış evindən ibarət özbaşına tikiliyə köçürülsünlər. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar