Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1453/2023 08.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı2, İddiaçılar İddiaçı1 nümayəndəsi və vəkili X1, Cavabdeh1, Cavabdeh2 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5 Sattarovnanın, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5 Sattarovna, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 (kompensasiya verməklə), Cavabdeh1 və Cavabdeh3 əşyaları ilə birlikdə ünvan 1 ünvanda yerləşən mənzildən çıxarılması barədə qətnamə qəbul çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim Emin Məmmədli) xx.xx.2021-ci il tarixli 2(003)-379/2021 nömrəli qətnaməsi ilə onların iddia tələbi qismən təmin edilərək Cavabdeh2 Valentinivicə 7200 manat kompensasiya ödənilməklə onun, ünvan 1 ünvanda yerləşən fərdi evdən istifadə hüququna xitam verilmişdir. Digər cavabdeh-Cavabdeh1 qarşı iddia tələbləri rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin ( sədr Akif İsgəndərov) 25 may 2022-ci il tarixli 2(103)-3117/2022 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilmiş, Cavabdeh2 Valentinovicin mənzildən istifadə hüququna xitam verilməsi barədə yeni qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın (sədr Əhməd Əhmədov) xx.xx.2022ci il tarixli 2(102)-5149/2022 nömrəli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir. Bunula da Cavabdeh2 Valentinivicin, 7200 manat kompensiya verilməklə, mənzildən istifadə hüququqna xitam verilməsi barədə Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-379/2021 nömrəli qətnaməsi və Cavabdeh1ın istifadə hüququna xitam verilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 25 may 2022-ci il tarixli 2(103)-3117/2022 saylı qətnaməsi qanuni qüvvəyə minmişdir. Yüxarıda göstərilən məhkəmə qətnamələri ilə cavabdehlərin Xəzər rayonu, Şüvəlan qəsəbəsi, M.Müşviq küçəsi, döngə 3 ev 3 ünvanda yerləşən mənzildən istifadə hüququna xitam verilməsinə baxmayaraq, onlar həmin mənzildən könüllü çıxmaq istəmirlər. Bu azmış ki, iddiaçıların razılığı olmadan Cavabdeh1 evlərinə Cavabdeh3 adlı başqa şəxsi buraxmış və hazırda Cavabdeh3 qanunsuz olaraq iddiaçıların mənzilində yaşayır. Cavabdeh3 başqa ünvanda qeydiyyatdır və onların mənzildən istifadə hüququna malik deyil. Belə ki, evdən istifadə hüquququn əmələ gəlməsi üçün o, evin mülkiyyətçiləri ilə notariat qaydasında müqavilə bağlamayıb və onun mənzildən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb. Daha sonra iddiaçılar İddiaçı1 və digərləri iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh3 kompensasiya verilmədən, Cavabdeh2 7200,0 manat kompensasiya verməklə mənzildən çıxarılması barədə qətnamə qəbul çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı2 məhkəmədə iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçılar İddiaçı1 nümayəndəsi və vəkili X2 məhkəmədə iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, istifadə hüququna xitam verilməsi tələbi irəli sürülən həmin ünvanda anadan olub və bu günə kimi yaşayır. Bundan başqa Onun başqa yaşayış yeri yoxdur dogulandan bu günə kimi də, həmin ünvanda yaşayır. Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, istifadə hüququma xitam verilməsi tələbi irəli sürülən həmin ünvanda anadan olub və bu günə kimi yaşayır. Ona 7200,0 manat kompensasiya verilməsini vəd etmələrinə baxmayaraq həmin məbləği ödəməmişdir iddiaçılar. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli 2(003)-379/2021 nömrəli qətnaməsi Cavabdeh2 İddiaçı1 tərəfindən 7200,0 (yeddi min iki yüz) manat məbləğində kompensasiya verilməklə Cavabdeh2 ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməssinin 25 may 2022-ci il tarixli 2(103)-3117/2022 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmiş, birinci instansiya məhkəməsinin qismən dəyişdirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx.xx.2022-ci il tarixli 2(102)-5149/2022 nömrəli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir. Bunula da Cavabdeh2 Valentinivicin, 7200 manat kompensiya verilməklə, mənzildən istifadə hüququqna xitam verilməsi barədə Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-379/2021 nömrəli qətnaməsi və Cavabdeh1ın istifadə hüququna xitam verilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 25 may 2022-ci il tarixli 2(103)-3117/2022 saylı qətnaməsi qanuni qüvvəyə minmişdir Beləliklə, iş materiallarından müəyyən olundu ki, cavabdehlər iddiaçılara məxsus olan mübahisəli evdə yaşayırlar. Məhkəmə qərarlarına əsasən cavabdehlər həmin mənzilə olan istifadə hüquqlarını itirmişlər, lakin mübahisəli mənzildən çıxmaq istəmirlər. Həmçinin Cavabdeh1 mübahisəli evə Cavabdeh3 adlı başqa şəxsi buraxmış və hazırda Cavabdeh3 qanunsuz olaraq iddiaçıların mənzilində yaşayır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. "Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddianın “Cavabdeh1 və Cavabdeh3 kompensasiya verilmədən mənzildən çıxarılması”na dair hissəsini əsasslıdır və təmin edilməlidir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsində istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Məhkəmə həmçinin iddianın “Cavabdeh2 kompensasiya verməklə mənzildən istifadə hüququna xitam verilməsi”nə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi bu hissədə əsasslıdır, təmin edilməlidir. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçılar Cavabdeh2 qarşı kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi nəticəsində mənzildən çıxarılma tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. Bundan başqa, cavabdehlərin mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarının saxlanılması mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə həmin Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikasının qanunvericiliyinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, mülkiyyətçinin iradəsinin ziddinə olaraq cavabdehin mübahisəli mənzildən istifadə hüququnun saxlanılmasının davam etməsi iddiaçının evə olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə əsasən aşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məhkəmə ödəniləcək kompensasiya məbləğinin miqdarını araşdıraraq hesab edir ki, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. İşin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçıların cavabdehlərə qarşı “istifadə hüququnun itirilməsi” ilə bağlı iddiaları olmuş və həmin məhkəmə araşdırması zamanı mübahisəli mənzilin yerləşdiyi ərazi üzrə və yaxın ərazidə həmin mənzillə eyni xüsusiyyətlərə malik mənzillərin orta aylıq kirayə haqqı 200-250 manat təşkil edir. Yəni həmin ərazidə eyni xüsusiyyətli mənzilin aylıq kirayə haqqı bir il üçün 2400-3000 manat, iki il üçün 4800-6000 manat təşkil edir. İddiaçı Cavabdeh2 istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması üçün daha çox, yəni 7200 manat məbləğində kompensasiya təklif edir. Başqa sözlə, iddiaçının təklif etdiyi kompensasiya ilə Cavabdeh2 təqribən 2 ildən artıq müddətə oxşar yaşayış sahəsi ilə təmin oluna bilərr, bu isə onun mübahisəli mənzildə ümumən yaşadığı dövr nəzərə alındığında ağlabatan dövr kimi qəbul edilə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh2 yaşayış sahəsindən çıxarılması müqabilində iddiaçı tərəfindən təklif edilən kompensasiya, ona davamlı sürətdə və uzun müddət daxilində başqa yerdə mübahisəli mənzillə müqayisədə oxşar yaşayış sahəsində və oxşar şəraitdə yaşamaq imkanı təmin edə biləcək məbləğdir və mənzildən çıxarılması nəticəsində o yaşayış sahəsi ilə təminatlı olacaqdır. Yuxarıda sadalanmış meyar və prinsiplərə əsaslanmaqla məhkəmə belə hesab edir ki, qətnamənin real icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 mübahisəli mənzildən çıxarılmasına görə ödənilməli olan pul kompensasiyası kimi iddiaçıların bildirdiyi 7200 manat həcmində müəyyən edilməli və Cavabdeh2 mübahisəli mənzildən çıxarılmasına görə 7200 manat ödənilməklə mübahisəli mənzildən çıxarılmalıdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçılar mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə mübahisəli mənzilə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdehlər mübahisəli mənzildən könüllü olaraq çıxmaması nəticəsində iddiaçılar göstərilən hüquqlarını həyata keçirə bilməmişdir. Odur ki, iddiaçılar mübahisəli mənzilin mülkiyyətçisi olduğundan onlar, öz əmlakı olan mübahisəli mənzildən cavabdehlərin çıxarılmasını tələb etməkdə haqlıdır. Cavabdehlər tərəfindən mübahisə predmeti olan mənzilin onların qanuni sahibliyində və istifadəsində olması halı ilə bağlı heç bir sübutu məhkəməyə təqdim edə bilməmişlər. Bu halda, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə Azərbaycan Respublikası MM-in 157.2-ci maddəsinin dispozitiv şərtləri mövcud olduğundan, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh2 7200,0 (yeddi min iki yüz) manat məbləğində kompensasiya verilməklə, Cavabdeh1 və Cavabdeh3 (kompensasiya verilmədən) ünvan 2 ünvanında yerləşən evdən çıxarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə, qətetdi: İddia təmin edilsin. Cavabdeh2 7200 (yeddi min iki yüz) manat məbləğində kompensasiya verilməklə, Cavabdeh1 və Cavabdeh3 (kompensasiya verilmədən) ünvan 3 ünvanında yerləşən evdən çıxarılsınlar. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №2(003)-1453/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1453/2023
08.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver