Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1465/2025 15.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh MMC-nə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixdə Cavabdeh MMC ilə onun arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, 2025-ci ilin yanvar ayında pensiyası ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X3 müraciət edən zaman həmin orqandan ona bildirilmişdir ki, ƏƏSMN-nin X1 Sisteminin “Əmək və Məşğulluq” alt sisteminə baxış keçirilərkən onunla Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli əmək müqaviləsi olması və həmin müqavilənin hazırda qüvvədə olduğu məlum olmuşdur. Belə ki, o, sözügedən Cavabdeh MMC adlı şirkəti əvvəllər tanımamış və elə bir şirkətin mövcudluğundan belə heç bir məlumatım olmamışdır. Həmin şirkətlə arasında əmək müqaviləsinin olmasını, yəni onun Cavabdeh MMC şirkətində işləməsini ƏƏSMN-nə müraciəti zamanı öyrənmişdir. Bununla bağlı Dövlət Vergi Xidmətinin “Kommersiya qurumlarının dövlət reyestri məlumatlarında” olan Monred Qrup” MMC-yə məxsus ünvana (Bakı şəh., Xəzər ray., Binə ŞTQ, Bünyadzadə (Binə qəs) ev 203) ərizə ünvanlayaraq, Cavabdeh MMC ilə aralarında bağlanmış olan əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Lakin, göndərmiş olduğu içərisində həmin ərizə olan zərf poçt tərəfindən üzərində “ünvan tam deyil” qeydi ilə ona geri qaytarılmışdır. Qeyd etmək istəyir ki, Cavabdeh MMC şirkətinin həm Dövlət Vergi Xidmətinin rəsmi elektron səhifəsində, həm də internet axtarış sistemlərində yuxarıda qeyd olunan ünvandan başqa ünvanı göstərilməmişdir. Daha sonra ƏƏSMN-nin X3 müraciət edərək, yaranmış problemin həllində köməklik göstərmələrini xahiş etdi. X2 məlumat məktubu göndərərək, Cavabdeh MMC-dən məlumatların alınmasının mümkün olmadığını qeyd edərək, mühahisənin həlli ilə bağlı məhkəməyə müraciət edilməsini məsləhət görmüşdür. Proses iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş sənədlər İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X3 ünvanladığı müraciətindən görünür ki, o, Cavabdeh MMC ilə aralarında bağlanmış olan əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh MMC-yə ünvanlanmış məktubundan görünür ki, o, Cavabdeh MMC ilə aralarında bağlanmış olan əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, İddiaçı Cavabdeh MMC-də “təchizatçı, topdansatış ticarəti” vəzifəsində işləyir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 3-cü bəndinə əsasən heç kəs zorla işlədilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 3-cü maddəsinin 5 və 5-1-ci bəndlərinə əsasən əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının X1 sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. 7-ci maddəsinin 2-ci bəndinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 43.1-ci maddəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. 44-cü maddəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda kağız daşıyıcıda, digər hallarda isə elektron sənəd formasında bağlanılır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. 9-cu maddəsinin “o” bəndinə görə elektron informasiya sistemindən onunla bağlı qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını, habelə iş yerindən elektron qaydada arayışı real vaxt rejimində əldə etmək işçinin hüququdur. Həmin maddənin “b” bəndində əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək də işçinin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. 12-ci maddəsinin 1-ci bəndinin “h” yarımbəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) işəgötürənin əsas vəzifələrindəndir. 49-cu maddəsinin 1-ci bəndinin tələblərinə görə əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 17-ci maddəsinə əsasən hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır. 1-ci maddəsinin 5-ci bəndinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə. 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən isə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə və 69.2-ci maddəsinə uyğun olaraq tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 12-ci maddəsinin “c” bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 iyun 2014-cü tarixli № 183 qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan iddia təmin edilməlidir. Belə ki, iddiaçı müraciətində göstərmişdir ki, onun xəbəri olmadan Cavabdeh MMC ilə xx.xx.2020-ci il tarixində əmək müqaviləsi bağlanmış və bu müqavilə hal-hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sistemində qüvvədə olan əmək müqaviləsi kimi əks olunmuşdur. İddiaçı bu müqavilə barədə yalnız pensiya təyinatı üçün müraciət etdiyi zaman məlumat almışdır.İddiaçı qeyd edir ki, Cavabdeh MMC adlı şirkətlə heç vaxt əmək münasibətlərində olmamış, həmin şirkəti tanımamış, heç vaxt orada işləməmişdir. Əmək müqaviləsi onun iradəsi və xəbəri olmadan rəsmiləşdirilmişdir. Bu hal əmək qanunvericiliyinə, xüsusilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin prinsiplərinə ziddir. İş üzrə toplanmış sübutlar, o cümlədən ƏƏSMN-nin və X4 orqanlarının təqdim etdikləri yazılı məlumatlar, iddiaçının şirkətlə heç vaxt əmək münasibətlərində olmaması barədə açıqlamaları və Cavabdeh MMC ilə hər hansı real əmək fəaliyyəti göstərilməsinə dair sübutların olmaması, işəgötürənlə əlaqə yaratmaq cəhdlərinin nəticəsiz qalması və şirkətin qeydiyyatda olduğu ünvana göndərilən məktubun geri qaytarılması kimi hallar onu deməyə əsas verir ki, əmək müqaviləsi formal xarakter daşıyır və real əmək münasibətlərinə söykənmir. Əmək hüquqları konstitusion hüquqlar sırasına daxildir və hər bir şəxsin əmək müqaviləsi əsasında işləyib-işləmədiyi, əmək fəaliyyətinin qanunauyğun aparılması hüquq sistemimizdə ciddi şəkildə qorunur. İddiaçının razılığı və xəbəri olmadan onun adından əmək müqaviləsinin bağlanması qanunsuzdur və bu hal əmək hüquqlarının pozulmasıdır. Göründüyü kimi, əmək müqaviləsinə qanunvericilikdə nəzərdə tutulan qaydada xitam verilməsi və bu barədə bildirişin (əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi) elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi işəgötürənin vəzifələrinə aid edilmişdir. Məhkəmə qeyd edir ki, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi işəgötürənin vəzifələrinə aid olsa da, işəgötürən sözügedən müqaviləyə xitam verməmişdir. Hazırda iddiaçı işəgötürənlə heç bir hüquqi bağlılığının qalmadığını və həmin müqavilənin xitam verilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməməklə yanaşı, iddiaya qarşı mülahizələrini məhkəməyə təqdim etməmişdir. Mövcud vəziyyətdə işəgötürənin Əmək Məcəlləsində onun vəzifələri kimi təsbit edilmiş əmək müqaviləsinə xitam verilməsi və bu barədə bildirişin elektron informasiya sisteminə göndərilməsinə dair müvafiq hərəkətləri həyata keçirməməsi iddiaçının qanunvericiliyə əsasən malik olduğu əmək hüquqlarının ozulmasına zəmin yaratmışdır. Bu səbəbdən iddiaçının pozulmuş hüquqları bərpa edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarına görə, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, tərəflər arasında hər-hansı əmək münasibətləri olmadığından, tərəflər arasında olan əmək müqaviləsi formal xarakter daşıdığından iddiaçı ilə işəgötürən arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsi qüvvədən düşmüş hesab edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 2174, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı Cavabdeh MMC ilə bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsi qüvvədən düşmüş hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1465/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1465/2025
15.04.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver