Məhkəmə qərarları › İş №2(003)-150/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-150/2022

02.08.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-150/2022 02.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdeh və onun nümayəndəsi və vəkili X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı bağ sahəsindən çıxarılma, hasarın sökülməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası, X2 məxsus Bakı şəhəri, Xəzər rayonu Türkan bağ massivi ünvanında yerləşən ümumi sahəsi 0,24 ha olan 362 saylı bağ sahəsində qonşu bağ sahəsinin sahibi cavabdeh, Cavabdeh tərəfindən inşa edilmiş daş hazarların və müvafiq qanunsuz tikililərin onun hesabına dərhal sökülməsi və ona aid əşyaların bağ sahəsindən çıxarılması. Həmçinin, həmin bağ sahəsi üzərində onun vərəsəlik və mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası, mərhum X1 miras qalmış ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0,24 ha olan 362 saylı bağ sahəsinə dair mərzçəkmə və inventarlaşma işləri aparmaq üçün Azərbaycan Rsepublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakə Ərazi idarəsinə etdiyi müraciət əsasında həmin idarənin mütəxəssisi mərzçəkmə və inventarlaşma işləri aparmaq üçün ona miras qalmış 362 saylı bağ sahəsində olsa da, həmin bağ sahəsinin bir hissəsinin 530 saylı qonşu bağ sahəsinin sahibi cavabdeh X7 tərəfindən qanunsuz olaraq hasarlanmasının və qanunsuz hasarlanmış hissədə qanınsuz tikili inşa edilməsinin, eyni zamanda həmin şəxs 362 saylı bağ sahəsinə bitişik hissədə inşa edilmiş tikilidə onun bağ sahəsinə açılan pəncərə qoyması səbəbindən həmin işləri həyata keçirə bilməmişdir. Hesab edir ki, cavabdeh tərəfindən bağ sahəsinin həmin hissəsində aparılmış daş hasarlar və müvafiq tikililər Cavabdeh tərəfindən və onun hesabına dərhal sökülməli, ona aid əşyalar onun hesabına mərhum atasından miras qalmış torpaq sahəsindən çıxarılmalı və ümumi sahəsi 0,24 ha olan 362 saylı bağ sahəsi üzərində mənim vərəsəlik və mülkiyyət hüququm tanınmalıdır. Məhkəmə iclasında İddiaçı və onun vəkili və nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat veərərk, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili X8 hər biri ayrı-ayrılqda iddianın rədd edilməsini xahiş etdilər. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, iddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa belə, hazırki iddia ilə bağlı subyektiv hüquqa malik deyildir. Belə ki, iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X5 tərəfindən 03 oktyabr 1988-ci il tarixdə 18725 saylı müqaviləsindən görünür ki, X2 Xəzər rayonu, Türkan kəndində ayrılmış 362 saylı bağ sahəsi ayrılmışdır. iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşənmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Türkan qəsəbəsi 530 saylı bağ sahəsi Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli **********37 nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, keçmiş X3 və İstismarı Birliyi tərəfindən vətəndaşlara torpaq (bağ) sahələri ayrılarkən koordinatlarla ayrılmadığından, həmçinin vətəndaşlar bağ sahələrində hasarlanma işlərini bağların bölgüsünə dair sxematik xəritəyə uyğun olaraq plan üzrə aparmadıqları üçün, bağ sahələrinin naturada yerləşməsi və bağlararası yollar sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Bu səbəbdən Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X5 tərəfindən 03 oktyabr 1988-ci il tarixdə 18725 saylı müqaviləsi əsasında X2 Xəzər rayonu, Türkan kəndində ayrılmış 362 saylı bağ sahəsinin dəqiq harada yerləşməsini müəyyənləşdirmək mümkün deyildir. Lakin iddiaçının istifadəsində olan və naturada göstərdiyi nöqtələr əsasında torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. İddiaçının iddia etdiyi 17 kv.m torpaq sahəsi Cavabdeh mülkiyyətində olan 1000 kv.m torpaq sahəsi ilə **********53 reyestr nömrəli çıxarışa əsasən üst-üstə düşmür. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Hazırki halda iddiaçı iddianın əsaslığını sübut edən dəllilləri təqdim etmədiyindən iddia təmin edilə bilməz. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı bağ sahəsindən çıxarılma, hasarın sökülməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “daş hazarların və qanunsuz tikililərin onun hesabına dərhal sökülməsi və ona aid əşyaların bağ sahəsindən çıxarılması, bağ sahəsi üzərində vərəsəlik və mülkiyyət hüquqlarının tanınması” barədə iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar