Məhkəmə qərarları › İş №2(003)-1603/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1603/2025

21.07.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1603/2025 21.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı, Cavabdeh X4 iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı “evdən çıxarılma” tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, İşin halları İddiaçı cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məxsus olan ünvan 1 ünvanında yerləşən evdən cavabdeh X4 çıxarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən ev onun şəxsi mülkiyyətidir. O, həmin mənzili xx.xx.2013-cü ildə xüsusi mülkiyyət kimi DƏDRX-nın Bakı Ərazi İdarəsində qeydiyyatdan keçirilib, ******* saylı qeydiyyat vəsiqəsi almışdır. Ailə üzvləri ilə birlikdə - qızları ilə həmin mənzildə yaşamışlar. Hazırda cavabdeh onun mənzilində özü tək yaşayır. Qeyd edir ki, bacısı ailə qurandan sonra bir müddət əri ilə həmin ünvanda yaşayıb, sonra bacısı rəhmətə getsə də qaynı evdən çıxmamışdır və hazırda da orda yaşayır. Bir neçə dəfə hətta onu qeydiyyata salmağını xahiş etmişdir. İddiaçı dəfələrlə ona mənzili boşaltmağını xahiş etsə də o çıxmaqdan imtina etmişdir. Hətta bir dəfə polis onu həmin evdən çıxartmış lakin sonra yenə geri qayıtmışdır. Cavabdehin bu hərəkətləri iddiaçının mülkiyyət hüququnu həyata keçirməsinə imkan vermir. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Eyni zamanda izahatında göstərdi ki, cavabdehə kompensasiya vermək istəmir, ev onun mülkiyyətidir, ona görə də cavabdeh evdən çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdeh X7 iddia tələbini qəbul etmədi və rədd edilməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş sənədlər -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanı xx.xx.2013-cü il tarixdən İddiaçı mülkiyyətindədir. X4 pasportunda qeydiyyat haqqında məlumatdan görünür ki, o müəyyən illərdə Mərdəkan qəsəbəsi Sovet küçəsi ev 10 ünvanında qeydiyyat olub. Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 464 saylı xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Mərdəkan qəsəbəsi Rəfael Cəfərov küçəsinin əvvəlki adı Sovet küçəsi olmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-862/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadından görünür ki, İddiaçı cavabdehlər X5 və X3 qarşı “evdən çıxarılma” tələbi üzrə iddiası olmuşdur, iddiaçı ərizı ilə müraciət edərək iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-862/2017 saylı işin araşdırılması zamanı cavabdehlər X7 və X6 tərəfindən təqdim edilmiş etiraz ərizəsindən görünür ki, X2 Xatirənin doğma bacısı idi, mübahisəli ev isə onların ərlərinin valideyinlərinə məxsus olub. Onların xəbəri olmadan İddiaçı evi özəlləşdirib. Onların qalmağa başqa yerləri yoxdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinəsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ”Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli Qərarında Plenum qeyd etmişdir ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 12 iyul 2016-cı tarixli Qərarında qeyd etmişdir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan mənzildən istifadə hüququna müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsini də müəyyən qədər əmlak itkilərinə aid etmək olar. Belə ki, kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi bir tərəfdən mülkiyyət hüququnun qorunmasına yönəlir, digər tərəfdən isə əmlakdan istifadə hüququnun itirilməsi ilə nəticələnir. Həmin qərarda Plenum qərara almışdır ki, birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Prossesul Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi İş materialları ilə müəyyən edilmişdir ki, mübahisə predmetini təşkil edən yaşayış sahəsi cavabdehin valideynlərinə məxsus olmuş və həmin ünvanda cavabdeh X7 doğulmuş, uşaqlıq və gənclik illərini keçirmişdir və hazırda həmin mənzildə yaşamağa davam edir. Bu işin mübahisəsiz halıdır və cavabdeh tərəfindən təqdim olunmuş sənədlərlə, o cümlədən qeydiyyat məlumatları ilə təsdiqlənmişdir. Azərbaycan SSR Mənzil Məcəlləsinin müddəalarına əsasən, birlikdə yaşayan ailə üzvləri, eləcə də onunla birgə daimi yaşayan digər şəxslər yaşayış sahəsindən istifadə hüququ əldə edirlər. Bu hüquq şəxsin həmin mənzildə uzunmüddətli faktiki yaşaması və ailə üzvü kimi tanınması əsasında yaranır və ayrıca müqavilə bağlanmasına ehtiyac olmadan hüquqi nəticə doğurur. Cavabdeh barəsində təqdim edilən məlumatlardan görünür ki, o, hər nə qədər müəyyən dövrdə (1990-cı illərdə) xarici ölkədə (Rusiya Federasiyası) yaşamış olsa da, daha sonra yenidən Azərbaycana qayıdaraq həmin ünvanda – valideynlərinə məxsus olmuş və daha sonralar yoldaşının bacısı, həmdə qardaşının arvadı olan İddiaçı tərəfindən özəlləşdirilmiş mənzildə yaşamağa davam etmişdir. Bu davamlılıq və yaşayışın fasiləsizliyi onun mənzilə bağlı müəyyənləşmiş, sabit hüquqi status qazanmasına gətirib çıxarmışdır. Azərbaycan Respublikası Mülki qanunvericiliyə əsasən şəxsin daimi yaşadığı yaşayış sahəsindən çıxarılması yalnız ona alternativ yaşayış yeri təqdim olunduqda və ya adekvat kompensasiya ödənildikdə mümkündür. Məhkəmə prosesi zamanı iddiaçı kompensasiya verməkdən imtina etmiş və cavabdehin həmin mənzildən çıxarılmasını təkidlə tələb etmişdir. Lakin bu yanaşma nə beynəlxalq hüquqi standartlara, nə də ölkədaxili hüquqi normalara uyğun hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, cavabdehin doğulub-böyüdüyü, sosial həyat və ailə əlaqələrinin formalaşdığı, uzun müddət yaşadığı bu mənzildən onu kompensasiyasız və alternativ təminatsız çıxarmaq konstitusiyaya və beynəlxalq hüquqa zidd olaraq dəyərləndirilir. Məhkəmə qeyd edir ki, proses zamanı iddiaçı tərəfə bir neçə dəfə mübahisənin kompensasiya əsasında həlli təklif olunmuş, cavabdehin könüllü çıxmasının təmin edilməsi məqsədilə ədalətli maddi ödəniş barədə düşünməsi xahiş edilmişdir. Lakin iddiaçı bu təkliflərin heç birini qəbul etməmiş, yalnız çıxarılma tələbini irəli sürmüşdür. Hüquq sistemində balanslaşdırma prinsipi (prinsip proporsionallıq və zərurət) fundamental xarakter daşıyır və hüquqi mübahisələrin ədalətli həllinə zəmin yaradır. İş materiallarından məlum olur ki, iddiaçı eyni cavabdehlə bağlı 2017-ci ildə də analoji iddia ilə məhkəməyə müraciət etmiş, lakin həmin iddiasını geri götürmüş və baxılmamış saxlanılmasını xahiş etmişdir. Bu hal onu göstərir ki, iddiaçı cavabdehin bu mənzildə yaşamasına uzun müddət razılıq vermiş və onun burada yaşamasına etiraz etməmişdir. Bu davranış cavabdehin həmin mənzildə qanuni gözləmə (legitimate expectation) hüququnun formalaşmasına səbəb olmuşdur. Beləliklə, xacavdehin əvvəlki Azərbaycan SSR Mənzil Məcəlləsi əsasında faktiki istifadə hüququnun formalaşması, yaşamaq üçün alternativ məkanının olmaması, kompensasiyanın rədd edilməsi səbəbilə balansın pozulması halları nəzərə alınaraq, cavabdehin bu mərhələdə mənzildən çıxarılması hüquqi baxımdan yolverilməz hesab edilmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X5 qarşı “evdən çıxarılma” tələbi barədə iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar