Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1606/2022 29.06.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı cavabdeh X1 qarşı evdən çıxarılma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi bağ sahəsi ev 862C ərazisində yerləşən tikilidən Cavabdeh ona məxsus olan evdən çıxarılması və həmin evin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1ünvanında yerləşən fərdi ev ona məxsusdur. Həmin evi o 2016-cı il tarixdə Leyla adlı bir qadından almışdır. Ev 2,5 sot torpaq sahəsinin üzərində olmaqla otaqdan ibarətdir. Kommunal şəraiti vardır. Ona məxsus evdə işıq, qaz, su hamısı vardır onun adınadır. Kommunal xərcləri özü ödəyir. Hazırda həmin evdə cavabdeh də yaşayır. Cavabdeh onun doğma qardaşıdır. Cavabdeh onu öz evində rahat yaşamağa imkan vermir. Baxmayaraq ki, mübahisəli evi o öz vəsaiti hesabına almışdır. Cavabdeh ondan icazə almadan o yaşadığı evə öz adına işıq, qaz xətləri çəkdirmişdir. Cavabdehin qeydiyyatı Abşeron rayon Polis İdarəsidir. Cavabdehin ona məxsus evin yaşayış sahəsinə sahiblik və istifadə hüququ mövcud deyildir. Buna baxmayaraq bu günə kimi cavabdeh onun evində qeydiyyatsız yaşamaqda davam edir. İşin bu və digər halları onu deməyə əsas verir ki, cavabdeh ona məxsus evdən çıxarılmalıdır. O cavabdehə dəfələrlə müraciət etdi ki, evi boşaltsın, cavabdeh isə buna əməl etmir. Bu da onun öz evindən rahat istifadə etməyinə maneçilik törədir. Hazırda belə bir vəziyyət yaranıb ki, o özünə məxsus mülkdən istifadə edə bilmir. Cavabdeh ona maneçilik törədir. Belə olan halda o öz hüqularının bərpası üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədə İddiaçı və onun nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, onların Yeni Günəşli qəsəbəsi “AB” massivində mənzilləri olmuşdur. Onlar həmin mənzildə yaşamışlar. Ailədə 2 qardaş və 1 bacı olmuşlar. 2011-ci ildə atası ilə anası boşanmışlar və atası evi tərk etmişdir. 2012-ci ildə qardaşı ailə qurmuş və həmin tarixdən hal-hazıradək də ailəsi ilə birlikdə Binəqədi rayonunda özünə məxsus evdə yaşayır. Bacısı, iş üzrə İddiaçı 2015-ci ildə ailə qurmuş və həmin tarixdən ailəsi ilə birlikdə, hal-hazırda da Binə qəsəbəsində yaşayır. Yeni Günəşli qəbəsində yerləşən mənzilləri 2015-ci ildə satıldı və əldə edilən pul aralarında bölündü. Atası özünə çatası pulu bacısına vermişdir. Ona və anasına qalan 40000 manat pula isə Xırdalan qəsəbəsində yerləşən “Abşeron Kristal”da olan binadan ipotekaya 3 otaqlı mənzil götürdülər və anası ilə o, 2017-ci ilədək həmin mənzildə yaşamışdılar. 2017-ci ildə həmin mənzili sataraq Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Bağlar sahəsində olan 3 sot torpaq sahəsini və həmn torpaq sahəsində yerləşən təmirsiz 3 otaqlı evi aldılar və anası ilə birlikdə həmin evdə yaşayayaşaya anası ilə birgə vəsaitləri hesabına təmir elətdirmişlər. Nə iddiaçının, nə də digər ailə üzvlərinin həmin evə heç bir aidiyyəti olmamış və həmin evin alınması və ya təmiri üçün onların vəsaiti xərclənməmişdir. Anasının ölümününədək, yəni 2020-ci ilin iyul ayınadək anası ilə birlikdə həmin evdə yaşamışlar. İddiaçı isə bu illər ərzində cəmi 2-3 dəfə qonaq kimi gəlmiş, 2-3 saat olduqdan sonra çıxıb getmişdir. Hazırda həmin evdə o öz ailəsi ilə birlikdə yaşayır. Həmçinin torpaq sahəsi alınanda da heç bir sənədi olmamış, hazırda da sənədi yoxdur. Lakin bu baxmayaraq bütün kommunal xərclər onun adındadır və torpaq sahəsinin yerləşdiyi Bələdiyyəyə də torpaq vergisini o ödəyir. Göründüyü kimi, iddiaçı hər hanısı bir hüququ olmayan əmlaka dair iddia qaldırmışdır. Ona görə də onun iddiası əsassıdır. Bu səbəbdən hesab edir ki, ilk növbədə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Hesab edir ki, iddiaçının hazırki tələblə ona qarşı iddia irəli sürməyə subyektiv hüququ yoxdur. Belə ki, nə torpaq sahəsi nə də həmin torpaq sahəsində yerləşən evin iddiaçıya heç bir aidiyyəti yoxdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, o, ev təmiri ilə bağlı usta işləyir. 2017-2018-ci illərdə mübahisəli mənzili o təmir etmişdir. Həmin mənzilin təmiri ilə bağlı onu Yalçının anası dəvət etmişdir. Həmin evin təmiri ilə bağlı çəkilən xərclərin pulunu Yalçının anası ona Yalçın vasitəsi ilə vermişdir. Həmin evin təmiri zamanı o, nə Yeganəni, nə də Yeganənin yoldaşını tanımırdı. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, mübahisəli evi Leyla adlı şəxs mübahisəli evi Narbadam xanıma satmışdır. Şənbə və bazar günləri Yeganə xanım şənbə və bazar günləri uşaqları ilə birlikdə həmin evə gəlirdi. Yalçının Türkiyədə təhsili başa çaqtdıqdan sonra, həmin evdə yaşamışdı. Anasının sağlığında birlikdə qalırdılar. Yalçının anası vəfat etdikdən sonra Yalçının atasını bir neçə defə görmüşdür. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, mübahisə predmetinə aid olan evi satış üçün elanı Leyla xanımın xahişi ilə o, saytda yerləşdirmişdi və özünə aid olan telefon nömrəsini qoymuşdur. Yalçının anası evə baxmaq üçün zəng etmiş və sonradan Leyla xanımla razılaşaraq almışdırlar. Evi Yalçının anası Leyladan 36000-38000 manata alımışdır. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli ev və həmin ünvanda yerləşən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində nə iddiaçının, nə də cavabdehin adına qeydə alınmadığından, iddiaçının mübahisəli evə və həmin ünvanda yerləşən torpaq sahəsinə hər hansı hüququ əmələ gəlməmişdir. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçı irəli sürdüyü tələbə münasibətdə ümumiyyətlə subyektiv hüquqa malik şəxs deyildir və həmin tələbə məhz bu kontekstdə qiymət verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Bu mənada, məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandırmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bununla yanaşı, tərəflərin və şahodlərin məhkəmə iclasında vermiş olduğu izahatlarından görünür ki, tərəflər bacı və qardaşdırlar, həmin ev tərəflərin analarının vəsaiti hesabına alınmış və eyni zamanda cavabdehin məhkəməyə təqdim etmiş olduğu torpaq, su, işıq və qazdan istifadə ilə bağlı ödəniş qəbzlərindən də görünür ki, cavabdeh orada yaşamaqla digər yaşayan şəxslərlə birgə təsərrüfat aparmışlar. Bələ ki, yuxarda da qeyd olunduğu kimi, həmin özbaşına tikili rəsmi olaraq reyestrdə mülkiyyət kimi qeydə alınmamaqla cavabdehin həmin tikiliyə dair hər hansı sərəncam vermək hüqüqlarının olmadığı kimi, iddiaçının da belə bir tələblə çıxış etməsi üçün hər hansı qanuni əsas olmamaqla bu tələbin irəli sürülməsində subyektiv hüquqa malik deyil. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəsini etdiyi evə dair qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün iddiaçının sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünkü, subyektiv hüququnun olduğu müəyyən edilməmişdir, belə halda hazırki tələbin tələbinin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı. Beləliklə, qeyd edilənlərə əsasən İddiaçı cavabdeh X1 qarşı yaşayış sahəsindən çıxarılma və evin boşaldılaraq təhvil verilməsi barədə iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh X1 qarşı Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi bağ sahəsi ev 862 C ərazisində yerləşən tikilidən “evdən çıxarılma və evin boşaldılaraq təhvil verilməsi” bardə iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1606/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1606/2022
29.06.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver