Məhkəmə qərarları › İş №2(003)-1616/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1616/2021

19.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1616/2021 19.04.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun, 08.05.2009-cu il təvəllüdlü X1 və 04.01.2012-ci il təvəllüdlü X3 ilə birlikdə ünvan 1-də yerləşən 2 otaqlı evə köçürülməsi və cavabdeh tərəfindən onların həmin evdə yaşamasına hər hansı maneə yaradılmasının cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2008-ci il tarixdə nikaha daxil olaraq ünvan 1-yə 2 otaqlı evə cehiz əşyaları ilə birlikdə gəlin köçmüşdür. Birgə nikahdan 08.05.2009-cu il təvəllüdlü X1 və 04.01.2012-ci il təvəllüdlü X3 doğulmuşdur. Daha sonra tərəflər arasında nikah münasibətləri pozulmuş, bundan sonra cavabdeh onu evdə yaşamasına maneçilik yaratmış, onu və uşaqlarını evə buraxmamış, 2019-cu ilin dekabr ayında onu və uşaqları 11 il yaşadığı evdən qovmuşdur. Onun cehiz əşyaları da hazırda həmin evdədir. Evin daşınmaz əmlakın dövlət reyestrində heç bir qeydiyyatı yoxdur. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Bəhruz Səfərov iddia tələbini dəqiqləşdirərək İddiaçı uşaqları X1 və X3 ilə birlikdə ünvan 1-də yerləşən 2 otaqlı evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X6 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf edərək (yazılı ərizə var) izahatında bildirdi ki, İddiaçı uşaqları ilə birlikdə ünvan 1-də yerləşən 2 otaqlı evə köçürülməsinə etiraz etmir. Məhkəmə işdə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən 15.03.2019-cu il tarixdə verilmiş AZ-İ seriyalı 312848 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında olan nikah qeydi 15.03.2015-ci il tarixdə pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 228.1 və 228.2-ci maddələrini tətbiq etməklə məhkəmə belə qənaətə gəlir ki, özbaşına tikintiyə əmlak hüquqlarının əldə edilməsi qeyri-mümkün olduğundan, cavabdehin də evə dair sərəncam vermək hüququ olmadığından, iddiaçı mübahisəli evə köçürülməlidir. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdehin həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Bu səbəbdən iddiaçının özbaşına inşa edilmiş həmin tikiliyə köçürülməsi üçün qanuni maneə yoxdur. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Mülki Məcəllənin 6.1.1-ci maddəsi isə mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da cavabdehlə eyni şərtlər daxilində əvvəllər yaşadığı özbaşına tikilidən yararlanmaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının həmin hissəyə köçürülməsindən onun özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Məhz buna görə də məhkəmə hesab edir ki, bu tip mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olubolmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər məhrumedənin mənzilə hüququ yoxdursa məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir. Həmçinin nəzərə alınmalıdır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Beləliklə, İddiaçı 08.05.2009-cu il təvəllüdlü X1 və 04.01.2012-ci il təvəllüdlü X3 ilə birlikdə mübahisəli evə köçməsi üçün hüquqi əsası olduğundan İddiaçı mübahisəli otağa köçürülməlidir. İddia tələbi digər tərəfdən ona görə təmin edilməlidir ki, iddia tələbi həm də cavabdehin özü tərəfindən etiraf edilərək, iddia tələbi qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar Cavabdeh tərəfindən etiraf edilərək, qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı 08.05.2009-cu il təvəllüdlü X1 və 04.01.2012-ci il təvəllüdlü X3 ilə birlikdə ünvan 1 ünvanda olan 2 otaqlı evə köçürülsün. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar