Məhkəmə qərarları › İş №2(003)-1621/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1621/2022

04.08.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1621/2022 04.08.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, Cavabdeh Aslanova (Vəliyeva) Elnurə Aslan qızının, onun nümayəndəsi və vəkili X2, Üçüncü şəxs X3 iştirakı ilə İddiaçı cavabdeh Aslanova (Vəliyeva) Elnurə Aslan qızına qarşı evə köçürülmə tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Aslanova (Vəliyeva) Elnurə Aslan qızına qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağları ev 2, 37 saylı mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2009-cu ildə Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, iki övladları anadan olmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyi üçün nikahın pozulması tələbinə dair Sabunçu rayon məhkəməsində iddia qaldırmış və Sabunçu rayon məhkəməsinin qətnaməsi ilə iddiası təmin olunmuşdur. Cavabdehlə birgə nikah dövründə 2016-2017-ci illərdə Xəzər rayonu Qala qəsəbəsi Xaşa- Xuna bağ massivində 3,6 sot torpaq sahəsi almışdır. Bundan sonra öz maddi vəsaiti hesabına həmin torpaq sahəsində 1 mərtəbədən ibarət ümumi sahəsi 143 kv.m olan fərdi yaşayış evi tikdirmişdir. Evin tikintisinə ümumilikdə 40 min manata yaxın maddi vəsait xərcləmişdir. Bu məbləğ onda olmadığı üçün məcburiyyət qarşısında qalaraq 2018-ci ildə Kapital Bank ASC-dən 3 il müddətinə 12 min manat pul götürmüşdür. Bu məbləğin hamısını evin təmir işlərinə xərcləmişdir. 2018-ci ilin iyun ayında evin təmir işləri tam yekunlaşdıqdan sonra ailə üzvləri ilə birlikdə evə köçmüşlər. 2021-ci ilin mart ayına kimi cavabdehlə birlikdə bu evdə yaşamışlar. Nikahın pozulması tələbinə dair məhkəməyə müraciət etdikdən sonra valideyinlərinin yanında yaşayır. Cavabdeh isə azyaşlı övladları ilə birlikdə həmin evdə yaşayır. Cavabdehlə ayrı yaşadığı üçün onunla birgə nikah dövründə bankdan götürdüyü 12 min manat məbləğində pulun və əmlakın təmirinə xərclənmiş pul vəsaitinin 1/2 hissəsinin cavabdehdən tutularaq ona ödənilməsi üçün Xəzər rayon məhkəməsində iddia qaldırmışdır. Xəzər rayon məhkəməsinin xx.xx.2021 -ci il tarixli 2(003)-2296/2021-ci il tarixli qətnaməsi ilə iddiası təmin olunmamışdır. Hazırda yaşamağa başqa yaşayış yeri yoxdur. Cavabdeh həmin evə köçüb yaşamağına maneə törədir. Nəticədə məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək Bakı şəhəri Xəzər rayonu Qala qəsəbsi Xaşa Xuna bağ massivində yerləşən 3.6 ha torpaq sahəsində yerləşən ümumi sahsi 143 kv.metrdən ibarət, kürsülü, dörd otaqlı, hama, sanitar qovşağından ibarət bir mərtəbəli fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbsi Xaşa Xuna bağ massivində olan 3.6 ha torpaq sahəsi, o, cavabdehlə birgə yaşadıqları dövrdə almışdır. Sonra isə öz vəsaiti hesabına 1 mərtəbəli ev tikmişdir. 2018-ci ildən 2021-ci ilin mart ayınadək cavabdeh Aslanova (Vəliyeva) Elnurə Aslan qızı ilə birlikdə həmin evdə yaşamışlar. Aralarında olan nikah pozulduqdan sonra 2021-ci ilin mart ayında həmin evdən çıxmışdır. Hazırda həmin evdə heç kim yaşamır. Cavabdehin atasının həmin evə heç bir aidiyyəti yoxdur. Evi, cavabdehin atası tikməmişdir. Evin kommunal xərcləri onun adındadır. Ona görə də hesab edir ki, cavabdehin atası X3 onun qaldırdığı iddiaya heç bir aidiyyəti yoxdur. Məhkəmə iclasında cavabdeh Aslanova (Vəliyeva) Elnurə Aslan qızı iddia tələbini etiraf etməyərək, izahatında bildirdi ki, mübahisə predmeti olan ev atasına məxsusdur və yaşamaları üçün onlara vermişdir. İddiaçı ilə o, 2018-ci ildə köçüb yaşamağa başlamışlar 2 il 6 ay həmin evdə yaşamışlar. Hazırda o, uşaqları ilə birlikdə Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində, qeydiyyatda olduğu ünvanda yaşayır, uşaqları da orada məktəbə gedir. İddiaçının köçmək istədiyi ev isə atasına məxsusdur və atası tərəfindən tikilmişdir. Hazırda həmin evdə atası yaşayır. Birgə nikah dövründə cavabdeh tərəfindən götürülmüş kredit vəsaitinə isə cavabdeh “Opel” markalı qırmızı rəngli “313” nömrəli avtomobil almışdır. Boşanmadan əvvəl isə cavabdeh həmin avtomobili anasının adına keçirmiş və özü isə etibarnamə əsasında həmin avtomobili istifadə edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X4 iddia tələbini etiraf etməyərək, izahatında bildirdi ki, mübahisə predmeti olan evin hüquqmüəyyənedici sənədi yoxdur, özbaşına tikilidir. Evin yerləşdiyi torpaq sahəsi isə cavabdehin atasına məxsusdur. Həmin torpaq sahəsinə və evə dair vergi və bələdiyyə ödənişləri cavabdehin atası tərəfindən ödənilir. Cavabdehin həmin evə dair heç bir istifadə hüququ yoxdur. Belə ki, cavabdeh həmin evdə yaşamır. Həmin ev cavabdehin atasının sahibliyində və istifadəsindədir. Odur ki, hesab edir ki, Aslanova (Vəliyeva) Elnurə Aslan qızı hazırki iddiaya cavab verməli olan şəxs deyil. Həmçinin iddiaçı mübahisə predmeti olan evin cavadehlə birgə nikah dövründə və birgə vəsait hesabına tikilməsi ilə hər hansı bir sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs X9 izahatında bildirdi ki, mübahisə predmeti olan ev ona məxsusdur və onun tərəfindən tikilmişdir. Evin yerləşdiyi torpaq sahəsi ilə bağlı bələdiyyə sənədi var. 2015-ci ildən həm torpaq sahəsi, həmdə evlə bağlı müvafiq vergi ödənişləri edir. Həmin ev hazırda onun sahibiliyindədir və orada o yaşayır, qızı Elnurə isə uşaqları ilə birlikdə Bakıxanov qəsəbəsində yaşayır. İddiaçının isə həmin evdə yaşamasına etiraz edir. Məhkəmə tərəfindən iddiaçıya cavabdeh Aslanova (Vəliyeva) Elnurə Aslan qızı ilə əsl cavabdeh X9 ilə əvəz edilməsini təklif edilmiş, cavabdeh razı olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54.2-ci maddəsinə əsasən işə irəli sürülmüş tələblər üzrə baxılması davam etdirilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3165/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə X10 arasında Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsində xx.xx.2009-cu il tarixdə 1709 №li akt qeydi ilə bağlanmış nikahın pozulması, boşanmadan sonra xx.xx.2010-cu il təvəllüdlü X11 və xx.xx.2013-cü il təvəllüdlü X5 anaları X6 yanında saxlanılması qət edilmişdir İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2296/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X8 qarşı cavabdeh X10 ilə birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağları ev 3, 37 saylı evin tikintisi üçün xərclənən pul vəsaitinin 1/2 hissəsinin cavabdehə ödənilməklə onun Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa- Xuna bağları ev 2, 37 saylı mənzildən çıxarılması barədə iddiası rədd edilmişdir. Həmçinin həmin qətnamədən görünür ki, işin araşdırılması zamanı tərəflərin birgə nikahlarından olan X12 və X7 Bakı şəhəri Nizami rayonu Y.Kovalyov adına 229 nömrəli məktəbdə oxumaları, Cavabdeh Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağları ev 2 37 saylı mənzildən çıxarılmalı olduğunu iddia etdiyi evdə yaşamadığı müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanılmış “Bərk məişət tullantılarının toplanılması, daşınması xidmətlərinin göstərilməsinə dair” 103214 nömrəli müqavilədən görünür ki, həmin müqavilə icraçı sifarişçiyə sonuncunun fəaliyyəti nəticəsində yaranan məişət tullantılarının toplanılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin göstərilməsini öhdəliyə götürülməsi barədə bağlanılmışdır. İş materiallarında olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, həmin müqavilə bank tərəfindən İddiaçı 48 ay müddətinə 27,34 faiz dərəcəsi ilə 12000 manat məbləğində kreditin verilməsi haqqında bağlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının Bakıxanov qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəli tərəfindən verilmiş 6.12.2021ci il tarixli 2146 nömrəli arayışın surətindən görünür ki, Cavabdeh, Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsi 68 saylı evdə qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının Qala qəsəbə inzaibati ərazi dairəsi üzrə nümayəndəliui tərəfindən verilmiş 663 nömrəli xx.xx.2021-ci il tarixli arayışından görünür ki, X1 qəsəbəsi Xaşa-Xuna bağ masivində qeydiyyatsız olmaqla yaşayır. İş materiallarında olan xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli qəbzlərin surətlərindən görünür ki, X9 tərəfindən həmin tarixlərdə Qala Bələdiyyəsinin hesabına əmlak vergisi qismində 50 manat ödəniş aparılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Sadalanan qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə qeyd edir ki, mübahisə predmeti olan ev özbaşına tikinti hesab edilməklə həmin evə və torpaq sahəsinə dair iş üzrə tərəflərin hər hansı bir hüququnun (sahiblik, istifadə və sərəncam vermək) yaranması müəyyən edilmir. Belə ki, iş üzrə mübahisə predmeti olan evə və həmin evin yerləşdiyi torpaq sahəsinə dair müvafiq sənədlər təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. İşin araşdırılmış hallarından müəyyən edilir ki, mübahisə predmeti olan evdə iş üzrə cavabdeh Aslanova (Vəliyeva) Elnurə Aslan qızı yaşamır. Eyni zamanda onun tərəfindən həmin evdə (tikilidə) iddiaçının yaşamasına dair hər hansı bir maneə mövcüd deyil. Baxmayaraq ki, iddianın əsaslarına cavabdeh tərəfindən həmin evə köçüb yaşamasına manəə törədilməsi daxildir. Mübahisə predmeti olan evdə iddiaçının yaşamasına cavabdeh tərəfindən maneənin törədilməsi işin araşdırılması zamanı müəyyən edilməməklə iddiaçı tərəfindən də bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə müəyyən olunur ki, mübahisə predmeti olan evdə iş üzrə üçüncü şəxs X9 yaşayır və iddiaçının köçüb həmin evdə yaşamasına etiraz edir. Odur ki, məhkəmə hesab edir ki, Aslanova (Vəliyeva) Elnurə Aslan qızı hazırki iddiaya cavab verməli olan şəxs kimi qəbul edilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, Aslanova (Vəliyeva) Elnurə Aslan qızına qarşı irəli sürülmüş iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Aslanova (Vəliyeva) Elnurə Aslan qızına qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qanuni qüvvəyə minir. Sədrlik edən Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar