Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-163/2023 30.05.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı nümayəndəsi X6, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “tikilinin sökülməsi və torpaq sahəsinin qaytarılması” tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “tikilinin sökülməsi və torpaq sahəsinin qaytarılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Əzizbəyov rayon XDS-nin İK-nin xx.xx.1991-ci il tarixli 22 saylı qərarı ilə ona ayrılmış 3/920 saylı, sahəsi 750 kv.m olan, Şağan qəsəbəsi Yarıməmməd Əsədullayev küçəsi 164 ünvanında cavabdeh tərəfindən tikilmiş tikililərin sökülməsi və torpaq sahəsinin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X10 iddia ərizəsini müdafiə edərək izahatında bildirdi ki, Bakı şəhəri Əzizbəyov rayonu XDS-nin İK-nin xx.xx.1991-ci il tarixli 22 saylı qərarı ilə iddiaçıya Mərdəkan qəsəbəsində 3/980 saylı sahədə fərdi ev tikmək üçün 750 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində başqa şəxs tərəfindən qanunsuz olaraq yarımçıq tikinti işləri aparılmışdır. Sonradan həmin şəxlə arasında olan razılaşmaya əsasən Cavabdeh torpaq sahəsinin ilkin sənədləşdirilməsini həyata keçirmək üçün etibarnamə verilmişdir. Lakin cavabdeh etibarnamədən öz məqsədləri üçün istifadə edərək torpaq sahəsinin sənədləşdirilməsini aparmadan qanunsuzluq etmiş və iddiaçının adına olan torpaq sahəsini zəbt edərək orada qanunsuz tikililər inşa etmişdir. 2007-ci il tarixdə Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ona aid olan torpaq sahəsinə AN:01113 saylı “Torpaq sahəsinin plan-ölçüsü” hazırlanmış və X17 Kitabında xx.xx.2007-ci il tarixdə 1369 nömrə ilə qeydiyyatdan keçmişdir. İddiaçı cavabdehdən torpaq sahəsinin boşaldılmasını və özbaşına tikilmiş tikililərin sökülməsini tələb etdikdə, cavabdeh iddiaçının qanuni tələblərinə məhəl qoymamışdır. İddiaçı bir neçə dəfə məhkəmə orqanlarına müraciət edərək torpaq sahəsinin ona qaytarılmasını tələb etmiş, o zaman torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən iddiaçı yenidən Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-417/2022 saylı iş üzrə ekspertiza təyin edilmiş və torpaq sahəsinin Şağan qəsəbəsi Yarıməmməd Əsədullayev küçəsi 164 ünvanında yerləşdiyi müəyyən edilmişdir. Hazırda iddiaçıya ayrılmış torpaq sahəsi cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. İddiaçının çoxsaylı şifahi müraciətlərinə cavabdeh əhəmiyyət verməmişdir. Hazırkı iş üzrə məhkəmə tərəfindən tikinti-texniki ekspertizası keçirilmiş, verilmiş ekspert və mütəxəssis rəylərində torpaq sahəsinin iddiaçıya ayrılması barədə qeydlər vardır. Ekspert rəyində plan ölçünün iddiaçının torpaq sahəsinə uyğun gəlməsi bildirilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hazırkı mübahisə barədə xx.xx.2019-cu il tarixli 2(003)-1758/2019 saylı qətnaməsindən xəbərdardır, lakin hazırkı mübahisə ilə bağlı yeni açılmış halların mövcud olduğunu əsas gətirərək işə mahiyyəti üzrə baxılıb iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq eyd etdi ki, 2019-cu ildə işə baxılan zaman həmin torpaq sahəsinə dair planölçü iddiaçıda olmamış və bu səbəbdən də məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil izahatında göstərdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)-1758/2019 saylı qətnaməsindən göründüyü kimi İddiaçı və həmin iş üzrə digər iddiaçı X9 Cavabdeh və X4 qarşı “torpaq və qeyri-qanuni tikilidən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər X2 iddiaçılara məxsus olan torpaq sahəsinin 600 kv.m torpaq sahəsindən və Cavabdeh 900 kv.m torpaq sahəsindən çıxarılmaları və qeyri-qanuni inşa edilmiş tikililərin sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin həmin tarixli həmin saylı qətnaməsindən də göründüyü kimi iddiaçı eyni tərəfə qarşı, eyni predmet barəsində, eyni əsaslar üzrə yenidən məhkəməyə müraciət etmişdir. Halbuki, tərəflər arasında eyni mübahisəyə dair qanuni qüvvəyə minmiş yekun məhkəmə qətnaməsi vardır. Yəni, mülki iş üzrə iddiaçı 2019-cü il tarixdə məhkəməyə müraciət edərək onun subyektiv hüququ öz təsdiqini tapmamış, o, torpaq sahəsinin zəbt olunmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də iddia tələbi təmin edilməmişdir. Lakin, İddiaçı 4 il sonra yenidən Cavabdeh qarşı eyni tələblə məhkəməyə müraciət edərək ekspert rəyinə istinad edib qanunsuz tikilinin sökülməsini tələb etmişdir. Halbuki, iddiaçı ekspert rəyini 2019-cü il tarixdə də əldə edərək məhkəməyə sübut qismində təqdim edə bilərdi. Bu səbəbdən onun yeni əsası kimi ekspert rəyinə istinad edərək eyni tələblə məhkəməyə müraciət etməsi qanunvericiliyin tələblərinə ziddir. Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(102)-4593/15 saylı qanuni qüvvəyə minmiş qərarından da göründüyü kimi İddiaçı və X1 Məhəmməd İsmayıl oğluna qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək onlara məxsus Əzizbəyov XDS İK-nin xx.xx.1991-ci il tarixli 22 saylı qərarı ilə ayrılmış torpaq sahələrindən M.Vəliyevin çıxarılması, qanunsuz tikililərin sökülməsini tələb etmişdir. Lakin İddiaçı və X5 iddia tələbi təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(103)-1514/2015 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2007-ci il tarixli məktubdan da göründüyü kimi X14 Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzinin reyestr bazasında Əzizbəyov XDS İK-nin xx.xx.1991-ci il tarixli 22 saylı qərarına əsasən Mərdəkan qəsəbəsində fərdi yaşayış evi tikmək üçün ayrılan torpaq sahəsinə dair iddiaçıların adına məlumat yoxdur. Qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından da göründüyü kimi mübahisəli torpaq sahəsinin bundan əvvəlki iki məhkəmə prosesində də iddiaçıya məxsus olması öz təsdiqini tapmamışdır. Adıçəkilən yekun məhkəmə qərarları qanuni qüvvəyə minmişdir. Bütün bunlara əsasən mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)-1758/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçılar X9 və İddiaçı cavabdehlər X7 və Cavabdeh qarşı “torpaq və qeyri-qanuni tikilidən çıxarılma” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. - Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Xəzər (keçmiş Əzizbəyov) rayonu, Mərdəkan qəsəbəsində yerləşən, 750 kv.m sahəsi olan, 3/980 saylı torpaq sahəsi ilə bağlı İddiaçı verilmiş “torpaq sahəsinin plan-ölçüsü” xx.xx.2007ci il tarixində 2369 nömrə ilə uçota alınmışdır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən mülki iş üzrə verilmiş xx.xx.2023-cü il tarixli 10/7393 saylı ekspert rəyindən görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən 750.0 kv.m torpaq sahəsi Əzizbəyov rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli 22 saylı qərarı əsasında İddiaçı keçmiş X11 Komitəsi tərəfindən verilmiş kadastr planında göstərilən sahə ilə eynilik təşkil edir. Göstərilən 750 kv.m torpaq sahəsinin 81 kv.m hissəsi faktiki hasardan kənarda yerləşməklə yol kimi istifadə olunur (qonşu sahələr). Göstərilən torpaq sahəsi ümumilikdə 750 kv.m təşkil edir. Qeyd olunan torpaq sahəsi digər şəxslər tərəfindən iki hissəyə bölünməklə üzərində iki yaşayış evi inşa edilmişdir. Sözügedən torpaq sahəsi digər şəxslər tərəfindən istifadə olunur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən 750.0 kv.m torpaq sahəsi Əzizbəyov rayon XDS İK-nin xx.xx.1991-ci il tarixli 22 saylı qərarı əsasında İddiaçı keçmiş X11 Komitəsi tərəfindən verilmiş kadastr planında göstərilən sahə ilə eynilik təşkil edir. Göstərilən 750 kv.m torpaq sahəsinin 81 kv.m hissəsi faktiki hasardan kənarda yerləşməklə yol kimi istifadə olunur (qonşu sahələrə). Göstərilən torpaq sahəsi ümumilikdə 750 kv.m təşkil edir. Qeyd olunan torpaq sahəsi digər şəxslər tərəfindən iki hissəyə bölünməklə üzərində iki yaşayış evi inşa edilmişdir. Sözügedən torpaq sahəsi digər şəxslər tərəfindən istifadə olunur(mübahisəlidir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. İşin araşdırılmış hallarından görünür ki, hazırkı iş üzrə tərəflər olan iddiaçı və cavabdeh Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1758/2019 saylı mülki işi üzrə də tərəf olmuşlar. Həmin iş üzrə də mübahisə predmeti və əsaslar eynilə hazırkı işdə olduğu kimi olmuşdur. Belə ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1758/2019 saylı mülki iş üzrə iddia ərizəsindən görünür ki, iddiaçılar İddiaçı, X9, cavabdehlər X7 və Cavabdehdır. Mübahisə predmeti ünvan 1 ünvanında (3/980 nömrəli sahə) yerləşən torpaq sahəsidir. Eyni zamanda hazırki iş üzrə də İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında (3/980 nömrəli sahə) yerləşən torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi tələbi ilə müraciət etmişdir. İddia ərizələrindən göründüyü kimi tərəflər, predmet və əsaslar eyni olmaqla, iş üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi vardır. Məhkəmə hesab edir ki, ekspert və mütəxəssis rəylərində torpaq sahəsinin iddiaçıya ayrılması barədə qeydlər olması, ekspert rəyində plan ölçünün iddiaçının torpaq sahəsinə uyğun gəlməsi iş üzrə fərqli əsasların yaranması hesab edilə bilməz. Belə ki, məhkəmə ekspert və mütəxəssis rəylərini iş üzrə digər sübutlarla yanaşı qiymətləndirərək həmin sübut növlərində mövcud olan halların iddiaçının 2019-cu il tarixdə baxılmış və hazırkı tələbində mövcud olan əsasları dəyişdirə biləcək halları müəyyən etməmişdir. Hazırkı tələb üzrə əsaslar məhkəmənin 2(003)-1758/2019 saylı mülki iş üzrə mövcud olan əsasları ilə tamamilə eynidir. İddiaçının nümayəndəsinin yeni əsas kimi istinad etdiyi torpaq sahəsinə planölçünün olmasına münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarından aydın olur ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 750 kv.m sahəsi olan, 3/980 saylı torpaq sahəsi ilə bağlı İddiaçı adına verilmiş “torpaq sahəsinin planölçüsü” xx.xx.2007-ci il tarixində uçota alınmışdır. Bununla da müəyyən olunur ki, həmin torpaq sahəsinə dair plan-ölçü 2(003)-1758/2019 saylı mülki işə baxılan zaman mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 206.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Məhkəmə iddiaçının yeni açılmış halların mövcud olduğunu əsas gətirərək işə mahiyyəti üzrə baxılmasını tələb etməsi məsələsinə münasibətdə qeyd edir ki, iddiaçı yeni açılmış halları aşkar edibsə bu barədə yeni iddia ərizəsi ilə məhkəməyə müraciət etməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)- 1758/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna müraciət etməli idi. Azərbaycan Respublikası MPM-nin 433-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu baxır. Məhkəmə qeyd edir ki, iddiaçı eyni tələblə yenidən məhkəməyə müraciət etmişdir. Mahiyyəti üzrə baxılmış və yekun məhkəmə aktı qəbul edilmiş iş üzrə sübut edilmiş hallar məhkəmə tərəfindən təkrarən sübut edilmir. Əgər məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə sübut edilmiş və ya təkzib edilmiş hallar təkrarən məhkəmə tərəfindən sübut olunarsa bu, preyudisiallıq institunun mahiyyətinə zidd olmuş olar. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarından görünür ki, Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göründüyü kimi, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər. Əvvəlki məhkəmə qətnaməsinin preyudisiallığı, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yeni açılmış hallar üzrə baxılmasına da aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(003)-1758/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, mülki iş üzrə icraata xitam verildiyinə görə iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Eyni zamanda, keçirilmiş ekspertiza tədqiqatının dəyəri (50 manat) iddiaçıdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “tikilinin sökülməsi və torpaq sahəsinin qaytarılması” tələbinə dair 2(003)-163/2023 saylı mülki iş üzrə icraata xitam verilsin. Məhkəməyə müraciət edilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 100 manat (xx.xx.2022-ci il tarixli ********* № mədaxil qəbzi) İddiaçı geri qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına ödənilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №2(003)-163/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-163/2023
30.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver