Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1635/2025 22.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, İddiaçı X1, onun vəkili X2, Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakları ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı evə köçürülmə barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onu, xx.xx.2014-cü il təvəllüdlü X4 ilə ünvan 1ünvandakı evə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı Cavabdeh1 ilə nikahlarını 13 sentyabr 2013-cü il tarixdə Xəzər rayon Qeydiyyat Şöbəsində 1163 saylı akt qeydi ilə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X4 adlı bir övladları doğulmuşdur. Aralarında münasibət korlanmışdır. Cavabdeh boşanma ilə bağlı məhkəməyə müraciət etmişdir. Bildirmək istəyir ki, cavabdehlərdən Cavabdeh1 ilə münasibətləri korlandığı üçün onu evdən qovmuşdur. Könüllü olaraq yaşadığı evə buraxmırlar. Bu azmış kimi cavabdehlər də onunla yola getmirlər, qapının qıfılını dəyişmişlər ki, o evə daxil ola bilməsin, azyaşlı övladı ilə qapılarda qalmışdır. O, yaşadığı evə köçürülmək istəyir. Cavabdehlər buna könüllü razı olmadıqları üçün məhkəməyə müraciət edir. Hazırda da mebeli və əşyaları qeyd edilən evdədir. Cavabdeh ona məxsus əmlakın həmin evdə olmasına baxmayaraq, evdə yaşamağına imkan vermir. Halbuki, onun həmin evdən başqa yaşayış yeri yoxdur. Bütün bunlara görə də o, mübahisəli evdə yaşamaq istəyir, cavabdehlər isə buna maneçilik törətməsi və bununla da qanunla qorunan hüquq və mənafelərinin pozulması səbəbindən və hüquqlarının bərpası məqsədilə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında iddiaçı X3 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, mübahisəli ev, qaynatası Cavabdeh2 məxsusdur. Evdə, Cavabdeh1 ilə ailə qurduqdan sonra köçüb yaşamışdır. 10 il orada yaşamış və cehiz əmlakları oradadır. Evdə müəyyən təmir işləri görəndə o da bunun üçün pul vermişdir. Evin divar kağızlarını almışdır. Hazırda bacısının yanında yaşayır. Nikahları pozulmamış, məhkəmə tərəfindən barışıq üçün 3 ay vaxt verilmişdir. Birgə yaşadıqları vaxtı cavabdehlərlə münasibətləri pis olmuşdur. Onun əşyaları mətbəxdə və iki otaqda yerləşir, ev 4 otaqdan ibarət olmuşdur. Məhkəmə iclasında Cavabdeh3 iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, iddiaçı tərəfindən yaşadıqları evin 3 otağı zəbt edilmiş və onların həmin otaqlardan istifadələrinə icazə vermir. Həmçinin bildirdi ki, onun ilə Cavabdeh2 arasında olan nikah pozulmuşdur. Lakin o, həmin evdə yaşayır. Hazırda iddia tələbinin təmin olunmasına etiraz edir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, ev onun atasına məxsus olmuş, atası öldükdən sonra isə vərəsəlik qaydasında onun adına keçmişdir. İddiaçı tərəfindən onlara qarşı hörmət edilməmiş, ona görə də iddianın təmin edilməsinə etiraz edir. Məhkəmə iclasında Cavabdeh4 iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, o, ailəlidir və ərinin evində yaşayır. Hazırda mübahisəli predmetə olan evə aidiyyəti yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X5 arasında xx.xx.2023-cü il tarixdə Xəzər rayon qeydiyyat şöbəsində nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada “Süleymanova” soyadı verilmişdir. -doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində doğulmuş, atası Cavabdeh1, anası isə İddiaçıdır. -Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş seriya ÖM, 172416 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Əzizbəyov (hazırda Xəzər) rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi, ev 70, mənzil 12 Cavabdeh2 məxsusdur. Hüquq xx.xx.2003cü il tarixdə reyestr kitabında qeyd alınmışdır. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, iş üzrə Cavabdeh2 İddiaçı qarşı “cehiz əşyalarının mənzildən çıxarılması və cavabdehin həmin yaşayış sahəsindəki qeydiyyat hüququnun, istifadə hüququnun itirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilmədən geri qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. - 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. -30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən: -yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. -göstərilən qərarda qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin məzmununa görə yaşayış sahəsinin mülkiyyətçisi ilə onun ailə üzvləri arasında həmin yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmışdırsa bu maddənin müddəaları tətbiq olunmur. Bu cür razılaşmanın hər hansı şərtin müəyyənləşdirilməməsi onun iştirakçılarına geniş sərbəstlik vermişdir. Məhz bu səbəbdən belə razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü çıxış edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin araşdırılmış hallarından müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh1 xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Ailə qurduqdan sonra iddiaçı, digər Cavabdeh2 (Cavabdeh1 atası) məxsus Bakı şəhəri, Əzizbəyov (hazırda Xəzər) rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi, ev 70-də yerləşən 12 saylı mənzilə köçərək yaşamışdır. Hazırda iddiaçı ilə Cavabdeh1 arasında münasibətlər pozulmuşdur. İddiaçı, mübahisəli evi tərk etmək məcburiyyətində qalmış və hazırda başqa evdə (deməsinə görə bacına məxsus evdə) yaşayır. Hazırda iddiaçının mübahisəli evdə yaşaymasına cavabdehlər tərəfindən icazə verilmədiyindən o, evə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mübahisə predmeti olan Bakı şəhəri, Əzizbəyov (hazırda Xəzər) rayonu, Mərdəkan qəsəbəsi, B.Əliyev küçəsi, ev 70-də yerləşən 12 saylı mənzilin Cavabdeh2 məxsus olması iş üzrə mübahisələndirilməyən haldan ibarətdir. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsaslanaraq hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçı, Cavabdeh2 ailə üzvü deyil, mübahisə predmeti olan ev sonuncuya məxsus olmaqla onlar arasında iddiaçının bu evdə yaşamasına dair hər hansı bir əqd (müqavilə) bağlanmamışdır. Mülkiyyətçinin ailə üzvləri dedikdə, onun arvadı (əri), uşaqları və valideynləri başa düşülür. Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilən “digər qohumlar” ifadəsinə gəldikdə isə qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının köçürülmək istədiyi evin mülkiyyətçisinin ailə üzvü olmamaqla aralarında mülkiyyətdən istifadə edilməsinə dair müqavilə bağlanmadığından onun bu evə hər hansı bir istifadə hüququ yaranmamışdır. İstifadə hüququ olmayan evə köçürülmə tələbi isə əsassızdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı evə köçürülmə tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı evə köçürülmə tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-1635/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1635/2025
22.04.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver