Məhkəmə qərarları › İş №2(003)-1661/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1661/2021

06.05.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1661/2021 06.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi, Süleymanov Bəxtiyar Zeynal oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlər X1 və Cavabdeh2 iştirakı ilə İddiaçı Oktay qızının cavabdehlər X3 və Cavabdeh2 qarşı mənzilə köçürülmə və istifadə hüququnun tanınması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Oktay qızı cavabdehlər X3 və Cavabdeh2 qarşı – onun, oğlu X7 və qızı X4 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Q.İsmayılov küçəsi, 1 saylı evin, 27 saylı mənzilinə köçürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh2 ilə 5 oktyabr 2004-cü ildə rəsmi nikah bağlayaraq ailə həyatı qurmuşdur. Ailə həyatı qurduqdan sonra 2004-cü il tarixdən 2016-ci ilə qədər gəlin köçdüyü ünvan 1 ünvanında qeydiyyatsız olaraq yaşamışdır. Mənzili 4 otaqdan ibarətdir. Həmin nikahdan iki uşaqları-02.06.2006-ci il tarixdə X7 və 19.09.2010-cu il tarixdə X4 anadan olmuşdular. 2004-cü ilin 5 oktyabr tarixindən 2016-ci ilin sonuna qədər o, cavabdehlər Cavabdeh2 və X3 məxsus mənzildə övladları ilə birlikdə gəlin olaraq onların ailə üzvü kimi yaşamışdır. Hal-hazırda Cavabdeh2 ilə rəsmi nikahdadır. Ona məxsus cehiz əşyaları gəlin köçdüyü vaxtdan hamısı ünvan 2 ünvanında indiyə qədər oradadır. Məhkəmənin nəzərinə çatdırmışdır ki, Mərdəkan qəsəbəsi,Q.İsmayılov küçəsi ev 1, mənzil 27 ünvanında yerləşən 4 otaqlı ev 2005-ci ildə bölünmüşdür. 2 otaqda onunla həyat yoldaşı və uşaqları yaşayıb, o biri 2 otaqda qaynatası ilə qaynanası yaşayır. Həyat yoldaşı ilə onlar bir yerdə 2 otaqda yaşaya bilmirdilər və məcburriyyət qarşısında qalaraq onun ucbatından əsəb stress xəstəliyinə düçar olaraq evdən çıxıb getmişdir. 2016-ci ildən o, azyaşlı uşaqları ilə həmin evi tərk etmiş, lakin bir il keçəndən sonra yəni 2017-ci ildə gəlin köçdüyü evə uşaqları ilə qayıtmaq istəyəndə onlar yəni cavabdehlər qaynatası X6 və həyat yoldaşı Cavabdeh2 ona bildirmişlər ki, onun burda evi yoxdur o burda uşaqlarla qala bilməz, onlar icazə vermirləlr qalmağa. Dəfələrlə o, uşaqları ilə gəlin köçdüyü evə qayıdıb qalmaq istəyəndə onu mənzilə uşaqları ilə birlikdə buraxmayıblar. Cavabdehlər ona demişlər ki, onun burda yaşamaq haqqı yoxdur, o, burda uşaqlarla birlikdə yaşamayacaq və evin qıfılın dəyişmişlər. Bir sözlə onu gəlin köçdüyü ünvan 3 ünvanında yerləşən evə uşaqları ilə birlikdə yaşamağa qoymurlar. O, hal-hazırda uşaqları ilə kirayə evdə qalır başqa yaşayış yeri olmadığından hesab etmişdir ki, iki azyaşlı uşaqları X7 və X5 ilə ünvan 2 ünvanda yerləşən 2 otağlı mənzilə köçürülərək istifadə hüququ tanınmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, iddiaçı 4 ildir ki, evdən çıxıb getmişdir.İddiaçının 2 yerdə evi vardır. Məhkəmə iclsaında cavabdeh X6 iddia tələbini etiraf etməyərək izahatında bildirdi ki, mübahisəli ev ona məxsusdur. Otaqların birini müvəqqəti yaşamaq üçün oğluna vermişdir. Məhkəmə cavabdehin və üçüncü şəxsin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan ÖM seriyalı, 108318 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Q.İsmayılov küçəsi, 1 saylı evin, 27 saylı mənzili X2 adına 18.09.2002-ci il tarixdə xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarından görünür ki, Cavabdeh2 Noruz oğlu ilə İddiaçı 05.10.2004-cü il tarixdə nikahlarını bağlamışlar, birgə nikahlarından 02.06.2006-ci il tarixdə X7 və 19.09.2010-cu il tarixdə X4 doğulmuşdur. Beləliklə, işin həqiqi halları, işdə iştirak edən şəxslərin izahatları və işin materialları ilə müəyyən edilmişdir ki, mübahisəli ev cavabdeh X1 mülkiyyətindədir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, İddiaçı Oktay qızı ilə Cavabdeh2 5 oktyabr 2004-cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahından 2 uşaqları doğulmuşdur. Ailə qurduqdan bir müddət sonra iddiaçı ailə üzvləri ilə birlikdə qaynatası - digər cavabdeh Noruz Nuriyeva məxsus ki, Bakı şəhəri, Xəzər rayonu, Q.İsmayılov küçəsi, 1 saylı evin, 27 saylı mənzilə köçmüşlər. Daha sonra ailə münasibətləri baş tutmadığından onlar arasında olan nikah pozulmuşdur. Bakı şəhəri, Xəzər rayonu, Q.İsmayılov küçəsi, 1 saylı evin, 27 saylı mənzilinə mülkiyyət hüququ 18.09.2002-ci il tarixdə Noruz Nuriyevin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı hazırda uşaqları ilə birlikdə Noruz Nuriyevə məxsus həmin mənzilə köçürülməsini xahiş edir. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı nikaha girdikdən sonra qaynatası - digər cavabdeh Noruz Nuriyevə məxsus yaşayış sahəsinə köçərək orada yaşamışdır. Həmin yaşayış sahəsinə dair mülkiyyət hüququ 18.09.2002-ci il tarixdə cavabdeh Noruz Nuriyevin adına qeydə alınmışdır. İddiaçının həmin yaşayış sahəsindən köçməsi ilə bağlı mübahisə Mülki Məcəllənin 228.1, 228.2-ci maddələri və ya hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsi ilə müəyyən edilmiş qaydalara uyğun olaraq həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə hesab edir ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbləri baxımından iddiaçı yaşayış sahəsinin mülkiyyətçisi cavabdeh Noruz Nuriyevə münasibətdə onun ailə üzvü hesab olunmur. Belə ki, mülkiyyətçinin ailə üzvləri dedikdə, onun arvadı (əri), uşaqları və valideynləri başa düşülür. Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilən “digər qohumlar” ifadəsinə gəldikdə isə qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvü hesab olunmadığından, ona məxsus yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunurdu. Belə ki, qeyd olunan maddi hüquq normalarına əsasən mülkiyyətçinin ailə üzvü sayılmayan şəxslərin yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə onun arasında yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Lakin, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında təsdiqlənən yazılı müqavilə bağlanmamışdır. Belə müqavilə bağlanmadığına görə, iddiaçının yaşayış sahəsindən istifadə hüququ da əmələ gəlməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Oktay qızının Noruz Nuriyevə məxsus yaşayış sahəsinə istifadə hüququnun tanınmaqla himayəsində olan azyaşlı uşaqları ilə birlikdə həmin mənzilə köçürülməsi ilə bağlı iddia tələbi təmin edilə bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddiaçı Oktay qızının cavabdehlər X3 və Cavabdeh2 qarşı mənzilə köçürülmə və istifadə hüququnun tanınması barədə iddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar