Məhkəmə qərarları › İş №2(003)-168/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-168/2024

19.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-168/2024 19.02.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 25000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh uzun illərdir tanıyır. O, 2021-ci ilin yay ayından 17 fevral 2023-cü il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə ondan 25000 manat pulu borc olaraq götürmüş və hazırki vaxtadək qaytarmamışdır. Dəfələrlə ondan borcunun ödənilməsini tələb etsə də o, buna məhəl qoymayaraq ona olan borcunu qaytarmaqdan boyun qaçırır. Cavabdehi uzun illərdir tanıdığına görə və aralarında inam-etibar olduğuna görə pulları ona verən zaman onunla heç bir yazılı müqavilə bağlamamış, aralarında olan borc münasibətləri yalnız şifahi olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun iddianın təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa oxşar izahat verdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək onun iddianın təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, iddia tələbi cavabdehin etirafedici izahatı ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etməyərək onun iddianın təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, Sehranəni 6 ildir ki, tanıyır. Sehranə ilk dəfə 2019-cu ildə ona 7000 manat məbləğində sələmə pul vermiş və o, 3 ay ərzində hər ay 700 manat pul ödəmiş, 3 ayın tamamında, 2020-ci ildə pulu tam qaytarmışdır. 2022-ci ilin dekabr ayında 2000 almış, 2800 manat qaytarmış, sonra 1000 manat almış, 1500 manat qaytarmışdır. Həmçinin 500 manat almış, 700 manat qaytarmışdır. Aralarında pul alış-verişləri ilə bağlı vatsap yazışmaları olmuşdur. İzahatında həmçinin bildirmişdir ki, Aidə ilə Sehranənin bir nəfər şəxslər münasibətləri olmuş və bu münasibətlərə görə onu şantaj etmişlər, bu məqsədlə Sehranə ondan köməklik istəmişdir. Ona görə də Sehranəyə rayonda evi olduğunu və ev satıldıqdan sonra ona pul verə biləcəyini bildirmişdir. O, iş yoldaşları ilə latareya oynamışlar və 8800 manat da latareya pulu olmuş, Sehranə ona 8800 manat məbləğində pul verməmişdir. Səs yazılarında olan Sehranədən “nə qədər pul götürməsi və vaxtının deməsi barədə danışıqlar – Sehranədən 1000 manat məbləğində və qonşusundan alıb ona verdiyi 500 manat məbləğində pul ilə bağlı olmuşdur. Səs yazılarında olan: “həmin adam ayın axırına deyib pulu onu gözləyir” danışıqlar – Sehranədən aldığı 2000 manat məbləğində pul ilə bağlı olmuşdur. İş üzrə şahidlərin bildirdikləri ilə razı deyil. Belə ki, Sehranə pulu daimi ona salonun qarşısında vermiş, hətta ona pul verəndə bildirmişdir ki, salonda işləyənlər bu barədə bilməsin. Salonda Sehranə tərəfindən ona 5000 manat məbləğində pul verilməmişdir. Götürdüyü pul məbləğlərinin iddiaçıya qaytarılması barədə sübutları yoxdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini etiraf etməyərək onun iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, Ayseli, Sehranəyə məxsus salonda görmüş, ünsiyyətləri olmamışdır. Bir dəfə Aysel telefon vasitəsilə onunla əlaqə saxlayaraq ona təcili bir həftəlik üstündə 2000 manat qaytarmaq şərtilə 5000 manat pulun lazım olduğunu bildirmişdir. O da bildirmişdir ki, belə işlərlə məşğul olmur və onun o qədər pulu yoxdur. 2 saat sonra yenə onunla əlaqə saxlayaraq kimdənsə həmin məbləğdə pulun tapa bilməsini soruşur, o da xeyr demişdir. Daha sonra Sehranənin salonuna gələrək onun telefon nömrəsinin tanımadığı şəxslərə nəyə görə verdiyini soruşmuş, Sehranə isə onun telefon nömrəsini vermədiyini demişdir. 2 gün sonra isə Rufa adlı xanım Sehranəyə yaxınlaşaraq onun telefon nömrəsinin Ayselə verməsi soruşmuş və Ayselin ondan pul istədiyini bildirmişdir. Lakin Sehranənin həmin xanıma nə cavab verdiyini eşitməmişdir. Həmçinin bildirmişdir ki, Sehranə tərəfindən 25000 manat məbləğində pul verildiyini eşitmişdir. Lakin özü Mahirə xanımdan Sehranə tərəfindən 5000 manat alınıb Ayselə verdiyini Mahirədən eşitmişdir. Bundan sonra Sehranədən soruşmuşdur ki, o axır ki, Ayselə pul vermiş, Sehranə isə bu barədə sonra danışmaqlarını bildirmişdir. Pul verilməsini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, Aysel əvvəl onun müştəri olmuşdur. Sehranə tərəfindən pul verildiyini görməmişdir. Lakin onun iş yerində Sehranə ilə pul aldığını, qaytaracağı barədə söhbətləri eşitmişdir. Həmçinin rayonda olan torpaq sahəsinin satıldıqdan sonra qaytaracağını eşitmiş, torpaq sahəsinə dair sənədləri görmüşdür. Borca verilmiş pul məbləğinin 18000 manat olduğunu, daha sonra isə çoxaldığını bilir. Sehranə Məryəm adlı şəxsdən pul alıb Ayselə vermiş, qaytarmadığına görə Sehranə bankdan pul götürüb borcunu qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, Sehranə ilə birlikdə işləyir, Ayseli isə müştəri kimi tanıyır. Sehranə bankdan 10000 manat pul götürmüş, 5000 manatını onun yanında salonda Ayselə vermiş, 5000 manatını isə Məryəmə verərək ondan aldığı borcunu qaytarmışdır. Belə ki, Sehranə Məryəmdən 5000 manat alıb Ayselə vermişdir. Bu barədə Sehranədən soruşduqda Sehranə ona Ayselə əvvəllər 3000, 4000, 7000 manat məbləğlərində pul vermiş və ona Ucar rayonunda işini tamamlamaq üçün əlavə 5000 manat pul lazım olduğunu bildirdiyindən həmin pulu ona verir və istəyi odur ki, verdikləri pulu cəm şəkildə Ayseldən alsın. Həmçinin Sehranə ona bildirmişdir ki, Ayselə cəmi 25000 manat məbləğində pul vermişdir. Sehranənin Məryəmdən 5000 manat alıb Ayselə verildiyini Ayselin məlumatı olmuşdur. Digər məbləğlərdə Sehranə tərəfindən Ayselə pulun verdiyini görməmişdir. Həmçinin bildirmişdir ki, 2023-cü ildə Sehranə Aidə ilə bankdan pul alıb 5000 manat məbləğində pulu Ayselə vermişdir. Bankdan gələndə Sehranənin əlində 10000 manat pul olmuş və onun yanında 5000 manatını Ayselə vermişdir. 5000 manat hissəsini isə Məryəmə verdiyini görmüşdür. Sehranə Ayselə pulu salonda vermişdir. Ayseldən Sehranəyə 25000 manat borclu olduğunu isə eşitməmiş, həmin məbləğində pulun borclu olmasını Sehranədən eşitmişdir. 5000 manatın Sehranə tərəfindən sayılıb Ayselə verildiyini görmüşdür. Məhkəmə işdə iştirak edən şəxsin izahatını, şahid ifadələrini, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: -hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və fərdi yaşayış evinə aid Texniki pasportun surətlərindən görünür ki, Ucar rayonu, Qarabörk kəndində olan 57 kv.m fərdi yaşayış evi və 0.063 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. Məhkəmə sorğusu əsasında Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsindən təqdim edilmiş 1105/23 saylı rədd materialından görünür ki, Cavabdeh Oktay qızının hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə yanaşı hər hansı başqa cinayətin tərkib əlamətləri olmadığından onun barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi barədə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Ramil Əliyev tərəfindən xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Həmin rədd materiallarında olan Cavabdeh Oktay qızının xx.xx.2023-cü il tarixli izahatından görünür ki, o, izahatında bildirmişdir ki, Sehranə onun saç ustası olmuş, 6 ildir aralarında yaxşı münasibət yaranmışdır. Bir-birilərinə bəzə borca pul vermişlər. Sehranə ona sələmə 1000 manat vermiş, 1500 manat qaytarmış, 2000 manat vermiş, 2800 manat qaytarmış, 500 manat vermiş, 700 manat qaytarmışdır. Məhkəmə iclasında iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş vatsap yazışmaları (səs yazıları) tədqiq edilmiş və həmin səs yazılarında Cavabdeh tərəfindən borca pulun alınması barədə etiraf edici səs yazıları olsa da, lakin hansı məbləğdə (məbləğlərdə) borca pulun alınması barədə səs yazısı mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, işin hallarından görünür ki, iş üzrə tərəflər arasında pulun borca verilməsi ilə bağlı münasibətlər olmuş, aralarında olan razılaşmalar şifahi qaydada aparılmış və yazılı qaydada borc müqaviləsi mövcud deyil. İddiaçı cavabdehə hissə-hissə olmaqla ümumilikdə 25000 manat məbləğində pulun borca verdiyini bildirsə də, məhz həmin məbləğdə pulun verilməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Buna baxmayaraq iş üzrə cavabdeh iddiaçıdan ilk dəfə 2019-cu ildə 7000 manat, 2022-ci ilin dekabr ayında 2000 manat, sonra 1000 manat, həmçinin 500 manat aldığını və qaytardığını bildirmişdir. Belə olan halda iddiaçı tərəfindən ümumilikdə 10500 manat məbləğində pulun cavabdehə borca verilməsi halı işin mübahisəsiz və məhkəmə tərəfindən müəyyən edilmiş halı kimi qəbul edilməklə iddiaçının bu məbləğdə pulun verilməsi ilə bağlı sübutetmə yükündən azad etmişdir. Həmin məbləğdə pulun iddiaçıya qaytarılması ilə bağlı sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsaəsn əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 739.3-cü maddəsinə əsasən borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. Həmin Məcəllənin 1091-ci maddəsinə maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 10500 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Belə ki, iddiaçı cavabdehə ümumilikdə 25000 manat məbləğində borca pul verdiyini iddia etsə də bu barədə məhkəməyə mötəbər sübutlar təqdim etməmiş və işin məhkəmə iclasında araşdırılmış halları ilə də müəyyən edilməmişdir. Lakin işin cavabdeh tərəfindən mübahisə edilməyən halını, yəni iddiaçı tərəfindən cavabdehə 2019-cu ildə 7000 manat, 2022-ci ilin dekabr ayında 2000 manat, sonra 1000 manat, həmçinin 500 manat, ümumilikdə 10500 manat məbləğində pulun verilməsini və həmin pul məbləğinin qaytarılması barədə hər hansı bir sübutun məhkəməyə təqdim edilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia üzrə iddiaçı tərəfindən cavabdehə hissə-hissə olmaqla ümumilikdə 10500 manat məbləğində pulun borca verilməsi öz təsdiqini tapmış və həmin məbləğdə pulun qaytarılması öz təsdiqini tapmadığından 10500 manat məbləğində pul cavabdehdən alınıb iddiaçıya verilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 10500 manat alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 10500 manat alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar