Məhkəmə qərarları › İş №2(003)-1697/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1697/2025

20.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1697/2025 20.05.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək onun tərəfindən xx.xx.1990-cı il tarixdə vəfat etmiş X12 məxsus ünvan 1-dan ibarət miras əmlakın qəbul edilməsi faktının müəyyən olunmasına qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin gedişində tələbini dəqiqləşdirmək üçün Ərizəçi dəqiqləşdirmə ərizəsi təqdim etmişdir. Ərizəsində xx.xx.1990-cı il tarixdə nənəsi X11 vəfatından sonra nənəsinə məxsus ünvan 1-dan ibarət miras əmlakın atam X3 tərəfindən və atamın xx.xx.2020-ci il tarixdə vəfatından sonra onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunmasına qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və bildirdi ki, nənəsi X11 xx.xx.1990-cı il tarixdə vəfat etməsindən sonra atası X3 və atasının xx.xx.2020-ci il tarixdə vəfat etməsindən sonra özü ünvan 1-dan ibarət miras əmlaka sahiblik etmiş, həmin əmlakı faktiki olaraq qəbul etmişdir. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, iş üzrə Ərizəçi əmisi qızıdır. Ərizəçinin nənəsi X13 və atası X2 tanımışdır. Ərizəçinin atası X3 anası X11 vəfatından sonra da ünvan 1-da yaşayıb. Vəfat edənə qədər o evdə yaşamışdı. Ərizəçi isə bu evdə anadan olub və hal-hazırda yaşayır. İş üzrə şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, iş üzrə Ərizəçi qonşusudur. Ərizəçinin nənəsi X13 və ərizəçinin atası X2 tanımışdır. Ərizəçinin atası X3 vəfatına qədər bu evdə yaşayıb. Ərizəçi isə anadan olandan bu günədək ünvan 1-da yaşayır. Maraqlı şəxs Bakı şəhəri 7 saylı notariat kontoruna məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan 138442 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.1937-ci ildə Bakı şəhərində doğulmuş, atası Əlihümbət Qurban oğlu, anası isə Xanım ana Ağa qızıdır. İş materiallarına daxil olan AЗ seriyalı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1967-ci Bakı şəhərində doğulmuş, atası X3, anası X4r. İş materiallarına aid olan Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2020- ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə olunan Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1990-cı ci il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 7 saylı notariat ofisinin Ərizəçi göndərdiyi xx.xx.2025-ci il tarixli məktubun surətində göstərilir ki, Azərbaycan Respublikası MM-nin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Sənədlər araşdırlarkən müəyyən edilmişdir ki, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət buraxılmış və mirasın qəbulu faktını təsdiq edən sənəd təqdim olunmamışdır. Bu göstərilənləri nəzərə alaraq, Ərizəçi ünvan 1 ünvanında yerləşən əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında verilməsi barədə müraciətinin təmin edilməsindən imtina edilmişdir. İş materiallarına əlavə olan Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın surətində göstərilir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X11 mülkiyyətindədir. 1964-cü ildə qəbul edilmiş, 1965-ci il tarixində qüvvəyə minmiş və xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası SSR Mülki Məcəlləsinin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Bu məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə görə, mirasın qəbul edilməsi faktının və vəziyyətin açılma yerinin müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin və yaxud xilasetmə sənədlərinin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 10-cu bəndində qeyd edilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. İş materiallarında olan sənədlərdən ərizəçinin izahatından və şahid ifadələrindən müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X12 məxsus olmuşdur. Ərizəçinin atası X3 anası X13 vəfatından sonra da bu evdə yaşamışdır. X3 vəfat edənə qədər bu evdə yaşamışdır. Ərizəçi bu evdə doğulmuşdur və atası X1 vəfatından sonra da bu evdə yaşamış, hazırda da bu evdə ailəsi ilə birlikdə yaşayır. Bununla da müəyyən olur ki, X3 xx.xx.1990-cı il tarixdə anası X13 vəfatından sonra xx.xx.2020-ci il tarixdə vəfat edənə qədər ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayaraq, istifadə edərək miras əmlakını faktiki qəbul etmişdir. Ərizəçi isə anadan olandan atası X1 xx.xx.2020-ci il tarixli vəfatından sonra da ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayaraq, istifadə edərək miras əmlakını faktiki qəbul etmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X8 məxsus ünvan 1-dan ibarət miras əmlakın əvvəlcə X3 tərəfindən, xx.xx.2020-ci il tarixdə vəfatından sonra isə onun oğlu Ərizəçi tərəfindən mirasın qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar