Məhkəmə qərarları › İş №2(003)-1711/2020

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1711/2020

10.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1711/2020 10.08.2020 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ HakimXəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı (iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs 2 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi) nikahın etibarsız sayılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə arasında xx xxxxxx 2019-cu il tarixdə 2 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində bağlanmış 2909 saylı akt qeydli nikahın bağlandığı gündən etibarsız hesab edilməsi, 2 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında xx xxxxxx 2019-cu il tarixdə aparılmış 2909 saylı akt qeydinin və onun əsasında verilmiş nikah haqqında şəhadətnamənin ləğv olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, o, Cavabdehlə internet vasitəsi ilə tanış olmuş, cavabdehin anası və bacısı elçi gəldikdən sonra nişanlanmış, 2020-ci ilin aprel ayının 23-nə toy təyin etmişlər. Cavabdeh xarici vətəndaş olduğundan ona bildirmişdir ki, yaşadığı yerə getmək üçün onlar toydan 4- 5 ay əvvəl nikaha daxil olmalıdır, guya onun həyat yoldaşıdır, yaşadığı ölkədən ona dəvət göndərəcək ki, rahat şəkildə yanına gedə bilsin. O, valideynləri ilə cavabdehin bütün yalanlarına inanaraq “ASAN 2” mərkəzində nikaha girmişlər. Nikaha girmək üçün onlar poliklinikadan bir günə sağlamlıq haqqında arayış almış və onun əsasında nikaha girmişlər. 2019-cu il noyabr ayının 27-də 2909 saylı akt qeydi ilə 2 saylı Bakı ASAN Xidmət mərkəzində nikahları qeydə alınmışdır. Bütün problemlər də elə bundan sonra başlamışdır. Onlara cavabdehin məqsədi aydın olmuşdur. Belə ki, cavabdeh onunla toydan bir neçə ay əvvəl nikaha girməyə məqsədi var idi. Məqsəd də Bakıya gələndə burada rahat öz işlərini görə bilməsidir. Cavabdeh əvvəllər gələndə iki-üç gündən artıq qala bilmirdi. O, cavabdehin işlərinin qurbanı olmuşdur. İş üzrə cavabdeh aralarında nikah olandan sonra onunla maraqlanmamış, bütün telefon nömrələrini dəyişmiş, onunla heç bir əlaqə saxlaya bilməmişdir. Hal- hazıra qədər də cavabdehdən heç bir səs-soraq yoxdur. O, öz növbəsində 2 saylı Bakı şəhəri ’'ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsinə ərizə ilə müraciət edərək aralarında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 2909 saylı akt qeydinin etibarsız sayılmasını xahiş etmiş və qeydiyyat şöbəsi tərəfindən ona bu barədə imtina cavabı verilərək, nikahın yalnız məhkəmə qaydasında etibarsız hesab edilməsi bildirilmişdir. Halbuki, cavabdehlə arasında heç vaxt yaxın və səmimi ünsiyyət, sevgi olmamışdır. Onu aralarında nikahın bağlanması üçün 2 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsinə göndərmiş, qeydiyyat şöbəsində ona təqdim olunan sənədləri imzalayarkən öz hərəkətlərinin mahiyyəti və nikaha daxil olmağının hüquqi və mənəvi nəticələri ona aydın olmamış və bu prosesin sadəcə formal bir prosedur olduğunu, əslində isə rəsmi nikaha daxil olduğunu dərk etməyərək yanılmışdır. Ona görə də, nikahın bağlanması təntənəli şəraitdə qeyd olunmamış, nikaha daxil olmaqlarından onun ailə üzvlərindən başqa şəxslərin xəbəri olmamışdır. Bununla yanaşı, cavabdeh ilə arasında rəsmi nikah qeydinin bağlanmasından əvvəl xasiyyətləri və dünyagörüşlərinin uyğun gəlməsi barədə heç bir ünsiyyətləri olmamışdır. Cavabdehin onunla ailə qurmaq niyyətinin istifadə məqsədi olduğundan və formal olaraq nikaha girmək və heç vaxt ailə qurmaq məqsədilə daşımadığını, bütün bunları görünüş üçün rəsmi nikaha daxil olduğunu nikaha daxil olan günün səhərisindən anlamışdır. Valideynlərinin yanında pis olmamaq üçün bu vaxta kimi gözləmişdir. Gözləmişdir ki, cavabdeh zəng edər, gələr. Aralarında ər-arvad münasibətləri və toy olmamış o, cavabdehin evinə gəlin köçməmiş, ona cavabdeh tərəfindən hər hansı qızıl-zinət əşyası hədiyyə olunmamışdır. Göstərilən səbəblərdən hesab edir ki, Cavabdeh ilə arasında xx xxxxxx 2019-cu il tarixdə 2 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış 2909 №-li akt qeydli nikah bağlandığı gündən etibarsız sayılmalı, o cümlədən, 2 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında xx xxxxxx 2019-cu il tarixdə aparılmış 2909 №-li akt qeydi və onun əsasında verilmiş nikah haqqında şəhadətnamə ləğv olunmalıdır. Qeyd olunanlara əsasən, Cavabdehləarasında xx xxxxxx 2019-cuiltarixdə2 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində bağlanmış 2909 saylı akt qeydli nikahınbağlandığı gündən etibarsızhesabedilməsi, 2 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında xx xxxxxx 2019-cu il tarixdə aparılmış 2909 saylı akt qeydinin və onun əsasında verilmiş nikah haqqında şəhadətnamənin ləğv olunmasıbarədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs 2 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 2 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, qeyd olunan tarixdə Cavabdeh ilə İddiaçı arasında akt qeydləri kitabında 2909 №-li qeyd aparılmaqla rəsmi nikah bağlanmışdır. İş materiallarından görünür ki, Cavabdeh xx.xx.1986-cı ildə Balkan vilayətinin Türkmənbaşı şəhərində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş 2 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış nikahın etibarsız hesab edilməsi barədə ərizəsinə cavab olaraq, müvafiq xahişlə məhkəməyə müraciət etməsi bildirilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 2.3-cü maddəsinə əsasən nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Həmin Məcəllənin 2.4-cü maddəsinə əsasən nikaha daxil olarkən və ailə münasibətlərində sosial, irqi, milli, dini və dil mənsubiyyətinə görə vətəndaşların hüquqlarının hər hansı formada məhdudlaşdırılması qadağandır. Həmin Məcəllənin 25-ci maddəsinə əsasən, bu məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Nikah məhkəmə qaydasında etibarsız sayılır. Həmin Məcəllənin 10 və 11-ci maddələrindən görünür ki, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir. Bu Məcəllənin 12-ci maddəsində göstərilən hallarda nikah bağlana bilməz. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir: yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar); övladlığa götürənlər və övladlığa götürülənlər; ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər; ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər. Həmin Məcəllənin 13.7-ci maddəsinə əsasən, nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin qeyd olunan normalarının mahiyyətindən aydın olur ki, nikahın etibarsız hesab edilməsi üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduğu, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyətinin olmadığı müəyyən olunmalıdır. Məhkəmə, işin məhkəmə iclasında araşdırılan hallarını qiymətləndirərək belə hesab edir ki, tərəflər arasında nikah bağlanarkən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 10-12-ci maddələrinin şərtləri pozulmamışdır. Belə ki, iddiaçı rəsmi nikaha daxil olarkən cavabdehin ailə qurmaq niyyətinin olmadığını iddia etsə də, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, bu barədə əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Bundan əlavə, iş materiallarından görünür ki, adət-ənənəyə uyğun olaraq, cavabdehin ailə üzvləri tərəfindən elçilik edilmiş, daha sonra tərəflər arasında nişan mərasimi keçirilərək xx xxxxx 2020-ci il tarixə toy təyin edilmişdir. Tərəflər qarşılıqlı razılıq əsasında toydan 4-5 ay əvvəl öz xahişləri ilə rəsmi nikaha daxil olmuşlar. Konstitusiyanın 34.2-ci maddəsinə və “İnsan hüquqlarının Ümumi Bəyannaməsi”nin 16.2-ci maddəsinə uyğun olaraq nikah könüllü razılıq əsasında bağlanır və heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Ona görə də nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadığı hallarda bağlanarsa, yalnız nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad) həmin nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər. AM-nin 2, 3-cü maddələrinə görə nikah könüllülük prinsipinə əsaslanır. Ona görə də məcburiyyət, aldatma, yanılma nəticəsində, anlaqsız vəziyyətdə bağlanan nikahlar etibarsız sayıla bilər. Məcburiyyət dedikdə - nikaha daxil olan şəxslərin və ya onların birinin öz iradəsinin ziddinə olaraq evlənməsi başa düşülür. Bu, valideynlərin və başqa şəxslərin təhriki, ağır maddi durum, zor tətbiq etmə və ya zor tətbiq etməklə hədələmə, şantaj, başqa formalar da ola bilər. Ailə qurmaq niyyətinin olmaması dedikdə o hal nəzərdə tutulur ki, nikahın bağlanmasındakı məqsəd ailə hüquq münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək deyil, əmlak və şəxsi qeyri-əmlak xarakterli hüquq və güzəştlərin əldə edilməsidir. Məsələn, yaşayış sahəsinə hüquq əldə etmə, pensiya hüququ və s. Nikah məhkəmə qaydasında o halda etibarsız sayıla bilər ki, nikahın ailə qurmaq məqsədilə deyil, görünüş üçün bağlanması faktı sübut edilmiş olsun. İddiaçı xarici dövlətin vətəndaşı olan cavabdehin burada rahat yaşamaq məqsədilə onunla nikaha girdiyini iddia etsə də, öz dəlilini kifayət qədər əsaslandıra bilməmişdir. Bundan əlavə qeyd olunmalıdır ki, nikah ailə hüquq münasibətlərini yaradan önəmli hüquq faktıdır. Nikah kişi və qadının qanunla nəzərdə tutulan qaydada ailə qurmaq üçün bağlanan azad və könüllü ittifaqıdır. Nikahın bağlanılması faktı ilə ər və arvadın şəxsi və əmlak xarakterli subyektiv hüquqları və vəzifələri dəqiqləşdirilir. Nikahın bağlanılması nikaha daxil olmaq istəyən kişi və qadının şəxsi iştirakı əsasında həyata keçirilir, yəni nikahın nümayəndələr vasitəsilə bağlanılması mümkünsüzdür. Nikaha daxil olmaq istəyən şəxslərin qeydiyyat şöbəsinə ərizə təqdim etmələri faktı özlüyündə ailə hüquq münasibətlərində heç bir hüquqi nəticəyə səbəb olmur. Nikah qeydə alınan ana qədər ərizə verən şəxslər ondan imtina edə bilərlər və bu müddət nikaha daxil olan şəxslərin ailə qurmaq niyyətlərinin ciddiliyi üçün sınaq müddəti hesab edilir. Nikah qeydə alındıqdan sonra isə nikahın pozulması qanunda nəzərdə tutulan qaydada həyata keçirilir. Ümumiyyətçə, nikahın bağlanılmasının iki şərti var:1- nikaha daxil olan şəxslərin qarşılıqlı könüllü yazılı razlığı; 2- nikaha daxil olan şəxslərin nikah yaşına çatmaları. İş materiallarından və məhkəmə iclasında verilən izahatdan müəyyən olunur ki, tərəflər qarşılıqlı razılıq və könüllülük prinsipi əsasında tanış olaraq ailə qurmaq qərarına gəlmiş, daha sonra hər iki tərəfin valideynləri görüşmüş, elçilik olmuş və aprel ayına toy mərasiminin keçirilməsi təyin olunmuş, toydan 4 5 ay əvvəl isə tərəflər qarşılıqlı razılıqla heç bir məcburiyyət və zor tətbiq olunmadan qeydiyyat şöbəsinə müraciət edərək, nikahlarını dövlət qeydiyyatına alaraq rəsmiləşdirmişlər, bununla da rəsmi olaraq ər və arvad olmuşlar. Beləliklə də Ailə Məcəlləsinin 25-ci maddəsində nəzərdə tutulmuş nikahın etibarsız sayılmasına əsas olan hallar iş üzrə öz təsdiqini tapmamışdır. Eyni zamanda, məhkəmə qeyd edir ki, nikahın etibarsız sayılmasına dair iddia tələbi təmin edilmədiyindən, nikahın bağlanması haqqında akt qeydinin və onun əsasında verilmiş nikah haqqında şəhadətnamənin ləğv edilməsi üçün əsas yoxdur, iddia tələbi həmin hissədə də rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək vəqanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması barədə iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindənkənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar