Məhkəmə qərarları › İş №2(003)-1714/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №2(003)-1714/2021

17.05.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(003)-1714/2021 17.05.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, İddiaçının Qasımov Elşən Rafiq oğlunun iştirakı ilə İddiaçı Bokt «xxxx» MMC-nin Cavabdeh qarşı fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Bokt «xxxx» MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən ailə üzvləri və digər şəxslərlə birlikdə çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Bokt «xxxx» MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-33 saylı 01.08.2017-ci il tarixli qətnaməsi ilə cavabdeh və X2 müştərək qaydada 23473 ABŞ dolları əsas borc, 8050 ABŞ dolları faiz borcu, 400 ABŞ dolları cərimə, cəmi 31923 ABŞ dolları məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin tutulub “xxxx” Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin daşınmaz əmlakın 95000 manata ilkin satış qiyməti ilə açıq hərracda satılması, satışdan əldə olunacaq vəsait hesabına 31923 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumunun “xxxx” Bank olmayan Kredit təşkilatı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Xəzər rayon İcra və Probasiya Şöbəsinin 16/3İH saylı, 22.02.2018-ci il tarixli sifariş məktubu ilə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi “xxxx” MMC-nin Y-216 nömrəli, 22.06.2018-ci il tarixli hərracın yekunları barədə protokuluna əsasən “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən 60563 manata Bank Olmayan Kredit Təşkilatı “xxxx” MMC tərəfindən əldə edilərək mülkiyyətinə keçirilmişdir. Əmlakın alış dəyərindən borc məbləği çıxıldıqdan sonra qalıq 6263.90 manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Xəzər Rayon İcra şöbəsinin depozit hesabına ödənilmişdir. Qeyd olunanlara əsasən, cavabdehin ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən ailə üzvləri və digər şəxslərlə birlikdə çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə məhkəmə iclasında baxılması zamanı iddiaçı Bokt «xxxx» MMC-nin nümayəndəsi Qasımov Elşən Rafiq oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 avqust 2017-ci il tarixli 2(003)-33/2017 saylı qətnaməsinin surətindən görünür ki, cavabdehlər Cavabdeh və X2 müştərək qaydada 23473 ABŞ dolları əsas borc, 8050 ABŞ dolları faiz borcu, 400 ABŞ dolları cərimə, cəmi 31923 ABŞ dolları məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin tutulub “xxxx” Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin daşınmaz əmlakın 95000 manata ilkin satış qiyməti ilə açıq hərracda satılması, satışdan əldə olunacaq vəsait hesabına 31923 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumunun “xxxx” Bank olmayan Kredit təşkilatı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin Y-216 nömrəli, 22.06.2018-ci il tarixli hərracın yekunları barədə protokuluna əsasən “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan Bokt “xxxx” MMC əmlakı 60563 manata aldı. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 42.4cü maddəsinə əsasən ipoteka saxlayan Bokt “xxxx” MMC tələbinin məbləği həcmində alış qiymətinin ödəməkdən azad olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat nömrəli 09.09.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Bokt «xxxx» MMC-nin xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Bokt «xxxx» MMC tərəfindən cavabdehə ünvanlanmış 25.12.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin könüllü olaraq təhvil verilməsi üçün 25.01.2021-ci il tarixə qədər möhlət verilmiş, əks təqdirdə qanunla müəyyən olunan qaydada məhkəməyə müraciət olunacağı bildirilmişdir. İddianın mahiyyətindən görünür ki, iddiaçı Bokt «xxxx» MMC xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehin ailə üzvləri və digər şəxslərlə birlikdə çıxarılmalarını xahiş etmişdir. İşin məhkəmə iclasında tədqiq olunan hallarına əsasən müəyyən edilmişdir ki, Cavabdeh iddiaçıya məxsus fərdi yaşayış evini zəbt etməsi səbəbindən iddiaçı qanuni əsaslarla onun mülkiyətinə verilmiş fərdi yaşayış evindən istifadə etmək, həmin evə dair mülkiyyət hüquqlarını həyata keçirmək imkanından məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.8. maddəsindən görünür ki, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.2. maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh iddiaçı Bokt «xxxx» MMC-yə məxsus ünvan 1 fərdi yaşayış evindən ailə üzvləri və digər şəxslərlə birlikdə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh ailə üzvləri və digər şəxslərlə birlikdə iddiaçı Bokt «xxxx» MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılaraq, həmin əmlak iddiaçıya təhvil verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət vermək olar. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar