Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-1732/2023 10.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Məmmədli Emin İlham oğlu, Ərizəçi (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi maraqlı şəxs qismində cəlb edilməklə) «sürücülük vəsiqəsinin itmiş hesab edilməsi» tələbinə dair ərizəsinin məhkəmə icraatının mümkünlüyünə dair məsələyə baxaraq, M ü ə y y ə n e t d i m: Ərizəçi «sürücülük vəsiqəsinin itmiş hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək sürücülük vəsiqəsinin itməsi və itmə tarixinin xx.xx.2015-ci ildən hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 29 yanvar 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2*3.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 il * ay müddətinə azadlıqdan məhrum edilərək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməyi hesab edilmişdir. O, hökm üzrə təyin edilmiş cəzanı tam çəkib bitirmiş, iş üzrə 70 manat ekspertiza xərcini də ödəmişdir. Qeyd edir ki, hadisə zamanı o vaxt çox həyəcanlı olduğu üçün üzərində olan sürücülük vəsiqəsini naməlum şəkildə itirmişdir. O zaman müstəntiqə də bildirmiş və məhkəmə zamanı hakimə də bu haqda bildirmişdir. Hətta müstəntiq sürücülük vəsiqəsini itirməyilə bağlı məhkəməyə sənəd də göndərmişdir. İndi cəzası bitdiyi üçün sürücülük vəsiqəsini almaq istəyir. X1 idarəsi sürücülük vəsiqəsinin onlara təhvil verilmədiyi üçün müddət axımının başlanılmadığını bildirir. Və sürücülük vəsiqəsini dəyişmir. Maraqlı şəxsndən bildirirlər ki, müstəntiq artıq işdən çıxıb sənədlər arxivdədir sizə heç bir sənəd verə bilmərik. Xəzər Rayon Məhkəməsinin dəftərxanası da bildirir ki, sənədlər artıq 5 ildən çox olduğu üçün məhv edilib və sürücülük vəsiqəsi o zaman bizə təhvil verilməyib. Və müstəntiqin də “sürücülük vəsiqəsinin” itməsi ilə bağlı sənədi də arxivə getdiyi üçün məhv edilib. Heç bir məlumat əldə edə bilmirik. Hal-hazırda ailəlidir və himayəsində iki az yaşlı uşağı var. Özü də heç bir yerdə işləmir. Ailəsinin də maddi vəziyyəti ağır olduğundan işə düzəlmək istəyir. Hər hansı bir idarə və təşkilata “CV” verdikdə sürücülük vəsiqəsini tələb edirlər. Əvvəlki işi “Satış təmsilçisi” olduğu üçün sürücülük vəsiqəsinin olması zəruri peşələrdən biridir. Yəni sürücülük vəsiqəsinin olmaması onu çox çətin vəziyyətə salır və işləyə bilmir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, şəxs faktın təsdiqini o zaman tələb edə bilər ki, təsdiq olunmalı olan faktların ilkin qeydiyyatı mövcud olsun, lakin ərizəçi həmin faktı başqa vasitələrlə təsdiq olunmasını təmin edə bilməsin. Məhkəmənin hansı “xüsusi icraat qaydasında işlər”ə baxması MPM-nin 305-ci maddəsində, hansı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər”ə baxması isə MPM-nin 307-ci maddəsində təsbit edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə təcrübəsi haqqında” 2019-cu il 12 aprel 03 nömrəli qərarının 1.3-cü bəndinə əsasən, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 2*1.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin “sürücülük vəsiqəsinin itməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında baxılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Ərizəyə əlavə edilmiş Xəzər Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmündən görünür ki, Ərizəçi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2*3.2-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il * (altı) ay müddətə azadlıqdan məhrum edilmişdir. Ərizəçinin tələbindən və ərizənin məzmunundan görünür ki, o, sürücülük vəsiqəsinin itirmiş, vəsiqənin yenidən alınması üçün müvafiq orqana müraciət etsə də, əldə edə bilmədiyindən hazırkı faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Hazırkı ərizənin mahiyyəti inzibati orqanın səlahiyyətində olan sürücülük vəsiqəsinin verilməsi öhdəliyinin həmin orqanın üzərinə qoyulması ilə bağlıdır. “Yol hərəkəti haqqında” Qanunun 35-ci maddəsinin 5-ci hissəsinin məzmunundan görünür ki, sürücülük vəsiqəsi Azərbaycan Respublikası DİN BDYPİ-nin qeydiyyat-imtahan məntəqələri tərəfindən verilir. Həmin Qanunun 35-ci maddəsinin *-ci hissəsinin məzmunundan görünür ki, sürücülük vəsiqəsinin dəyişdirilməsinin əsaslarından biri də sürücülük vəsiqəsinin itirilməsidir. Həmin Qanunun 35-ci maddəsinin 13-cü hissəsinin məzmunundan görünür ki, nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması müddəti qurtardıqda sürücülük vəsiqəsi nəqliyyat vasitəsini idarə etmə hüququ bir ildən çox müddətə məhdudlaşdırılmış şəxslərə nəqliyyat vasitəsini idarəetmə vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə verdiyi gün, nəqliyyat vasitəsini idarə etmə hüququ bir il və daha az müddətə məhdudlaşdırılmış şəxslərə imtahansız, həmin müddət bitdiyi gün qaytarılır. Sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, ərizəçi tərəfindən irəli sürülmüş tələb üzrə hazırkı işə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı üçün iddia ərizəsi yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməli, ərizəçiyə sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün Azərbaycan Respublikası DİN BDYPİ-nin qeydiyyat-imtahan məntəqəsinə müraciət etmək, sürücülük vəsiqəsinin verilməsindən imtina olunduqda isə həmin imtinadan aidiyyatı üzrə inzibati məhkəməyə müraciət müraciət etmək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Qeyd edilən Məcəllənin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.2-152.4, 2*3, 2*4 və 2*8-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ım : Ərizəçi (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi maraqlı şəxs qismində cəlb edilməklə) «sürücülük vəsiqəsinin itmiş hesab edilməsi» tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. Ərizəçiyə sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün Azərbaycan Respublikası DİN BDYPİ-nin qeydiyyat-imtahan məntəqəsinə müraciət etmək, sürücülük vəsiqəsinin verilməsindən imtina olunduqda isə həmin imtinadan aidiyyatı üzrə inzibati məhkəməyə müraciət müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-1732/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-1732/2023
10.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver