Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-1739/2025 16.04.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs: 5 saylı Bakı Asan Xidmət Mərkəzində Notariat ofisi) "hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları Ərizəçi (maraqlı şəxs: 5 saylı Bakı Asan Xidmət Mərkəzində Notariat ofisi) ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi tərəfindən xx.xx.2015-ci il tarixdə vəfat etmiş X2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində, 81 nömrəli bağ sahəsində 0,20 sot torpaq sahəsindən ibarət miras əmlakın qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatı Məhkəmə iclasında iştirak edən Ərizəçi iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 305-ci maddəsində, hansı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər”ə baxması isə MPM-nin 307-ci maddəsində təsbit edilmişdir. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında 12.04.201*-cu il tarixli 03 saylı qərarının 1.2-ci bəndidnə qeyd edilmişdir ki, “...Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.3-cü bəndinə əsasən, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. 7-ci bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır. Məhkəmələrə izah edilsin ki, özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi üzrə işin icraatına xitam verilməlidir. Ərizəçi xx.xx.2015-ci il tarixdə vəfat etmiş X2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində, 81 nömrəli bağ sahəsində 0,20 sot torpaq sahəsindən ibarət miras əmlakın qəbul edilməsi faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Ərizəçinin məhkəməyə müraciəti miras hüququnun rəsmiləşdirilməsi və miras əmlakına dair hüquqların tanınması məqsədini daşıyır. Lakin işə baxış zamanı aydın olur ki, torpaq sahəsi vəfat etmiş X1 adına rəsmi qeydiyyatdan keçməmişdir. Qanunvericiliyin tələbinə əsasən əgər miras əmlakı daşınmaz əmlakdırsa, bu zaman mülkiyyət hüququ yalnız çıxarışla (dövlət qeydiyyatı) sübuta yetirilir. Əgər əmlak miras qoyanın adına rəsmi qeydiyyatdan keçməyibsə, mirasçının adına keçməsi üçün ilk növbədə əmlakın onun adına dövlət qeydiyyatının aparılmasına dair arayış alınmalıdır, bu arayış alındıqdan sonra mirasçı notariusa müraciət etməlidir. Bu hal isə işin xüsusi icraat qaydasında həllini mümkünsüz edir və məsələnin vərəsəlik qaydasında həll olunmasını tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələbinə əsasən miras iki formada qəbul oluna bilər: - Rəsmi şəkildə: Vərəsə notariat orqanına ərizə ilə müraciət edir və vərəsəlik hüququna dair şəhadətnamə alır. - Faktiki şəkildə: Vərəsə miras əmlakı faktiki idarə edir, qoruyur, istifadə edir, onun saxlanmasına xərclər çəkir və s. Qeyd edilən torpaq sahəsinin mərhum X2 məxsus olması barədə sənədli sübutlar yoxdursa, mirasın qəbul edilməsi hüquqi əhəmiyyəti olan fakt kimi məhkəmə qaydasında müəyyən edilə bilməz. Belə ki, hüquqi əhəmiyyəti olan faktlar yalnız həmin faktlar notariat və ya inzibati qaydada müəyyən edilə bilmədikdə və ərizəçi bu faktın müəyyən edilməsində hüquqi maraq göstərdikdə müəyyən edilə bilər. Hazırki halda ərizəçi miras hüququnu ümumi qaydada tanıtdırmaq istəyir, bu isə notariat orqanının səlahiyyətindədir. Beləliklə, hazırki işdə ərizəçinin tələbi hüquqi prosedura uyğun olmadığından məhkəmə icraatında baxılmamalıdır, buna görə də məhkəmə tərəfindən işə xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261,263-26*-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi (maraqlı şəxs: 5 saylı Bakı Asan Xidmət Mərkəzində Notariat ofisi) "hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zaur Tağıyev
Məhkəmə qərarları › İş №2(003)-1739/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-1739/2025
16.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver