Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(003)-174/2023 01.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, Maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndəc Vahid qızının iştirakı ilə, Ərizəçi (ƏƏSMN-nin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı maraqlı şəxs qismində cəlb edilməklə) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1990-cı ildən 2001-ci ilin aprel ayına qədər “SUM-1”-in nəzdində açılmış “İşıq” kooperativində ağır şərtlərdə işləməyinə dair hüquqi əhəmiyyətli faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, iş materiallarında olan xx.xx.2001-ci il tarixli notarial təsdiq olunmuş arayışdan göründüyü kimi ərizəçin xx.xx.1990-cu il tarixdən 2011-ci ilin aprel ayınadək olan dövrdə “İşıq” koopertaivində işləməsi qeyd edilmişdir. Belə olan halda SUM-1 nəzdində açılmış “İşıq” kooperativində işlədiyini iddia etdiyi dövrlər üzrə əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyil. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.2 və 13.3-cü bəndələrinə əsasən, Əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. İş materiallarında olan “İşıq” firmasının KŞ-nin rəisi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli, notarial təsdiq olunmuş arayışdan görünür ki, Ərizəçi xx.xx.1990-cı ildən “SUM-1”-in nəzdində açılmış “İşıq” kooperativinə sədr vəzifəsinə seçilmişdir. 2001-ci ilin aprel ayına qədər işləmiş, sonra kooperativ öz fəaliyyətini müvəqqəti olaraq dayandırmışdır. Göründüyü kimi, ərizəçinin əmək stajını hüquqi əhməiyyətli fakt kimi müyyən etmək istədiyi dövrə dair əmək stajını təsdiq edən müəssisənin verdiyi arayış mövcuddur. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2. və 1.3. bəndlərinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə qanunvericiliyin tələbini və işin hallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Bundan başqa məhkəmə hesab edir ki, iş üzrə çəkilmiş məhkəmə xərci barədə məsələ də həll olunmalıdır. İş materiallarından müəyyən olunur ki, Ərizəçi qanunvericilik üzrə tələb edilən miqdarda dövlət rüsumu ödəmişdir. Belə ki, o, ərizə ilə məhkəməyə müraciət edərkən cəmi 100,0 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 114.1.3-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edirki, Ərizəçi tərəfindən xx.xx.2022-ci il tarixdə ********* nömrəli qəbzlə X1 vasitəsilə ödənilmiş 100,0 manat dövlət rüsumu dövlət büdcəsindən ərizəçiyə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi (ƏƏSMN-nin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı maraqlı şəxs qismində cəlb edilməklə) hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə icraata xitam verilsin. Ərizəçi tərəfindən xx.xx.2022-ci il tarixdə ********* nömrəli qəbzlə X1 vasitəsilə ödənilmiş 100,0 manat dövlət büdcəsindən alınaraq Ərizəçi qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(003)-174/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №2(003)-174/2023
01.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver